Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-430/2022 28.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 451/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq 10 manat nağd pul müqabilində 01 ədəd şəffaf sellofana bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda 0,787 qram narkotik vasitə heroin əldə etmiş, üzərində saxlamaqla daşımış, 08 iyul 2022-ci il tarixdə saat 19:10-da Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında saxlanılmış, Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 0,787 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Təxminən 15 il olar ki, mütəmadi olaraq şəxsi istifadəsi üçün narkotik vasitələr qəbul etmişdir. o, narkotiki tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə təxminən axşam saatlarında Yasamal rayonunda yerləşən “Kubinka" adlanan yerdə şəxsiyyəti haqqında məlumatı olmadığı, sadəcə üzdən tanıdığı şəxsdən 10 manata bir büküm heroin almışdır. Həmin narkotik vasitəni sonra istifadə etməsi üçün göy rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində ünvan 7 ünvanın qarşısında olarkən, iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, özlərini təqdim etmiş, polis əməkdaşları olduğunu bildirmiş, özünü şübhəli apardığından onu 36cı Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində olarkən o, səmimi etiraf edərək heroin istifadə etdiyini demiş, üzərində də bir ədəd şəffaf sellofona bükülmüş narkotik vasitə heroin olduğunu demişdir. Polis Böməsində ona hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etməyi təklif edildikdə, o, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofona bükülmüş bükümü çıxardıb təqdim etmişdir. Polis ondan həmin bükümdəki maddənin nə olmasını soruşduqda, həmin bükümdəki maddənin heroin olmasını, həmin narkotiki xx.xx.2022-ci il tarixdə axşam saatlarında “Kubinka" adlanan yerdən, şəxsiyyəti haqqında məlumatı olmadığı, sadəcə üzdən tanıdığı şəxsdən 10 manata aldığını bildirmişdir. Sonra isə polislərin və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş narkotik vasitə kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüşdür. Özü narkotik istifadəçisi olsa da, heç kəsə satmamışdır. Polis bölməsində olarkən ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək. Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-si CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. Onunla birlikdə Xətai RPİ-nin 36-cı PB-də polis sahə inspektoru Şahid2 ilə işlədikləri Xətai RPİ-nin 36-cı PB-nin inzibati ərazisində xidmətdə olarkən, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişlər. 08 iyul 2022-ci il tarixdə təxminən saat 19:10 radələrində Xətai rayonu, M.Hadi küçəsi 63 saylı ünvanın qarşısında olarkən, Təqsirləndirilən şəxs görmüşlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından ona yaxınlaşaraq özlərini təqdim etmiş, daha sonra ondan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə soruşmuşlar. Bu zaman Təqsirləndirilən şəxs heroindən istifadə etməsini bildirmişdir. Onlar onu polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra onu PB-yə apararaq barəsində araşdırma aparılması üçün X5a təhvil vermişlər. Bölmədə olan zaman həmin şəxsin xx.xx.1975ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. X5 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra tərəflərin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofona bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Ondan bükümün içərisində nə olduğunu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, narkotiki Yasamal rayonunda yerləşən “Kubinka" adlanan yerin yaxınlığında şəxsiyyəti haqqında heç bir məlumatı olmadığı, sadəcə üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Daha sonra narkotik vasitə elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 0.83 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra tərəflərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, həmin protokolun doğruluğu tərəflərin imzaları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. İş üzrə digər Şahid2 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şahid2 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 08 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə tutulmuş, azadlığı faktiki olaraq həmin tarixdə saat 19:10-dan məhdudlaşdırılmışdır (i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında 08 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 36-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı X3, Xətai RPİ-nin 36-cı PB-nin polis sahə inspektoru, polis baş leytenantı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, çəkilişi aparan şəxs Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis kapitanı X1, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Xiaomi” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofandakı bükülünü çıxararaq masanın üzərinə qoymuş,həmin bükülünün içərisində narkotik vasitə “heroin” olduğunu, onu xx.xx.2022ci il tarixdə axşam saatlarında Yasamal rayonu ərazisində “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Götürülmüş qəhvəyi rəngli, spesifik qoxuya malik “kakos”a bənzər maddə elektron tərəzidə çəkilmiş,ümumi çəkisinin 0,83 qram olması müəyyən edilmişdir( i.v. 32-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 iyul 2022ci il tarixli, 6/3737 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş,üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №151” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,787 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 40-43); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir (i.v. 53); DVD diskə baxış keçirilməsi haqqında 09 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İŞ-in müstəntiqi, polis baş leytenantı X4 tərəfindən ********* nömrəli cinayət işi üzrə diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofandakı bükülünü çıxararaq masanın üzərinə qoymuş,həmin bükülünün içərisində narkotik vasitə “heroin” olduğunu bildirmişdir. Götürülmüş maddə elektron tərəzidə çəkilmiş, miqdarının 0,83 qram olması müəyyən edilmişdir. Həmin büküm zərfə qoyularaq möhürlənmişdir ( i.v. 69-70); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-374/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həsb etmənin əvvəli 08 iyul 2022-ci il tarixdən hesablanmışdır ( i.v. 80-82); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 08 (səkkiz) ay 25 (iyirmi) beş günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-325/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmündən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. 94-97); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 4037 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 98-99); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-325/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir ( i.v. 101-106); Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 09 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3737 nömrəli rəyi sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4037 nömrəli rəyi sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofona bükülmüş bükümdə narkotik vasitə olan heroinin çəkisinin eskpert rəyinə uyğun götürülməsi və 0,787 qram hesab edilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd şəffaf sellofona bükülmüş bükümdə ilkin təmiz çəkisi 0,787 qram olan narkotik vasitə olan heroinin maddi sübut kimi tanınması və qalıq qalmış 0,737 qram çəkidə narkotik vasitə olan heroinin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən materialın ayrılmaqla icraata qəbul edilməsi və qərarın surətinin əməliyyat-axtarış tədbirlərinin gücləndiriməsindən ötrü Xətai RPİ-nin 36-cı PB-yə göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır ( i.v. 112-117); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-451/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 07 iyun 2022-ci il tarixdən 08 iyun 2022-ci il tarixədək, yəni 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmış və onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin hökm elan edildiyi tarixdən, yəni 21 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmün icrası barədə xx.xx.2022-ci il tarixli göstərişdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-451/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü 12 oktyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükülünü çıxarıb təqdim etməsi , içərisində heroin olduğunu, onu şəxsi istifadəsi üçün 10 manata aldığını bildirməsi, həmin bükümlərin zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə baxışında verdiyi ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,787 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-451/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq saxlanılmış 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-451/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 01(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 01(bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 08 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0.737 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-430/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-430/2022
28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver