Məhkəmə qərarları › İş №1(011)-426/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-426/2021

15.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-426/2021 15.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Ərikli kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yaşayan, barəsində “başqa yerə geməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdə saat 05:40 radələrində sürücülük vəsiqəsi və etibarnaməsi olmadan «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq texniki cəhətdən saz vəziyyətdə olan «Nissan Qashqai» minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanda yerləşən yaşayış binasının qarşısındakı taxta çəpərlə hasara alınmış bağ sahəsinin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməmiş, avtomobili hərəkət hissəsinin solunda olan taxta çəpərə vurduqdan sonra çəpərin içərisində dayanan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vuraraq Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan açıq kəllə-beyin travması, baş beynin orta dərəcəli əzilməsi, sol gicgahənsə sümüklərinin xətti sınığı, sol gicgah-ənsə nahiyəsinin epidural hematoması, sol alıngicgah nahiyəsində hemorragik əzilmə ocaqları, sol təpə-gicgah nahiyəsində yumşaq toxumanın əzilməsi və sol dirsək nahiyəsində sıyrılmış yara xəsarətləri yetirərək sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayının əvvəllərindən Gəncə şəhərindən işləmək üçün Bakı şəhərinə gəlmiş, Xətai rayonu, G.Mehmandarov küçəsi ev 24-də xalası oğlu Yusifin evində yaşamışdır. Hər gün Nəsimi rayon ərazisində yerləşən 3-cü m/r bazarına gedib-gəlmiş, orada fəhlə işləyib hər gün 10 manat pul qazanmışdır. Xalası oğlu Şahid1 “Nissan Qashqay” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilini hərdən bir Yusifin icazəsi həyətdə idarə etmişdir. 02 iyun 2021-ci il tarixdə saat təxminən 05:30 radələrində yuxudan oyanıb xalası oğlu Yusifdən avtomobili yaşadıqları evin həyətində sürmək üçün ondan icazə aldıqdan sonra, G.Mehmandarov küçəsində idarə etmişdir. Həmin vaxtı G.Mehmandarov küçəsi 24 saylı ünvanda yerləşən yaşayış binasının həyətində avtomobili tək özü idarə edərkən idarəetməni itirdiyindən avtomobilin qabaq sol hissəsi ilə yaşayış evinin qabağında taxta çəpəri olan bağın taxtalarına vurmuş və çəpərlərin arxasında olan qonşu Rəsmiyə xanım xəsarət alaraq yerə yıxılmışdır. Dərhal avtomobildən yenərək Rəsmiyə xanıma yaxınlaşmış, köməklik etmək üçün 103 xidmətinə zəng edib X3 dəvət etmişdir. Xəstəxanada Rəsmiyə xanıma lazım olan bütün köməklikləri göstərmişdir. Sonra Xətai RPİ-nin əməkdaşları xəstəxanaya gəlmiş, o, polis əməkdaşları ilə birlikdə hadisə yerinə gedib baxış keçirdikdən sonra hadisə barədə izahat yazmışdır. Daha sonra əməlindən səmimi peşman olduğunu, ilk məhkumluğunu, zərərçəkmiş şəxslə barışmasını, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbin olmamasını, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə yardım etdiyini, özünün hal-hazırda Gəncə Dövlət Universitetinin tələbəsi olduğunu, gənc olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün səmimi etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı Abadlıq İdarəsində xadimə işləyir. 02 iyun 2021-ci il tarixdə saat 05:40 radələrində yaşadığı binanın həyətində olan gülləri sulayan zaman birdən gözləmədiyi anda ağ rəngli “Nissan Qashqai” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi ilə onu vurub xəsarət yetirmişdir. Sürücünün idarə etdiyi Nissan Qashqai” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil hansı tərəfdən, hansı sürətlə gəlməsini görməmişdir. Daha sonra səsə evdən əri Sahib çölə çıxmışdır. Sonra həyətə X3 həkimləri gəlib onu Neyrocərrahlıq xəstəxanasına aparmışlar. Xəstəxanada müalicə müddətində Təqsirləndirilən şəxs yaxın qohumları ona maddi və mənəvi köməklik etmişlər, müalicəsi ilə bağlı bütün xərcləri tam ödəmişlər. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən barışıq ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi ifadəsi, iş üzrə heç bir ziddiyət olmaması nəzərə alınaraq məhkəmə iclasına gəlməyən şahidlər Şahid1 və Şahid2 ifadələri elan edilərək tədqiq edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərimişdir ki, 2012-ci il tarixdə ağ rəngli «Nissan Qashqai» minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil almış və həmin avtomobili özü idarə edir. Təqsirləndirilən şəxs xalası oğludur. 2021-ci ilin fevral ayının əvvəllərindən Etibar işləmək üçün Gəncə şəhərindən Bakı şəhərinə gəlib və həmin tarixdən də onun yaşadığı Xətai rayonu, G.Mehmandarov küçəsi ev 24-də onların evlərində yaşamışdır. Etibar hər gün Nəsimi rayon ərazisində yerləşən 3-cü m/r bazarına gedib gəlmiş, orada fəhlə işləyib hər gün 10 manat pul almışdır. Etbar hərdənbir onun icazəsi ilə onun yanında oturub ona məxsus avtomobili idarə etmiş və Bakı şəhərində avtomobil sürməyi öyrənmişdir. 02 iyun 2021-ci il tarixdə saat təxminən 05:30 radələrində Etibar onu yuxudan oyadıb ondan avtomobili idarə etmək üçün icazə istəmiş və demişdir ki, səhər saatlarında şəhərdə avtomobil az olur, ona görə də avtomobil sürməyi öyrəndiyi üçün avtomobili yaşadıqları evin həyətində sürmək üçün ondan icazə almışdır. O da özünə məxsus avtomobilin açarlarını Etibara vermiş və Etibar onun icazəsi ilə avtomobili idarə etməyə başlamışdır. Sonradan ona məlum olmuşdur ki, Etibar həmin vaxtı Xətai rayonu, G.Mehmandarov küçəsi 24 saylı ünvanın həyətində avtomobili tək özü idarə edərkən idarəetməni itirdiyindən avtomobilin qabaq sol hissəsi ilə yaşayış evinin qabağında taxta çəpəri olan bağa vurmuş və bağın içərisində 50-60 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Etibar tez bu barədə ona xəbər vermiş və o, hadisə yerinə gəlmişdir. Sonra Etibar avtomobili yolun kənarında saxlayaraq xəsarət alan qadına köməklik etmək üçün hadisə yerinə xəsarət almış qadının aldığı xəsarətlə əlaqədar 103 xidmətinə zəng edib X3 həkimlərini dəvət etmişdir. Daha sonra hadisə yerinə X3 həkimləri gəlib xəsarət almış qadını xəstəxanaya aparmışlar. Xəstəxanada qadına lazım olan bütün köməklikləri göstərmişlər. Bir qədər sonra Xətai RPİ-nin əməkdaşları xəstəxanaya gəlmiş, Etibar polis əməkdaşları ilə birlikdə hadisə yerinə gedib baxış keçirmiş və hadisə barədə izahat yazmışdır. Xalası oğlu Təqsirləndirilən şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilə maddi ziyan dəysə də xalası oğlu Təqsirləndirilən şəxs Tofıiq oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərimişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Rəsmiyə təxminən 15 il olar ki, Bakı Abadlıq İdarəsində təmizləyici işləyir. İşə getmək üçün hər gün səhər saat 05:40 radələrində evdən çıxır və yaşadıqları evin yaxınlığından keçən 46 saylı marşrut avtobusu ilə 28 May küçəsinə gedib, oradan da Nizami küçəsində saat 08:00-da işdə olur. 02 iyun 2021-ci il tarixdə saat 05:40 radələrində Rəsmiyə yaşadıqları binanın həyətində olan gülləri sulayan zaman birdən ağ rəngli “Nissan Qaşqay” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi ilə onu vurub bədən xəsarəti yetirmişdir. Həmin vaxt o, evdə olmuş və səsə çölə çıxıb bu hadisəni görüb tez X3 həkimlərini çağırmış, həkimlər gəlib arvadını Neyrocərrahlıq xəstəxanasına aparmışlar. Rəsmiyə xəstəxanada 1 aya yaxın müalicə almışdır. O, özü hadisənin hansı şəraitdə baş verməsini görməmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «MTE və PA» ETT Birliyinin Xətai rayon şöbəsinin verdiyi məhkəmətibbi ekspertizası üzrə 28 iyun 2021-ci il tarixli 62/2021 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - açıq kəllə-beyin travması, baş beynin orta dərəcəli əzilməsi, sol gicgah-ənsə sümüklərinin xətti sınığı, sol gicgah-ənsə nahiyəsinin epidural hematoması, sol alın-gicgah nahiyəsində hemorragik əzilmə ocaqları, sol təpəgicgah nahiyəsində yumşaq toxumanın əzilməsi və sol dirsək nahiyəsində sıyrılmış yara bəru küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan 02 iyun 2021-ci il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizası üzrə 18 iyun 2021-ci il tarixli 8/1259 №-li rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Nissan Qashqai” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai RPİ-nin X4 Şöbəsinin 24.08.2021-ci il tarixli 14355 nömrəli məktubundan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində anadan olan Təqsirləndirilən şəxs AR DİN Baş X4i İdarəsinin Mərkəzi Məlumat Bazasından alınmış məlumata əsasən BDYPİ-nin Qeydiyyat- İmtahan Şöbəsi tərəfindən sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17.07.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 25 avqust 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə Dövlət Universiteti tərəfindən 15.09.2017-ci il tarixdə verilmiş 31.07.2022-ci il tarixədək etibarlı olan 164288 nömrəli tələbə biletinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Dövlət Universitetini Bədən tərbiyəsi və idman ixtisası üzrə qiyabi təhsil alır. Cinayət işində olan 24 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, “Nissan Qashqai” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və mülkiyyətçisi Şahid1 qaytarılmışdır. Məhkəmə baxışı zamanı təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələbini, yəni sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini, yəni yol hərəkəti üçün təhlükəli şərait yaradaraq öz hərəkəti ilə digər hərəkət iştirakçısına zərər vurması tamamilə sübuta yetirilmişdir. Həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqə mövcuddur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayətləri törətməsi özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bu baxımdan Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi və tələbə olması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs səmimi etirafını, ilk məhkumluğunu, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam olaraq ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müsəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını X2 müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün qanuni sahibi Şahid1 təhvil verilmiş «Nissan Qashqai» minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 verilmiş hesab edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını X2 müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli X2 Müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulsun. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün qanuni sahibi Şahid1 təhvil verilmiş «Nissan Qashqai» minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 verilmiş hesab edilsin. İş üzrə mülki və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar