Məhkəmə qərarları › İş №1(011)-431/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-431/2021

30.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-431/2021 30.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi-X1, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1974-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs– Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib ona məxsus Bakı şəhəri Xətai rayonu A.Novruzov küçəsi ev 16 ünvanının həyətyanı sahəsində inşa edilmiş iki mərtəbəli yaşayış evi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətində çıxarış alacağı adı ilə yalan vəd verib aldadaraq, 2020-ci ilin yanvar ayının əvvəlində Oleq Mirkamilyeviçə məxsus ünvan 2 ünvanına şəxsiyyəti istintaqa məlum olmayan şəxslə birlikdə gələrək evin ölçülərini götürdükdən sonra sənədləşmə işinin 2050 manata başa gələcəyini bildirib, 2020-ci ilin yanvar ayının əvvəllərində ünvan 2 ünvanında 250 manat, 2020-ci ilin yanvar ayının ortalarında 750 manat və 10 fevral 2020ci il tarixdə 1050 manat pulu Bakı şəhəri Xətai rayonu A.Novruzov küçəsi ev 16 ünvanının qarşısında olmaqla, ümumilikdə 2050 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 2050 (iki min əlli) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, İ Qarabağ müharibəsində iştirak etmiş və döyüşlər vaxtı yaralanmışdır. İ Qarabağ müharibəsi veteranıdır və İ qrup əlildir. Əlilliyi ilə bağlı təqaüd almışdır. Həmin təqaüdlə öz ailəsini dolandırmışdır. Ev təmiri işlərini bacardığından arada pul müqabilində müştəri olduqda ev təmir etmişdir. Zərərçəkmiş şəxs tanışı Nikolay vasitəsilə tanımışdır. Nikolay onun ev təmir etdiyini bilmiş və əlaqələrinin geniş olmasından xəbəri olmuşdur. 2019-cu ilin dekabr ayının sonlarında Nikolya ona zəng vuraraq bir yaxın tanışının olduğunu və evin sənədləşməsində ona köməklik etməli olduğunu bildirmişdir. O, Nikolaya heç bir problem olmadığını və istənilən evi sənədləşdirə biləcəyini bildirmişdir. Telefon danışığı zamanı Nikolaya nömrəsini həmin tanışma verməli olduğunu bildirmişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində Oleq ona zəng vuraraq Nikolayın tanışı olduğunu və evin sənədləşməsində ona köməklik etməsini istədiyini bildirmişdir. O da söhbətin nədən getdiyini bildiyindən Oleqə yaxın 2-3 gün ərzində ünvanına gəlib evin ölçülərinin götürəcəyini bildirmişdir. O, Oleqdən evin ünvanını soruşaraq dəstəyi asmışdır. 3 gün sonra tanışları vasitəsilə layihə çəkməyi bacaran bir mütəxəssis tapmışıdır. Həmin şəxslə birlikdə Oleqin yaşadığı ünvan 3 ünvanına getmişdir. Yanında mütəxəssis aparamağının səbəbi Oleqe evin sənədləşdirmə işlərini görəcəyindən əmin etmək olmuşdur. Həmin şəxslə birlikdə ünvana çatmışlar. Oleqlə görüşdükdən sonra mütəxəssislə birlikdə evin ölçülərini götürmüş və evin sənədləşdirilməsinin 2050 manata başa gələcəyini bildirib ilkin sənədləşmə üçün Oleqdən 250 manat pul istəmişdir. Oleq ona 250 manat məbləğində pulu verdikdən sonra o, Oleqə evin sənədlərinin bir həftəyə hazır olacağını bildirərək evi tərk etmişdir. Ölkədə yaranmış karantin rejimi ilə əlaqədar və işlərinin olmadığı ilə əlaqədar Oleqdən götürdüyü həmin 250 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Oleq ilə görüşdən bir həftə sonra o, yenidən Oleqə zəng vuraraq evin sənədlərinin düzəlməsi üçün əlavə 750 manat pul istəmişdir. Oleq onunla razılaşdıqdan sonra o, axşam saatlarında Oleqin yaşadığı evin qarşısına gələrək sonuncudan 750 manat pul almış və evin sənədlərinin hazırlayandan sonra zəng edəcəyini bildirmişdir. 10 gün sonra Oleq onun istifadəsində olan nömrəsinə zəng vurub sənədləşmənin hansı prosesdə olduğunu maraqlanmışdır. O, Oleqin verdiyi bütün pulları xərclədiyindən və özü çıxılmaz vəziyyətdə qaldığından Oleqi aldadaraq tez bir zamanda sənədləri hazırlayacağını və Oleqə qalan 1050 manatı da verməli olduğunu bildirmişdir. Oleq ona inanaraq razılaşmış və 10 fevral 2020-ci il tarixdə saat 21 radələrində Oleqin yaşadığı evin qarşısına gələrək sonuncuya zəng vurmuşdur. Oleq bir neçş dəqiqə sonra yaşadığı evin qarşısına çıxmışdır. Həmin vaxt Oleqin yanında tanımadığı adını söhbət əsasında bildiyi dostu Rafik də olmuşdur. Oleqlə söhbət edib sənədlərinin düzələcəyinə inandırıb sonuncudan 1050 manat pulu alaraq sağollaşmışdır. O, Oleqdən pulları aldıqdan sonra işlərin düzəlmədiyini görüb Oleqə hər dəfə müxtəlif bəhanələr etmişdir. Oleq bir neçə gündən bir ona zəng vurduqda o, hər dəfə bir bəhanə ilə Oleqi məsələdən yayındırıb sənədlərin düzələcəyinə inandırmışdır. Artıq aradan bir neçə müddət keçdikdən sonra Oleq ona zəng vuraraq sənədləşmə işlərinin dayandırılmasını və verdiyi pulu geri tələb etmişdir. O da Oleqin verdiyi pulları xərclədiyindən tez bir zamanda pulu qaytara bilməyəcəyi halda Oleqə pulu qaytaracağını bildirmişdir. Daha sonra Oleq dəfələrlə ona zəng vurub pulu istəsə də o, bəhanələrlə pulu verməkdən yayınmışdır. 2020-ci ilin ortalarında Oleq ona zəng vuraraq polisə şikayət edəcəyini bildirmişdir. O da tutulacağından qorxub tez bir zamanda Oleqdən aldığı pulu qaytaracağını bildirmişdir. Amma Oleq onun sözlərinə məhəl qoymayaraq pulu qaytarmasını və ondan şikayət edəcəyini bildirmişdir. 2021-ci ilin iyun ayında Xətai RPİ-nin 37-ci PŞ-dən onun istifadəsində olan nömrəyə zəng gəlmişdir. Telefonu götürən zaman Zərərçəkmiş şəxs ondan ekayət etdiyini və izahatının alınması üçün onu 37-ci Polis Şöbəsinə dəvət etmişlər. 10.06.2021-ci il tarixdə o, 37-ci PŞ-nə gedərək izahat vermişdir və 2 gün sonra Oleqdən aldığı bütün pulları qaytaracağını bildirərək polis şöbəsini tərk etmişdir, Oleqin evinə olan sənədləri düzəldə bilmədiyindən Oleqi aldatmış və sonuncunun verdiyi bütün pulları öz maddi ehtiyaclarını qarşılamaq üçün xərcləmişdir. Hazırda zərərçəkmiş şəxsə dəyən ziyanı ödəmiş, bu səbəblə də onunla da barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcək, qeyd edilənlərin nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, 2015-ci ildən “Boss Shelf’ MMC şirkətinin anbarında saxlama üzrə texnik vəzifəsində işləyir. Hər gün səhər saat 08 radələrindən axşam saat 20 radələrinə kimi işdə olmuşdur. İşdə əsasən “Boss Shelf’ şirkətinə məxsus anbarda dənizdə olan platformalara gedən əşyaların saxlanmasına nəzarət etmişdir. Xətai rayonu, A.Novruzov küçəsi ev 16 mənzil 8 ünvanında yaşamış və yaşadığı evin balaca həyətyanı sahəsi olmuşdur. Həmin həyətyanı sahədə özü üçün 3 otaqlı mənzil tikmişdir. O, həmin evi sənədləşdirmək istəmiş və bu barədə tanışlarının bir çoxunun xəbəri olmuşdur. 2019-cu ilin dekabr ayının sonlarında iş yoldaşı Nikolay ona Elçin adlı tanışının olduğunu və Elçinin sənədləşmə işində ona kömək edə biləcəyini bildirmişdir. O, Nikolaya etiraz etmədikdən sonra Nikolay Elçinin mobil nömrəsinə zəng vuraraq onun evini sənədləşdirməyə kömək edə bilib-bilməyəcəyi ilə maraqlanmışdır. Elçin də Nikolaya heç bir problem olmadığını və istənilən evi sənədləşdirə biləcəyini bildirmişdir. Nikolay Elçin ilə danışıb qurtardıqdan sonra o, Nikolaydan Elçinin nömrəsini almışdır. 2020-ci ilin yanvar ayının əvvəlində öz istifadəsində olan nömrədən Elçinin istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. Telefon danışığı zamanı o, Elçinə Nikolayın iş yoldaşı olduğunu bildirmişdir. Elçin söhbətin nədən getdiyini bilib, ona heç bir problemin olmadığını, yaxın 2-3 gün ərzində onun yaşadığı evə gəlib baxacağını, daha sonra sənədləşmə işində kömək edəcəyini bildirmişdir. Elçin ondan yaşadığı evin ünvanını soruşmuş və onlar sağollaşmışlar. Təxminən 3 gün sonra Elçin onunla əlaqə saxlayaraq tanımadığı bir nəfər ilə onun yaşadığı ünvana gəlmişdir. Elçin yanında olan şəxslə birlikdə evin ölçülərini götürdükdən sonra yanında gətirdiyi, anket məlumatları barədə məlumatı olmayan şəxsə 250 manat ödəyəcəyini bildirmişdir. O da Elçinin sözünə görə həmin şəxsə 250 manat pul vermişdir. Bundan sonra Elçin evin sənədlərinin tez bir zamanda hazır olacağını bildirib yaşadığı evi tərk etmişdir. Həmin gündən 1 həftə sonra 2020-ci ilin yanvar ayının ortalarında Elçin ona zəng edərək sənədlərin düzəlməsi üçün əlavə 750 manat lazım olduğunu bildirmişdir. O, Elçinə öz razılığını bildirdikdən sonra Elçin onun yaşadığı evin qarşısına gələrək ona zəng vurmuş və o, evdən çıxaraq Elçinə əlavə 750 manat pul vermişdir. 750 manat pul verdikdən sonra Elçinlə sağollaşıb yaşadığı evə getmişdir. Təxminən 10 gün sonra o, Elçinə zəng vuraraq sənədləşmənin hansı prosesdə olduğunu soruşmuşdur. Elçin ona çox az bir müddətə çıxarışı əldə edə biləcəyini və heç bir narahatçılıq olmadığını bildirərək onu inandırmışdır. 10 fevral 2020-ci il tarixdə Elçin ona yenidən zəng vuraraq sənədləşmə üçün əlavə 1050 manat lazım olduğunu bildirmişdir. O, Elçinə etiraz etmədikdən sonra sonuncu axşam saatlarında yaşadığı evə gəlib pulu götürəcəyini bildirmişdir. O, axşam işdən evə gəldikdən sonra saat 21 radələrində Elçin ona zəng vuraraq yaşadığı evə məxsus darvazanın yanında olduğunu bildirmişdir. O da evdən çıxaraq cibindən çıxardığı 1050 manat pulu Elçinə vermişdir. Həmin vaxt dostu Şahid2 də onlarda olduğundan çölə çıxıb pulu verən zaman Rafik də yanında olmuşdur. O, pulu Elçinə verdikdən sonra evə getmişdir. 1 həftə sonra Elçinə zəng vuraraq sənədləri maraqlandıqda Elçin ona sənədlərin tez bir zamanda hazır olacağını bildirmişdir. O, Elçinə dəfələrlə bu sözləri deyib onu aldatdığını bildirdikdə Elçin ona bildirmişdir ki, onu aldatmır, artıq çıxarışın hazır olmağına az qalmışdır. O, bir həftədən bir Elçin ilə əlaqə saxlasa da, Elçin ona hər dəfə bəhanələr gətirərək boşuna vaxt uzatmışdır. Növbəti danışıqları zamanı o, Elçinə polisə verəcəyini, bildirmişdir. Elçin də ondan xahiş etmişdir ki, polisə şikayət etməsin, tez bir zamanda sənədləri hazır edəcəkdir. Belə bir neçə ay keçmiş və Elçin ona yenə də bəhanələr ilə zəng vuraraq sənədləri hazır edəcəyini bildirmişdir. O, artıq Elçinə inanmayaraq Elçinin ona dediyi bəhanələrə baxmayaraq sonuncudan şikayət etmişdir. O, Elçinə ilk dəfə 250 manat pulu 2020-ci ilin yanvar ayının əvvəllərində yaşadığı ünvan 4 ünvanında vermişdir. 2020-ci ilin yanvar ayının ortalarında “50 manat və 10 fevral 2020-ci il tarixə 1050 manat pulu yaşadığı Bakı şəhəri, Xətai rayonu, A.Novruzov küçəsi, ev 16 ünvanının qarşısında Elçinə vermiş, 1050 manat pulu verən zaman tanışı Şahid2 də yanlarında olmuşdur. Elçin ondan 2050 manat pulu Bakı şəhəri, Xətai rayonu, A.Novruzov küçəsi, ev 16 ünvanının həyətində yeni inşa etdiyi evin sənədlərini hazır edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətində çıxarış alacağı adı ilə almış və hadisə nəticəsində ona ümumilikdə 2050 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan ödənilib, onunla barışmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, Zərərçəkmiş şəxs tanımış və onlar bir yerdə işləmişlər. 2020-ci ilin yanvar ayında işdə olarkən Elçinlə telefonla danışan zaman təsadüfən Oleq onun Elçinlə mobil telefonla danışdığını eşitmişdir, Həmin vaxt Oleq onun Elçinlə danışıq əsnasında evinin sənədləşmə işi ilə məşğul olduğunu öyrənmişdir. O, mobil telefonla danışdıqdan sonra Oleq ondan söhbətin nədən getdiyini soruşmuşdur. O, Oleqə Elçin adlı şəxsin evinin sənədlərini düzəltdiyini bildirmişdir. Həmin vaxt Oleq ona yaşadığı Bakı şəhəri Xətai rayonu A.Novruzov küçəsi ev 16 ünvanının həyətyanı sahəsində olan yaşayış evinin sənədlərini düzəltmək istədiyini bildirmişdir. Oleq ona bu barədə Elçinlə danışmağını xahiş etmişdir. Buna görə də Elçinlə telefonla əlaqə saxlayıb Oleqin yaşadığı evin qarşısında həyətyanı sahədə olan ev üçün sənədləri hazırlatmaq istədiyini bildirib bunun mümkün olub-olmadığını soruşmuşdur. Elçin də ona telefonda heç bir problem olmadığını və Oleqin də evi üçün sənəd düzəldə biləcəyini bildirmişdir. Bundan sonra Oleqə Elçinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini verib Elçinlə əlaqə saxlamasını bildirmişdir. Bundan sonra Oleqlə Elçin öz aralarında danışaraq evin sənədlərinin hazırlanması üçün 2050 manata danışdıqlarını öyrənmişdir. Bir müddət sonra Oleq ona Elçinin ondan inşa etdiyi evin sənədlərini hazırlamaq adı ilə üç dəfəyə, 250 manat, 750 manat və 1050 manat olmaqla ümumilikdə 2050 manat pul alsa da, heç bir iş görmədiyini, verdiyi pulu geri istəsə də Elçinin hər dəfə müxtəlif bəhanələr gətirib pulunu qaytarmadığını bildirmişdir. Elçin pulu Oleqə məxsus Bakı şəhəri Xətai rayonu A.Novruzov küçəsi ev 16 ünvanının həyətyanı sahəsində olan fərdi tikilmiş evə sənədlərini, yəni çıxarış almaq üçün almışdır. Onun Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldatmaq niyyətində olmasından heç bir məlumatı olmamışdır, Elçin bu barədə ona heç bir söz deməmişdir. Elçin Oleqdən aldığı puldan ona heç bir məbləğdə pul verməmişdir. O, sadəcə olaraq Oleqə köməklik məqsədi ilə Elçinin mobil nömrəsini ona vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur. Onlar ailəvi dostluq etmişlər. Tez-tez bir-birilərinin evinə gedib gəlmişlər. Zərərçəkmiş şəxs onun yaşadığı məhəllənin yaxınlığındakı məhəllədə qaldığından tez-tez görüşə bilmişlər. 2020-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs ona zəng edərək axşama onu öz evlərinə dəvət etmişdir. O da Oleqlə razılaşmış və işdən çıxdıqdan sonra Zərərçəkmiş şəxs evinə getmişdir. Oleqlə bir az söhbət etdikdən sonra məlum olmuşdur ki, Oleq evinə sənədləri düzəltmək üçün Elçin adlı şəxsə pul vermişdir. Oleq söhbət əsnasında bildirmişdir ki, Elçin axşam 21 radələrində əlavə olaraq gəlib 1050 manat pul götürməli və 1 həftə sonra sənədləri təhvil verməli olmuşdur. Axşam saat 21 radələrində Elçin adlı şəxs Oleqə zəng edərək qapının qarşısına çıxmalı olduğunu bildirmişdir. O da evdə tək olduğundan Oleqlə birlikdə qapının qarşısına çıxmışdır, Elçinlə görüşdükdən sonra Oleq cibindən çıxardığı 1050 manat pulu Elçinə vermiş, Elçin də öz növbəsində 1 həftəyə evin sənədlərinin hazır olacağını bildirərək çıxıb getmişdir. O, Oleqin Elçinə 1050 manat pul verdiyinin şahidi olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 30 iyun 2021-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-inin 37-ci PŞ-də toplanmış material üzrə vətəndaş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdir (i.v. 1); cinayət işinin icraata qəbul edilməsi haqqında 06 iyul 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir ( i.v. 13); zərərçəkmiş şəxs qismində tanıma haqqında 07 iyul 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 17); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 05.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 73-74); Axtarışda olan şəxsin tutulması barədə 13 avqust 2021-ci il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı axtarışda olan Təqsirləndirilən şəxs 13.08.2021-ci il tarixdə saxlanılmışdır ( i.v. 76); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 15 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 112); təqsirlənidirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə 15 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o dərhal Xətai RPİ-nin MSY-dən azad edilmişdir ( i.v. 128); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 07 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd “'CD” formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 32.4, 312-ci və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 312.1 və 32.4, 312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası Baş prokurorunun “İşin təşkili qaydalarının” 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilmişdir ( i.v. 137-157); X2 məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə– min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən xitam verilməsinə razı olduğunu bildirmişdir. Həmçinin, təqsirləndirilən şəxs cinayət təqibinə "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarına əsasən deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsini tətbiq etməklə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması və dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43.3, 321, 321.2.1 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar