Məhkəmə qərarları › İş №1(011)-420/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-420/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-420/2021 05.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 10 avqust 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan , barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 iyun 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən avtobus dayanacağından 12 nömrəli sərnişin avtobusuna minib “Əhmədli” metrostansiyası istiqamətində hərəkətdə olan zaman avtobusda sərnişin qismində olan X2 “Əhmədli” metrostansiyasının qarşısında olan avtobus dayanacağında düşməsi üçün gediş haqqını vermək məqsədi ilə pul çıxarıb əlində olan “İphone 8” markalı mobil telefonu sol qoluna keçirdiyi kağız paketin içərisinə qoyduğunu gördükdən sonra, qarşıda olan dayanacaqda düşəcəyi mənzərəsi yaradıb avtobusun ön hissəsinə doğru irəliləyib Sima Əhmədovanın sol tərəfində dayanıb Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən Əhmədli metrostansiyasının yaxınlığında avtobusda olan sərnişinlərdə şübhə yaratmayacaq şəkildə sol əli ilə Sima Əhmədovanın əl yükünün, yəni sol qoluna keçirdiyi kağız paketin içərisindən üzərində 10 manat dəyərində "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd 1940 manat dəyərində “İphone 8” markalı mobil telefon aparatını gizli yolla talayıb zərərçəkmiş şəxs Sima Əhmədovaya cəmi 1950 (bir min doqquz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 18 may 2021-ci il tarixdə saat 20:20-də Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Əhmədli” metrostansiyasından Xətai rayonu Cavanşir küçəsi istiqamətində 12 saylı sərnişin avtobusu ilə hərəkətdə olan zaman Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində avtobusda sərnişin qismində olan Zərərçəkmiş şəxs2 çiyin nahiyəsində olan əl çantasının içərisindən sonuncuya məxsus üzərində 5 manat dəyərində dəyərində ***-***-**-** və 500 manat dəyərində ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus mobil nömrələr, 20 manat dəyərində qoruyucu şüşə və 8 manat dəyərində qoruyucu qabı olan 3.994 manat dəyərində 01 ədəd “İphone” markalı, “12 Pro Max” modelli mobil telefon aparatını çantanın içərisindən çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 4527 (dörd min beş yüz iyirmi yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, hadisəni əks etdirən elektron daşıyıcı (CD) və işin tədqiq olunmuş digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayəti törətdiyinə görə və narkotik vasitələrdən istifadə etdiyi üçün bir neçə dəfə məhkum olunmuşdur. Azadlığa çıxdıqdan sonra heç bir yerdə işləmədiyi üçün maddi cəhətdən sıxıntı çəkməyə başlamışdır. 16 iyun 2020-ci il tarixdə saat 17 radələrində Nəriman adlı tanışı ilə görüşməli olduğu üçün Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyasından 12 saylı sərnişin avtobusuna minərək Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən “Telefon Qovşağı”nın yaxınlığına gedərək Nərimanla görüşüb bir qədər söhbət etmişdir. Bundan sonra yenidən Əhmədli“ metro stansiyasına qayıtmaq məqsədi ilə 12 nömrəli sərnişin avtobusuna minmişdir. Həmin vaxt avtobusda olan oturacaqlar dolu olduğu üçün sərnişinlərin çoxu ayaq üstə durmuşdur. O, ayaq üstə durmuş qadın sərnişinlərdən birinin əlində olan “İphone 8” markalı mobil telefonu qoluna keçirdiyi kağız paketin içərisinə qoyaraq gediş haqını vermək üçün pul çıxardığını görmüşdür. Həmin vaxt avtobusda sıxlıq olduğunu və qadının qarşıda olan “Əhmədli” metrostansiyasında olan dayanacaqda düşəcəyini görüb qadının kağız paketə qoyduğu mobil telefonu oğurlamaq qərarına gəlmişdir. Həmin qadın avtobusda tutacaqdan əlləri ilə tutub dayanmışdır. O, ətrafa baxıb kimsənin diqqətinin onda olmadığını görüb avtobusda olan sərnişinlərdə şübhə yaratmayacaq şəkildə qadının kağızdan olan paketinə diqqət yetirib sol əli ilə kağız paketin içərisində olan “İphone 8” markalı mobil telefonu götürüb əynində olan şalvarın sol yan cibinə qoymuşdur. Bundan sonra avtobus sürücüsünə yol pulunu verib Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metro stansiyasında avtobusdan enmişdir. Həmin vaxt telefonun kənarında olan düymə vasitəsi ilə telefonu səssizə alaraq cibinə qoyub oradan uzaqlaşmışdır. Yolda olan zaman mobil telefonu söndürüb üzərində olan mobil nömrəni çıxardaraq tullamışdır. Mobil telefonu isə bir neçə gündən sonra Sabunçu rayonu ərazisində yerləşən “Rus bazarı” adlı bazarda tanımadığı şəxs 150 manata satmışdır. Əldə etdiyi pulu isə şəxsi işlərinə xərcləmişdir. Bundan başqa 18 may 2021-ci il tarixdə saat 20 radələrində Xətai rayonu, Cavanşir küçəsində dayanacaqda dayanıb avtobus gözləmişdir. 12 saylı marşrut avtobusu dayandıqda avtobusa daxil olmuşdur. Avtobusa daxil olduqda avtobusda sərnişinlərin azlıq təşkil etməsini görmüşdür. O, əyləşməyib çiyin nahiyəsində çanta olan qadının arxasında dayanmışdır. Həmin qadın düşməyə hazırlaşmışdır. Qadının qulağında telefonun qulaqcığı olmuşdur. O, həmin qadının çantasından oğurluq etmək qərarına gəlmişdir. Həmin qadın avtobusda tutacaqdan əlləri ilə tutub dayanmışdır. O, qadının qarşı tərəfinə keçib dayanmışdır. Onun qarşısında da başqa qadın olmuşdur. O, qadınların arasında olmuş, ətrafa baxıb kimsənin diqqətinin onda olmadığını görüb diqqət çəkməyərək sol əlini həmin qadının sol çiyin nahiyəsində asılı olan çantasına salmış və qadının mobil telefonunu götürüb cibinə qoymuşdur. Avtobus dayandıqda sürücüyə yol haqqını verərək qaçaraq oradan uzaqlaşmışdır. Bir neçə metr uzaqlaşdıqdan sonra telefonu çıxarıb baxmış və mobil telefonun “İphone” markalı “12 Pro Max” modelli mobil telefon aparatı olmasını görmüşdür. Həmin vaxt telefonda iki nömrə olmasını görmüşdr. O, nömrələri çıxarıb xatırlamadığı yerdə atmışdır. Telefonu isə cibinə qoymuşdur. Həmin günü o, yaşadığı evə getmiş və evdə olan zaman telefonu açmağa çalışsa da aça bilməmişdir. Səhəri günü, yəni 19 may 2021-ci il tarixdə telefonu satmaq üçün tanıdığı Roman adlı şəxsin işlədiyi Zabrat qəsəbəsində olan telefon mağazasına getmişdir. Orada Romana yaxınlaşıb mobil telefonu Romana təqdim edib özünə məxsus olmasını bildirib satdığını demişdir. Roman telefonu yoxlayıb açmaq istəsə də, telefonu aça bilməmişdir. Buna görə də Roman telefonu ondan şəxsiyyət vəsiqəsinin surəti ilə ehtiyat hissəsi kimi ala biləcəyini bildirmişdir. Həmçinin Roman ondan telefonun oğurluq olub-olmamasını soruşmuşdur. O da Romanı inandırmışdır ki, telefon özünündür, işlədə bilmir, evdə qalıb, pul lazım olduğu üçün satır. O, Romana şəxsiyyət vəsiqəsinin problem olduğu üçün ala bilmədiyini, lakin telefonu üzərində olan doğum haqqında şəhadətnamənin surəti ilə sata biləcəyini bildirmişdir. Romanın ona inanması üçün demişdir ki, uzun müddətdir ki, onu tanıyır, harada yaşamağını da bilir. Roman telefonu ehtiyat hissəsi kimi alacağını demişdir. O da razılaşmış, telefonu Romana 700 manata satıb doğum haqqında şəhadətnamənin surətini vermişdir. Əldə etdiyi pulu həmin günü öz şəxsi məqsədləri üçün xərcləmişdir. Daha sonra əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı maddi vəziyyəti ilə bağlı hazırda ödəyə bilməyəcəyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs X4 bildirmişdir ki, o, 2011-ci ildən hazırki vaxta kimi ünvan 2 ünvanında yerləşən Əhmədli klinikasında kompüter operatoru vəzifəsində işləyir. 16 iyun 2020-ci il tarixdə 17:45 radələrində işdən çıxmışdır. Alış-veriş etmək məqsədi ilə yaxınlıqdakı avtobus dayanacağından 12 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusa minərək Əhmədli metro stansiyası yaxınlığındakı mağazalara getməyi düşünmüşdür. Avtobusa mindikdən dərhal sonra əri X3 onun istifadəsində olan “İphone 8” markalı içərisində ***-***-**-** nömrəsinə zəng edib harada olmağını soruşmuşdur. O, Pərvizlə bir dəqiqə telefonla danışdıqdan sonra telefonu əlində olan kağız paketin içərisinə qoymuşdur. Həmin avtobus ilə 10 dəqiqə yol getdikdən sonra Əhmədli metrosunun yaxınlığındakı dayanacağa yaxınlaşmış və o, cibindən çıxartdığı pulu gediş haqqı üçün avtobus sürücüsünə verərək avtobusu tərk etmişdir. Avtobusun pilləkənindən enən zaman əlində olan kağız paketin içərisinə baxaraq ona məxsus İphone 8 markalı telefonunun orada olmadığını və oğurlandığını aşkar etmişdir. Həmin vaxt avtobus dayanacaqda dayandığından dərhal avtobus sürücüsünə yaxınlaşmış və telefonunun oğurlandığını bildirmişdir. Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə zəng vuraraq telefonunun oğurlanması barədə məlumat vermişdir. Onun telefonu qara rəngli, İphone 8 markalı mobil telefon olmuşdur. **********79011 İmei kodu, içərisində ona məxsus olan 10 manat dəyərində ***-***-**-** nömrə olmuşdur. O, həmin mobil telefonu kredit yolu ilə 1940 manata almışdır. Baş vermiş hadisə nəticəsində ona 1950 manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində məhkəmə zalına daxil olan zaman təqsirləndirilən Təqsirləndirilən şəxs üzdən tanıdığını, belə ki, həmin şəxsin hadisə zamanı avtobusda onun arxasında dayanan şəxs olduğunu qeyd etmişdir. Daha sonra zərərçəkmiş X4 çıxışında ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 14 fevral 2021-ci il tarixdə "xxxx" MMC-dən kreditlə bir ədəd “İphone” markalı, “12 Pro Max” modelli 256 GB yaddaş tutumlu iki kartlı mobil telefon almışdır. Telefona görə ilkin ödəniş olaraq 700 manat pul ödəmiş, qalan məbləği isə 18 ay müddətində aylıq ödəniş 183 manat ödəmək şərti ilə almışdır. Həmin telefonu aldıqdan sonra üzərinə ***-***-**-** və ***-***-**-** saylı nömrəli qoymuşdur. Mobil telefonun üz şüşəsində qoruyucu şüşəsi və digər yerlərinin qorunması məqsədilə qab taxmışdır. 18 may 2021-ci il tarixdə saat 20 radələrində Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Əhmədli” stansiyası yaxınlığından 12 nömrəli marşrut avtobusuna daxil olmuşdur. O, marşrut avtobusunda arxa oturacaqda əyləşmişdir. Mobil telefon əlində olmuş və telefonun qulaqlığı ilə musiqi dinləmişdir. Avtobus yaşadığı evin yaxınlığına çatmağa az qalmış dayanacaqda dayandıqda o, telefonunu çiyin nahiyəsindən asılı olan çantasının içərisinə qoymuşdur. O, əyləşdiyi oturacaqdan qalxdıqdan sonra üzdən gördüyü və xatırladığı həmin bu təqsirləndirilən şəxs, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs arxadan ona toxunmuşdur. O, buna əhəmiyyət verməmişdir. Sürücüyə yaxınlaşıb yol haqqını vermək istəyən zaman həmin şəxs arxadan gələrək sürücünün yol haqqını sürücüyə ataraq avtobusdan düşüb getmişdir. Bir müddət sonra qulaqlığında musiqinin dayanmasını hiss etmiş və dərhal çantasına baxmışdır. Bu zaman telefonunun oğurlanmasını aşkar etmişdir. Bundan sonra hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmin hadisə nəticəsində ona maddi ziyan dəymişdir. Telefonu 3994 manata kreditlə almışdır. ***-***-**-** saylı nömrəni 600 manata, ***-***-**-** saylı nömrəni isə 1200 manata almışdır. Telefonun üzərində olan qoruyucu şüşəsinin dəyəri 20 manat, digər qoruyucu qabın dəyəri isə 8 manat olmuşdur. O, hadisədən sonra "xxxx" MMC-nin müştəri xidmətlərinə yaxınlaşaraq hər bir nömrə üçün 5 manat olmaqla 10 manat pul ödəyib ***-***-**-** və ***-***-**-** mobil nömrələrin dublikatını çıxarmış və həmin mobil nömrələr hal-hazırda onun istifadəsindədir. Daha sonra zərərçəkmiş Zərərçəkmiş şəxs2 qızı çıxışında ona məxsus İphone” markalı, “12 Pro Max” modelli 256 GB yaddaş tutumlu iki kartlı mobil telefonun və iki ədəd adına olan nömrələrin ona geri qaytarılmadığı səbəbindən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs səmimi etirafı və zərərçəkmiş şəxslərin ifadələri ilə onun ifadəsi arasında ziddiyyət olmadığını nəzərə alaraq şahidlərin ifadələri elan edilərək tədqiq edilmişdir. Şahid1 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında onun ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində bildirmişdir ki, 2019-cu ilin dekabr ayından hal-hazıradək Socar şirkətinə məxsus Heydər Əliyev adına X7 Taxtabənd köməkçisi kimi çalışır. 2020-ci ilin iyun ayının 23-də Tap.az internet saytına daxil olub özünə telefon almaq üçün axtarış etmişdir. Axtarış edən zaman İphone 8 markalı mobil telefon diqqətini çəkmişdir. Elanın aşağısında olan adı “Satıcı” olaraq göstərilmiş 050 *** ** ** nömrəsi ilə əlaqə saxlamışdır. Telefonun satış qiyməti 420 manata qoyulduğundan həmin nömrə ilə əlaqə saxlayıb 400 manata razılaşmış və həmin gün saat 15 radələrində aeroport şossesinin üzərində yerləşən adını dəqiq xatırlamadığı gül salonunun qarşısında görüşmüşlər. Adını və anket məlumatlarını dəqiq xatırlamadığı həmin şəxs İphone 8 markalı telefonu ona verərək telefonda heç bir problemin olmadığını və özünə məxsus olduğunu bildirmişdir. O, həmin şəxsdən telefonun qutusunun və adapterinin nə səbəbə olmadığını soruşduqda sonuncu telefonun xaricdən gəldiyi üçün qutusunun olmadığını, adapterin isə yolun digər tərəfində yerləşən taksidə qaldığını bildirmişdir. O, həmin şəxslə birlikdə yerüstü keçiddən keçərək yolun digər tərəfində keçidin altında dayanan qara rəngli markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə yaxınlaşmışlar. Həmin şəxs taksinin salonundan telefonun adapterini götürərək ona vermişdir. Daha sonra həmin şəxs taksiyə əyləşərək üzü Koroğlu metrostansiyasına tərəf getmiş, o isə avtobusa əyləşərək öz yaşadığı evə getmişdir. İyul ayında telefonu satmaq və ya barter etmək qərarına gəlmişdir. Bu məqsədlə Lalafo internet saytında özünə yeni telefon axtaran zaman bir nəfər şəxsin İphone 7 128 gb satdığını görmüşdür. Həmin şəxsə saytın mesaj bölümü vasitəsilə yazaraq telefonu barter etmək istədiyini bildirmişdir. Həmin şəxs ondan telefonu niyə ucuz satdığını soruşduqda o, İphpne 7 modelini daha çox sevdiyi üçün və onda olan telefonda bir sıra problemlər olduğu üçün telefonu barter etmək istədiyini bildirmişdir. Həmin şəxslə razılşadıqdan sonra 03.06.2020-ci il tarixdə Abşeron rayonu, Masazırın dairəsi adlanan yerdə saat 17 radələrində görüşmüşlər. Görüş zamanı məlum olmuşdur ki, həmin şəxs xx xxxx 1994-cü il təvəllüdlü Şahid2dur. Telefonları barter edən zaman həmin şəxsdən əlaqə telefonu və şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. Surətini çıxarmaq mümkün olmadığından həmin şəxsin əlaqə telefonunu götürüb, öz mobil telefonu ilə həmin şəxsin şəxsiyyət vəsiqəsinin şəklini çəkmişdir. Telefonunu İbrahimlə barter etdikdən sonra yaşadığı evə getmişdir. Onun telefonun oğurluq olması barədə məlumatı olmamışdır. Həmin şəxs telefonun özünə məxsus olduğunu və xaricdən gəldiyini bildirmişdir. O, həmin telefonu 10-15 gün işlətdikdən sonra Şahid2 ilə barter etmişdir. Şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş, Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır.. O, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Ucuzluq Univermağı” adlı mağazanın birinci mərtəbəsində yerləşən mobil telefonların alışı, satışı və təmiri mağazasını icarəyə götürüb işlətmişdir. O. hər gün mağazanı səhər saat 10:00da açaraq işə başlamış və həmin gün saat 21:00-da bağlayaraq yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs təxminən 4 ay olar ki, tanımışdır. Adil bir neçə dəfə işlədiyi mağazaya müştəri kimi gələrək özünə məxsus mobil telefona lazım olan hissələri almışdır. Həmin vaxtdan Adili tanımış, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. 19 may 2021ci il tarixdə saat 20 radələrində işlədiyi telefon mağazasında olan zaman Adil mağazaya gələrək əlində olan “İphone 12 pro max” markalı mobil telefonu ona göstərib satmaq istədiyini bildirmişdir. O da Adildən mobil telefonun kimə məxsus olduğunu və haradan əldə etdiyini soruşan zaman Adil həmin telefonun özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, mobil telefonu açmaq istəsə də, telefon işləmədiyi üçün aça bilməmişdir. Telefon işləmədiyi üçün Adilə telefonu ehtiyat hissəsi kimi ala biləcəyini və həmin telefona görə 700 manat pul verə biləcəyini bildirmişdir. Həmçinin Adildən mobil telefonu almaq üçün şəxsiyyətini təsdiq edən sənədi istəsə də, Adil sənədinin üzərində olmadığını bildirib, üzərinə doğum haqqında şəhadətnamənin surəti olduğunu, telefonu həmin sənədin surəti ilə sata biləcəyini bildirmişdir. O da Adili tanıdığı üçün razılaşmış və sənədin üzərində qeydlər etdikdən sonra 700 manat pul verib “İphone 12 Pro Max” markalı mobil telefonu Adildən almışdır. Bundan sonra aldığı mobil telefonu ehtiyat hissəsi kimi tanımadığı müştərilərdən birinə satmışdır. Daha sonra isə polis əməkdaşları işlədiyi mağazaya gələrək Adilin ona satmış olduğu mobil telefonun oğurluq yolu ilə əldə etdiyini bildirmişlər. İş materiallarında olan 18 iyun 2020-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 12 saylı sərnişin avtobusunun müşahidə kamerasından 16.06.2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin görüntüləri köçürülmüş 01 ədəd “CD” fomatlı diskə baxış keçirilmiş və baxış zamanı hərəkətdə olan 12 saylı sərnişin avtobusunda X2 avtobusun ön hissəsində tutacaqdan tutub dayanması, onun sol qolundan kağızdan olan paketin olması, həmin vaxt bir nəfər gözündə qara rəngli gün eynəyi olan qadının avtobusun ön hissəsinə doğru irəliləyib düşməyə hazırlanması, həmin qadının arxası ilə əynində göy rəngli qısaqol köynək olan kişi cinsində olan şəxsin gələrək X1 tərəfində dayanaraq sonuncunun qolundan olan kağızdan olan paketin içərisinə doğru boylanması, həmin şəxsin sol əli ilə Sima Əhmədovanın qolundan asılmış vəziyyətdə olan kağız paketin içərisində olan “İphone 8” markalı mobil telefonu götürüb əynində olan cins şalvarın sol cibinə qoyaraq sürücüyə gediş haqqını verib dayanacaqda düşərək getməsi müşahidə olunmuşdur. İş materiallarından görünür ki, Şahid3 01 ədəd A4 formatlı kağız üzərində olan Təqsirləndirilən şəxs məxsus AZ-T №-010910 seriyalı doğum haqqında şəhadətnamənin surətini təqdim etmiş, təqdim etdiyi sənədin üzərində latın əlifbası ilə “19 may 2021-ci il, 1 ədəd “İphone 12 Pro Max” markalı mobil telefonu ehtiyat hissəsi kimi 700 manata aldım” yazıları qeyd edilmişdir. İş materiallarında olan “Smart” Telekomun ödəniş cədvəlinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 14.02.2021-ci il tarixdə “İphone” markalı, “12 Pro Max” modelli 256 GB yaddaş tutumlu iki kartlı mobil telefonu ilkin ödəniş olaraq 700 manat pul ödəmiş, qalan məbləği isə 18 ay müddətində aylıq ödəniş 183 manat ödəmək şərti ilə almışdır. Telefonun satış qiyməti 3994.00 AZN-dir. İş materiallarında olan 19 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd A4 formatlı kağız üzərində olan Təqsirləndirilən şəxs məxsus AZ-T №-010910 seriyalı doğum haqqında şəhadətnamənin surəti və 16.06.2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin görüntüləri köçürülmüş 01 ədəd “CD” fomatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 08 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan 10 iyul 2021-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsin əvvəli 08 iyul 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 10.15.2015-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.2, 234.1, 326.1, 326.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 12.03.2018-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzası 05 ilə endirilmiş və 16.01.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün azad edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ziyanı ödəmədiyindən onunla barışmadıqlarını, şikayətçi olduqlarını bildirmişlər. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış və məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli tam sübuta yetir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddələrlə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs residiv nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2021-cı il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd A4 formatlı kağız üzərində olan Təqsirləndirilən şəxs məxsus AZ-T № 010910 seriyalı doğum haqqında şəhadətnamənin surəti və 16.06.2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin görüntülərini əks etdirən 01 ədəd “CD” fomatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materialına əlavə edilmiş 01 ədəd CD formatlı disk və Təqsirləndirilən şəxs məxsus AZ-T 010910 seriyalı doğum haqqında şəhadətnamənin surəti cinayət işi materialında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar