Məhkəmə qərarları › İş №1(011)-431/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-431/2023

28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-431/2023 28.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Kiçikbəyov və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Ağdam rayonu, Kəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Kəngərli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi 241 saylı bağçada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmə məqsədilə ilə tanışları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 mal-qara biznesi ilə məşğul olduğunu, yaxşı qazanc əldə etdiyini bildirib guya həmin işin genişləndirilməsində əlavə pul vəsaitinin lazım olduğunu və bunun üçün onların da yatırım edərək qazanc əldə edəcəkləri barədə yalan vəd verərək bu məqsədlə 2022-ci ilin sentyabr ayında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 89 ünvanındakı “Palma” çay evində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hər birindən 5.000 manat, bir neçə gün sonra sentyabr ayında Xətai rayonu N.Tusi küçəsi 231 ünvanında “Kəngərli” ət mağazasının qarşısında Zərərçəkmiş şəxs2 7.000 manat, Zərərçəkmiş şəxs1 isə 5.000 manat, habelə xx.xx.2022-ci il tarixdə saat 19:50-də ünvan 3 ünvanındakı “Dostmart” marketində “E-Manat” terminal vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan “Rabitəbank” **********285870 nömrəli hesab katına Zərərçəkmiş şəxs1 tərəfindən köçürülmüş 2.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 hər birinə 12.000 (on iki min) manat, ümumilikdə 24.000 manat (iyirmi dörd min) xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, on ilə yaxındır ki, qəssab işləyir və eyni zamanda iri buyruzlu heyvanların satışını həyata keçirir. 2022-ci ilin iyul ayında qohumu Elgizin vasitəsi ilə Zərərçəkmiş şəxs1 və onun vasitəsi ilə Zərərçəkmiş şəxs2 tanımışdır. Belə ki, Nicatla aralarında olan söhbət zamanı onunla birlikdə iri buynuzlu heyvanların respublikanın müxtəlif rayonlarından alıb Bakı şəhərinə gətirib satışı həyata keçirilməsini təklif etmişdir. Nicat onun təklifi ilə razılaşaraq tanışı Niftalını da məsələyə qatmış və ilkin olaraq 2022-ci ilin sentyabr ayında ünvan 4 ünvanında yerləşən Palma çay evində hər biri 5.000 manat olmaqla ümumilikdə 10.000 manat pulu, daha sonra həmin ilin sentyabr ayında ünvan 5 ünvanda fəaliyyət göstərən Kəngərli ət mağazasının qarşısında Niftalı 7000 manat olmaqla Nicat 5.000 manat vermişdir. Bundan sonra Nicatla danışığına əsasən Zərərçəkmiş şəxs1 onun bank kart hesabına sonuncu dəfə 2.000 manat pul köçürməklə adları çəkilən hər iki şəxsdən hər birindən 12.000 manat olmaqla ümumilikdə 24.000 manat pulu ələ keçirmişdir. Daha sonra əməlindən peşman olduğunu, ilk dəfə belə bir əməl tutduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmişlərə vurduğu ziyanı tam ödədiyini və onlarla barışdığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs ilə tanış olmuş, Anarla söhbət əsasında iribuynuzlu heyvanların satışı ilə məşğul olduğunu bildirmişdir. Söhbət əsasında Anar iribuynuzlu heyvanların kəsimində və satışında yaxşı qazanc olduğunu deyərək ona təklif edərək müəyyən vəsait pul ona versə yaxşı qazanc əldə edəcəyinə inandırmışdır. Eyni zamanda ilkin olaraq həmin işin görülməsində 12000 manat pul vəsaitinin verilməsini bildirmişdir. Bundan sonra həmin vaxt yanında tanışı Zərərçəkmiş şəxs2 da iştirak edirmiş. Onlar birlikdə Təqsirləndirilən şəxs etdiyi təkliflə razılaşaraq həmçinin onun göstərdiyi Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsində yerləşən “Kəngərli” ət dükanını gördükdən sonra Anara etibar edib hər biri ilkin olaraq 2022-ci ilin sentyabr ayında 5000 manat pulu Gəncə prospektində yerləşən çay evində Anara vermişlər. Danışığa əsasən Anar iribuynuzlu heyvanları Bərdə şəhərindən gətirib kəsim yerinə verəcəyini və həmin vaxt onlarda Anarla bir yerdə iştirak edəcəklərini və əldə olan qazancı bir yerdə böləcəklərini bildirmişdir. Pul veriləndən sonra təxminən bir neçə gün keçmişdir ki, Anar yenidən onlarla əlaqə saxlayıb əlavə pul istəmiş və bildirmişdir ki, Bərdə şəhərində bir şəxs özünə məxsus heyvanları ucuz məbləğə satışa çıxardacaq və həmin şəxslə razılaşıb, lakin həmin heyvanları almaq üçün verdikləri vəsait yetərincə kifayət etmədiyi üçün əlavə pul lazım olduğunu söyləmişdir. Bundan sonra o, Anara 5000 manat, Niftalı isə 7000 manat pul vermişdir. Həmin ilin noyabr ayında Anarla söhbət əsasında heyvanların gətirilməsi ilə maraqlandıqda, yaxın günlərdə həmin şəxsin danaları satışa çıxarıb satacağını bildirmişdir. 24 noyabr 2022-ci il tarixdə Xətai rayonu ərazisində olarkən Anar onunla əlaqə saxlayaraq Bərdə rayonunda olduğunu və təcili olaraq danaların satışa çıxarıldığını deyərək əlavə olaraq təcili 2000 manat pulun ona göndərməsini bildirmişdir. Elə həmin vaxt üzərində pul olduğundan “Dostmart” marketinin içərisindən E-manat vasitəsilə Anarın bank kartına deyilən vasaiti göndərmiş və Anar səhərsi gün Bərdə rayonunda heyvanları götürüb Bakı şəhərinə gəlməsini demişdir. Daha sonra deyilənlərin yalan olduğu ortaya çıxmışdır. Olanlardan sonra Anarın onların etibardan sui-istifadə edərək pullarını ələ keçirməyini anladıqdan sonra onun barəsində polisə şikayət etmək etmişlər. Hal-hazırda ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslə barışdığını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayında tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuş, Anarla söhbət əsasında iribuynuzlu heyvanların satışı ilə məşğul olduğunu söyləmişdir. Söhbət əsnasında Anar iribuynuzlu heyvanların kəsimində və satışında yaxşı qazanc olduğunu deyərək onlara təklif edərək müəyyən vəsait ona versələr yaxşı qazanc əldə edəcəklərini söyləmişdir. Eyni zamanda ilkin olaraq həmin işin görülməsində 12000 manat pul vəsaitinin verilməsini bildirmişdir. Həmin vaxt onun yanında tanışı Zərərçəkmiş şəxs1 da iştirak edirmiş. Onlar birlikdə Təqsirləndirilən şəxs onlara təklifilə razılaşaraq həmçinin göstərdiyi Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsində yerləşən “Kəngərli” ət dükanını gördükdən sonra, Anara etibar edib hər biri ilkin olaraq 2022-ci ilin sentyabr ayında 5.000 (beş) min manat pulu Gəncə prospektində yerləşən Palma çay evində vermişlər. Danışığa əsasən Anar iri buynuzlu heyvanları Bərdə şəhərindən gətirib Bakı şəhərində onların iştirakları ilə kəsim yerinə verəcəyini və əldə olan qazancı bir yerdə böləcəklərini bildirmişdir. Pul veriləndən sonra təxminən bir neçə gün keçmişdir ki, Anar yenidən onlarla əlaqə saxlayıb əlavə pul istəmiş və bildirmişdir ki, Bərdə şəhərində bir şəxs özünə məxsus heyvanları ucuz məbləğə satışa çıxardacaq və həmin şəxslə razılaşıb, lakin həmin heyvanları almaq üçün onların verdiyi vəsait yetərincə kifayət etmədiyindən əlavə olaraq pul lazım olduğunu demişdir. Bundan sonra əlavə olaraq o, Anara 7000 manat, Nicat isə 5000 manat pul vermişdir. Həmin ilin noyabr ayında Anarla söhbət əsasında heyvanların gətirilməsi ilə maraqlandıqda, yaxın günlərdə həmin şəxsin danaları bordadıqdan çıxardıb satacağını bildirdi. 24 noyabr 2022-ci il tarixdə Xətai rayonu ərazisində olarkən Anar Nicatla mobil telefonu ilə əlaqə saxlayıb Bərdə rayonunda olduğunu və təcili olaraq danaları alması üçün əlavə olaraq 2000 manat ona pul göndərilməsini demişdir. Elə həmin vaxt Nicatın üzərində pul olduğundan “Dostmart” marketinin içərisindən “Emanat” vasitəsilə Anarın kartına dediyi vasaiti göndərmişdir. Anar səhərisi gün Bərdə rayonundan heyvanları götürüb Bakı şəhərinə gəlməsini söyləmişdir. Daha sonra Anarın yalan danışdığı və onları aldadaraq pullarını ələ keçirməsi bəlli olmuşdur. Anar həmin pulları öz borclarına xərcləmişdir. Çıxışında təqsirləndirilən şəxsin onlara vurduğu ziyanın tam ödədiyini, onunla barışdıqlarını qeyd edərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin səmimi etirafını nəzərə alaraq Şahid iştirakı olmadan onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edərək tədqiq edilməsini mümkün hesab etmişdir. Şahidin ifadəsi təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərinə ifadələrinə oxşar olmuşdur. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, 1 ədəd qəbz maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 may 2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan vəsatətin imtina edilməsi haqqında Xətai rayon prokuroru Sərdar İmanovun 04 may 2023-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs həmin tarixdə MSY-dən azad edilmişdir. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs 10 dekabr 2023-cü il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan (iş vərəqi 115) Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi olmadığından ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan (iş vərəqi 113) Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi olmadığından ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidin ifadəsi və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, yüngülləşdirici halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir, Təqsirləndirilən şəxs həbsdə saxlandığı cəmi 20 (iyirmi) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş 1 ədəd qəbz iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 20 (iyirmi) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) ay 10 (on) gün çıxılmaqla onun üzərində qəti olaraq 10 (on) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxsnın üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 01 ədəd qəbz iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar