Məhkəmə qərarları › İş №1(011)-432/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-432/2024

08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-432/2024 08.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1979-cu il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 314/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 02 (iki) il 10 (on) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 14 may 2024-cü il tarixdə, saat 17:50-də Xətai RPİ-nin 37-ci PŞ-nin sahə rəisi Şahid tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində xidmət aparılarkən onun hərəkətləri şübhə doğurduğu üçün Xətai rayonu, Kazımağa Kərimov küçəsi 34/36 ünvanda saxlanılıb, ünvan 3-ci Polis Şöbəsinə gətirilərək videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi-axtarış və götürmə zamanı əynindəki göy rəngli qısa qol gödəkçənin sağ cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,540 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, narkotik vasitələrin müxtəlif növlərindən qəbul etmişdir. Bədənində olan ağrılara görə tanımadığı şəxslərdən narkotik vasitə və psixotrop maddə metamfetamin əldə edərək qəbul etmişdir. 14 may 2024-cü il tarixdə bədənində ağrılar olduğu üçün saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrostansiyasının yaxınlığına gedərək əvvəllər tanımadığı, anket məlumatlarını bilmədiyi üzdən tanıdığı Elbrus adlı şəxsdən 25 manata şəxsi istifadəsi üçün bir büküm “şüşə” psixotrop maddə metamfetamin alıb bir hissəsini istifadə etdikdən sonra qalan hissəsini üzərində gəzdirmişdir. 14 may 2024-cü il tarixdə, saat 17:50-də ünvan 5 ünvanın qarşısında bir nəfər şəxs ona yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirib şəxsiyyəti ilə maraqlanmışdır. O, özünü polis əməkdaşına təqdim edəndən sonra polis əməkdaşı onu Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan şübhələnərək əllərini ciblərinə salmağa imkan verməyərək onu yaxınlıqda olan Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə aparmışdır. Polis Şöbəsində təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təqdim edilmiş və üzərinə şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Polis əməkdaşı üzərində olan əşyaları təqdim etməyi bildirmişdir. Artıq anlamışdır ki, başqa çıxış yolu yoxdur və əynində olan göy rəngli qısa qol gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxararaq polis əməkdaşlarına təqdim edərək bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra həmin büküm polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş, psixotrop maddə metamfetamin 0.63 qram olmuşdur. Sorğu zamanı o, psixotrop maddə metamfetamini tanımadığı şəxsdən 25 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Sonra polis əməkdaşına təqdim etdiyi bir büküm bir ədəd zərfdə qablaşdırılmış, iştirakçılar ilə birlikdə zərfin üzərinə imza etmişlər. Üzərində şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, iştirakçılar ilə birlikdə protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, inzibati ərazidə xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşarkən əlini əynində olan göy rəngli qısa qol gödəkçəsinin sağ cibinə salaraq şübhəli aparmağa başlamışdır. Həmin şəxsin üzərində qanunla qadağan olunmuş maddələrin və ya əşyaların olmasına əsaslı şübhələr olduğundan ona əllərini ciblərinə salmağa imkan verməyərək yaxınlıqda olan 37-ci PŞ-nə aparmışdır. Polis şöbəsində saxladığı şəxsin xx xxx 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı tərəfindən raport yazılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin aparılması şöbənin təhqiqatçısı, polis mayoru Əkbər Hacıyevə həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləciyi bildirilmişdir. Sonra xidməti otaqda videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması başlanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasında sonuncunun vəkili iştirak etmişdir. Şəxsi axtarışdan öncə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya olduğu halda onu təqdim etməyi təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli qısa qol gödəkçənin sağ yan cibində saxladığı 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoyub həmin bükülünün içərisində (patı) psixotrop maddə metamfetamin olduğunu bildirərək, həmin bükümü 14 may 2024-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrostansiyasının yaxınlığında tanımadığı, anket məlumatlarını bilmədiyi, üzlə tanıdığı Elbrus adlı şəxsdən 25 manat pul müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər maddənin nə olması aşkar edilərək təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülü “Çin” istehsalı olan elektron tərəzidə ölçülərkən çəkisinin qablaşdırma ilə birlikdə 0,63 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdəki psixotrop maddəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Əlavə olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və iştirakçılar protokolu imzalamışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 15 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 14 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:50 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 15); şəxsi axtarış və götürmə aparılması haqqında 14 may 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçənin sağ cibindən bir ədəd sellofana bükülmüş 1 ədəd bükülünü təqdim etmişdir. Həmin bükümün içərisində nə olması ondan soruşulduqda, kütlənin narkotik maddə olan “patı” olmasını bildirmişdir. Həmin bükümdə olan kristal halında olan maddə elektron tərəzidə çəkilmiş və ona məlum olmuşdur ki, həmin bükülünün çəkisi 0.63 qramdır. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, bugün, yəni xx.xx.2024-cü il tarixdə Xətai rayonu, H.Aslanov metrostansiyasının qarşısında Elbrus adlı şəxsdən 25 manata alıb, özü istifadə etməyi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülmüş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 25-27); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2024-cü il tarixli, 3-16-16/2-6/2747 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №153” dairəvi möhür əksi və “...Gözəlov –imza, üç-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi – 0.540 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir (i.v. 41- 45); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 54-55); “DVD-R” diskə baxış keçirilməsi haqqında 16 may 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 14 may 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 65); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-380/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (i.v. 75-80); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Gözəlov X1 Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 99 və 106.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 38-ci maddəsi tətbiq edilməklə aylıq gəlirindən 10% tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir; Biləsuvar Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 93-3.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ali Məhkəmənin xx.xx.1999-cu il tarixli qərarı ilə xx.xx.1999-cu il tarixli hökm yeni baxışa göndərilmişdir; Saatlı Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 93-3.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 70.3-cü maddəsi tətbiq edilməklə 01 şərti sınaq müddəti təyin edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 132, 177.2.2, 177.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66-cı maddəsi tətbiq edilməklə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək ona 1000 manat cərimə cəzası təyin edilmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1, 68.3.2 və 69.3-cü maddələri tətbiq edilməklə 01 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşırılması cəzasına məhkum edilmiş, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən cəzası 01 il azaldılmış, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 20 gün hissəsi 01 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 10 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 85-88); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-314/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, onun tutulduğu və həbsdə olduğu 26 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmış və üzərində 02 (iki) il 10 (on) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v. 89-94); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsinin xx.xx.2024-cü il tarixli, 3744 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 96-97); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2024-cü il tarixli, 3-16-16/2-6/2747 saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsinin xx.xx.2024-cü il tarixli, 3744 nömrəli rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0.590 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.490 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİnin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 01 ədəd “DVD-R” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 105-111); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-314/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 10 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökm və hökmün icrası barədə göstəriş 08 dekabr 2023-cü il tarixdə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icraatına daxıl olmuş, 07 mart 2024-cü il tarixdə məhkum qeydiyyata götürülməklə yanaşı 19 mart 2024-cü il tarixdə ona elektron nəzarət vasitəsi tətbiq edilmişdir. və 14 may 2024-cü il tarixə kimi həmin cəzanı çəkmişdir. Həmin müddət ərzində Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdən 21 mart 2024-cü il tarixədək 7 gün müddətinə həbsdə saxlanılmışdır. Beləliklə məhkum Təqsirləndirilən şəxs ona yuxarıda qeyd olunan hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 2 ay hissəsini çəkmişdir; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X2 vardır. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçənin sağ cibindən bir ədəd sellofana bükülmüş 1 ədəd bükülünü çıxarıb təqdim edir. Həmin bükümün içərisində nə olması ondan soruşulduqda, kütlənin narkotik maddə olan “patı” olmasını bildirir. Həmin bükümdə olan kristal halında olan maddə elektron tərəzidə çəkildikdən sonra çəkisinin 0.63 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2024-cü il tarixdə Xətai rayonu, H.Aslanov metrostansiyasının qarşısında Elbrus adlı şəxsdən 25 manata alıb, özü istifadə etməyi üçün üzərində saxladığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.540 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını (CM- 59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Masallı Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli, Biləsuvar Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli, Saatlı Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli və Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmləri üzrə olan məhkumluqları ödənildiyindən Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bundan başqa, “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2002-ci il tarixli Plenum qərarının 4-cü hissəsinə əsasən əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında saxlanılmış (CİM-nin 66-cı maddəsi) və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir. Həmin Qərarın 5-ci hissəsinin “a” bəndinə əsasən islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan AR CMnin 49.3, 53.4-cü maddələrinə müvafiq olaraq həmin cəzalar məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1, 68.3.2 və 69.3-cü maddələri tətbiq edilməklə 01 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşırılması cəzasına məhkum edilməsi, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən cəzasının 01 il azaldılması, daha sonra isə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 20 gün hissəsinin 01 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs hesab edilməsinə və əməlində cinayətin residivinin olmasına dəlalət etmir. Bundan başqa qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-314/2023 saylı, xx.xx.2023-cü tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmiş, lakin həmin məhkumluq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan məlumatlara əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-314/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün 27 noyabr 2023-cü il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini 14 may 2024-cü il tarixdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunmasına baxmayaraq yenidən cinayət törətməsini, azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin ona yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, üzərindən aşkar olunmuş qanunla dövriyyəsi qadağan olunmuş psixotrop maddə metamfetaminin miqdarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.), ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə yenidən qəsdən cinayət törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, hazırki hökm üzrə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-314/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 08 (səkkiz) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla (CM 68.1.1-1) 01 (bir) il 04 (dörd) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti cəza təyin edilməli (CM 67.1), cəzaçəkmə müddətinin başlanğıcı 14 may 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0.540 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.490 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 92 (doxsan iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-314/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 08 (səkkiz) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla ) 01 (bir) il 04 (dörd) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 14 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, ümumi təmiz çəkisi 0.540 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.490 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar