Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-431/2022 25.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, 01 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdə səhər saat 07:15 radələrində ünvan 2 ünvanda yerləşən binanın qarşısında küçədə heç bir əsaslı səbəb olmadan narkotik maddənin təsiri altında arvadı Zərərçəkmiş şəxs ilə mübahisə edib dalaşmış, nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələri, əxlaq normalarını, habelə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən hərəkətlər edərək üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağını silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vurmaqla sonuncuya sağ bazunun yumşaq toxumasının hematoması ilə müşayiət olunan bir ədəd və sol budun yumşaq toxumasının bir ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül, sol əlin İ barmağının əsas falanqasının ovuc səthinin, sol əlin İV-V barmaqlarının əsas falanqasının ovuc səthlərinin səthi kəsilmiş yaraları, sağ və sol saidin, sol əlin sıyrıqları ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan 2 uşaqları var, daha sonra boşanmışlar. Uşaqlarla telefon danışığına, görüşməyə anası və ailəsi tərəfindən maneçilik olduğuna görə Ləmana uşaqlarla görüşməyə görə yaxınlaşmışdır. Bu zaman o, qışqırmağa başlamış, səs-küy saldığına və yad kişilərdən kömək istədiyinə görə onu qorxutmaq üçün bıçaqdan istifadə etmiş, ona qışqırmamağı, normal söhbət etməyini bildirmişdir. Ləman qışqırmağa davam edərək ətrafdakılardan kömək istəməyə başlamışdır. Bıçağın ucundan tutduğundan Ləman fırlananda qoluna batmış, lakin ayağına xəsarət yetirməmişdir. Bıçaq onun cibindən düşəndən sonra Ləman əyilib bıçağı götürmüş, bıçağı onun əlindən alanda öz-özünü kəsmişdir. Bilərəkdən yox, vermək istəmədiyi zaman kəsmişdir. Bundan başqa bildirmişdir ki, məqsədi ayrılmaq istəməməyi ilə yanaşı uşaqları ilə sərbəst görüşmək üçün Ləmanı qorxutmaq olmuşdur. Bıçağı da Ləman qışqırdığına görə çıxartmışdır. Son sözündə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını, himayəsində 75 yaşlı atasının və 2 azyaşlı uşağının olmasını nəzərə almağı xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə evli olmuş, daha sonra boşanmışlar. 2021-ci ilin sentyabr ayından aralarında mübahisələr başlamışdır. Mehman pis vərdişlərə quşanmış və borcları yaranmışdır. Bundan sonra Mehman ondan pul tələb etməyə başlamışdır. Mehmanın ailəsinə bu barədə danışmışdır. Mehmanın ailəsinə üz tutduğuna görə ailəsi onu söhbət etməyə çağırmışlar. Bu ərəfədə Mehman dahada aqressiv, əsəbi və söyüşkən olmuşdur. Mehmanın borcunu qaytarmaq üçün lotoreyalara girmişdir. Lakin Mehman borcları qaytarmaq üçün ona pul veməmiş, hələ əksinə ondan pul istəmişdir. Mehmanın narkotikdən istifadə etməsindən şübhələnib ondan analiz verməyi tələb etmişdir. Belə ki, hiss etmişdir ki, o, narkotikdən istifadə edir. Mehman yalandan and içmişdir ki, istifadə etmir. Təkid edəndə onu döyməklə hədələmişdir. 3 ildir ki, işinə və uşaqların təhsilinə görə atasının evinə köçmüşdürlər. Yanvarın 3-də Mehman öz atası ilə həmin evdən getmiş, yanvarın 4-də onun anası gəlmişdir. Daha sonra Mehman təhdid mesajlarına keçmişdir. Bundan sonra yanvarın 11-də boşanmaq üçün 4 saylı Asan xidmətə müraciət etmişdir. Vəkil vasitəsilə onlara məlumat çatmışdır ki, ərizə vermişdir. O ərəfədən martın 28-nə kimi Mehman dayanmamışdır. Martın 28-də səhər 7-də işə gedərkən hiss etmişdir ki, Mehmanın maşını ordadır. Fikirləşmişdir ki, onu görməz, maşınların arasından marketin qabağından getmiş, evdən 50 metr aralanmışdır. Mehman arxadan onun boyun hissəsindən tutmuşdur. Qışqıraraq kömək istəmiş, heç kim kömək etməmiş, həyətlərindəki mühafizəçi də yalvarmağına baxmayaraq gözünün içinə baxabaxa kömək etməmişdir. Eyvandan baxan iki xanım da hadisəyə şahidlik etməmişdirlər. Mehman ona maşına minməyi demiş, maşın 50 metr aralıda olmuşdur. Dönmək istəyəndə hiss etmişdir ki, qolu kəsildi. Artıq fırlanıb market tərəfə gəlmişlər, qışqırmış, Mehmanın əlindən bıçaq və telefonu düşmüşdür. Özünü müdafiə etmək üçün əyilib bıçağı götürəndə bıçağı əli ilə sıxmış, Mehman bıçağı əlindən alıb sol bud nahiyəsinə vurmuşdur. Həyətlərinə yaxınlaşanda bir xanım yaxınlaşıb ona irad bildirmişdir. Daha sonra hiss etmişdir ki, əlindən qan tökülür. 2 nəfər oğlan Mehmana yaxınlaşıb nəsə dedikdən sonra Mehman maşına minib çıxıb getmişdir. Həmin oğlanlardan öz telefonu ilə 103-ə yığmaqlarını xahiş etmişdir. Uşaqlar evdə olduğu üçün evə getməmiş, salonda işləyən bir kişi ona kömək etmişdir. Sonra qan itirdiyindən özünü itirmiş, gözünü açanda Sabunçu rayonunda başının üstündə polisləri görmüşdür. İyunun 6-sı artıq boşanmışlar, uşaqlar onda qalmışdır. Onu uşaqlardan məhrum etmir, nə vaxt istəsə, uşaqları görə bilər. Belə başa düşmüşdür ki, Mehman ondan boşanmağı həzm etməmiş, elə bilmişdir ki, bunu onun valideynləri etmişdir. Lakin öz istəyi ilə ayrılmaq istəmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında Şahid2 izahatında göstərmişdir ki, çörək daşınması ilə məşğul olur. Səhər vaxtı saat təxminən 7-8 radələrində H.Aslanovda maşının arxasından mağazaya çörək yığanda bir qadınla kişinin aralarında uca səslə mübahisə etdiyini görmüşdür, bir anlıq maşının arxasından baxmışdır. Onların nə danışdığına fikir verməmişdir. O, kameraya düşdüyünə görə günorta zəng gəlmiş, Polis Bölməsinə çağırılmışdır. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, yaşadığı ünvan 3 ünvanının qarşısında «Şərur» Mənzil Təsərrüfat Koperativi tərəfindən inşa edilən yeni tikilinin mühafizəçisi vəzifəsində təxminən 1 il müddətdir ki, işləyir. 28 mart 2022-ci il tarixdə saat 07:15-də iş növbəsini təhvil verməmişdən əvvəl gözətçi yerində oturaraq mobil telefonunda xəbərləri oxumuşdur. Bundan sonra gözətçi yerinin sol yanında olan «Top» marketin qarşısında çörəkləri marketə gətirən oğlanın gözətçi yerinin sağ tərəfinə boylandıqlarını görmüş, bundan sonra o da həmin tərəfə baxdıqda, əvvəllər tanımadığı, şəxsiyyətləri barədə məlumatı olmadığı 1 kişinin 1 qadını döyərək, zorla onun oturduğu gözətçi yerinə tərəf gətirdiyini görmüş, sonradan kişinin adını Mehman, qadının isə Ləman olduğunu öyrənmiş, hər iki şəxsin orta yaşlarda olduğunu görmüş, bununla yanaşı Ləman qışqıraraq həmin kişinin əlindən çıxmaq üçün kömək istəmiş, Mehman da Ləmana qışqıraraq sakit durmağını söyləmiş, bundan sonra onlar hər ikisi onun oturduğu gözətçi yerinin yanına gəldikdə Mehmanın əlində olan bıçaq və üzərində olan siqaret qutusu və mobil telefonu yerə düşmüş, ilk öncə Ləmana kömək etmək istəsə də, onun əlində bıçaq olduğunu düşünüb, çəkinərək onlardan uzaq durmuşdur. Daha sonra Mehman yenidən üzərindən düşən əşyaları götürərək Ləmana zor tətbiq edərək hasarın yanı ilə yuxarı istiqamətə aparmış, oturduğu gözətçi yerini tərk edə bilmədiyindən həmin yerdə oturaraq işinə davam etmiş, sonradan onların hansı istiqamətdə hərəkət etməsini, onların aqibətinin necə olması barədə məlumatı olmamış, hadisə baş verdiyindən bir neçə gün sonra həmin şəxslərin ər-arvad olduğunu bilmiş, onların arasında baş vermiş münaqişənin səbəbi barədə heç bir şey bilməmişdir. 28 mart 2022-ci il tarixdə saat 07:15-də ünvan 5 ünvanda baş verən münaqişə zamanı Mehmanın Ləmanı döyərək, zor tətbiq edərək aparmasını və bu zaman əlində olan bıçağın yerə düşməsini görsə də, Mehmanın Ləmana əlindəki bıçaq ilə zərbə yetirərək xəsarət verməsini görməmişdir. Münaqişə baş verən zaman ətrafda ondan başqa marketə çörək gətirən oğlan və bundan başqa təxminən 5-6 nəfər şəxs olmuşdur. Bununla da işin yuxarıda araşdırılan xüsusatları bir daha öz təsdiqini tapmışdır. İş materiallarında olan təqdim etmə və götürmə haqqında 28 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində yazısı olmayan qara rəngli dəstəyi gümüşü rəngdə naxışlı bir ədəd bıçaq götürülərək qablaşdırılmış və bildirmişdir ki, həmin bıçaqla xx.xx.2022-ci il tarixdə saat 07:15 radələrində Zərərçəkmiş şəxs bədən nahiyəsinə xəsarət yetirmişdir (cild İ, iş vərəqi 14-16); 28 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 5 ünvanda yerləşən binanın video müşahidə kamerası vasitəsilə çəkilmiş videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, qadınla kişi arasında mübahisə edir. Videoda olan kişi qadını itələyərək dartır, videoda olan şəxslərdən kişi Təqsirləndirilən şəxs və qadın Zərərçəkmiş şəxsdır. Hadisə ünvan 6 ünvanın qarşısında olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirir. Bundan əlavə onlar davadalaş edən zaman orada olan yük avtomobilindən iki nəfər şəxs avtomobilə yük yığır. Həmin avtomobilin dövlət qeydiyyat nişanı görünmür. Bundan əlavə orada mühafizəçi üçün nəzərdə tutulmuş balaca köşk olduğu görsənir. Diskə baxış zamanı Zərərçəkmiş şəxs şifahi olaraq bildirmişdir ki, həmin iki nəfər şəxsi tanımır və avtomobil barədə heç nə deyə bilməz. Bundan əlavə həmin müşahidə kamerasından götürülmüş görüntüdə Təqsirləndirilən şəxs onu dartaraq xəsarət yetirildiyi görünür (cild İ, iş vərəqi 156) Məhkəmə-tibbi ekspertizasının 06 aprel 2022-ci il tarixli 310 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: sağ bazunun yumşaq toxumasının hematoması ilə müşayiət olunan bir ədəd və sol budun yumşaq toxumasının bir ədəd (cəmi iki ədəd) deşilmiş kəsilmiş yaraları; sol əlin İ barmağının əsas falanqasının ovuc səthinin, sol əlin İV-V barmaqlarının əsas falanqasının ovuc səthlərinin səthi kəsilmiş yaraları; sağ və sol saidin, sol əlin sıyrıqları müəyyən edildi. Xəsarətlərdən deşilmişkəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər. Sol əl barmaqlarının səthi kəsilmiş yaraları isə kəsici kənara malik alətin (alətlərin) təsirindən törənmişdir, bıçağın tiyəsinin kəsici kənarının təsirindən törənə bilər. Digər xəsarətlər isə bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Müddəti qərarda göstərilmiş xx.xx.2022-ci tarixə uyğun gəlir, dərəcəsinə görə sağ bazunun yumşaq toxumasının hematoması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası və sol budun yumşaq toxumasının deşilmiş-kəsilmiş yarası hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. Digər xəsarətlər isə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcədə özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur (cild İ, iş vərəqi 43-44). 28 may 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd ağ rəngli gödəkcə ağ rəngli, üzərində paxlava cizgili tikilmiş, sol və sağ sinəsində cibləri, 4 ədəd düyməsi içərisində QUİLTED JACKET sözləri yazılmış etiketi vardır. Həmin gödəkcənin sağ qolunun çiyin hissəsində deşilmiş zədə vardır. Həmin gödəkcə qablaşdırılaraq İdarənin möhürü ilə möhürlənmiş, bundan əlavə təqdim etdiyi şəkillərə baxış zamanı Təqsirləndirilən şəxs ona yetirdiyi xəsarətlər qollarında, cins şalvarın ayağında cırılmış zədə və qan ləkəsi, gödəkçənin qolunda qan ləkəsi və çiynində deşik və qan ləkəsi görsənir. Həmin şəkillər qabaşdırılaraq zərfə qoyulub cinayət işinə əlavə edilmişdir (cild İ, iş vərəqi 161) məhkəmə-ballistik ekspertizasının 29 aprel 2022-ci il tarixli 3/404 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq - kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərüffat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. əlavə məhkəmə-tibbi və trasoloji ekspertizasının 01 iyul 2022-ci il tarixli 286- MTKŞ/2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X3 məxsus gödəkçənin arxa səthinin sağ yuxarı nahiyəsində (sağ qoluna yaxın nahiyədə) bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşiçi-kəsici alətin təsirindən əmələ gəlmişdir. 2. X1 bazunun yumşaq toxumasının hematoması ilə müşayiət olunan bir ədəd və sol budun yumşaq toxumasının bir ədəd (cəmi 2 ədəd) deşilmiş-kəsilmiş yaraları, sol əlin İ barmağının əsas falanqasının ovuc səthinin və sol əlin İV-V barmaqlarının əsas falanqasının ovuc səthlərinin səthi kəsilmiş yaraları olmuşdur. Deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) təsirindən, sol əl barmaqlarının səthi kəsilmiş yaraları isə kəsici kənara malik alətin (alətlərin) təsirindən törənmişlər. 3. X3 məxsus gödəkçənin arxa səthinin sağ yuxarı nahiyəsində (sağ qoluna yaxın nahiyədə) aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş onun sağ bazuda olan eyni xarakterli xəsarətlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlir. - Zərərçəkmiş şəxs sol budun yuxarı 1/3-nin bayır səthində olan bir ədəd deşilmiş-kəsilmiş xarakterli xəsarət, sol əlin İ barmağının əsas falanqasının ovuc səthinin və sol əlin İV-V barmaqlarının əsas falanqasının ovuc səthlərinin səthi kəsilmiş xarakterli xəsarətlər isə bədənin müvafiq nahiyələrin paltarla örtülmədiyi üçün ona məxsus gödəkçədə öz əksini tapmamışdır. 4. Zərərçəkmiş şəxs məxsus gödəkçədə olan bir ədəd deşilmiş-kəsilmiş zədə və onun bədən səthində olan deşilmiş-kəsilmiş və səthi kəsilmiş xəsarətlər ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur (cild İİ, iş vərəqi 21-24). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 3(011)- 1411/2022 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdə metamfetamin istifadə etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 12 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (cild İ, iş vərəqi 72-73). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarından (hakim Fuad Axundov) məlum olur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild İ, iş vərəqi 115-119). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qərarından (hakim Fuad Axundov) məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (cild İ, iş vərəqi 123-128). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 iyun 2022-ci il tarixli tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 01 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ünvan 7 ünvanda yerləşən binanın qarşısında olan müşahidə kamerasından götürülmüş videogörüntü olan bir ədəd disk, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd gödəkçə, şəkillər və Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq maddi sübut qismində tanınmış, gödəkçə və bıçaq saxlanıldıqdan ötrü Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, bir ədəd disk və şəkillər cinayət işinin materiallarına əlavə edilmişdir. Az-İİ 991690 və Az-İİ 349074 saylı doğum haqqında doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2012-ci il təvəllüdlü Ayxan Hacızadə və 2009-cu il təvəllüdlü Mədinə Hacızadə adlı iki azyaşlı uşağı var. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı bu iş üzrə heç bir şikayət və tələbi yoxdur. İş materialına əlavə edilmiş 14 fevral 2022-ci il trarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, 08 fevral 2022-ci il tarixdə ölümlə hədələndiyinə görə zərərçəkmiş Zərərçəkmiş şəxs 102 xidmətinə şikayət etmişdir. Lakin toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin qismən etirafı, zərərçəkmiş şəxsin, şahid ifadələri, hadisənin anını əks etdirən videogörüntü və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni nalayiq söyüşlər söyüb içtimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik edərək psixotrop maddənin təsiri altında Zərərçəkmiş şəxs zor tədbiq edərək üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən bıçağı silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vurmaqla sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül və sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etməsi tamamilə sübuta yetirilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə iclaslnda dindirilmiş zərərçəkmiş və şahid ifadəsindən həmçinin hadisə yerinin video görüntüsündən məlum oldu ki, hadisə zamanı yaranmış səs-küy yaxında olan şəxslərin diqqətini cəlb edir və onlar hadisənin şahidi olurlar. Təqsirləndirilən şəxs həmin şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs zor tətbiq edərək bıçaqla xəsarət yetirir və zərərçəkmiş şəxsin iradəsinə zidd olaraq zorla maşınına tərəf sürüklüyür. Təqsirləndirilən şəxs özü də bu xüsusatları qismən etiraf edir, bıçağı çıxartmaqla sadəcə zərərçəkmiş şəxsi qorxutmaq məqsədi ilə etməsini bildirir. Bu faktlar təqsirləndirilən şəxsin öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu və zərərçəkmiş şəxsə bıçaqdan istifadə etməklə zor tətbiq etməsini bir daha təsdiq edir. Məhkəmə hesab edir ki, hadisədən bir müddət əvvəl, yəni 08 fevral 2022ci il tarixdə ölümlə hədələndiyinə görə zərərçəkmiş Zərərçəkmiş şəxs 102 xidmətinə şikayət etməsi və həmin epizoda əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi faktı ciddi nəzərə alınmalıdır. Belə ki, bu xüsusat və hədə artıq gələcəkdə baş vərəcək cinayətin təməlindən (hazırki iş üzrə) və təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətə, ictimai qaydaya və qanunlara məhəl qoymadığından xəbər verir. Yuxarıda sadalanan faktlara əsasən məhkəmə hesab edir ki, baş vermiş hadisəni şəxsi münasibətlər zəminində törədilmiş cinayət kimi qiymətləndirmək düzgün olmaz. Bu cür humanist yanaşmalar gələcəkdə daha agır cinayətlərin baş verməsinə səbəb ola bilər. Odur ki, məhkəmə hesab edir təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən əməlindən peşman olması, iki azyaşlı uşağının olması,zərərçəkmişlə baqrışıq əldə edilməsini, cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında zərərçəkmişlə barışığı nəzərə alaraq nisbətən aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınaraq Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra ona qaytarılmalı və Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsdairə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınaraq Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra ona qaytarılsın. Maddi sübut kimi tanınaraq Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-431/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-431/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver