Məhkəmə qərarları › İş №1(011)-43/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-43/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-43/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Mirzəyev və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, azadlıqdan məhrüm etmə cəzası çəkən, ünvan 3-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 07 iyun 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 3 ünvanında yerləşən "xxxx" elektronika mağazasına müştəri qismində daxil olub mağazadakı vitrində quraşdırılmış 01 ədəd 2599 manat (iki min beş yüz doxsan doqquz manat) dəyərində “Samsung Note 20" markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “Maxi.az" MMC-yə 2599 manat məbləğdə ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 177.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olsa da, ünvan 4vanında ailəsi ilə birlikdə yaşayır. O əvvəllər məhkum olunmuş və uzun müddətdir ki, işsizdir. İş tapa bilmədiyi üçün ailəsinin tələbatlarını ödəyə bilmir. Bu səbəbdən elektronika mağazalarından telefon oğurlamaq qərarına gəlmişdir. 07 iyun 2021-ci il tarixdə saat 17 radələrində təsadüfən tanış olduğu, lakin hal-hazırda anket məlumatlarını bilmədiyi qadınla Bakı şəhəri, Xətai rayonunda yerləşən “Əhmədli” metrostansiyasının yaxınlığında gəzmişdirlər. Həmin qadınla gəzərək ünvan 5 ünvanda yerləşən "xxxx" elektronika mağazasını görmüşdür. Bu zaman həmin elektronika mağazasından oğurluq etmək qərarına gəlmişdir. Bu niyyətlə onunla birlikdə gəzintiyə çıxan qadınla həmin elektronika mağazasına daxil olmuşdur. Lakin həmin qadın onun oğurluq etmək niyyətində olduğunu bilməmişdir. "xxxx" elektronika mağazasına daxil olduqdan sonra içəridə qızla birlikdə mobil telefonlara baxmışdır. Daha sonra həmin qız çölə çıxmışdır. O isə əvvəlcədən oğurlamaq istədiyi “Samsung Note 20” markalı mobil telefonun yanına yaxınlaşmışdır. Ətrafda digər şəxslərin və mağazanın işçilərinin onu görmədiyi qənaətinə gəldikdən sonra həmin mobil telefonu qidalandırıcı qurğudan ayıraraq siqnalizasiya sisteminin işlək olub-olmadığını yoxlamışdır. Heç bir siqnalizasiya sistemi aktiv olmadığından həmin mobil telefonu sağ əlində saxlayaraq mağazadan çıxmışdır. Mağazanın qarşısında onu gözləyən qadın, işinin olduğunu söyləyək onunla sağollaşaraq uzaqlaşmışdır. Həmin gün oğurladığı “Samsung Note 20” markalı mobil telefonu Yasamal rayonu ərazisində tanımadığı bir şəxsə 500 manat qarşılığında satmışdır. Həmin pul ilə övladlarının tələbatlarını ödəmişdir. Son sözündə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, səmimi etirafını və iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, hadisə yerinə baxış, ifadələrin yerində yoxlanılması və diskə baxış keçirilməsi haqqında protokolları və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 3 saylı ünvanda yerləşən "xxxx" elektronika mağazasında administrator vəzifəsində işləyir. Mağazanın administratoru olmaqla, mağazada baş verən satış fəaliyyətinə görə bilavasitə məsuliyyət daşıyır, müxtəlif, lakin bir-birini tamamlayan funksiyaları, yəni təşkilatçılıq, inzibatçılıq və s. funksiyalarını yerinə yetirir. 10 iyun 2021-ci il tarixdə saat 10 radələrində mağazadakı telefon vitrinlərinə baxış keçirən zaman oradan 2599 manat dəyərində 1 ədəd “Samsung Note 20” markalı İMEİ kodunu bilmədiyi mobil telefonun yerində olmadığını aşkar etmişdir. Sonradan mağazada quraşdırılmış videomüşahidə kameralarına baxan zaman 07 iyun 2021-ci il tarixdə mağazaya müştəri qismində daxil olan bir nəfər şəxsin gizli şəkildə həmin telefonu oğurladığını aşkar etmişdir və bununla bağlı ərazi aidiyyatı üzrə 34-cü polis şöbəsinə rəsmi məlumat vermişdir. Polis əməkdaşları mağzadakı videomüşühaidə kameralarına baxdıqdan sonra həmin oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Zərərçəkmiş şəxsin nümayəndəsi çıxışında ziyanın ödənilməməsi səbəbindən təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolundan və fotoşəkillərdən görünür ki, o, ifadəsində qeyd olunan elektronika mağazasına daxil olub, gizli olaraq mağazada vitrində quraşdırılmış "Samsung Note 20” markalı mobil telefonu oğurladığını göstərərək ifadəsini təsdiq etmişdir. İş materiallarında olan videogörüntüyə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2021-ci il tarixdə saat 17 radələrində ünvan 6 ünvanda yerləşən "xxxx" elektronika mağazasına daxil olaraq mağazada yerləşən vitrindən “Samsung Note 20” markalı mobil telefonu gizli olaraq götürüb oğurlayaraq mağazanı tərk etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, X2 05.07.2012-ci il tarixdə Yasamal Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 26.05.2014-cü ilə tarixdə Azərbaycan Respublikası Prezidentinin 26.05.2014-cü il tarixli 513 saylı “Əfv” fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.01.2022-ci il tarixli 1(006)-43/2022 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cazası ilə qismən birləşdirərək qəti olaraq Təqsirləndirilən şəxs 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cazası təyin edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08.04.2022-ci il tarixli 1(103)-689/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-43/2022 saylı, 07 yanvar 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-43/2022 saylı, 07 yanvar 2022-ci il tarixli hökmü 08.04.2022-ci il tarixdə qüvvəyə minmişdir. İş materiallarında olan 23.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində gedən digər cinayət işi üzrə həbs qətimkan tədbirinin mövcud olması nəzərə alınmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, işdə olan təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələri, ifadələrin yerində yoxlanılması, hadisə yerinə baxış keçirilməsi və diskə baxış protokolları, fotocədvəllər sübut növü kimi qiymətləndirilmiş, işdə olan 02 ədəd CD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladı var: 17.04.2017-ci il təvəllüdlü X5 və 03.12.2018-ci il təvəlüdlü X3. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutlaran məcmusu ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağadakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göstərilənləri və habelə Təqsirləndirilən şəxs hazırda oğurluq cinayətinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.01.2022-ci il tarixli 1(006)-43/2022 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti cəzası təyin edilməlidir. Cəzasının əvvəli 13 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə cəzası çəkdiyindən barəsində qətimkan tədbirinin seçilməsinə zərurət yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.01.2022-ci il tarixli 1(006)-43/2022 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Maddi sübut kimi tanınmış 2 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar