Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-422/2022 05.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, Xüsusi ittihamçı X14, onun nümayəndəsi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs X7, onun müdafiəçiləri – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi2 iştirakları ilə, 26 oktyabr 1981-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan ünvan 1 ünvanında qeydiyyatda olan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X26 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunması və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan həddə cəza təyin olunması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Daha sonra xüsusi ittihamçı X26 barəsində şikayət verilmiş şəxsə qarşı irəli sürdüyü ittihamı dəyişmiş, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan həddə cəza təyin olunması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X15 facebook sosial şəbəkəsi ilə Gülnarə Rahimova adlı profillə onun (xüsusi ittihamçının) polis formasında olan fotosunu paylaşaraq “Quru sərhədləri açın! Tələbi ilə Nazirlər Kabineti qarşısında keçirilən aksiyaya gedərkən İçəri şəhər metrosunun qarşısında polislər tərəfindən qanunsuz olaraq saxlanılaraq 41-ci polis bölməsinə aparılanda Əziz Məmiyev də mənimlə birlikdə aparılmışdı. Əzizi polislər döymüşdülər gözlərimin önündə (bu barədə həmin vaxt yazmışdım). Bu gün isə həmin polis serjantlarından birinin fotosunu əldə etdim və paylaşıram ki hər kəs görsün və tanısın.’’ şəklində həqiqətə uyğun olmayan yazı ilə müraciət etmişdir. Hətta bu addımından əl çəkməyərək sözügedən paylaşımın şərh hissəsində “Aydaaa... bu Əziz Məmiyevi döyən serjantlardan biridir. PPX-də biz aparılanda PPX maşınını idarə edənin yanında oturan serjantdır. Bax belə düşərsən kadrlara və şəklin əlimizə düşər tupoyun biri tupoy” təhqiredici ifadələr işlədərək nüfuzunu aşağı salmış, həqiqətə uyğun olmayan, şər, böhtan xarakterli fikirlər səsləndirmişdir. Qeyd edir ki, X15 onun şəklini sosial şəbəkədə paylaşaraq Əziz Məmiyev adlı şəxsi döydüyünü bildirməklə barəsində böhtan xarakterli məlumatlar yaymaqla əslində xidmət başında olan polis əməkdaşı olaraq onun öz vəzifə səlahiyyətlərini aşmağını, xidməti vəzifəsini düzgün və qanuna uyğun yerinə yetirməməyini, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətləri zor tətbiq etməklə etdiyini iddia edərək onun nüfuzunu, şərəf və ləyaqətini ləkələyən ağır ittiham irəli sürmüşdür. Hesab edir ki, X15 onun barəsində Azərbaycan Respublikası CM-in 309.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsinə dair böhtan xarakterli məlumatları sosial şəbəkədə paylaşdığından onun əməlinə Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə qiymət verilməlidir. Bundan əlavə olaraq, məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, X15 həmin paylaşımın şərh hissəsində “Aydaaa... bu Əziz Məmiyevi döyən serjantlardan biridir. PPXdə biz aparılanda PPX maşınının idarə edənin yanında oturan serjantdır. Bax belə düşərsən kadrlara və şəklin əlimizə düşər tupoyun biri tupoy” yazmaqla onu kütləvi informasiya vasitəsində şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmış, bununla da Cinayət Məcəlləsinin 148-ci maddəsini pozmuşur. X15 facebook sosial şəbəsi ilə Gülnarə Rəhimova adlı profillə, onun ünvanına şərəf, ləyaqət, işgüzar nüfuzu ləkələyən məlumatlar, həqiqətə uyğun olmayan məlumatlar, həmin yazılarda əsası olmayan yalan məlumatlar nəticəsində o, mənəvi sarsıntı keçirmiş, işlədiyi kollektivdə, yaxın ətrafında illərlə qazanılmış nüfuzunu bərpa etmək üçün həmin məlumatların həqiqətə uyğun olmadığını, böhtan olduğunu sübut etmək məcburiyyətində qalmışdır. Bütün bunlar onda əsəb sarsıntısı və psixoloji gərginliyin yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan həddə cəza təyin olunması barədə ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X15 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 iyul 2022-ci il tarixdə Arifə Cəfərova ilə birlikdə “İçərişəhər” metrostansiyasından çıxanda keçid vasitəsilə yolun digər tərəfinə keçirdilər. Bu zaman arxaya baxanda xanım polis əməkdaşlarının onların arxasınca qaçaraq gəldiyin görmüşdür. Onlar da qaçmağa başlamışlar ki, çölə çıxsınlar ki, polislər jurnalistləri görüb onlara yaxınlaşmasınlar. Onların yanında bir nəfər jurnalist də olmuşdur. Onlar çölə çıxanda xanım polis əməkdaşları onları tutaraq digər polis əməkdaşlarına təhvil verdilər. Seymur İmanov maşında deyildi, o da çöldə idi. Seymur İmanov polis maşınının arxa qapını açdı, digər polislər isə onları itələyərək maşına saldılar. X31 də döyə-döyə gətirdilər. Həmin vaxt Seymur İmanov maşının arxasında idi, qapını açdı və Əziz Məmiyevi də maşına itələyib saldılar. Onları 41-ci polis bölməsinə aparırdılar. Yolda polis maşınını idarə edən əməkdaş onlara pis sözlər deyirdi. Seymur İmanov sakit dayanmışdı. Sonra o, telefonu çıxarıb çəkiliş edəndə maşını saxladılar. Seymur İmanov maşından düşdü, gəlib telefonu ondan almaq istədi, lakin o, telefonu vermədi. 41-ci polis bölməsində isə Seymur İmanov və digər polis əməkdaşı Əziz Məmiyevi döyə-döyə maşından çıxarıb bölməyə təhvil verdilər. Hesab edir ki, onun əməllərində hər hansı cinayətin tərkibi olmadığından ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs X15 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Seymurla bağlı paylaşım etmişdir. Hətta maşında olarkən o, Seymura bildirmişdir ki, onun üzü kameraya düşüb, onu sosial şəbəkədə payşalacaq. Yolda polis maşınını iki dəfə saxlayıb onun telefonunu almaq istəmişlər, lakin o, verməmişdir. Onlar hər hansı şüar səsləndirməmişlər, heç aksiya yerinə gedib çatmamışlar. Polislər onları metronun yanında tutub saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, 20 iyul 2022-ci il tarixdə aksiya keçirilirdi. “İçərişəhər” metrosunun yanında onları saxladılar. X21 və Arifə Cəfərovanı polis maşınına apardılar, sonra polis əməkdaşları onu döyə-döyə maşına itələyib saldılar. Həmin vaxt Seymur İmanov da orada idi. Onları 41-ci polis bölməsinə apardılar. Yolda maşında olarkən onlara zor tətbiq edilməyib. 41-ci polis bölməsinə çatdıqda polis əmədaşları onu yenə də döydülər. Daha sonra o, həbs olundu. Həbsdən çıxdıqdan sonra ona məlum oldu ki X24 İmanovla bağlı sosial şəbəkə paylaşım edib, Seymur İmanov isə bununla əlaqədar olaraq Gülnarə xanımdan şikayət edib. X3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onu “İçərişəhər” metrosunun çıxışında, yeraltı piyada keçidində saxlamışlar. Onu 4 nəfər polis əməkdaşı saxlamışdır. Ona zor tətbiq etmiş, qolunu burmuş, təpik yumruqla vurmuş, başını aşağı əyib polis maşınına salmışlar. Onu 41-ci polis bölməsinə aparmışlar, bölmədə də döymüşlər. 30 gün müddətə inzibati qaydada həbs olunmuşdur. Həbs yerində xəsarətini qeydə almışlar. Polis əməkdaşları tərəfindən döyülməyi ilə bağlı Səbail Rayon Prokurorluğuna şikayət etmişdir, lakin hər hansı cavab verilməmişdir. X29 tərəfindən təşkil olunmuşdur. Əvvəlcə xanımları polis maşınına salmışlar, sonra onu gətirmiş, bu zaman onu döymüşlər. Seymur İmanovla bağlı paylaşımı X21, sonra da o etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, 20 iyul 2022-ci il tarixdə aksiya keçirilirdi. “İçərişəhər” metrosunu çıxanda keçiddə onları saxlamışlar. Həmin vaxt qışqırıq səsi eşitmişlər. Əziz Məmiyevi polis əməkdaşları başı aşağı vəziyyətdə tutub vururdular. Onları aparıb zorla polis maşınına salmışlar. Sonra da Əziz Məmiyevi gətirib maşının arxa hissəsində otuzdurmuşlar. Yolda iki dəfə maşını saxlayıb onları yoxlamış, telefonlarını istəmişlər. Onları 41-ci polis bölməsinə aparmışlar. Orada maşından düşəndə Əziz Məmiyevi yenə də döymüşlər. X5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, aksiya Nazirlər Kabinetinin qarşısında olmalı idi, lakin onları “İçərişəhər” metrosunun çıxışında tutmuşlar, heç aksiyaya çata bilməmişlər. Onları 41-ci polis bölməsinə aparmışlar. 4-5 polis əməkdaşı saxlamış, onları bir-birinə itələmişlər. Polis əməkdaşları Əziz Məmiyevi təpiklə, yumruqla döymüşdür. Döyənlər arasında Seymur İmanov da olmuşdur. X29 tərəfindən təşkil olunmuşdur. Əvvəlcə xanımları polis maşınına salmışlar, sonra da Əziz Məmiyevi döymüşlər. Seymur İmanovla bağlı paylaşımı X21, sonra da o etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Facebook” sosial şəbəkəsində təqsirləndirilən şəxsin istifadə etdiyi "Gülnarə Rahimova" profilindən 11 avqust 2022-ci il tarixdə aşağıdakı status yazılmışdır: “Quru sərhədləri açın!” tələbi ilə Nazirlər Kabineti qarşısında keçirilən aksiyaya gedərkən “İçərişəhər” metrosunun qarşısında polislər tərəfindən qanunsuz olaraq saxlanılaraq 41 ci polis bölməsinə aparılanda Əziz Məmiyev də mənimlə birlikdə aparılmışdı. Əzizi polislər döytmüşdülər gözlərimin önündə (bu barədə həmən vaxt yazmışdım) Bu gün isə həmən polis serjantlarından birinin fotosunu əldə etdim və paylasıram ki hər kəs görsün və tanısın” Həmin paylaşım 567-dən çox şəxs tərəfindən görülmüşdür. “Facebook” sosial şəbəkəsində təqsirləndirilən şəxsin istifadə etdiyi "Gülnarə Rahimova" profilindən “Şərhlər” hissəsində aşağıdakı şərh yazılmışdır: “Ay daaa... bu Əziz Məmiyevi döyən serjantlardan biridir. PPXdə biz aparılanda PPX maşını idare edenin yanında oturan serjantdir. Bax bele duşersen kadrlara ve sekilin elimize duşer tupoyun biri tupoy.” Həmin şərhə 9 nəfər şəxs tərəfindən (bəyənmək, təccüblənmək və qəzəblənmək işarələrindən istifadə edilməklə) reaksiya bildirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli, N-5 nömrəli məktubundan görünür ki, Nəsimi RPİ-nin Post-Patrul xidmətinin polis nəfəri xx.xx.1997-ci il təvəllüdlü X14 X12 döyməsi və ona hər hansı xəsarət yetirməsi ilə əlaqədar Nəsimi rayon prokurorluğunda araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 040-3348-1222 nömrəli məktubundan görünür ki, X8 Nəsimi RPİ PPXB-nin polis nəfəri X26 tərəfindən döyülməsi və ona hər hansı xəsarət yetirilməsi barədə müraciəti daxil olmamış və qeyd olunan faktla bağlı xidməti yoxlama aparılmamışdır. Portaldan çıxarışdan görünür ki, X7 məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “AZEMİS” Elektron Məhkəmə informasiya sisteminden çıxarışdan görünür ki, X7 xx.xx.2007-ci il təvəllüdlü Əliyev Abdullah adlı və xx.xx.2013-cü il təvəllüdlü Əliyeva Fatimə adlı iki azyaşlı uşağı vardır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X15 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsaslı olmaqla, X7 törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilmiş, onun əməli qeyd edilən maddələrlə düzgün tövsif edilmiş, onun hərəkətlərində Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinin tərkibinin olması sübuta yetirilmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarının 1-ci bəndində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin qərarın 2 və 3-cü bəndlərində isə göstərilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzudedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fıkir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulubpozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. X7 “Əziz Məmiyevi polis əməkdaşlarının döydüyü, həmin polis serjantlarından birinin də Seymur İmanov olmasını qeyd etdiyi, eləcə də, xüsusi ittihamçının şəkli olan həmin yazının ona məxsus olmasını inkar etmədiyi “Gülnarə Rahimova” adlı facebook profilindən paylaşmış və sözügedən yazı 567-dən artıq şəxs tərəfindən baxılmışdır. Bu isə onun kütləvi çıxış olmasını təsdiq edir. Məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə o zaman ekspertiza təyin edə bilər ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yaranmış olsun. Belə ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə “məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir”. Qeyd edilən maddənin məzmunundan görünür ki, məhkəmə o halda ekspertiza təyin etmək hüququna malikdir ki, iş üzrə araşdırılan məsələnin müəyyən edilməsi xüsusi bilik tələb edilən sahəyə aid olsun. Bir çox hallarda ifadə və məlumatların məna, məzmun və ifadə tərzi baxımından şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsinin xüsusi bilik tələb edilmədən cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla hakimin öz tərəfindən və bəzi hallarda “Azərbaycan dilinin izahlı lüğəti”ndən istifadə etməklə asanlıqla müəyyən edilməsi mümkün olur. Bu baxımdan məhkəmə hesab edir ki, hazırda mübahisələndirilən “tupoyun biri tupoy” ifadəsinin məzmun və ifadə tərzi baxımından şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsini xüsusi bilik tələb edilmədən də cəmiyyətdə mövcud olan sosialəxlaqi dəyərlər baxımından hakimin özü tərəfindən qiymətləndirilə bilər. Rus dilindən azərbaycan dilinə olan tərcümə lüğətlərindən də məlum olduğu kimi “tupoy” sözünün azərbaycan dilinə olan qarılığı “axmaq” mənasını ifadə edir. “Azərbaycan dilinin izahlı lüğəti”ndən də məlum olduğu kimi, axmaq sözünün mənalarından biri sifət kimi “səfeh, ağılsız, gic” sözləri mənasını ifadə edir. Beləliklə, xüsusi bilik tələb etmədən aydın anlaşılan söz və ifadələrlə bağlı məhkəmə-linqvistik ekspertizasının təyin edilməsinə zərurət olmadığından məhkəmə hazırkı iş üzrə ekspertiza keçirilməsini gərəksiz hesab etmişdir. Həmçinin, Gülnarə Rəhimovanın xüsusi ittihamçı Seymur İmanovun barəsində olan paylaşımındakı məlumatın yalan olması və ya doğru olmasını müəyyən etmək ekspertin fəaliyyət sahəsinə aid olan məsələ deyil. Məlumatın yalan və ya doğru olması tərəflərin təqdim etdiyi məlumatların məhkəmə istintaqında tərəflərin iştirakı ilə araşdırılması nəticəsində müəyyən edilən haldır. Bundan əlavə hüquqi məsələlərlə bağlı ekspertizanın keçirilməsinə də yol verilmir. Çünki Cinayət-Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən ekspert elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi biliklərdən istifadə etməklə rəy verməyə qadir olan cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında materialların tədqiqinin aparılması üçün cinayət prosesini həyata keçirən orqan və ya onun tələbi ilə ekspert müəssisəsinin rəhbərliyi tərəfindən təyin edilmiş şəxsdir. Ekspert cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə və ya müdafiə tərəfindən dəvət oluna bilər. CPM-nin 97.2-ci maddəsinə əsasən ekspert qarşısına qoyulmuş suallar üzrə rəy vermək üçün kifayət qədər elm, texnika, incəsənət və digər peşə sahələrinə aid xüsusi biliklərə malik olmalıdır. CPM-nin 97.3-cü maddəsinə əsasən şəxs cinayət prosesinin hüquqi məsələləri üzrə ekspert qismində təyin oluna və ya digər formada cəlb edilə bilməz. CPM-nin 264.1-ci maddəsinə əsasən ekspertiza elm, texnika, incəsənət və ya sənət sahəsində, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliklər tələb edildikdə cinayət təqibi üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə aparılır. Beləliklə, məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X15 ona qarşı verilmiş xüsusi ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının ifadəsinə, ittiham və müdafiə tərəfinin də təqdim etdiyi kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanmış yuxarıda göstərilən məlumata, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin X15 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təsdiq edən, tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, təqsirləndirilən şəxs X7 məhkəməyə verdiyi ifadəsində digər polislərin onları itələyərək maşına salmalarını, Seymur İmanovun isə maşının arxa qapısını açmasını, daha X31 döyərək gətirmələrini, həmin vaxt S.İmanovun maşının arxa hissəsində olmasını qeyd etməsi, eləcə də Əziz Məmiyevin şahid qismində məhkəmədə verdiyi ifadə zamanı onun “İçərişəhər” metrosunun çıxışında, yeraltı piyada keçidində 4 nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını bildirməsi özü-özlüyündə G.Rəhimovanın facebook sosial şəbəkəsində paylaşdığı statusla ziddiyyət təşkil edir. Belə ki, o, həmin statusunda Əziz Məmiyevi döyən şəxsin Seymur İmanov olmasını bildirsə də, məhkəmə istintaqı zamanı verilən ifadələrdən aydın olur ki, Əziz Məmiyevə zor tətbiq edən şəxs iş üzrə xüsusi ittihamçı Seymur İmanov yox, digər 4 nəfər polis əməkdaşı olmuşdur. Çünki, döyülməsi, fiziki zor tətbiq edilməsi iddia edilən şəxs yeraltı keçidində saxlanılmış, ordan qışqırıq səsləri eşidilsə də, həmin vaxt Seymur İmanov polis maşınının yanında olmuşdur. Bundan əlavə olaraq, X8 iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli izahatında da onu polis əməkdaşlarının onu döyməsini qeyd etsə də, həmin şəxslər arasında Seymur İmanovun olmasını bildirməmişdir. Qeyd edilənlərlə yanaşı, məhkəmə, hər hansı döyülmə faktı ilə əlaqədar olaraq aidiyyatı orqanlara şikayətin daxil olmamasını nəzərə alaraq, hesab edir ki, Seymur İmanovun həqiqətən də Əziz Məmiyevə xəsarət yetirən, onu döyən şəxslər arasında olmaması faktını təsdiq edir. Həmçinin, məhkəmə xüsusi ittiham qaydasında verilən şikayətə etirazın dəlillərinə qiymət verərək, qeyd edir ki, şikayətin dəlillərində xüsusi ittihamçının məhkəməyə verdiyi şikayətində istinad etdiyi yazıda Əziz Məmiyevin döyülməsindən yazıldığını, döyülmənin isə cinayət əməli yox, inzibati xəta hesab olunması, belə olan halda Seymur İmanovun CM-in 147.2-ci maddəsi ilə ərizəçinin cinayət məsuliyyətinə cəlb edilməsinin xahiş edilməsini əsassız olaraq qiymətləndirilməsinə münasibətdə məhkəmə hesab edir ki, xüsusi ittihamçı Seymur İmanov öz şikayətində etirazda qeyd edildiyi kimi döymə faktını mübahisələndirməmiş, Əziz Məmiyevi döyən polis əməkdaşlarından birinin də o, olmasında ittiham edildiyindən əslində onun zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşması, bununla da ona ağır cinayətdə ittiham edilməklə böhtan atılması məsələsini mübahisələndirmişdir. Böhtan isə cinayət əməli olduğundan, məhkəmə hesab edir ki, xüsusi ittihamçı haqlı olaraq inzibati qaydada deyil, cinayət mühakimə icraatı qaydasında məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxsin müvafiq maddələrin sanksiyalarında nəzərdə tutulan qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Etirazın şəxsin ifadə azadlığı ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, söz azadlığı və ya ifadə azadlığı dedikdə bir düşüncənin, inancın, qənaətin, davranışın və ya duyğunun bəyan edilməsi, yaxud xarici aləmə ifadə edilməsidir. Bu bəyan etmə sözlər vasitəsilə də həyata keçirilə bilir. Sözlərdə, ifadələrdə müəyyən məlumatlar bəyan edilir, fikirlər söz və ya ifadələrlə səsləndirilir, açıqlanır. Hər bir halda yayılan həmin məlumatlarda fikirlər və faktlar ifadə edilir. Fikri ifadə etmək üsulundan, tərzindən asılı olmayaraq kütləvi nümayiş etdirildiyi halda sözlərlə, ifadələrlə, hazırkı xüsusi ittiham qaydasında şikayətin verilməsinə səbəb olan məlumatlar yayılır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 vəLingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Bu baxımdan G.Rəhimova hesab etsə də ki, yayılan məlumatlar onun fikirlərindən ibarət olmuşdur və bu fikirlər onun məsuliyyətinə səbəb olmamalıdır, bununla bağlı məhkəmə qeyd edir ki, həmin məlumatlarda faktlara istinad edilir, aksiya iştirakçılarından birinin məhz, polis əməkdaşı S. İmanov tərəfində döyülməsi ilə bağlı qəsdən həqiqətə uyğun olmayan yalan məlumatları əks etdirən paylaşım edilir. Bununla da həmin paylaşımında X15 öz düşüncəsinə görə fikirləri, ehtimalları olubolmamasından asılı olmayaraq ifadə edilmiş sözlərdə, ifadələrdə qeyd edilən yalan məlumat yayılmışdır ki, məhz həmin məlumatlar da hazırki xüsusi ittihamın verilməsinə səbəb olmuşdur. Həmin məlumatlar yalan məlumatlar olmaqla, böhtan xarakteri daşıyır, X14 şərəfini, cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiyməti ləkələyir. Həmçinin məhkəmə söz azadlığı və fikir azadlığı hüququ ilə bağlı məsələlərə də aşağıdakı qanunvericilik normaları baxımından da qiymət verərək hesab edir ki, X14 hazırkı xüsusi ittiham qaydasında şikayətindəki X7 onun barəsində səsləndirdiyi məlumatlarla bağlı, X7 hərəkətlərinə haqq qazandırıla bilmir və X7 bu əməlində cinayət məsuliyyətini aradan qaldıran hallar mövcud olmur. Belə ki, "İnsan Hüquqlarının və X11 Haqqında" Konvensiyanın “Fikri ifadə etmək azadlığı” ilə bağlı 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Həmin maddənin 2-ci bəndinə əsasən bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Həmin Konvensiyanın 8-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 4-cü bəndində də qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X9rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42). Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Həmin maddənin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 47-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Həmin maddənin İİ hissəsinə əsasən heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Həmin maddənin İİİ hissəsinə əsasən irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Konstitusiyanın 50-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Həmin maddənin İİ hissəsinə əsasən kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Sadalananlar baxımından nəzərə almaq lazımdır ki, X26 ictimai xadim və ya siyasətçi deyildir. O Nəsimi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantıdır, kollektivdə işləyir, işlədiyi kollektivdə vəzifəsinə və rütbəsinə görə, həmçinin onu tanıyan digər şəxslər arasında müəyyən nüfuza malikdir, özünün ləyaqətinə hörmət hüququ vardır, cəmiyyət arasında şərəfini qorumaq hüququ vardır. Məhkəmə qeyd edir ki, X1 və ifadə azadlığı hüququ olsa da, bu hüquqdan istifadə qanuni qaydada olmalıdır, bu zaman məsuliyyətinə və öhdəliklərinə əməl etməli, digərlərinin hüququna xələl gətirməməlidir, X2 Seymur Nəbi oğlunun "İnsan Hüquqlarının və X11 Haqqında" Konvensiya ilə, Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquq və azadlıqlarını pozmamalıdır, yəni hazırkı halda X14 öz şəxsi həyatı, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar ifadə edilməsi ilə nəticələnən, yəni X7 məhz bu formada söz və ifadə azadlığı hüquqlarının həyata keçirməsinə haqq qazandırılmır. Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65). Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. X14 şərəf və ləyaqətinin, nüfuzunun qorunmasını tələb etmək hüququ vardır. Həmçinin bununla bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Bundan əlavə X14 şərəf və ləyaqəti, nüfuzu Cinayət Məcəlləsi ilə cinayətkar qəsdlərdən qorunur. Məһkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlində təqsirkarın qəsdi zərərçəkmiş şəxsin şərəf və ləyaqətinin alçaldılmasına və nüfuzdan salınmasına yönəldilir. Cinayətin bilavasitə obyekti isə şəxsiyyətin şərəf və ləyaqəti və ya nüfuzudur. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: 1) məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; 2) həmin məlumatların doğru olmaması; 3) belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Təһqiredici һərəkətlərin nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəviəxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məһkəmə, һabelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olmaqla, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edir, ləyaqət isə həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Hər kəsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe, hörməti, etibarı başa düşülür. Xüsusi ittiham qaydasında şikayət materiallarından göründüyü kimi xüsusi ittihamçı X4 İşlər Nazirliyinin əməkdaşıdır. Hazırkı vaxtadək cəmiyyətdə, işlədiyi kollektivdə, onu tanıyan şəxslər arasında malik olduğu şərəfi, ləyaqəti və nüfuzu vardır. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X15 yuxarıda qeyd edilən kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında qeyd edilən ifadələri işlədərək xüsusi ittihamçı X19 cəmiyyət qarşısında, o cümlədən işlədiyi kollektivdə və dostlarının, onu tanıyanların əhatəsində şərəf və ləyaqətini ləkələmiş, nüfuzdan salmaqla onun ağır psixoloji sarsıntı keçiməsinə səbəb olmuşdur. Beləliklə də məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı ilə öz təsdiqini tapmışdır. Buna görə də, ona törətdiyi cinayət əməlinə görə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə törədilən hazırkı cinayətə görə xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini, cəzanın növünü və həddini müəyyən edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Avropa Məhkəməsi presedentlərində vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir (bax, başqa mənbələrlə yanaşı, Ceylan Türkiyəyə qarşı (BP), § 37 və Skalka Polşaya qarşı, §§ 41-42). Baxmayaraq ki, Avropa Konvensiyasına tərəfdar çıxmış dövlətlər tərəfindən şəxslərin nüfuzunu qanuna münasib yolla müdafiəsini təmin etmək üçün ifadə azadlığının həyata keçirilməsinin nizamlanmasına yol verilir və hətta Konvensiyanın 8-ci maddəsinə əsasən bu sahədə olan pozitiv öhdəliklərə görə onlar bunu etməyə məcburdur (bax, Pfeyfer Avstriyaya qarşı, § 35;X16rşı, § 57). Bu, kütləvi informasiya vasitələrini açıqaşkar və ya şübhə edilən hüquqpozmalar barədə ictimaiyyəti dərhal məlumatlandırmaq rolunun həyata keçirilməsindən son dərəcədə çəkindirən tərzdə edilməməlidir. Avropa Məhkəməsi qeyd etmişdir ki, cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, mətbuatla bağlı cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müstəsna hallarda Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən jurnalistlərin ifadə azadlığına uyğun ola bilər (Cumpana və Mazare Rumıniyaya qarşı (BP), § 115). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq təqsirləndirilən şəxs X7 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. CM-nin 61.1.8-ci maddəsinə əsasən cinayətin öz qulluq borcunu yerinə yetirən şəxsə qarşı törədilməsini isə cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən şəxs X7 əməlindəki cəzanı yüngülləşdirən halların məcmusunu, X7 işləməməsi səbəbindən CM-in 147.2-ci maddəsinə əsasən ona islah işləri cəzasını təyin edə bilməməsini nəzərə alaraq, cəzasının təyin edilə bilinməməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hal kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən, məhkəmə hesab edir ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və onun təqsirli bilindiyi CM-in 147.2-ci maddənin sanskiyasında müəyyən ediləndən daha yüngül cəza növü – ictimai işlər növündə cəza təyin edilməlidir. Bundan əlavə olaraq, məhkəmə hesab edir ki, X13 və X8 döyülmələri barədə iddiaları araşdırılmalı, döymə faktı öz təsdiqini tapdığı halda onların hansı polis əməkdaşları tərəfindən döyülməsi müəyyən edilməli və müvafiq tədbirlər görülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona 300 (üç yüz) saat ictimai işlər cəzası, Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə 240 (iki yüz qırx) saat ictimai işlər cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla X10 qəti olaraq 460 (dörd yüz altmış) saat ictimai işlər cəzası təyin edilsin. X13 və X8 polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı araşdırma aparılması ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nəsimi rayon prokurorluğuna həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-422/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-422/2022
05.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver