Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-432/2022 11.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhər 9 saylı Vəkil Bürosunun vəkili X4 və Bakı şəhər 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Qarayevkənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda kirayə yaşamış, barəsində həbs qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə 02 iyun 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs qardaşı Sahib Qəhrəmanov tərəfindən Rusiya Federasiyası Moskva şəhərindən ünvan 2 ünvanda yerləşən “Xalq Bank" ASC-nin Əhmədli filialına “Contact" pul köçürmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs məxsus olan və ona verilməsindən ötrü sonuncunun xahişi ilə adına göndərilmiş 4.900 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 8.330 manat pul vəsaitini bankda əldə etdikdən sonra onunla birlikdə banka gəlmiş Zərərçəkmiş şəxs pulu küçədə verəcəyini yalandan bildirərək sonuncu ilə birlikdə bankdan çıxmış və bankın qarşısında həmin pul vəsaitini Zərərçəkmiş şəxs verməyib qaçaraq onun gözü qarşısında açıq yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 4.900 (dörd min doqquz yüz) ABŞ dolları, dövrün məzənnəsi ilə 8.330 (səkkiz min üç yüz otuz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxs və şahidin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildiyini ,ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini qeyd edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs 6-7 ilə yaxındır ki, tanıyır. Belə ki, sonuncu ilə avtomaşınların yuyulma məntəqəsində tanış olmuşdur. 2022-ci ilin may ayının sonlarında Zərərçəkmiş şəxs ilə görüşərkən sonuncu Rusiya Federasiyasının Moskva şəhərində yaşayan qardaşı Sahib Qəhrəmanovun ona məxsus 8.330 manat pulunu bank vasitəsi ilə Bakıya göndərəcəyini bildirmişdir. Bunun qarşılığında Zərərçəkmiş şəxs müəyyən qədər hörmət edəcəyinə ona söz vermişdir. 02 iyun 2022-ci il tarixdə Səbuhi zəng edərək pulun "xxxx" ASC-nin Əhmədli filialına köçürüldüyünü deyib ona bildirmişdir. 02 iyun 2022-ci il tarixdə saat 13 radələrində Səbuhi ilə görüşüb “Xalq Bank“ ASC-nin Əhmədli filialına yaxınlaşmışlar. Həmin vaxt Səbuhi “Contact” pul köçürmə sistemi ilə göndərilmiş 8.330 manat pulunun kassadan götürülməsi üçün dəqiq xatırlamadığı məxfi şifrəni mobil telefonunun «WhatsApp»ına atmışdır. Sonra növbə götürüb gözləyərkən Səbuhi siqaret çəkmək üçün küçəyə çıxmışdır. Bir qədər sonra Səbuhi təkrarən içəri daxil olarkən artıq “Contact” pul köçürmə sistemi ilə göndərilmiş 4.900 ABŞ dollar pulu konvertasiya olunmuş 8.330 manat şəklində 83 ədəd 100 manat, 01 ədəd 20 manat və 01 ədəd 10 manatlıq əskinas şəklində kassadan götürmüşdür. Həmin vaxt Səbuhi yaxınlaşanda ona küçəyə çıxdıqdan sonra pulu verəcəyini bildirmişdir. Onlar bankdan çıxarkən ani bir anda iri addımlarla Səbuhidən aralanıb qaçmışdır.Bunu etməyə vadar edən borcları olmuşdur. Bundan sonra elə həmin gün 8.330 manat puldan 2.050 manatını borclu olduğu, əvvəllər bir yerdə işlədiyi, əslən Saatlı rayonu Qarayevkənd kəndindən olan Şahid, 1.730 manatını isə digər tanışı olan, əvvəllər bir yerdə fəhlə işlədiyi, Əslən İmişli rayonundan olan X2 anası xəstə olduğu üçün borc qismində kart hesabına göndərmişdir. Pulun qalan hissəsini isə şəxsi maraqlarına xərcləyib, 600 manatını üstündə saxlamışdır. Daha sonra 06 iyun 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq 34-cü Polis Şöbəsinə gəlirilmişdir. Orada olarkən, 8.330 manatdan üzərində qalan 600 manatı könüllü olaraq təqdim etmişdir. Məhkəmə istintağö zamanı zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəmişdir.Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir tələb və şikayətin olmamasını, ilk məhkumluğunu, himayəsində bir azyaşlı uşağının olmasını,qardaşının qazi olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında avtomobil yuma məntəqəsində işləyən vaxtan tanımışdır. Ənvər ilə arasında olan münasibətlər yaxşı olmuşdur. 02 iyun 2022-ci il tarixdə qardaşı X1 Federasiyasının Moskva şəhərindən özünə məxsus 8.330 manat pulu bank vasitəsi ilə Bakı şəhərinə göndərməli olmuşdur. İİ qrup əlil olduğu üçün gələcəkdə sosial müavinat almaqda hər hansı bir problemlə üzləşməmək məqsədi ilə adına pul gəlməsini bildirməmək üçün bu işdə köməklik etmək məqsədi ilə Ənvərə müraciət etmişdir. Ənvər də növbəsində köməklik edəcəyinə və pulun adına vurulmasına razılıq vermişdir. Bu minvalla 02 iyun 2022-ci il tarixdə saat 13 radələrində onlar bir yerdə, ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nin Əhmədli filialına yaxınlaşmışlar. Həmin vaxt Ənvər qardaşı X3 göndərdiyi dəqiq xatırlamadığı məxfi şifrəni istifadə etdiyi 070 ***-**-** mobil nömrəsindən telefonun «WhatsApp» proqramı ilə göndərmişdir. Bundan sonra növbə götürüb Contact pul köçürmə sistemi ilə göndərilən 8.330 manat pulu götürmək üçün gözləyərkən növbənin uzun olmasını görüb siqaret çəkmək üçün küçəyə çıxmışdır. 5-10 dəqiqə sonra banka daxil olarkən Ənvər kassanın yanında pulu götürüb yaxınlaşaraq 8.330 manat pulun onda olmasını bildirib və küçəyə çıxdıqdan sonra həmin pulu verəcəyini bildirmişdir. Onlar bankdan çıxarkən Ənvər qəflətən iri addımlarla həmin yerdən qaçıb uzaqlaşmışdır. İİ qrup əlil olduğu üçün ayağında qüsur olması səbəbi ilə sonuncunun ardınca qaça bilməmişdir. Ucadan qışqıraraq dayan, qaçma ifadələrini işlətmiş, lakin Ənvər heç bir məhəl qoymadan və arxasına belə baxmadan qaçaraq binaların arasına girərək gözündən itmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs dəymiş ziyanın əsas hissəsini ödəmiş, ödənilməmiş qalan 1000 manatın ödənilməsi barədə razılaşmış, onunla barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, onun ifadəsi Təqsirləndirilən şəxs ifadəsi ilə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarına əlavə edilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı Asiman İmaməli tərəfindən tərtib edilmiş 07 iyun 2022-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi 8.330 manat puldan qalan 600 manatı könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan “Xalqa Bank" ASC tərəfindən verilmiş 02 iyun 2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs “Xalqa Bank" ASC Əhmədli filialından 4.900 ABŞ dolları qəbul etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında qərardan görünür ki, "xxxx" ASC-in "Əhmədli" filialından götürülmüş 02 iyun 2022-ci il tarixli görüntüləri əks etdirən bir ədəd “CD" diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, videogörüntüdə bankın inzibati binasında yerləşən əynində boz rəngli köynək, qara rəngli şalvar olan orta boylu, qara saçlı, arıq bədən quruluşlu şəxs əlində A4 formatlı kağızla birlikdə kassaya yaxınlaşaraq sənədləri təqdim etmiş, bir qədər gözləmiş, həmin şəxsə orta boylu, qara saçlı, əynində qara köynək, qara şalvar olan düzgün bədən quruluşlu şəxs yaxınlaşaraq söhbət etmiş, daha sonra arıq bədən quruluşlu olan şəxsin kassada təqdim olunan pulu götürüb sağ arxa cibinə qoyaraq çıxıb getdiyi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə olan əynində boz rəngli köynək, qara rəngli şalvar olan və orta boylu, qara saçlı, arıq bədən quruluşlu şəxsin özü olmasını bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, "xxxx" ASC-nin “Əhmədli” filialından götürülmüş 02 iyun 2022-ci il tarixli görüntülərin olduğu bir ədəd “CD” disk, 02 iyun 2022-ci il tarixli qəbz və Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdikdən sonra könüllü olaraq təqdim etdiyi 600 manat pul vəsaiti maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il saat 20:00-da CM-nin 180.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs dəymiş ziyanın əsas hissəsini ödəmiş, ödənilməmiş 1000 manatın ödənilməsi barədə razılaşmış, onunla barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs qardaşı X7 Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş Saatlı rayon Orta Muğan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs barəsində verdiyi xasiyyətnamədən görünür ki, o, Orta Muğan kəndində yaşadığı müddətdə özünü intizamlı vətəndaş kimi aparmış, kəndin bütün ictimai işlərində fəal iştirak etmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxs və şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadə və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirildi, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal, habelə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs 04 (dörd) ay 04 (dörd) gün həbsdə saxlandığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli, ona sınaq müddəti təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş "xxxx" ASC-nin “Əhmədli” filialından götürülmüş 02 iyun 2022-ci il tarixli görüntülərin olduğu bir ədəd “CD” disk, 02 iyun 2022-ci il tarixli qəbz iş materiallarında saxlanılmalıdır. Maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 600 manat pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 04 (dörd) ay 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Müəyyən olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində probasiya idarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş "xxxx" ASC-nin “Əhmədli” filialından götürülmüş 02 iyun 2022-ci il tarixli görüntülərin olduğu bir ədəd “CD” disk, 02 iyun 2022-ci il tarixli qəbz iş materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 600 (altı yüz) manat pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-432/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-432/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver