Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-432/2021 13.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Cəlilabad rayonu, Sarxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Sarxanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talamaq məqsədilə 09.06.2021-ci il tarixdə, saat 11 radələrində xalası oğlu Zərərçəkmiş şəxs məxsus Xətai rayonu, UPD qəsəbəsi, Qafqaz küçəsi, ev 29/9 ünvanda evi təmizləyən zaman evin ikinci mərtəbəsində olan yataq otağındakı çarpayının altında saxlanılan içərisində 5.760 manat, 2200 ABŞ dolları (3.740 manat ) olan 50 manat qiymətində seyfi gizli olaraq talayıb Zərərçəkmiş şəxs 9550 manat məbləğdə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Sarxanlı kəndində qeydiyyatda olsa da faktiki olaraq ünvan 1 ünvanında qızı və qızının həyat yoldaşı ilə birlikdə yaşayır. 1997-ci ildə X1 ilə ailə həyatı qurmuşdur. Birgə nigahlarından iki qız övladı var. Qızlarının ikisi də evlidir. Təxminən bir il olar ki, Ələddin qara ciyərin serrozu xəstəliyindən əziyyət çəkir və yataq xəstəsidir. Ələddin Rusiya Federasiyasının vətəndaşıdır. Ələddini 5 il müddətində Azərbayacan Respublikasında qeydiyyatsız yaşadığı üçün onu 2019-cu ildə ölkədən deportasiya ediblər. Ələddin 2022-ci ilin yanvar ayından tez ölkəyə qayıda bilməyəcək. O, 2021-ci ilin mart ayında Cəlilabad rayonunda Kəmalə adlı qadından faizə pul götürüb yoldaşına göndərib. Sonra faizə götürdüyü pulu qaytara bilməyib. Bundan sonra Kəmalə pulunu faizi ilə birlikdə geri tələb etməyə başlayıb. Lakin onun maddi imkanı pis olduğundan pulu qaytara bilməyib. Pul tapmaq məqsədi ilə 31.05.2021-ci il tarixdə, saat təxminən 23 radələrində Bakı şəhərinə gəlib. O, Bakı şəhərində atasının xalası Şirmayagilə gəlib. Şirmayə evdə oğlu Mahir və Mahirin ailəsi ilə birlikdə yaşayırmış. O, Şirmayəyə baş verənləri dedikdən sonra Mahirin həyat yoldaşı Sevda ona köməklik məqsədilə 200 manat pul verib. O, həmin tarixdən 11.06.2021-ci il tarixədək Mahirin evində qalıb. Onu da qeyd edib ki, faizə pul götürdüyü Kəmalə dayanmadan ona zəng edərək pulunu istəyirmiş. O, qohum kimi Mahirin evində qaldığı müddətdə ev işlərinə kömək edirmiş və evi yığışdırırmış. 09.06.2021-ci il tarixdə, saat 11 radələrində evi yığışdıranda ikinci mərtəbədə yataq otağında, çarpayının altında kiçik seyf görüb. Həmin seyfi açıb içinə baxmaq istəyib, ancaq qapısı kilidli olduğu üçün seyfi aça bilməyib. Həmin vaxt evdə ondan başqa Şirmayə xala evin birinci mərtəbəsində olub. O, seyfi aça bilməyib və otağı yığışdırıb oradan çıxıb. Faizə pul götürdüyü Kəmaləyə zəng edərək onu Bakıya dəvət edib və pulunu verəcəyini bildirib. Həmin gün saat 16 radələrində yenidən yataq otağına qalxıb və çarpayının altındakı seyfi götürüb sellofan torbaya qoyub evdən çıxıb. Piyada Aysun şadlıq evinin yanına gedib. Onu da qeyd edib ki, həmin yer zibilxananın yanıdır və orada çox adam olmur. O, ətrafda tapdığı daş ilə seyfin qapısını sındıraraq qapısını açıb. Seyfin içindən sayını bilmədiyi pul çıxıb və o, pulu götürüb sellofan torbaya qoyub. Seyfi də oradakı zibil qablarına tullayıb. Sonra yoldan keçən markasını və nömrə nişanını xatırlamadığı taksi saxladıb avtomobilə əyləşib. Avtomobilə 20 Yanvar metrostansiyası yaxınlığına sürməsini istəyib. Avtomobildə oğurladığı pulu sayıb və həmin pulun 5760 manat və 2200 ABŞ dolları olduğunu görüb. Gecəni orada keçirib və heç kimə heç nə deməyib. Növbəti gün, yəni 10.06.2021-ci il tarixdə axşam yeməyini hazırlayırmış. Həmin vaxt Mahir mətbəxə gəlib və yataq otağından seyfin oğurlandığını bildirib. Ancaq o, qorxduğu üçün əvvəl seyfi oğurladığını etiraf etməyib. Ancaq sonra o, seyfi oğurladığını etiraf edib. Mahir Seyfin harada olmasını soruşanda yalandan Əli adlı şəxsə verdini deyib. Bundan sonra onu polis bölməsinə aparıblar. Polis bölməsində seyfi oğurladığını etiraf edib. Beləliklə o, əməlindən səmimi peşman olduğunu, habelə Zərərçəkmiş şəxs vurulmuş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirib barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun anasının bacısı nəvəsidir. Aralarında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamışdır. Dəqiq xatırlamadığı uzun illər əvvəl bir-iki dəfə Ofelya onların evində qalıb. Ofelya və yoldaşı Ələddin uzun müddət Rusiya Federasiyasında yaşamışlar. 31.05.2021-ci il tarixdə Ofelya onların evinə gələrək ərinin səhhətinin pis olduğunu, hal-hazırda Rusiya Federasiyası, Dağıstan Respublikasındakı xəstəxanalarının birində müalicə aldığını bildirib. Ofelya maddi vəziyyətlərinin pis olduğunu bildirərək, köməyə ehtiyyacının olduğunu və halhazırda Rusiya Federasiyasına getmək üçün sənəd düzəltdiyini bildirib. O, həmin vaxt Ofelyaya 200 manat pul verərək sənədlərini düzəldənə qədər onlarla birgə yaşamasına icazə verib. Ofelya onların evində qaldıqda bir neçə dəfə evdə xəstə anası Şirmayə ilə tək qalmışdır. 06.06.2021-ci il tarixdə o, ailəsiylə Ramana qəsəbəsində 2 gün qaldıqda, Ofelya evində anasıyla birgə qalıb. 08.06.2021-ci il tarixdə evinə geri qayıdıb. 10.06.2021-ci il tarixdə ona bir qədər pul lazım olduğundan, yaşadığı evin ikinci mərtəbəsindəki yataq otağında çarpayının altında olan seyfdən pul götürmək qərarına gəlib. O, yataq otağına getdikdə orada çarpayının altında saxladığı seyfin yerində olmadığını görüb. İlk olaraq otağın digər hissələrinə baxıb seyfin digər yerdə olub-olmamasını yoxlayıb və daha sonra seyfin oğurlandığını başa düşüb. O, Ofelyaya baş vermiş hadisə barədə soruşanda ilk olaraq Ofelya israrla seyfin harada olduğundan xəbərsiz olduğunu bildirib. Daha sonra qardaşı Famil baş vermiş oğurluq hadisəsindən xəbər tutub onun evinə gəlib və Ofelya ilə təkrar söhbət edib. Ofelya ilə danışdıqdan sonra, Ofelya etdiyi əməli etiraf edərək seyfi oğurladığını bildirib. Ofeliya seyfi oğurlayaraq aça bilmədiyi üçün onu Əli adlı şəxsə borc əvəzi verdiyini bildirib. 50 manata aldığı seyfdə 2200 ABŞ dolları və 5760 manat olmaqla ümumilikdə 9500 manat pul olmuş və oğurluq nəticəsində ona 9550 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən onunla barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsi xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. Ofelya Cəlilabad rayonunda yaşayır, Ofelya və yoldaşı Ələddin uzun müddət Rusiya Federasiyasında yaşamışdır. 31.05.2021-ci il tarixdə Ofelya qardaşı Mahirin evinə gələrək ərinin səhhətinin pis olduğunu, hal-hazırda Rusiya Federasiyası, Dağıstan Respublikasındakı xəstəxanalarının birində müalicə aldığını bildirib. Ofelya maddi vəziyyətlərinin pis olduğunu bildirərək, köməyə ehtiyyacının olduğunu və halhazırda Rusiya Federasiyasına getmək üçün sənəd düzəltdiyini bildirib. Mahir həmin vaxt Ofelyaya 200 manat pul verərək sənədlərini düzəldənə qədər onlarla birgə yaşamasına icazə verib. Ofelya hərdən anasıyla evdə tək qalıb və evdə təmizlik işləri görürmüş. 10.06.2021-ci il tarixdə Mahir ona zəng edərək yaşadıqları evə çağırıb. O, Mahirgilin yaşadığı evə gedib. Evə daxil olduqdan sonra Mahir ona bildirib ki, evdə olan seyf oğurlanmışdır və həmin seyfi oğurlamaqda Ofelyadan şübhələnmişdir. Ofelya ilə söhbət zamanı ilk dəfə oğurluqdan xəbəri olmadığını bildirsə də sonradan etdiyi əməli etiraf edib və ona məlum olub ki, Ofelyanın etdiyi oğurluq nəticəsində qardaşı Mahirə 9500 manat maddi ziyan dəymişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. Ofelya Cəlilabad rayonunda yaşayır, Ofelya və yoldaşı Ələddin uzun müddət Rusiya Federasiyasında yaşamışlar. 31.05.2021-ci il tarixdə Ofelya onların evinə gələrək ərinin səhhətinin pis olduğunu, hal-hazırda Rusiya Federasiyası, Dağıstan Respublikasındakı xəstəxanaların birində müalicə aldığını bildirib. Ofelya maddi vəziyyətlərinin pis olduğunu bildirərək, köməyə ehtiyyacının olduğunu və hal-hazırda Rusiya Federasiyasına getmək üçün sənəd düzəltdiyini bildirib. Oğlu Mahir həmin vaxt Ofelyaya 200 manat pul verərək sənədlərini düzəldənə qədər onlarla birgə yaşamasına icazə verib. Ofelya evdə qaldıqda bir neçə dəfə evdə onunla birlikdə tək qalmışlar. 06.06.2021-ci il tarixdə oğlu Mahir ailəsiylə birlikdə Ramana qəsəbəsində 2 gün qaldıqda, Ofelya evdə onunla birgə qalmışdır. Ofelya gün ərzində evin otaqlarını gəzir evdə təmizlik işləri görürmüş. 08.06.2021-ci il tarixdə Mahir ailəsiylə geri qayıdıb. 10.06.2021-ci il tarixdə Mahirə bir qədər pul lazım olduğundan, evin ikinci mərtəbəsindəki yataq otağında çarpayının altında olan seyfdən pul götürmək qərarına gəlib. O, yataq otağına getdikdə orada çarpayının altında saxladığı seyfi yerində olmadığını görüb. İlk olaraq otağın digər hissələrinə baxıb seyfin digər yerdə olub-olmamasını yoxlayıb və daha sonra seyfin oğurlandığını başa düşüb. Mahir ondan Ofelyanın evin ikinci mərtəbəsinə qalxıb –qalxmadığını soruşduqda o, Mahirə bildirib ki, bəli Ofelya evin ikinci mərtəbəsinə də qalxıb və Ofelya ona evi təmizləmək üçün ikinci mərtəbədəki otaqlara daxil olduğunu bildirmişdir. Ofelyaya baş vermiş hadisə barədə soruşanda ilk olaraq Ofelya israrla seyfin harada olduğundan xəbərsiz olduğunu bildirmişdir. Daha sonra oğlu Famil baş vermiş oğurluq hadisəsindən xəbər tutub onların evinə gəlib və Ofelya ilə təkrar söhbət ediblər. Ofelya ilə danışdıqdan sonra, Ofelya etdiyi əməli etiraf edərək seyfi oğurladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11.06.2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 11.06.2021-ci il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 8-11); şübhəli şəxsin tutulması haqqında 11.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 26); zərərçəkmiş şəxs qismində tanınma haqqında 12.06.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 39-40); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 48-49); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə 13.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 63-64); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 29.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Nuriyeva X2 Rayon Məhkəməsinin 08.07.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətinə islah işləri (10%) cəzasına məhkum edilmişdir (i.v. 72-73); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin 13.10.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 08.07.2014-cü il tarixli, 1(073)-55/2014 saylı hökmünə əsasən X3 AR CMnin 306.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay aylıq qazancının 20%-i məbləğində pul vəsaiti tutulmaqla 06 ay müddətində islah işləri cəzasına məhkum olunmuşdur. Adı çəkilən hökm icra olunması üçün 17.11.2014-cü il tarixdə Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Məhkum cəzanı tam çəkib qurtardığından məhkumların qeydiyyatı kitabından çıxarılmışdır. sübutların qiymətləndirilməsi haqqında 26.07.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmış, Zərərçəkmiş şəxs və şahidlərin ifadələri iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs əməlində CM-nin 177.2.3-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin hissədə cinayət təqibinə xitam verilmişdir (i.v. 75-80); məcburi gətirilmə haqqında 05.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada Xətai RPİ-nin İŞ-nə gətirilməsi qərara alınmışdır (i.v. 84); təqsirləndirilən şəxsin qətimkan tədbirlərinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməsi haqqında 11.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur (i.v. 86); cinayət işi üzrə icraatın dayandırılması haqqında 11.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim olunanadək ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 88); 09.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur; cinayət işi üzrə icraatın təzələnməsi haqqında 10.09.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 92); Zərərçəkmiş şəxs **********551 saylı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən onunla barışmışdır və ona qarşı heç bir şikayət, tələb və iddiası yoxdur (i.v. 97); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə 11 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad olunmuş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmışdır (i.v. 99-100). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs barəsində olan Cəlilabad Rayon Məhkəməsinin 08.07.2014-cü il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.2-ci maddəsinə əsasən ödənildiyindən, hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.12-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq saxlanıldığı 11.06.2021-ci il tarixdən 13.06.2021-ci il tarixədək, 09.09.2021-ci il tarixdən 11.09.2021-ci il tarixədək olan müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Cəlilabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdən 13 iyun 2021-ci il tarixədək, 09 sentyabr 2021-ci il tarixdən 11 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı və tutulduğu 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-432/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-432/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver