Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-428/2022 15.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 01 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Tərtər şəhəri, N.Nərimanov küçəsi, ev 30, mənzil 8-də qeydiyyatda olan,barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 25 may 2022-ci il tarixdə saat 12:40-da ünvan 1 ünvanda yerləşən «Turan» klinikasına gələrək klinikanın 2-ci mərtəbəsində Zərərçəkmiş şəxs həkim kimi fəaliyyət göstərdiyi xidməti otağına qanunsuz daxil olmaqla sonuncunun otaqdakı saxlanc yeri hesab olunan dolabda saxladığı çantasından içərisində 2800 manat pul olan 600 manat dəyərində pul kisəsini gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 3400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 9 ildir ki, Hepatit C xəstəsidir. Buna görə də bəzi vaxtlarda Bakı şəhərinə müalicə üçün gəlmiş, sonuncu dəfə Bakı şəhərinə gələrkən 25 may 2022-ci il tarixdə analiz qiymətləri ilə maraqlanmaq məqsədi ilə Xətai rayonu, Sarayevo küçəsində yerləşən «Turan» klinikasına yollanmışdır. Qiymətlərlə maraqlandırdıqdan sonra klinikadan çıxmaq istəyərkən 2-ci mərtəbədə otaqlardan birinin qapısının nisbətən açıq olduğunu, içəridə kimsə olmadığını və dolabın içərisində çanta olduğunu görmüş, maddi vəziyyəti yaxşı olmadığı üçün içəri keçərək dolaba yaxınlaşmış və dolabın içərisində olan çantadan pul kisəsini götürüb dərhal oradan uzaqlaşmışdır. Pul kisəsinin içərisində 2800 manat pulun olduğunu görmüş, pul kisəsinin içərisindəki pulu götürüb pul kisəsini kənara atmış, daha sonra avtovağzala yollanmış və həmin günü avtobusla Tərtər rayonuna yola düşmüşdür. Daha sonra səmimi etirafını, əməlindən peşman olmasını qeyd edərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Turan klinikasında olarkən özünə məxsus pul kisəsini itirdiyini aşkar etmiş və pul kisəsini taksidə unutduğunu düşünərək bu barədə Xətai RPİ-nin 34-cü PŞ-nə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə həmin hadisə ilə bağlı klinikanın baş həkiminə məlumat verərək hadisə tarixində kamera görüntülərinə baxmaq qərarına gəlmiş, kamera görüntülərinə baxış keçirən zaman naməlum şəxsin xx.xx.2022-ci il tarixdə onun xidməti otağına daxil olaraq oradan oğurluq etməsini aşkar etmiş, pul kisəsinin oğurlanmasını aşkar etdikdən sonra DİN-in 102 Zəng xidmətinə müraciət edərək oğurluq olması barədə məlumat vermişdir. Videogörüntülərə baxan zaman oğurluq edən şəxsi tanımamış, onun klinikaya təsadüfi daxil olmuş şəxs olmasını və sonuncunun pasiyenti olmadığını bildirmişdir. Oğurlanmış pul kisəsi qara rəngli həqiqi dəri materialından olmuş, az istifadə olunmuş, dəyəri 600 manat olmuş, içərisində 2800 manat nağd pul olmuşdur. Daha sonra ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslə barışmadığını qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 01 avqust 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs göstərməyinə əsasən ünvan 2 ünvanında yerləşən “Turan” adlı klinikanın qarşısına gəlindi. Təqsirləndirilən şəxs həmin yeri işarə edib hadisə vaxtı baş verənləri yerində göstərərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə həmin klinikaya müştəri qismində gələrək öncə qeydiyyat şöbəsinə yaxınlaşıb, daha sonra qiymətlərlə maraqlanmaq üçün 2-ci mərtəbəyə qalxmış, orada olan zaman 204 saylı otaqdan həkimin çıxdığını müşahidə etdikdən sonra otağda kimsənin olmadığını yəqin edərək otağa daxil olub içəriyə girdikdən sonra solda yerləşən dolabda saxladığı çantanın içərisindən pul kisəsini oğurlayıb dərhal klinikanı tərk edib getmişdir. İş materiallarında olan 01 avqust 2022-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində 01 ədəd videofayl açıldıqda videoçəkilişdə əynində qara gödəkçə və qara şalvar geyinmiş şəxsin klinikanın dəhlizində hərəkətdə olması müşahidə olunur. Dəhlizdə sağ və sol tərəflərdə oturacaqlar mövcuddur. Sol oturacaqda iki nəfər qadın cinsindən olan şəxs əyləşmişdir. Otaqdan həkim çıxaraq qapını açar vasitəsi ilə bağlayır, lakin açarı qapının üzərində qoyaraq digər otağa keçir. Videoçəkilişdə müşahidə olunan şəxsin bunları izlədikdən sonra qapıya yaxınlaşaraq açarı qapının üzərindən götürməsi müşahidə olunur. İkinci 01 ədəd video fayl açıldıqda tarix xx.xx.2022-ci il tarixini, saat isə 12:40 dəqiqəni göstərir. Əynində qara gödəkçə və qara şalvar geyinmiş şəxs dəhlizdən iti addımlarla hərəkət edərək uzaqlaşması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs, video görüntüdə əynində qara rəngli gödəkçə, qara rəngli şalvar geyinmiş şəxsin özünün olmasını bildirmişdir. İş materiallarında olan 02 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, “Turan” klinkasında quraşdırılmış videomüşahidə kameralarından əldə edilmiş görüntüləri əks etdirən disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdən tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 05 iyul 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 01 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyanın ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmamışdır. Bu səbəbdən cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 02 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs adı şəxsiyyət vəsiqəsində Təqsirləndirilən şəxs kimi göstərildiyindən bütün iş materiallarında adının bu cür oxunması qərara alınmışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün səmimi etirafı, zərərçəkmiş şəxsin verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kimi Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratması müəyyən edildi. Təqsirləndirilən şəxs məhkumluğu göründüyü kimi ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Hazırkı iş üzrə müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayəti 25 may 2022-ci il tarixdə saat 12.40 radələrində törətmişdir. Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanın müddəti 25 may 2022-ci il tarixədək olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmışdır, bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinin müddəaları barəsində tətbiq edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində residiv nəzərə alınaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müsəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdən tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu 05 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-428/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-428/2022
15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver