Məhkəmə qərarları › İş №1(011)-425/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-425/2022

13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-425/2022 13.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2n, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-496/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh kimi ondan xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəli xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150,00 manat, cəmi 300,00 manat sabit pul məbləğində alımentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə və qeyd olunan məhkəmə qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 30,00 manat məbləğində dövlət rüsumu tutulmasına dair məhkəmə aktının olmasını nəzərə almayaraq, onların icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməmiş, buna görə xx.xx.2018-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmış və həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat inzibati qaydada cərimə edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış, icra məmuru tərəfindən icra sənədlərindəki tələblər üzrə yığılmış borcları icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar olunsa da, şəxsi maraq niyyətilə təqdimat verilən 03 mart 2022-ci il tarixədək məhkəmə aktı üzrə cəmi 14688.00 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə, eləcə də sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla ədalət mühakiməsi mənafeyinə xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə elan edilmiş ittihamda özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə rəsmi nikahı olmamışdır. Əvvəldən nikahsız evləndiyinə görə özünün valideynləri tərəfindən narazılıq olmuşdur. Bir gün evə gəldikdə onun kirayə qaldıqları evdən çıxıb getdiyini görmüşdür. Alimenti ödəməkdən boyun qaçırtmır, lakin hazırda 300 manat ödəməyə imkanı yoxdur. Elə vaxt olmuşdur ki, 300-400 manatlıq bazarlıq etmiş, lakin bunu nəzərə almamışdır. İmkanı olduqca alimenti ödəməyə çalışacaq. Son sözündə əməlindən peşman olduğunu, hazırda aliment borcundan 3000 manat ödəniş etdiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2014cü ildə Təqsirləndirilən şəxs ilə evlənmişdir. 8 və 11 yaşında 2 qızları var. 8 ildir ki, gəlib uşaqları görmür. 15 oktyabr 2017-ci il tarixdə məhkəməyə müraciət etmiş, bu barədə ona xəbərdarlıq etmişdir. Dəfələrlə Ramizə alimenti ödəməyi bildirmiş, lakin o, qərəzli olaraq ödəməkdən imtina etmişdir. Bundan sonra da icra məmuru alimentin ödənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim etməsinə baxmayaraq o, məhkəmə aktını qərəzli şəkildə icra etməmişdir. onunla heç bir şəxsi qərəzliyi yoxdur, sadəcə uşaqlarının haqqını tələb edir. Həmin borcdan Təqsirləndirilən şəxs 3000 manat ödəniş etmişdir. Alimentin tam ödənilməməsini nəzərə alaraq şikayətçi olduğunu, onunla barışmadığını bildirmiş və anasına görə barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, icra sənədi Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 icraatındadır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-496/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh kimi Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəli xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150,00 manat, cəmi 300,00 manat sabit pul məbləğində alımentin tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Vaxtında alimenti ödəmədiyi üçün aliment borcu yaranmışdır. Borcun məbləği çox olduğuna görə icra məmuru Şahid1 inzibati xəta protokol tərtib etmiş və ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan başqa digər zəruri icra tədbirləri görülmüşdür. Məhkəmə iclasında şahid Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 istintaq zamanı verdiyi ifadə elan edilərək tədqiq edilmiş və ifadəsi Şahid2 ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-496/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəli xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150,00 manat, cəmi 300,00 manat sabit pul məbləğində alımentin tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Qətnamə 06 aprel 2018-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan 19 aprel 2018-ci il tarixli Xətai Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-496/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə icraata başlanılmış və könüllü icrası barədə məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 avqust 2022-ci il tarixli, 3(011)-1105/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 xx.xx.2021-ci il tarixi məktubundan görünür ki, Təqsirləndirilən şəxs işsiz və ya işaxtaran kimi qeydiyyatı mövcud olmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, icra sənədini icra etmədiyi üçün Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan aliment ödənişləri barədə cədvəldən görünür ki, Təqsirləndirilən şəxs aliment borcundan xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 452 manat, xx.xx.2020-ci il tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 60 manat, cəmi 1212 manat ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs aliment borcundan 3000 manat ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılmışdır. İş materiallarında olan 01 avqust 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçil və Yasamal RPİ X4 dərhal azad edilmişdir. Beləliklə, cinayət təqibi üzrə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş və yuxarıda şərh olunan mötəbər və mümkün sübutların məcmusuna cinayət işinin bütün materialları ilə birlikdə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Konstitusiya Məhkəməsı Plenumunun 02 oktyabr 2012-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” qərarına əsasən məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası adından çıxan qətnaməni icra etmək üçün kifayət qədər vaxtı və maddi imkanı olmuşdur. Təqsirləndirilən şəxs bu günədək məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk məhkumluğunu,qismən ödəniş edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin Təqsirləndirilən şəxs qanunvericilikdə edilmiş dəyişikliklər, yəni Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsi və 80-1-ci maddəsi izah edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar