Məhkəmə qərarları › İş №1(011)-425/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-425/2024

01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-425/2024 01.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-545/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 68.1.1-1 və 69.3-cü maddələri tətbiq edilməklə qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 6,45 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla saxlamış və Xətai RPİnin 37-ci PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 19:00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılıb ünvan 4əşən Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 6,45 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum olunmuşdur. Təxminən 02 il müddətdir ki, narkotik vasitə olan marixuana istifadə etmişdir. 26 aprel 2024-cü il tarixdə saat təxminən 19:00 radələrində ünvan 6 ünvanının qarşısında hərəkət etmişdir. Həmin vaxt mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onu 37-ci PŞ-nə dəvət etmişlər. Orada olan zaman hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmiş və ona hüquqları və vəzifələri izah edilmişdir. Daha sonra inzibati binada ona təyin olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı ona üzərində dövriyyəsi qadağan ounlmuş hər hansı əşya və ya predmet olduğu soruşulduqda əynində olan tünd qara rəngli cins şalvarın sağ yan cibində olan 01 ədəd sellofana bükülmüş narkotik vasitə hesab edilən marixuananı təqdim etmişdir. O, həmin narkotik vasitəni şəxsi istifadəsi məqsədilə Bakı şəhəri, Keşlə qəsəbəsi deyilən ərazidən anket məlumatlarını bilmədiyi şəxsə nağd şəkildə 30 AZN verməklə əldə edib üzərində gəzdirmişdir. Təqdim etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmişdir. Ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru vəzifəsində işləyir. 26 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Fərid birlikdə məlumat əsasında həmin gün saat 19:00 radələrində ünvan 7 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Fərmanın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını, həmin şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 8 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Fərmana narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib saxlayaraq Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Fərman da buna etiraz etmədikdən sonra PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Şamil İsrəfilova təhvil vermişlər. Şamil İsrəfilov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Fərman da əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 7,70 qram olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Fərmanın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Fərman tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Bayram birlikdə məlumat əsasında həmin gün saat 19:00 radələrində ünvan 7 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Fərmanın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını, həmin şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 8 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Fərmana narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib saxlayaraq Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Fərman da buna etiraz etmədikdən sonra PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Şamil İsrəfilova təhvil vermişlər. Şamil İsrəfilov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Fərman da əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 7,70 qram olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Fərmanın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Fərman tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 26 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 25); şəxsi axtarış və götürmə aparılması haqqında 26 aprel 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd qara rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin nəşə adı ilə bildiyi “marixuana” olmasını bildirmişdir. Həmin bükülü açıldıqda, içərisində yaşıl rəngli otşəkilli bitki aşkar edilmişdir. Həmin bükümdə olan bitki tərəfindən elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin bükümdə olan yaşıl rəngli otşəkilli bitkinin çəkisi 7.70 qramdır. Təqsirləndirilən şəxs həmin maddəni nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 2 ilə yaxındır ki, nəşə adı ilə bildiyi marixuanadan istifadə edir. Üzərindən aşkar edilmiş həmin maddəni 26 aprel 2024-cü il tarixdə Keşlə qəsəbəsindən adını bilmədiyi və tanımadığı şəxsdən 30 manata özü qəbul etmək üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülmüş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 36- 38); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2024-cü il tarixli, 3-16-16-2-7/653 saylı rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş kağız paketdəki 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi – 6.45 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (i.v. 45-48); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 60-61); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-321/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (i.v. 80-85); “DVD-R” diskə baxış keçirilməsi haqqında 28 aprel 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 26 aprel 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 86-87); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 26 günü hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2018-ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 90-92); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Məhkəməsinin 1(008)-545/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-nin 68.1.1-1-ci maddəsinə əsasən məhkəmə baxışınadək şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq, alınan 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmış və üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v. 93-98); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsinin xx.xx.2024-cü il tarixli, 3598 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 109-110); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7/653 saylı və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3598 saylı rəyləri sübut kimi qiymətləndirilmişlər, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 6.45 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6.40 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd “DVD-R” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 115-121); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixə məhkum cəzasının 02 il 02 ay 10 gününü çəkmiş, çəkilməmiş 09 ay 18 gün təşkil edir; 5 saylı Bakı “ASAN xidmət mərkəzi” Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 682199 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X1r. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd qara rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü təqdim edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin nəşə adı ilə bildiyi “marixuana” olmasını bildirir. Həmin bükülü açıldıqda, içərisində yaşıl rəngli otşəkilli bitki aşkar edilir. Həmin bükümdə olan bitki elektron tərəzidə çəkildikdə çəkisinin 7.70 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmin maddəni nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs təxminən 2 ilə yaxındır ki, nəşə adı ilə bildiyi marixuanadan istifadə etdiyini, üzərindən aşkar edilmiş həmin maddəni 26 aprel 2024-cü il tarixdə Keşlə qəsəbəsindən adını bilmədiyi və tanımadığı şəxsdən 30 manata özü qəbul etmək üçün aldığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən təmiz çəkisi 6.45 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını (CM- 59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmləri üzrə olan məhkumluqları ödənildiyindən Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmçinin CM-nin 83.4-cü madddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bundan başqa qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-545/2021 saylı, xx.xx.2021-ci tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmiş, lakin həmin məhkumluq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan hökmün icra edilməsi barədə göstərişə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 545/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün 13 yanvar 2022-ci il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini 26 aprel 2024-cü il tarixdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunmasına baxmayaraq yenidən cinayət törətməsini, azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin ona yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, üzərindən aşkar olunmuş qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə quudulmuş marixuananın miqdarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.), ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə yenidən qəsdən cinayət törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, hazırki hökm üzrə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-545/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 09 (doqquz) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla (CM 68.1.1-1) 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti cəza təyin edilməli (CM 67.1), cəzaçəkmə müddətinin başlanğıcı 26 aprel 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 6.45 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6.40 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 78 (yetmiş səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 545/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 09 (doqquz) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 26 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 6.45 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6.40 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar