Məhkəmə qərarları › İş №1(011)-430/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-430/2021

22.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-430/2021 22.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, xx.xx.1989-cu ildə Rusiya Federasiyası, Kemerov vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, subay, orta təhsilli, Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 14 iyul 2021-ci il tarixdə tanışı “qeyrisindən” satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə 1,620 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə 0,287 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 1, Liman yolu ünvanına daşımış, 14 iyul 2021-ci il tarixdə saat 13:00-da icarə əsasında idarə edib taksi fəaliyyəti ilə məşğul olduğu “Azsamand” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə tanışı İsa Cavadov ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 1, Liman yolu ünvanında yerləşən anbara gəldikdə sonuncu orada olan 01 ədəd sellofan torbada 80,451 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürmək istəyərkən həmin ərazidə xidmət aparan X8 Alayının əməkdaşlarının yaxınlaşdığını görüb narkotik vasitə heroini yerə ataraq oradan uzaqlaşmış, Təqsirləndirilən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 36-cı PBnə gətirilərək orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,620 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,287 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Azsamand” markalı **-PZ-*** dövlət nömrə nişanlı avtomobil 4 ay əvvəl icarəyə götürmüşdür. Həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 5-6 ay olar ki, narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Narkotiki bir qayda olaraq səhər tezdən yuxudan oyananda qəbul edib işə gedir. Təxminən 2021-ci ilin əvvəllərində qonşuluqda yaşayan İsa adlı şəxslə tanış olmuş və aralarında yaxın münasibət yaranmışdır. Bir müddət sonra İsanın narkotik vasitələrin satışı ilə məşğul oduğunu başa düşmüşdür. Narkotik vasitələri X13 Respublikasının vətəndaşı olan Rza adlı şəxsdən əldə etdiyini öyrənmişdir. İsa onun taksi fəaliyyəti ilə məşğul olduğunu bilirdi və bir neçə dəfə müxtəlif yerlərə aparmağını ondan xahiş edirdi. Bunun müqabilində İsa ona pul və yaxud şəxsi istifadəsi üçün ucuz qiymətə narkotik vasitələr verirdi. O, bir neçə dəfə narkotik vasitəni İsadan əldə etmişdir. Lakin buna baxmayaraq yenə də heç vaxt İsa ilə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sadəcə İsanın xahişi ilə bir neçə dəfə onu şəhərin müxtəlif yerlərinə aparırdı. 14 iyul 2021-ci il tarixdə İsa ona zəng edib bir-iki yerə aparmağını ondan xahiş etmişdir. O, İsa ilə görüşdükdə sonuncu ona bir ədəd bükümdə psixotrop maddə metafetamin və bir ədəd bükümdə narkotik vasitə heroin vermişdir. Bunun müqabilində o, İsaya 50 manat pul vermişdir. O, İsanı istədiyi yerə apardığı üçün sonuncu narkotik vasitələri ona ucuz qiymətə vermişdir. İsa Xətai rayonu, Zığ yolu 1, Liman yolu ünvanına aparmağını ondan xahiş etmişdir. O, avtomobili söylənilən yerə sürmüş və onlar yarıtikili bir yerə gəlib çıxmışdırlar. İsa ətrafda olan anbara daxil olmuş və sonradan onu oraya çağırmışdır. O, İsanın yanına gəldikdə nəyə görə buraya gəldiklərini soruşmuşdur. Cavabında İsa narkotik vasitəni buradan götürəcəyini söyləmiş və ondan burada narkotik vasitə tapmaqda köməklik etməyini istəmişdir. O, İsanın xahişini rədd edib oradan uzaqlaşmaq istəmişdir. Bu zaman İsa anbarın küncündə bir ədəd sellofan paketdə narkotik vasitə tapmış və həmin anda çevik polis alayının əməkdaşları onlara yaxınlaşmışdır. Polislərin gəldiyini görən İsa əlində olan narkotik vasitəni yerə atmış və oradan qaçaraq uzaqlaşmışdır. Polis əməkdaşı onun dalınca qaçsa da saxlaya bilməmişdir. O isə bu zaman yerində dayanıb polislərə səmimi olaraq hadisənin necə baş verdiyini etiraf etmişdir. Bundan sonra onu 36-cı polis bölməsinə dəvət etmişdirlər. Polis əməkdaşları İsanın yerə atdığı paketdə olan narkotik vasitəni də polis bölməsinə gətirmişdirlər. Polis bölməsində ona hüquq və vəzifələri izah olunmuş, bölməyə müdafiəçi dəvət olunmuşdur. Daha sonra bölmədə videoçəkilişdən istifadə edilməklə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Axtarış zamanı o, narkotik vasitələri İsa adlı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini səmimi olaraq etiraf etmişdir. Həmçinin axtarış zamanı çevik polis alayının əməkdaşı tərəfindən 01 ədəd sellofan torbanın içində olan narkotik vasitə heroin təqdim olunmuş və o, yuxarıda qeyd etdiyi kimi həmin narkotik vasitənin onun ilə birlikdə olan İsa adlı şəxsə aid olduğunu söyləmişdir. Bundan sonra aşkar edilən narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış və videoçəkilişdən istifadə edilməklə icarə əsasında idarə etdiyi "Azsamand” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra əməlindən peşman olduğunu, azyaşlı uşaqlarının olmasını, səmimi etirafını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ƏÇPA-nın polis nəfəri vəzifəsində işləyir və polis serjantı rütbəsi daşıyır. 14 iyul 2021-ci il tarixdə iş yoldaşı Şahid2 ilə birlikdə Nargilə dairəsinin yaxınlığı, Zığ yolu 1, Liman yolunda xidmətdə olduqları zaman 2 nəfər şəxsin orada köhnə bir anbarda dayandıqlarını görmüşdürlər. Həmin 2 nəfər şəxsin gizlin olaraq orada dayanması onlara şübhəli gəlmişdir. Buna görə saat 13 radələrində onlar avtopatrul ilə həmin şəxslərə tərəf getmişdirlər. Yaxınlaşan zaman həmin şəxslərdən biri əlində olan paketi yerə ataraq oradan qaçmışdır. Həmin şəxsin yanında olan digər şəxs yerində dayanaraq qaçmamışdır. O, dərhal avtomobili saxlamış, avtomobildən düşüb orada dayanan şəxsin yanına keçmişdir, onun ilə xidmətdə olan Şahid2 isə digər şəxsin dalınca qaçmışdır. Qaçan şəxsin yanında olan digər şəxsi saxladıqda isə sonuncu yanında olan İsa adlı şəxsin narkotik vasitəni buradan götürmək üçün gəldiyini, onları gördükdən sonra əlində olan narkotik vasitəni yerə atdığını bildirmişdir. Onlar yerə atılan paketi götürüb saxladıqları şəxsi 36-cı Polis bölməsinə gətirmişdirlər. Polis bölməsinə həmçinin həmin şəxsin idarə etdiyi “Azsamand” markalı avtomobildə gətirilmişdir. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs xx xxxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbləri izah olunmuş və şübhəli şəxs qismində ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri barədə ətraflı məlumat verilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin, onun və Şahid2 iştirakı Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı Faiq Şahverdiyev tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümləri təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin bükümlərdə olan maddələrin narkotik vasitə heroin və metafetamin olduğunu, narkotik vasitələri şəxsi istifadəsi üçün 50 manat müqabilində İsa adlı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra təqdim edilən narkotik vasitələrə bənzər maddələr qablaşdırılaraq zərfə qoyulmuş və iştirakçılar tərəfindən zərflərin üzərinə imzalar çəkilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ondan öncə dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək işin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında Xətai RPİ-nin 36-cı PB-də tərtib edilən 14 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Xətai RPİnin 36-cı PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli və 01 ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə məxsus maddələri təqdim edərək ağ rəngli maddənin psixotrop maddə metafetamin, tünd qəhvəyi rəngli maddənin isə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri 14.07.2021-ci il tarixdə İsa adlı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını bildirir. Keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14 iyul 2021-ci il tarixli 6/2862 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün № 151” möhür əksi və “Təqsirləndirilən şəxs..” və s. yazılar, imzalar olan 02 ədəd kağız paketlərin birində 01 ədəd bükümdə təmiz çəkisi 80,451 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, digər paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,620 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 ədəd bükümdə təmiz çəkisi 0,287 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 və 2 nömrəli paketlərdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqata 1.620 qr heroindən sərf edilmişdir - 0,05 qram, qalıq qalmışdır - 1.570 qram, psixotrop maddə metamfetamin üzrə 0.287 qramdan tədqiqata sərf edilmişdir - 0.05 qram, qalıq qalmışdır - 0.237 qram . İş vərəqi 155–də olan 05.09.2021-ci il tarixli cinayət işinin ayrılması haqqında qərardan məlum olur ki, X6 tərəfindən 80,451 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini yerə atıb qaçdığından və barəsində axtarış elan edilmiş şəxsin istintaqa cəlb edilməsi hələlik mümkün olmadığından həmin epizod üzrə X6 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq aparılması üçün ********* saylı cinayət işi ayrılmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə ambulator narkoloji ekspertizasının 07 avqust 2021-ci il tarixli 2730 saylı rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 03 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 03 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,570 qram narkotik vasitə - heroin və 0.237 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınıraq saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2021-ci il tarixdə saat 13:00-də şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan 16 iyul 2021-ci il tarixli Bakı şəhəri Xətai Rayon Prokuroru Sərdar İmanovun qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs oğlu dərhal həbsdən azad edilmişdir. İş vərəqi 76-da olan 16 iyul 2021-ci il tarixli qətimkan tədbiri seçilməsinə dair qərardan məlum olur ki, 16 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və onun məhkumluğu yoxdur. İş materiallarında olan (iş vərəqi 104-107) nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamələrin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs X1 ilə aralarında nikah bağlamış və həmin nikahdan 03 uşaqları var: 2017-ci il təvəllüdlü X4, 2013-cü il təvəllüdlü X5 və 2020-ci il təvəllüdlü X3. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psoxotrop maddə metamfetamini əldə edib özündə saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CPM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Məhkəmə iclasında aydın oldu ki, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olur və bu fəaliyyəti narkotik vasitə qəbul edərək edir. Bu hərəkəti ilə sərnişinləri ciddi təhlükə altında qoyur. Bu cür məsuliyyətsiz hərəkətlər nəticəsində yüzlərlə yol-nəqliyyat hadisələri baş verir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən nisbətən aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli və qanuna uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 14 iyul 2021-ci il tarixdən, 16 iyul 2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə olan 1,570 qram heroin və psixotrop maddə olan 0.237 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri - 109.90 manat (yüz doqquz manat doxsan qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə olan 1,570 qram heroin və psixotrop maddə olan 0.237 qram metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman videoçəkilişi əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 109.90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar