Məhkəmə qərarları › İş №1(011)-426/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-426/2025

25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-426/2025 25.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi ev 9 qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 05 ədəd bükümdə ümumi təmiz çəkisi 44,72 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə quruldulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 16 may 2025-ci il tarixdə saat 21:35-də Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat təbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılıb video çəklişindən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən xeyli miqdarda 05 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,81 qram, 10,06 qram, 4,96 qram, 9,88 qram, 10,01 qram olmaqla ümumi təmiz çəkisi 44,72 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə quruldulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitələri qəbul etməyə başlayanda sosial şəbəkələrin birində adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və həmin şəxs ona bildirmişdir ki, narkotik vasitə və ya psixotrop maddə lazım olanda ondan ala bilər. Buna görə də, bir neçə dəfə İran İslam respublikasının vətəndaşından bildirdiyi kart hesabına pul göndərdikdən sonra narkotik vasitəni atıldığı yerdən götürüb istifadə etmişdir. Beləcə İranlı ilə aralarında münasibət yaranmış və maddi cəhətdən sıxıntı çəkdiyi üçün 16 may 2025-ci il tarixdə “Whatapp” proqramı vasitəsi ilə İran İslam respublikasının vətəndaşı ilə əlaqə saxlayaraq maddi cəhətdən köməklik etməsini xahiş etmişdir. Həmin şəxs də, ona bildirdiyi konum əsasında narkotik vasitəni qoyulduğu yerdən götürüb başqa ünvanlara qoymağının qarşısında ona maddi cəhətdən köməklik edə biləcəyini, narkotik vasitəni qoyduğum ünvanlara görə ona pul verəcəyini bildirmişdir. O da heç bir yerdə işləmədiyi üçün həmin şəxsin təklifi ilə razılaşmışdır. Bundan sonra İran İslam Respublikasının vətəndaşı həmin gün axşam saatlarında narkotik vasitə qurudulmuş marixuananın qoyulduğu ünvanın konumunu ona göndərmiş və həmin yerə gedərək narkotik vasitəni götürüb başqa ünvanlara qoymağını, həmin yerlərin konum və şəklini çəkərək ona göndərməyini istəmişdir. O da göndərilmiş konum əsasında Günəşli dairəsi adlanan yerə gedərək oradan 05 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı götürmüş və həmin narkotik vasitəni üzərində saxlayaraq gəzdirmişdir ki, İranlı ona dediyi 3 ünvanlara aparıb qoyaraq pul əldə etsin. 16 may 2025-ci il tarixdə saat 21:35 radələrində yaşadığı ünvan 2 ünvanının yaxınlığında olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək ondan da özünü təqdim etməyini istəmişlər. O da özünü polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu, buna görə də üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü təqdim etməyi bildirmişlər. Əynində olan qara rəngli gödəkeənin sağ yan cibində saxladığı 05 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı həmin bükümlərin içərisində olan bitki mənşəli kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşının istəyi üzrə müxtəlif ünvanlara qoyaraq pul əldə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Sonra əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd üzərində “Constant” sözləri yazılmış elektron tərəzini, sol qabaq cibindən 01 ədəd '‘Samsung” markalı mobil telefonu, 01 ədəd “kapital Bank”a məxsus bank kartını çıxarıb təqdim etmişdir. Aşkar edilmiş 05 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzi vasitəsi ilə çəkilən zaman 02 ədəd bükümün qablaşdırma ilə birlikdə 23 qram, digər 03 ədəd bükümün 29,3 qram olması müəyyən edilmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən başqa heç nə aşkar edilməmişdir. Aşkar edilmiş 05 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuana qablaşdırılaraq möhürlənmiş və onlar imzaları ilə zərfin üzərini təsdiq etmişlər. Polis əməkdaşları onu Xətai RPİ-nin 36-cı PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində narkotik vasitə qurudulmuş marixuananı təqdim etməyi barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğunu onlar imzaları ilə təsdiq etmişlər. Soma təhqiqatçı və digər əməkdaşların iştirakı ilə videoyazıya və üzərindən aşkar edilərək qablaşdırlmış narkotik vasitə qurudulmuş marixuana baxış keçirilmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu onlar imzaları ilə təsdiq etmişlər. Sonra ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. O, həmin narkotik vasitə qurudulmuş marixuananı adını bilmədiyi İran İslam respublikasının vətəndaşının vasitəsi ilə qoyulduğu Günəşli dairəsi adlanan yerdən müxtəlif ünvanlara qoymaq məqsədi ilə əldə etmişdir. Həmin narkotik vasitəni ona deyiləcək ünvanlara qoymağım qarşılığında İranlı ona pul verəcəyini bildirmişdir. Heç vaxt narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Əməlindən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Xətai RPİ-nin 36-cı PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayorudur. 16 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitəni qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan, Xətai RPİ-nin 36- 4 cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2, oğlu və Xətai RPİ-nin 36-cü PŞnin sahə inspektor X1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. O, Səməndər və Roman birlikdə məlumat əsasında həmin gün saat 21:35-də ünvan 1 ünvanının yaxınlığına getmişlər. Onlar xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üstüstə düşən bir nəfər şəxsin orada olmasını, özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1971 -ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi ev 9 qeydiyyatda olan və ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmişlər. Hikmət də əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 05 ədəd sellofan bükümü çıxarıb təqdim edərək, həmin bükümlərin içərisində olan bitki mənşəli kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Aşkar edilmiş bükümdə olan bitki mənşəli kütlələr elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə 02 ədəd bükümün 23 qram, digər 03 ədəd bükümün 29,3 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı tran İslam Respublikasının vətəndaşından ələdə etdiyini bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 05 ədəd bükümdə olan bitki mənşəli kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd üzərində “Constant” sözləri yazılmış elektron tərəzi, sol qabaq cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd “kapital Bank”a məxsus bank kartı aşkar edilərək götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 36-cı PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də buna etiraz etmədikdən sonra sonuncunu PŞ-nə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, həmin protokolun doğruluğu iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Sonra Təqsirləndirilən şəxs və aşkar edilərək qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuana olan zərfi təhqiqatçı Qabil Hüseynova təqdim etmişlər. Qabil Hüseynov tərəfindən Təqsirləndirilən şəxs saxlanılan zaman qeydə alınmış video görüntü və zərfin içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilmişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı Qabil Hüseynov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsləri elan olunmuş şahid Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili Şahid2 və Xətai RPİ-nin 36-cı PŞ-nin sahə inspektoru X2 ifadələri şahid X3 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 17 may 2025-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmiş və istintaqı aparılmışdır; (i.v.1) -İş materiallarında olan 01 ədəd CD-R diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin video faylda əks edilmiş görüntülər 17 may 2025-ci il tarixdə qeydə alınır. Video görüntüdən müəyyən edilir ki, Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkilləri X4, Şahid2 və sahə inspektoru X5 xx.xx.2025-ci il tarixdə saat 21:35-da ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olmasını bildirmələri, Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra X9 Allahverdiyevə üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs da, əynimdə olan qara rəngli gödəkcənin sağ yan cibində saxladığım 05 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı, göy rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd üzərində "Constant" sözləri yazılmış elektron tərəzini, sol qabaq cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd "kapital Bank”a məxsus bank kartını çıxarıb təqdim edərək həmin bükümlərin içərisində narktik vsitə qurudulmuş marixuana olmasını bildirməsi, həmin bükümlərin elektron tərəzidə çəkilən zaman 02 ədəd bükümün qablaşdırma ilə birlikdə 23 qram, digər 03 ədəd bükümün 29,3 qram olması və həmin bükümlərin zərfə qoyularaq möhürlənməsi video görüntü zamanı qeydə alınır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2025-ci il tarixdə adını bilmədiyi İran İslam respublikasının vətəndaşının vasitəsi ilə qoyulduğu Günəşli dairəsi adlanan yerdən müxtəlif ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini bildirdi. (i.v.13) -İş materiallarında olan digər 01 ədəd CD-R diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin video faylda əks edilmiş görüntülər 17 may 2025-ci il tarixdə təhqiqatçı Qabil Hüseynov tərəfindən Xətai RPİ-nin 36-cı PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd zərfdə olan maddi sübuta baxış keçirilməsinin görüntüsüdür. Görüntüdən müəyyən edilir ki, təqdim olunan zərfdə qablaşdırılmış 05 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlənin aşkar olunması, həmin bükümlərin yenidən qablaşdırılıb möhürlənməsi, eləcə də şəxsin saxlanıldığı yerdə çəkilmiş video görüntüyə baxış keçirilməsi, video görüntüdə təhqiqata təqdim olunan 05 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzinin aşkar olunması, Təqsirləndirilən şəxs əmin narkotik vasitənin onun üzərindən aşkar olunmasını bildirməsi öz əksini tapması müəyyən edildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2025-ci il tarixdə adını bilmədiyi İran İslam respublikasının vətəndaşının vasitəsi ilə qoyulduğu Günəşli dairəsi adlanan yerdən müxtəlif ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini bildirdi. (i.v.17) - 16 may 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə saat 21:35-də tutulmuşdur. (i.v.26) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/730 nömrəli 17 may 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs..." yazısı və imzalar olan kağız paketdəki 02(iki)ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 9,81qram; 10,06qram və üzərində "...Təqsirləndirilən şəxs..." yazısı və imzalar olan kağız paketdəki 03(üç)ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 4,96qram; 9,88qram; 10,01qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.. Marixuanaların ümumi çəkisi-44,72qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər Tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs..." yazısı və imzalar olan kağız paketdəki 01 (bir)ədəd elektron elektron tərəzinin zinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Marixuananın ümumi çəkisi – 44,72 qram, tədqiqata sərf edildi – 0,25 qram (hər obyektdən 0,05 qram götürüldü), qalıq – 44,47 qram; (i.v.39-41) - 18 may 2025-ci il tarixli şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən azad olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (i.v.56-57) - 19 may 2025-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə tövsif edilmişdir. (i.v.67-68) - 19 may 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v.70) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 4(011)-273/2025 saylı qərarındən görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.95-97) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 26 may 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən “Kannabinoidlərin istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə BŞNM-də qeydiyyatdadır. (i.v.110) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 alınmış 27 may 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (i.v.111) - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ********* saylı nömrə sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. (i.v.114) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 iyun 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs: Binəqədi Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə 15:83 maddə 3:23-1 AR ilə təqsirli bilinərək 03 il əməyə mütləq edilməklə şərti cəza təyin edilmişdir. Nərimanov Rayon Xalq Məhkəməsinin hökmü ilə 83 maddə.3: 215: 38:39 AR 06 il müddətə əmlak müsadirə olunmaqla azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v.122-124) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-508/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v.125-133) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 31 may 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə yuxarıda adı göstərilən mərkəzdə ambulator məcburi narkoloji tibbi yoxlamadan keçmiş, “kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. (i.v.134) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, № 2966 ambulator məcburi-markoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhəri NM-də (F12x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. (i.v.148-149) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025ci il tarixli, 1844 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v.151-152) - 12 iyul 2025-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 05 ədəd bükümdə ilkin təmiz çəkisi 44,72 qram olan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınsın və qalıq qalmış 44,47 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi saxlanış üçün Xətai RPİnin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD farmatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınsın və istintaq materiallarına əlavə edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınsın və istintaq materiallarına əlavə edilmişdir. (i.v.157- 167) - 01 avqust 2025-ci il tarixli ittiham aktının təsdiq edilmədən cinayət işinin əlavə istintaqa qaytarılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Rüfət Yusifov tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş ittiham aktı təsdiq edilməsin və cinayət işi əlavə ibtidai istintaq aparılmasından ötrü Xətai RPİ- nin İstintaq şöbəsinə qaytarılmışdır. (i.v.188-190) - 06 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (i.v.212-213) - Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin 1(011)-508/24 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Hökm və onun icrasına dair hakimin göstərişi xx.xx.2024-cü il tarixdə Bakı şəhər probasiya idarəsinə daxil olmuş və həmin tarixdə mövcud qanunvericiliyə əsasən məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhər probasiya idarəsində qeydiyyata alınmış və cəzasının əvvəli həmin tarixdə hesablanmışdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin 4(011)-273/25 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. xx.xx.2025-ci il tarixədək məhkum Təqsirləndirilən şəxs cəzasının 4 ay 29 gününü çəkmiş, çəkilməmiş hissəsi 1 il 3 ay 27 gün təşkil edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz çəkisi 44,72 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və əməlindən peşman olmasını, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-508/2024 saylı hökmü çıxarıldıqdan sonra hazırkı cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini və həmin hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmədiyini nəzərə alaraq hesab edir ki, ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 may 2025-ci il tarixdən 18 may 2025ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək cəzaya hesablanmalıdır. 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini səciyyələndirən digər halları nəzərə, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-508/2024 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə uyğun iki gün azadlığın məhdudlaşdırılmasının bir gün azadlıqdan məhrum etməyə bərabər olmaqla 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası kimi hesablanmaqla hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli– 19 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2024-cü il tarixdən Bakı şəhəri NM-də (F12x2) diaqnozu ilə dispanser qeydiyyata alınması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 5 ədəd bükümdə 44,47 qram narkotik vasitə qurudulmuş marixuana və elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saat iş saatına görə 165 (bir yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı (28 aprel 2025-ci il tarixli dəyişikliklə) ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 03 (üç) il, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin 1(011)-508/2024 nömrəli 23 oktyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə uyğun 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddəti azadlıqdan məhrum etmə cəzası kimi hesablanmaqla hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirmək yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə cəzasının müddətinə günə gün hesabı ilə 02 (iki) gün həbsdə saxlama müddəti 02 (iki) gün azadlıqdan məhrum etmə cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 19 may 2025-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 5 ədəd bükümdə 44,47 qram narkotik vasitə qurudulmuş marixuana və elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (bir yüz altmış beş) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar