Məhkəmə qərarları › İş №1(011)-428/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-428/2021

15.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-428/2021 15.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi –13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdə saat 19:30 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi 26 ünvanda tanımadığı Zərərçəkmiş şəxs onun avtomobilinə baxmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməklə ətrafda olan şəxslərin dincliyini pozaraq qərəzli hərəkətlər edib ictimai yer hesab olunan küçədə Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlədib cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının kobud surətdə pozulmasında ifadə olunan qərəzli hərəkətlər edib səs-küy yaratdıqdan sonra yumruq və təpiklə sonuncunun sifət və bədən nahiyəsinin müxtəlif yerlərindən çoxsaylı zərbələr vurmuş, yaranmış səs-küyə oraya toplaşmış şəxslər onu tutub araladıqdan sonra Zərərçəkmiş şəxs idarə etdiyi “Volkswagen Passat CC” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib oradan uzaqlaşmış, lakin Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətlərini davam etdirərək şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək öz idarə etdiyi «BMW» markalı, **- MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs arxasınca gedərək A.Cəlilov küçəsinin sonunda sonuncunun avtomobili dayandıqda öz avtomobilini də yolun hərəkət hissəsində saxlayaraq avtomobillərin hərəkətini dayandırmış, küçədə yenə də ucadan söyüş söyüb Zərərçəkmiş şəxs üzərinə hücum edərək avtomobildə onun sifətindən yumruqla zərbələr endirib sonuncuya qəsdən ümumilikdə yüngül zərərvurmaya aid edilmiş burun qığırdağının zədələnməsi və burunla tənəffüsün çətinləşməsi ilə müşayiət olunan burunun yumşaq toxumasının şişkinlik halında qançırı, üst dodağın iç səthində ağızın selikli qişasının qansızması, sol çənə şaxəsinin qançırı və sol diz oynağı nahiyəsinin sıyrığından ibarət xəsarətləri yetirmiş, bununla da kifayətlənməyib qərəzli hərəkətlərinə davam edərək yolun ortasında saxladığı avtomobilinin arxasından taxta bitanı götürüb Zərərçəkmiş şəxs və yanında olan bibisi oğlu Şahid üzərinə getmiş, lakin həmin şəxslər Təqsirləndirilən şəxs onları taxta bita ilə vuracağını başa düşüb oradan uzaqlaşmış, bu zaman sonuncu taxta bitanı silah qismində tətbiq edərək “Volkswagen Passat CC” markalı avtomobilin sağ güzgüsündən vurub sındıraraq Zərərçəkmiş şəxs ümumilikdə 300 manat maddi ziyan vuraraq özgənin əmlakını məhv etməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus «BMW» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil özünə məxsus olsada qeydiyyat şəhadətnaməsində adına deyil, lakin avtomobil özünə məxsusdur. Avtomobili idarə etməyi üçün etibarnaməsi və BC dərəcəli sürücülük vəsiqəsi vardır. 18 iyun 2021-ci il tarixdə idarə etdiyi həmin avtomobilə əyləşərək “Ağ şəhər” adlanan yer istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt idarə etdiyi avtomobilin qabaq sağ oturacağında adını bildirmək istəmədiyi bir nəfər qadın əyləşmişdir. Avtomobillə “Meqafon” adlanan yerə çatdıqda avtomobili saxlamış, belə ki, avtomobili hərəkət istiqamətinə görə yolun sol kənarında dayanan avtomobillərin yanında saxlamış və avtomobildən düşərək mağazaya getmişdir. Avtomobilini “Volkswagen Passat CC” markalı avtomobilin arxa hissəsində saxlamışdır. Həmin avtomobil dayanıqlı olmuş və avtomobildə heç kəs olmamışdır. Mağazadan ayran alıb geri qayıdan zaman iki nəfər şəxsin qeyd etdiyi avtomobilə əyləşməsini və həmin şəxslərin biri, yəni sağ oturacağa əyləşən şəxsin idarə etdiyi avtomobildə olan qadına baxmasını görmüşdür. Ayranı avtomobilə qoyub “Volkswagen Passat CC” markalı avtomobilin qabaq sağ oturacağında əyləşən şəxsə yaxınlaşmışdır. Həmin avtomobilin qabaq pəncərələri endirili olmuş, qabaq sağ oturacaqda əyləşən şəxsə bildirmişdir ki, “niyə maşına baxırsan”. Həmin şəxs ilkin olaraq etiraz etmiş, belə ki, baxmadığını demişdir. Lakin sonradan demişdir ki, avtomobildən xoşu gəldiyi üçün baxmışdır. Bu zaman həmin avtomobilin sürücüsü bildirmişdir ki, “baxdıq baxdıqda nə var ki”. Həmin şəxsin sözünə görə öz iradını bildirmişdir. Bundan sonra həmin avtomobildə əyləşən şəxslər avtomobildən düşmüşlər. Həmin şəxslər onunla əlqol ataraq söhbət etməyə başlamışlar. Buna görədə əli ilə onları kənara etmişdir. Bundan sonra həmin şəxslərdən biri boğazından yumruqla vurmuşdur. Səsə oraya toplaşan şəxslər onları və onu tutub ayırmışlar. Həmin şəxslər mobil telefon nömrəsini istəmişlər. Onlardan nömrələrini istəmiş və sükan arxasında düşən şəxs mobil telefon nömrəsini vermişdir. Həmin şəxsin telefonuna zəng etmişdir ki, nömrəsi ona düşsün. “Volkswagen Passat CC” markalı avtomobilin sürücüsü bildirmişdir ki, “özünü qıza göstərirsən”. Bundan sonra mübahisə olmuş və onlar bir-birilərinə əl-qol atmışlar. Lakin orada olan şəxslər onları aralamışlar. Öz idarə etdiyi avtomobilə əyləşmiş və avtomobili idarə edib oradan uzaqlaşmağa başlamışdır. Avtomobillə Nobel prospekti ilə hərəkətdə olan zaman “Volkswagen Passat CC” markalı avtomobil arxasınca gəlmiş və avtomobili idarə edən şəxsə işarə etmişdir ki, arxasınca gəlsin. Lakin həmin avtomobilin sürücüsü söyüş söyərək avtomobili idarə etmişdir. Bundan sonra avtomobilini həmin avtomobilin arxasınca hərəkət etdirmişdir. “Volkswagen Passat CC” markalı avtomobil işıqforda dayandıqda avtomobilini saxlamış və sürücüyə yaxınlaşmışdır. Sürücüyə yaxınlaşıb nə üçün ona söyüş söyməsini soruşmuş, sonuncu da söyüş söyməsini təsdiq etdikdə əlinin üst hissəsi ilə bir dəfə onun dodağından vurmuşdur. Həmin şəxsin ağzından qan gəlmişdir. Həmin şəxs avtomobilin içərisində olan deşici alətlə vurmaq istədikdə əlini geri çəkmiş, lakin köynəyi cırılmışdır. Həmin şəxs yenidən əlində bıçağa oxşar alətlə onu vurmaq istədikdə geri çəkilmiş, lakin alət sağ qolundan dəymişdir. Bundan sonra həmin şəxslər ikisi də avtomobildən düşmüşdür. Həmin şəxslərin hər ikisinin əlində bıçağa oxşar alət olmuşdur. Həmin şəxslər alətlə üzərinə gəlmişlər. Avtomobilin arxasında olan taxtadan bitanı götürmüşdür ki, həmin şəxsləri qorxutsun. Həmin şəxslər də “Volkswagen Passat CC” markalı avtomobil’ əyləşib getmişlər. Öz avtomobilinə əyləşib o da oradan uzaqlaşmışdır. Mübahisə etdiyi şəxsləri tanımır və hadisə zamanı yalnız “Volkswagen Passat CC” markalı avtomobilin sürücüsünü vurmuşdur. Adını sonradan öyrəndiyi Şahid vurmamışdır. Həmin hadisə zamanı onu vurmuşlar, lakin dəqiq bilməmişdir ki, onu İlkin və yaxud Azər vurmuşdur. Hadisə 20 dəqiqə ərzində baş vermiş, orada çoxsayda şəxslər olmuş, lakin heç kimi tanımamışdır. İlkin olaraq mübahisə baş verdikdə ətrafda olan şəxslər toplaşmış, ikinci dəfə isə hadisə baş verdikdə yolla hərəkət edən avtomobillər dayanmış və bir neçə nəfər şəxs toplaşmışdır. Götürdüyü taxta bita ilə Azəri və İlkini vurmamışdır. Yalnız özüdə istəmədən bir dəfə əlini hərəkət etdirdikdə bita “Volkswagen Passat CC” markalı avtomobilin sağ güzgüsünə dəymişdir. Hər iki şəxsin əlində bıçağa oxşar alət görmüş, lakin onu yalnız Azər bıçağa oxşar həmin alətlə qolundan vuraraq xəsarət yetirmişdir. İlkin həmin alətlə onu vurmamışdır. Son olaraq o, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 3 ünvanda yerləşən “Atlas Beauty” adlanan gözəllik salonunda saç ustası işləyir. Özünə məxsus “Volkswagen Passat CC” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobil tam mülkiyyət üzrə özünə məxsusdur. Avtomobili idarə etmək üçün B dərəcəli sürücülük vəsiqəsidə vardır. Şahid bibisi oğludur. 18 iyun 2021-ci il tarixdə axşam 19-20 radələrində bibisi oğlu İlkin ilə Nobel prospektində olan “Meqafon” əyləncə mərkəzinin yaxınlığına gəlmişlər. A.Zeynalov küçəsində avtomobili yolun kənarında saxlamış və bibisi oğlu İlkin ilə avtomobildən düşüb yaxınlıqda olan mağazadan siqaret alıb avtomobilə qayıtmışlar. Özü avtomobilin sükanı arxasında, İlkin isə qabaq sağ oturacaqda əyləşmişdir. Avtomobilinə əyləşən zaman idarə etdiyi avtomobilin sağ tərəfində qara rəngli “BMW” markalı avtomobil dayanmasını görmüşdür. İlkin və o, avtomobilə əyləşdikdən sonra bir nəfər tanımadığı, lakin adını sonradan öyrəndiyi Namaz adlı şəxs İlkinə yaxınlaşmışdır. Həmin vaxt İlkin tərəfdə olan pəncərə endirili olmuş, Namaz İlkinə və ona bildirmişdir ki, “nə baxırsız boylanırsız”. O və İlkin isə Namaza onun avtomobilinə baxmadıqlarını demişlər. Lakin Namaz söyüş söyməyə başlamış və demişdir ki, “mənə yol göstərirsiz siz deyirəmsə baxmısız baxmısız”. Namazdan xahiş etmişdir ki, söyüş söyməsin. Namaz onlara avtomobildən düşməyi demiş, o və İlkin avtomobildən düşdükdən sonra Namaza təklif etmişdir ki, “avtomobilində xanım var, xanımı apar, nömrəmi verəcəm gələrsən söhbət edərik”. Lakin Namaz dahada əsəbləşib ucadan söyüş söymüş və onun söyüş səslərinə ətrafdan tanımadığı çoxsayda şəxslər toplaşmışlar. Namaz heç bir səbəb olmadan təpiklə və yumruqla başından və bədənindən ardıcıl zərbələr endirmişdir. Belə ki, yumruqla başından, təpiklə isə bədənindən vurmuşdur. Eyni zamanda Namaz söyüş söymüşdür. Bibisi oğlu İlkin və oraya toplaşan şəxslər Namazı aralamışlar. Bibisi oğlu İlkin sakitlik yaratmaq istədikdə Namaz sonuncunu da vurmuşdur. Orada olan şəxslər Namazı sakitləşdirmək istəsələrdə, sonuncu sakitləşməmiş və əlində telefonu ilə üzərinə gəlmişdir. Namaz mobil telefon nömrəsini istəmiş, o da nömrəsini sonuncuya vermişdir. Namaz idarə etdiyi avtomobilə əyləşib bildirmişdir ki, arxasınca gəlsin. O və İlkin də idarə etdiyi avtomobilə əyləşmişlər Avtomobilini idarə edib oradan uzaqlaşmışdır. Namazdan yayınmaq məqsədi ilə avtomobilini başqa istiqamətdə idarə etmişdir. Yolla gələn zaman A.Cəlilov küçəsinin sonunda işıqforda avtomobilini saxlamışdır. Həmin vaxt avtomobilin güzgüsünə baxdıqda Namazın qaçaraq gəlməsini və avtomobilini yolun ortasında saxlamasını görmüşdür. Namaz avtomobilinin yanına çatdıqda pəncərəni endirmişdir. Namaz pəncərədən yumruqla bir neçə dəfə ardıcıl üzündən zərbə ilə vurmuşdur. Özünü müdafə etmək üçün əllərini üzünə tutmuş və avtomobilin qapısını açaraq düşmüşdür. Yolla hərəkət edən avtomobillərin hərəkəti dayandığı üçün avtomobillərdən tanımadığı çoxsayda şəxslər düşərək onları tutmuşlar. Lakin Namaz həmin şəxslərin əlindən çıxaraq yolun ortasında saxladığı avtomobilinin arxa yük yerindən bir ədəd taxta bita götürərək üzərinə gəlmişdir. Həmin vaxt İlkin də avtomobildən düşmüş və sakitlik yaratmaq istəmişdir. Namazın üzərinə gəlməsini görüb İlkin ilə qaçmışdır. Avtomobilini isə orada qoymuşdur. Kənardan dayanıb baxdıqda görmüşdür ki, Namaz bita ilə idarə etdiyi avtomobilin sağ tərəf güzgüsünü vuraraq sındırır və söyüş söyür. Namazı orada olan şəxslər tutub avtomobildən kənara aparmışlar. Namaz idarə etdiyi avtomobilə əyləşən zaman İlkin ilə avtomobilinə əyləşmişlər. Dərhal avtomobili idarə edib oradan uzaqlaşmışdır. Yolda mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onu döymüşdür. Belə ki, Namaz onun və bibisi oğlu İlkinin avtomobilində əyləşən qadına baxmaqlarını yalandan bildirmiş, lakin belə bir hal olmamışdır. O və İlkin Namaza qarşı heç bir qeyri etik hərəkət etməmişdir. Həmin hadisə zamanı orada Namaz, bibisi oğlu İlkin və səsə toplaşan tanımadığı şəxslər olmuşdur. Hadisə zamanı istər Namazı, istərsədə başqa şəxsi vurmamışdır. Yalnız bir dəfə Namazı itələmişdir. Həmin vaxt onun və İlkinin əlində heç bir alət olmamışdır. Namaz İlkini vurduqda İlkin də bir dəfə onu yumruqla vurmuşdur. Bundan başqa İlkin Namazı vurmamışdır. Namaz əlində olan taxta bita ilə yalnız avtomobilinə zərər vurmuşdur. Onu və İlkini taxta bita ilə vurmaq istəsədə onlar qaçaraq uzaqlaşmışlar. O da avtomobilin güzgüsünü vurub sındırmışdır. Təqsirləndirilən şəxs qeyd etdiyi hərəkətləri 20-25 dəqiqə ərzində olmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sağ tərəfində olan güzgüsünü vurub sındırmışdır. Həmin güzgünün sınması nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığı bildirərək Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs dayısı oğludur. Azərin özünə məxsus “Volkswagen Passat CC” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 18 iyun 2021-ci il tarixdə axşam saat 18 radələrində dayısı oğlu Azər ilə görüşmüş və bir qədər söhbət etdikdən sonra onun avtomobilinə əyləşmişlər. Azər avtomobili idarə etmiş və onlar Nobel prospektində olan “Meqafon” əyləncə mərkəzinin yaxınlığına gəlmişlər. Azər avtomobili A.Zeynalov küçəsində yolun kənarında saxlamış və ikisi də avtomobildən düşmüşlər. Yaxınlıqda olan mağazadan siqaret alıb yenidən avtomobilin yanına qayıtmışlar. Həmin vaxt avtomobilin yanında qara rəngli “BMW” markalı avtomobil dayanmış və sükan arxasında heç kəs olmamışdır. Azərin avtomobilinin qabaq sağ oturacağında, sonuncu isə sükan arxasında əyləşmişdir. Avtomobilə əyləşdikdən sonra tanımadığı və görmədiyi bir nəfər oğlan yaxınlaşmışdır. Avtomobilin qabaq sağ pəncərəsi bağlı olmuş, həmin şəxs gəldik də isə Azər pəncərəni endirmişdir. Sonradan öyrənmişdir ki, həmin şəxsin adı Namazdır. Namaz ona və Azərə demişdir ki, “avtomobilə nə baxırsız boylanırsız”. Onlar isə Namaza onun avtomobilinə baxmadıqlarını demişlər. Lakin Namaz söyüş söyməyə başlamış və bildirmişdir ki, “mənə yol göstərirsiz siz deyirəmsə baxmısız baxmısız”. Namazdan xahiş etmişlər ki, ətrafdan kənar şəxslər keçir, qadınlar və uşaqlar var, ayıbdır, söyüş söymə. Bu zaman Namaz avtomobildən düşməklərini tələb etmişdir. Azər və o, avtomobildən düşdükdən sonra Azər Namaza avtomobilində xanım olmasını, xanımı aparmasını və nömrəsini verəcəyini bildirib sonra söhbət etməyi təklif etmişdir. Lakin Namaz dahada əsəbləşib ucadan söyüş söymüş və onun söyüş səslərinə ətrafdan tanımadığı çoxsayda şəxslər toplaşmışlar. Namaz heç bir səbəb olmadan təpiklə və yumruqla Azərin bədən nahiyəsindən ardıcıl olaraq vurmuşdur. Eyni zamanda söyüş söyməkdə davam etmişdir. O və oraya toplaşan şəxslər Namazı Azərdən aralamışlar. Sakitlik yaratmaq istədikdə Namaz onu da vurmuşdur. Bu zaman bir dəfə yumruqla Namazı vurmuşdur. Orada olan şəxslər Namazı sakitləşdirmək istəsələrdə, sonuncu sakitləşməmiş, əlində telefonu ilə Azərin və onun üzərinə gəlmişdir. Namaz Azərdən mobil telefon nömrəsini istəmiş, Azər də nömrəsini ona vermişdir. Namaz idarə etdiyi avtomobilə əyləşib Azərə bildirmişdir ki, arxasınca gəlsin. O və Azər də avtomobilə əyləşmişlər. Azər avtomobilini idarə edib oradan uzaqlaşmışdır Namazdan yayınmaq üçün Azər avtomobilini başqa istiqamətdə idarə etmiş, yolla gələn zaman A.Cəlilov küçəsinin sonunda işıqforda Azər avtomobilini saxlamış, həmin vaxt Namaz Azərin avtomobilinin yanına gəlmiş və Azər pəncərəni endirmişdir. Namaz pəncərədən yumruqla bir neçə dəfə ardıcıl Azərin üzündən vurmuşdur. Azər özünü müdafə etmək üçün əlləri ilə üzünü tutmuş və avtomobilin qapısını açaraq düşmüşdür. O da avtomobildən düşmüş, yolla hərəkət edən avtomobillərin hərəkəti dayandığı üçün avtomobillərdən tanımadığı çoxsayda şəxslər düşərək Namazı tutmuşlar. Lakin Namaz həmin şəxslərin əlindən çıxaraq yolun ortasında saxladığı avtomobilinin arxa yük yerindən bir ədəd taxta bita götürərək onların üzərinə gəlmişdir. Onlar qorxaraq oradan qaçaraq uzaqlaşmış, Azərin avtomobili isə orada qalmış, kənardan dayanıb baxdıqda görmüşlər ki, Namaz bita ilə Azərin avtomobilinin sağ tərəf güzgüsünü vuraraq sındırır və söyüş söyür. Namazı orada olan şəxslər tutub aralamaq istəmiş, sonuncu Azərin avtomobilinə zərər yetirdikdən sonra idarə etdiyi avtomobilə əyləşmiş və getmişdir. Bundan sonra o, Azər ilə avtomobilin yanına gəlmiş və avtomobilə əyləşmişlər. Azər dərhal avtomobili idarə edib oradan uzaqlaşmışdır. Yolda Azər mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs onu və Azəri heç bir səbəb olmadan vurmuşdur. Belə ki, Namaz onlara avtomobilində əyləşən qadına baxmaqlarını bildirmiş, lakin belə bir hal olmamış, sonuncu bu barədə demiş, o və Azər Namaza qarşı heç bir qeyri etik hərəkət etməmişdir. Həmin hadisə zamanı orada Namaz, Azər və səsə oraya toplaşan tanımadığı şəxslər olmuş, o yalnız bir dəfə Namazı yumruqla vurmuşdur. Azər isə bir dəfə Namazı özündən kənara itələmişdir. Hadisə zamanı onun və Azərin əlində heç bir alət olmamışdır. Namaz onu iki dəfə yumruqla vurmuş, lakin xəsarət almamışdır. Namaz əlində olan taxta bita ilə yalnız Azərin avtomobilinə zərər vurmuşdur. Namaz onları taxta bita ilə vurmaq istəsədə onlar qaçaraq uzaqlaşmışlar. Təqsirləndirilən şəxs qeyd etdiyi hərəkətləri 20-25 dəqiqə ərzində olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata götürülməsi haqqında 22 iyun 2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 221.1-ciü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir (i.v.1); hadisə yerinə baxış keçirilməsi haqqında 21.06.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, ünvan 4 ünvana baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 20-27); götürmə aparılması haqqında 21.06.2021-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanın qarşısında 18 iyun 2021-ci il tarixdə baş vermiş hadisə zamanı müşahidə kameralarında qeydə alınmış görüntülər həmin ünvanda yerləşən obyektdəki müşahidə kameralarından bir ədəd diskə köçürülərək götürülmüşdür (i.v. 29); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 22 iyun 2021-ci il tarixli 534 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs burun qığırdağının zədələnməsi və burunla tənəffüsün çətinləşməsi ilə müşaiyət olunan burunun yumşaq toxumasının şişkinlik halında qançırı, üst dodağın iç səthində ağızın selikli qişasının qansızması, sol çənə şaxəsinin qançırı və sol diz oynağı nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 18.06.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcədə özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 30-32); cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 21 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2021-ci il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 43); avtomobilə baxış keçirilməsi haqqında 22.06.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, “Volkswagen Passat CC” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin qabaq sağ yan güzgüsünün üst hissəsinin sınıq vəziyyətdə ümumi görünüşünün fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v 59-63); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 23 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir (i.v. 68-69); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 72-74); vəsatətin müdafiə edilməsindən imtina haqqında 23 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş, Təqsirləndirilən şəxs saxlanıldığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir(i.v.96-97); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 23 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 98-100); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 iyul 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 105); 19 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 113-116); 19 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 117-120); götürmə aparılması haqqında 29.07.2021-ci il tarixli protokoldan görünür ki, ünvan 2ında yaşayan Təqsirləndirilən şəxs tərəfindən hadisə zamanı əynində olmuş bir ədəd köynək ibtidai istintaq orqanına təqdim olunmuşdur (i.v. 122); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 22 iyun 2021-ci il tarixli 535 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs sağ körpücüküstü nahiyənin, sol bazunun və sağ mil-bilək oynağı nahiyəsinin sıyrıqları, sağ bazunun orta və aşağı 1/3-nin bayır və arxa səthinin cızıqları müəyyən edilmişdir. Xəsarətlərdən sağ körpücüküstü nahiyənin, sol bazunun və sağ mil-bilək oynağı nahiyəsinin sıyrıqları bərk-küt əşyanın təsirindən törənmişdir, sağ bazunun orta və aşağı 1/3-nin bayır və arxa səthinin cızıqları isə təsir edən səthləri məhdud olan əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 18.06.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcədə özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 128-129); zərərçəkmiş şəxs qismində tanınma haqqında 27.08.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 134); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 03 sentyabr 2021-ci il tarixli 405/2021-MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin sağ qolunun aşağı-bayır nahiyəsində bir ədəd məhdud cırılma aşkar olunmuşdur. Bu cırılma küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyəsinin hər-hansı bir əşyaya ilişib-dartılması nəticəsində yaranmışdır (i.v. 143-144); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 01 sentyabr 2021-ci il tarixli 589/2021-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs qan qrupu AB (İV)-dir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus futbolka üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda A və B antigenləri alınmışdır. Həmin qan ləkələri AB/İV qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər (i.v. 146-149); "xxxx" MMC-nin 07 sentyabr 2021-ci il tarixli 37/2021 saylı aktından görünür ki, sağ yan güzgü və yan güzgünün dəyişilməsinin məbləği 300 manat təşkil edir (i.v. 150); sübutların qiymətləndirilməsi haqqında 01 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs və Şahid ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 19.06.2021-ci il tarixli 534 nömrəli rəyi, götürmə, hadisə yerinə, avtomobilə, diskə baxış, üzləşdirmə protokolları və "xxxx" MMC-nin 07.09.2021-ci il tarixli cədvəli sübut növü kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs və Şahid barəsində CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs əməli silah qismində hesab olunan əşyadan istifadə olunmaqla xuliqanlıq kimi qiymətləndirilmiş və CM-nin 186-cı maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, 01 ədəd DVD disk sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş 01 ədəd köynək maddi sübut kimi tanınmış və sonuncuya təhvil verilmiş, Şahid barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Xətai RPİ-nin 37-ci PŞ-nə göndərilmişdir (i.v. 151-163); Məhkəmə istintaqı zamanı tədqiq edilmiş videogörüntüdən görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin üzərinə gedir, yumruq və təpiklə sonuncunun sifət və bədən nahiyəsinin müxtəlif yerlərindən çoxsaylı zərbələr vurur, yaranmış səs-küyə oraya toplaşmış şəxslər onu tutub aralamağa çalışırlar. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, material üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər- min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.12-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 11-ci bəndində qeyd edilmişdir ki, xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsilə tövsüf olunmalıdır. Müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri isə xuliqanlığın tövsif edici əlamətlərinin mövcudluğundan asılı olaraq hər biri müstəqil cinayət kimi tövsif olunmalıdır. Həmin qərarın 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, cinayət hadisəsi 18 iyun 2021-ci il tarixdə baş vermiş, həmin tarixdən bu günədək Təqsirləndirilən şəxs hər hansı bir cinayət törətməsi müəyyən edilməmişdir. Qeyd olunan hal onun azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunacağına dəlalət edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq saxlanıldığı 21.06.2021-ci il tarixdən 23.06.2021-ci il tarixədək olan müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 iyun 2021-ci il tarixdən 23 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar