Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-424/2022 09.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1990-cı ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 27 may 2022-ci il tarixdə saat 23:44-də “SM Distribution" MMC-nin icarə əsasında işlətdiyi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 5K ünvanında yerləşən “MİR” marketinin ikinci mərtəbəsinin plastikdən olan qapısının dəmir barmaqlığını aralayıb, güc tətbiq etməklə plastik qapını açıb mağazanın ikinci mərtəbəsinə qanunsuz daxil olaraq, orada olan iş otağının giriş qapısını fiziki güc tətbiq etməklə qapısını açdıqdan sonra, həmin otaqda dolabın üzərindəki 01 ədəd 120 manat dəyərində kiçik ölçülü dəmir seyfi gizli olaraq taladıqdan sonra, vahid niyyətlə əhatə olunmuş qəsdlə yenidən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 5K ünvanda yerləşən “MİR” marketinin ikinci mərtəbəsində olan iş otağına daxil olaraq iş masasına quraşdırılmış dəmir seyfi istintaqa məlum olmayan dəmir alətlə sındırıb qapısını açmaq yolu ilə saxlanc yeri hesab olunan seyfin içərisində olan 15,970 manat nağd pulu gizli talayıb, zərərçəkmiş hüquqi şəxs "SM Distribution” MMC-yə ümumilikdə 16.090 (on altı min doxsan) manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə məhkum olunmuş və xx.xx.2022-ci il tarixdə azadlığa çıxmışdır. Cəza çəkmə müəssisəsindən çıxdıqdan sonra Bakı şəhərində gündəlik kirayə verilən mənzillərdə yaşamışdır. Ara sıra anası evdə olmayanda qardaşı ilə görüşmüşdür. 27 may 2022-ci il tarixdə Emin adlı tanışı onu dostunun ad gününə dəvət etmişdir. O, həmin ad günündə çox miqdarda spirtli içkilər qəbul etdikdən sonra həmin günü saat 23:30-da onlardan ayrılaraq getmək qərarına gəlmişdir. Bundan sonra ad günü məclisindən ayrılaraq Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 8 noyabr prospektində yerləşən “Mir” marketin qarşısına gedib marketin pilləkənlərinə çıxaraq 2-ci mərtəbədə əyləşib siqaret çəkərkən sol tərəfinə baxdıqda marketin dəmir barmaqlığının olduğunu və həmin barmaqlığın arxasında olan giriş qapısının açıq olduğunu görmüşdür. Qapıdan baxanda içəridə energetik içkilərin olduğunu görmüşdür. O, susuz olduğu üçün həmin energetik içkilərdən götürüb içmək üçün dəmir barmaqlığın alt hissəsindən əli ilə tutaraq güc tətbiq etməklə özünə tərəf çəkmişdir. Barmaqlığı əydikdən sonra orada olan mişar daşını barmaqlığın arasına qoyaraq içəri girmək üçün şərait yaratmışdır. O, içəri daxil olduqdan sonra ətrafa baxdıqda energetik içkilərin və digər məhsullarında olduğunu görüb energetik içki, corab və üz qırxan götürüb, daxil olduğu barmaqlığa doğru gətirib qoymuşdur. Sonra giriş qapıları bağlı olan otaqları gördükdə orada pulların olduğunu düşünərək otaqlardan birinin giriş qapısını əli ilə itələyərək içəri daxil olmuşdur. Otaqdakı dolabın üzərində kiçik ölçülü dəmir seyfin olduğunu görüb həmin seyfi götürərək daxil olduğu yerdən çıxaraq “Mir” marketin arxa hissəsinə keçmiş və orada dəmir seyfin qapısını mişar daşı ilə sındıraraq içərisinə baxdıqda seyfin boş olduğunu görmüşdür. Sonra təkrar olaraq həmin otağa qayıdaraq yenidən otağı axtardıqda otaqda olan ofis stolundakı, dolaba bərkidilmiş dəmir seyfin qapısını oradan tapdığı dəmir alətlə sındıraraq içərisinə baxdıqda kağız və qəpik pulların olduğunu görmüşdür. Marketdən ağ rəngli sellofan torba taparaq torbanın içərisinə pulları yığaraq daxil olduğu dəmir barmaqlıqdan çölə çıxmışdır. Pulları oğurladığı üçün marketdən başqa əşya götürməmişdir. Çölə çıxarkən üst başını təmizləyərək üzü mərkəzə doğru olan yola tərəf keçib hərəkətdə olan avtomobillərə əl etmişdir. Həmin vaxtı metalik rəngli “Mercedes- Benz” markalı, “Vito” modelli dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil saxlamışdır. Həmin şəxs Hövsan qəsəbəsindən 28 may metrosu istiqamətində 1 manatlıq taksi kimi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin şəxs onu 28 may metrosuna kimi apara biləcəyini bildirdikdə o, sonuncuya əlavə hörmət edəcəyini bildirib onu anası və qardaşının yaşadığı Yeni Yasamala aparmağını xahiş etmişdir. Həmin şəxsə əlavə ödəniş etdiyi üçün onu qardaşının yaşadığı evə aparmışdır. O, həmin puldan 5000 manat pulu evə qoyaraq çıxmışdır. Səhəri günü evə qayıdaraq pulları götürüb getmişdir. Həmin pulları gündəlik olaraq öz şəxsi ehtiyaclarına və qumar oyunlarında xərcləmişdir. Hal-hazırda zərərçəkmişə pul qaytara bilmir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 8 noyabr prospekti 5K ünvanında yerləşən '‘MİR” market adlı mağaza X4 məxsusdur. Həmin marketi 5 ilə yaxındır ki, "xxxx" MMC kimi fəaliyyət göstərmişdir. Həmin MMC-nin direktoru X3 qeyd edilən marketi icarə əsasında işlətmişdir. O da həmin müddətdən marketdə satıcı kimi rəsmi qeydiyyatda olsa da, lakin Natella Şəfiyevanın köməkçisi kimi marketin bütün maliyyə işlərinə nəzarət etmişdir. Marketləri 24 saat işləmişdir. Həmçinin marketin video müşahidə kameraları ilə nəzarət olunmuşdur. Market 3 mərtəbədən ibarət olsa da, 3-cü mərtəbəsindən konkret olaraq istifadə olunmamışdır, ikinci mərtəbəsi isə həm ofis, həm də ərzaq anbarı kimi istifadə edilmişdir. Ofisin giriş qapısı onun tərəfindən daima açarla bağlanmışdır. Ondan başqa ofisin giriş qapısının açarı bacısı oğlu X1 da olmuşdur. Lakin seyfin açarı tək ona məxsus olmuşdur. Ofisin içərisində 2 ədəd dəmir seyf olmuşdur. Həmin seyfin biri masanın alt hissəsində olan dolaba qoyulmuş, digər kiçik ölçülü seyf isə otağın giriş qapısından sol tərəfdə dolabın üst hissəsində açıq yerə qoyulmuşdur. Adətən kiçik ölçülü seyfdə pul saxlamamışlar. Marketə daxil olan bütün ərzaq məhsullarının alış və satışını firmalarla o, həyata keçirmişdir. Buna görə də bütün maliyyə məsələlərinə o, nəzarət etmişdir. Bu səbəbdən də, dövriyyədə olan bəzi pulları marketin ikinci mərtəbəsində olan ofisdə olan dəmir seyfdə saxlamışlar. Sonuncu dəfə 27 may 2022-ci il tarixdə ayın sonu olduğuna görə firmalardan aldıqları nisyə malların pullarını vermək məqsədi ilə sayaraq seyfə 13.200 manat 50, 100 və 200 manatlıq, 400 ədəd 1 manatlıq, 170 manatlıq qəpik, 2.200 manatlıq isə 5, 10 və 20 manat pul əskinazları qoymuşdur. Ümumilikdə seyfdə 15.970 manat pul saxlamışdır ki, firmalara olan borclarını 28 may 2022-ci il tarixdə ödəsin. O, gündəlik olaraq marketə saat 08 radələrində getmiş və kassada olan pulları kassirdən təhvil alaraq ofisdə olan seyfdə saxlamışdır. İşçilərin əmək haqlarını və aldıqları məhsulların pulunu oradan götürüb vermişdir. 27 may 2022-ci il tarixdə saat 08 radələrində həmişəki kimi işə getmişdir. Kassadan həmin günü pulları alıb seyfə qoymuşdur. Gündəlik olaraq marketdə işlərini gördükdən sonra həmin günü saat 17 radələrində işdən çıxaraq evə gedərkən kassada Mahir, satıcı isə Sərxan adlı şəxs olmuşdur. Mahir və Sərxan növbəni saat 22 radələrində Aslan və Rövşən adlı şəxslərə təhvil verərək evlərinə getmişlər. Marketin sol tərəfində “Gəncə” təndiri kimi fəaliyyət göstərmiş və 24 saat işləmişlər. 28 may 2022-ci il tarixdə saat 08 radələrində marketə gəlib işçilər ilə görüşüb ümumi vəziyyət ilə maraqlanmışdır. İşçilər hər bir şeyin qaydasında olduğunu bildirmişlər. O, kassadan pulları götürdükdən sonra ikinci mərtəbədə yerləşən ofisə qalxaraq pulları seyfə qoymağa gedərkən ofisin taxtadan olan giriş qapısının naməlum şəxs tərəfindən vint açanla açılaraq içəri daxil olmasını və masanın alt hissəsində olan ağır çəkili seyfin giriş qapısının dəmir alətlə sındıraraq içərisindən 15.970 manat pulun və otaqda olan digər kiçik ölçülü dəmir seyfin oğurlandığını aşkar etmişdir. Bundan sonra ətrafa nəzər yetirdikdə marketin sol tərəfində olan dəmir barmaqlığın naməlum şəxs tərəfindən güc tətbiq etməklə əyib mişar daşını dəmir barmaqlıq ilə çərçivənin arasına qoyaraq içəri daxil olduğunu aşkar etmişdir. O, marketdə oğurluq hadisəsinin olmasına tam əmin olduqdan sonra DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Bundan sonra mağaza sahibinə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra müayinə aparıb video müşahidə kameralarına baxmışlar. 27 may 2022-ci il tarixdə saat 23:44-də 1 nəfər tanımadığı naməlum şəxsin marketin ikinci mərtəbəsinə qanunsuz daxil olaraq orada olan bəzi ərzaqları girdiyi hissəyə yığaraq ətrafa nəzər saldığı və bundan sonra ofisin giriş qapısını sındıraraq içəri daxil olmasını müşahidə etmişlər. O, sonradan dəqiqləşdirmə apardıqdan sonra 15.970 manat nağd pulun oğurlandığını müəyyən etmişdir. Naməlum şəxs puldan başqa 120 manat qiymətində olan dəmir seyfi də oğurlamışdır. Marketdən 15.970 manat və 120 manat qiymətində dəmir seyf oğurlanmışdır. Həmin seyfi 2 il bundan əvvəl almışlar, lakin istifadə olunmadığı üçün təzə qalmışdır. İşçilər ilə danışıq aparan zaman sonuncular bildirmişlər ki, heç kim mağazaya daxil olan şəxsi görməmişdir. Halhazırda təqsirləndirilən şəxslə barışmamışlar. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun böyük qardaşıdır. X7 2000-ci ildə ürək tutmasından dünyasını dəyişmişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin müvafiq bəndləri ilə məhkum olunmuşdur. Sonuncu dəfə 2022-ci ilin fevral ayının 28-də 16 saylı Cəzaçəkmə Müəssisəsindən azad olunduqdan sonra, əvvəllər onların yaşadığı ünvana gəlməyərək özü ayrı yaşamışdır. Lakin mütəmadi olaraq onunla telefon əlaqəsi saxlamışdır. Sonuncu dəfə 2022-ci ilin iyun ayının əvvəllərində qardaşı Təqsirləndirilən şəxs onun istifadə etdiyi ***-***- **-** saylı mobil nömrəsinə saat 20 radələrində xatırlamadığı mobil nömrə ilə zəng edərək evə gəlmək istədiyini bildirmişdir. Həmin vaxtı anası evdə olmamışdır. O da qardaşına evdə olduğunu dedikdən 20 dəqiqə sonra Elsevər evə tək gəlmişdir. Lakin nə ilə gəldiyini görməmişdir. Elsevər evə sərxoş vəziyyətdə daxil olduqda əlində göy rəngli sellofan torba olmuşdur. Elsevər ona bildirmişdir ki, lotereyadan pul udmuş, bu barədə heç kimə məlumat verməsin. Həmin pulları onun yanında saymışdır. Təxminən 5000 manata yaxın pul olmuşdur. Pullar 50 və 100 manatlıq pul əskinazları olmuşdur. Elsevər pulları yataq otağında olan yataq dəstinin alt hissəsinə qoyaraq evdən dərhal çıxıb getmişdir. Həmin günü anası rayonda olduğu üçün evə gəlməmişdir. O, səhəri günü evin giriş qapısını açıq qoyaraq işə getmişdir. Elsevər, o, işdə olan zaman gəlib evdən pullarını götürüb çıxıb getmişdir. Anası axşam saat 17 radələrində evə gəlmiş, o da anasından 2 saat sonra işdən evə getmişdir. Evə getdikdən sonra bu barədə anasına məlumat verməmişdir. Çünki qardaşı ona tapşırmışdır ki, heç kimə məlumat verməsin. Anası qardaşı ilə əlaqə saxlamamağını ona tapşırdığı üçün sonuncuya Elsevərin evə gəlməsini bildirmək istəməmişdir. Pulların həmin yerində olmadığını görüb qardaşının gəlib pullarını apardığını düşünmüşdür. Təxminən 2 gündən sonra Elsevər onun mobil nömrəsinə xatırlamadığı nömrə ilə zəng edərək onu Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığına çağıraraq onunla görüşmüşdür. Elsevər ona bildirmişdir ki, evə qoyduğu pulları götürüb öz həyatını qurmaq üçün xarici ölkəyə gedəcəkdir. Həmin vaxtı Elsevər tək olmuşdur. Elsevər onunla sağollaşıb piyada üzü metro istiqamətinə getmişdir. O da oradan çıxıb evə qayıtmışdır. Elsevər ona həmin pulları lotereyadan qazandığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, etibarnamə ilə idarə etdiyi 2002-ci il buraxılışlı, gümüşü metalik rəngli “Mercedes-VİTO” markalı ** VB *** dövlət qeydiyyat nişanlı avtomobili 2015-ci ildən idarə edir. Həmin avtomobil ilə 1 manatlıq taksi fəaliyyəti ilə məşğul olmuşdur. Onun istiqaməti H. Aslanov metrostansiyasından 20 yanvar metrostansiyasına doğru hərəkət etməkdən ibarət olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində avtomobilində olan 2 nəfər müştəri ilə üzü “Nargilə“ kafesinə doğru hərəkət etmişdir. Müştərilərdən bir nəfər həmin kafenin yaxınlığında saxlamağını xahiş etmişdir. O, həmin şəxsi avtomobilindən düşürtdükdən sonra üzü mərkəzə doğru hərəkət etdikdə “Mir” marketlə ilə üzbəüz də bir nəfər əlində sellofan torba olan orta yaşlı kişi cinsli şəxs əl edərək avtomobilini saxlamağını istəmişdir. O, avtomobili saxladıqda həmin şəxs ona yaxınlaşaraq Yasamal rayonuna neçə manata aparacağını soruşmuşdur. O, həmin şəxsə 7 manata aparacağını bildirdikdə həmin şəxs ona 20 manat verəcəyini bildirmişdir. O, həmin şəxsi avtomobilinə götürdükdən sonra təxminən 300-400 metr məsafə qət etdikdən sonra yolun kənarında olan “Grand” marketin qarşısında saxlamışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs avtomobildən enərək marketə tərəf getmişdir. Sonuncu marketdən 3 ədəd energetik içki aldıqdan sonra avtomobilə əyləşmişdir. Həmin içkidən birini ona, birini özünə, digərini isə tanımadığı müştəriyə vermişdir. Həmin müştərini qarşı tərəfdə yerləşən “Bəh-bəh” restoranının qarşısında düşürdükdən sonra o, Elsevəri Yasamal rayonuna aparmışdır. Orada avtomobildən enərək hansı istiqamətə getdiyini bilməmiş, təxminən 10 dəqiqədən sonra yenidən avtomobilə əyləşib Xırdalan şəhərinə getmələrini bildirmişdir. Elsevər dərhal fikrini dəyişərək Ukrayna dairəsinə getmələrini bildirmişdir. O da Elsevərin dediyi yerə, Şuşa marketin qarşısına sürmüşdür. Orada Elsevər avtomobildən endikdən sonra onun pulunu verib sağollaşmış vo o, həmin şəxsi sonra görməmişdir. Elsevər ona heç bir məlumat verməmiş, onunla danışmamışdır. Elsevərin oğurluq etməsindən polis əməkdaşlarından öyrənmişdir. Elsevər onun avtomobilinə əyləşərkən yanında heç kim olmamışdır. Elsevərin hər hansı bir cinayət törətməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 8 noyabr prospekti 5K ünvanında yerləşən “MİR” super market adlı mağazada satıcı konsultant kimi işləyir. Market 24 saat işləmişdir. Marketə video müşahidə kameraları ilə nəzarət olunmuşdur. Market 3 mərtəbədən ibarət olsa da, 3-cü mərtəbəsi mansard olduğu üçün konkret olaraq istifadə olunmamışdır. İkinci mərtəbəsi isə həm ofis, həm ərzaq anbarı kimi istifadə edilmişdir. Ofisin giriş qapısı Nümayəndə1 tərəfindən daima açarla bağlanmışdır. 27 may 2022-ci il tarixdə saat 22:00-dək kassada Mahir adlı şəxs, satıcı isə Sərxan adlı şəxs olmuşdur. Onlar həmin günü növbəni saat 22:00-da ona və Şahid4 təhvil vermişlər. Onlar növbədə olduğu müddət ərzində marketə gələn müştərilərə xidmət etmişlər. Həmçinin müştərilərin məmnun olmalarını nəzərə alaraq marketdə 24 saat musiqi səsləndirmişlər. Bu səbəbdəndə baş vermiş oğurluq hadisəsini eşitməmişdir. 28 may 2022-ci il tarixdə saat 08 radələrində Nümayəndə1 marketə gələrək işçilər ilə görüşüb ümumi vəziyyət ilə maraqlanmışdır. Onlar hər bir şeyin qaydasında olduğunu bildirmişlər. Ruslan kassadan pulları götürdükdən sonra ikinci mərtəbədə yerləşən ofisə qalxaraq pulları seyfə qoymağa getmiş və təxminən 2-3 dəqiqədən sonra o da Ruslanın arxasınca getmişdir. Həmin vaxtı Ruslan ona ofisin qapısının açıq olduğunu və oğurluq hadisəsinin baş verdiyini, əllərini heç bir yerə vurmamağını tapşırmışdır. Sonra Ruslan DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra müayinə aparıb video müşahidə kameralarına baxmışlar. 27 may 2022-ci il tarixdə saat 23:44-də 1 nəfər tanımadığı naməlum şəxsin marketin ikinci mərtəbəsinə qanunsuz daxil olaraq orada olan bəzi ərzaqları girdiyi hissəyə yığaraq ətrafa nəzər saldığını və bundan sonra ofisin giriş qapısını sındıraraq içəri daxil olmasını müşahidə etmişlər. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 8 noyabr prospekti 5K ünvanında yerləşən “MİR” super market adlı mağazada satıcı konsultant kimi işləmişdir. Market 24 saat fəaliyyət göstərir. Marketə video müşahidə kameraları ilə nəzarət olunur. Market 3 mərtəbədən ibarət olsa da, 3-cü mərtəbəsi mansard olduğu üçün konkret olaraq istifadə olunmamışdır. İkinci mərtəbəsi isə həm ofis, həm də ki ərzaq anbarı kimi istifadə edilmişdir. Ofisin giriş qapısı Nümayəndə1 tərəfindən daima açarla bağlanmışdır. 27 may 2022-ci il tarixdə saat 22:00-dək kassada Mahir adlı şəxs, satıcı isə Sərxan adlı şəxs olmuşdur. Həmin şəxslər növbəni saat 22:00-da ona və Şahid3 təhvil vermişlər. Onlar növbədə olduğu müddət ərzində marketə gələn müştərilərə xidmət etmişlər. Həmçinin müştərilərin məmnun olmasını nəzərə alaraq marketdə 24 saat musiqi səsləndirilmişdir. Bu səbəbdən də baş vermiş oğurluq hadisəsini eşitməmişdir. 28 may 2022-ci il tarixdə saat 08 radələrində Nümayəndə1 marketə gələrək işçilər ilə görüşüb ümumi vəziyyət ilə maraqlanmışdır. Onlar hər bir şeyin qaydasında olduğunu bildirmişlər. Ruslan kassadan pulları götürdükdən sonra ikinci mərtəbədə yerləşən ofisə qalxaraq pulları seyf qoymağa gedərkən Aslan da təxminən 2-3 dəqiqədən sonra Ruslanın arxasınca getmişdir. Həmin vaxtı Aslan geri qayıdaraq bildirmişdir ki, oğurluq hadisəsi baş vermişdir. Bundan sonra Ruslan DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra müayinə aparıb video müşahidə kameralarına baxmışlar. 27 may 2022-ci il tarixdə saat 23:44-də 1 nəfər tanımadığı naməlum şəxsin marketin ikinci mərtəbəsinə qanunsuz daxil olaraq orada olan bəzi ərzaqları girdiyi hissəyə yığaraq ətrafa nəzər saldığını və bundan sonra ofisin giriş qapısını sındıraraq içəri daxil olmasını müşahidə etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında 28 may 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 8 noyabr prospekti 5K ünvanında yerləşən “MİR” adlı supermarketə baxış keçirilmiş, marketin video müşahidə kameralarında olan götüntülər tərəflərindən götürülmüş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 9-13); zərərçəkmiş hüquqi şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə hüquqi şəxs "xxxx" MMC zərərçəkmiş hüquqi şəxs qismində və Nümayəndə1 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır (i.v. 59-60); şübhəli şəxsin barəsində axtarış elan edilməsi haqqında 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və tutularaq Xətai RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (i.v. 84); axtarışda olan şəxsin tutulması haqqında 06 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 90); diskə baxış keçirilməsi haqqında 06 iyul 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində 05 ədəd videogörüntü vardır, həmin videogörüntülərdə xx.xx.2022-ci il tarixdə 00:37-də Təqsirləndirilən şəxs “Grand” marketə daxil olaraq 03 ədəd enerji içkisi alan zaman cibindən topa ilə müxtəlif əskinasdan ibarət pulu çıxarıb içkilərin pulunu ödədikdən sonra marketdən çıxıb getməsi müşahidə olunur. Həmçinin baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 23:44-06-dan 23:48:00-ə kimi olan müddət ərzində bir nəfər kişi cinsində olan şəxsin “Mir" marketin ikinci mərtəbəsinə qapıdan daxil olaraq axtarış aparması, orada olan içkilərdən götürüb marketə daxil olduğu qapıya tərəf aparıb qoyması, həmin şəxsin yenidən geri qayıdaraq marketin ikinci mərtəbəsində olan otağın qapısını açaraq içəri daxil olması, daha sonra həmin otaqdan çıxaraq marketi tərk etməsi müşahidə olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin özü olmasını bildirmişdir (i.v. 108-109); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur (i.v. 110-111); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-367/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 25 (iyirmi beş) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (i.v. 126-130); ifadənin yerində yoxlanılması haqqında 08 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 131-136); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir; Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. 140-141); yetkinlik yaşına çatmayan şahidə qanuni nümayəndənin təyin edilməsi haqqında 21 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Nümayəndə2 yetkinlik yaşına çatmayan Şahid4 qanuni nümayəndəsi qismində tanınmışdır (i.v. 159); sübutların qiymətləndirilməsi haqqında 03 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, oğurluq hadisəsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə dəymiş maddi ziyan 16090 manat hesab olunmuşdur (i.v. 170-178). Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntü “DVD-R” diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolda qeyd olunan hallara uyğun olmuşdur. Baxış zamanı müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə 00:37-də Təqsirləndirilən şəxs “Grand” marketə daxil olaraq 03 ədəd enerji içkisi alan zaman cibindən topa ilə müxtəlif əskinasdan ibarət pulu çıxarıb içkilərin pulunu ödədikdən sonra marketdən çıxıb gedir. Həmçinin xx.xx.2022-ci il tarixdə saat 23:44-06-dan 23:48:00-ə kimi olan müddət ərzində bir nəfər kişi cinsində olan şəxs “Mir" marketin ikinci mərtəbəsinə qapıdan daxil olaraq axtarış aparır, orada olan içkilərdən götürüb marketə daxil olduğu qapıya tərəf aparıb qoyur, həmin şəxs yenidən geri qayıdaraq marketin ikinci mərtəbəsində olan otağın qapısını açaraq içəri daxil olur, daha sonra həmin otaqdan çıxaraq marketi tərk edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf eməsini və səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, Kərimli X2 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalı (CM-65.2), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), cəzasının əvvəli 06 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxs hüquqi şəxs "xxxx" MMC-yə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 06 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən 1 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs hüquqi şəxs "xxxx" MMC-yə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-424/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-424/2022
09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver