Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-433/2021 18.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, nümayəndəsi və vəkili Müdafiəçi1, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Ağdam rayonu Kəngərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Kəngərli kəndində qeydiyyatda otan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzabati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan qəsdən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 22.06.2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Xətai rayonu Babək prospekti 61 ünvanda fəaliyyət göstərən «maşın bazarı»nda tanışı Zərərçəkmiş şəxs bir gün öncə qardaşı Şahid1 Ətiraf oğlu ilə müştəri üstündə aralarında yaranmış mübahisəyə aydınlıq gətirərkən aralarında yaranmış münaqişa zamanı Zərərçəkmiş şəxs onu söyüb təhqir etməsi və əli ilə sinəsindən itələməsi səbəbindən idarə etdiyi «Ford» markalı «Fusion» modelli **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisindən götürdüyü bir ədəd mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sol qoluna bir dəfə zərbə vuraraq ona ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən sol əlin İl-İİl İV-V barmaqların açıcı vətərlərin və əzələlərin, mil-bilək oynağının açıcı vətərinin zədələnməsi ilə müşayiət olunan sol saidin bir ədəd geniş hecimli kəsilmiş yarasından ibarət xəsarət yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 iyun 2021-ci il tarixdə axşam saatlarında evdə olmuş, qardaşı Vüqar evə gələndə əhval-ruhiyyəsinin olmadığını görmüşdür. Vüqardan nə baş verdiyini soruşmuş, Vüqar ona heç nə deməmişdir. Başa düşmüşdür ki, Vüqar işlədiyi yerdə kimləsə mübahisə etmişdir. Növbəti gün, yəni 22.06.2021-ci il tarixdə saat 11 radələrində «maşın bazarı»na əmisi Rüstəmin işlətdiyi mağazaya gəlmiş və mağazada satıcı işləyən Ramildən qardaşı Vüqarın bir gün öncə kiminlə mübahisə etdiyini soruşmuşdur. Ramil ona cavab verməmiş, təkrar Ramilə sual verəndə qonşuluqda mağaza işlədən Zərərçəkmiş şəxs qardaşı Vüqarın onunla mübahisə etdiyini bildirmişdir. Vüqarın işlətdiyi mağazanın qarşısına gəlmiş və Vüqardan nə üçün qardaşı ilə mübahisə etdiyini, ondan qardaşına söyüş söyüb-söyməməsini soruşmuş, Vüqar isə həmin vaxt ona «nə etmişəmsə yaxşı etmişəm» demişdir. Bu sözlərə əsəbiləşərək Vüqarın əyləşdiyi masanın üzərinə yumruqla vurmuşdur. Həmin vaxt Vüqar ayağa qalxaraq yumruqlarla sinəsindən itələmiş və üstünə gəlmişdir. Vüqar qüvvətli olduğundan özünü müdafiə etmək üçün həmin gün səhər saatlarında 8-ci km bazarında evə aldığı mətbəx bıçağını idarə etdiyi və mağazanın yaxınlığında saxladığı «Ford» markalı «Fusion» modelli 9D-CY-028 dövlət qeydiyyat nişanlı avtomobilin içərisindən götürüb Vüqarı qorxutmaq məqsədi ilə sonuncunun yanına getmiş, lakin Vüqar söyüşlər söyərək üstünə gəlmiş və yumruqla zərbə endirmək istəyəndə bıçaqla Vüqarın sol qolundan bir dəfə vurmuşdur. Həmin vaxt Vüqarın qolu qanamış, ətrafda olan uşaqlara Vüqarı xəstəxanaya aparmağı demiş, özü isə 34-cü PŞ-nə getmiş, bıçağı da özü ilə şöbəyə gətirmiş və sonra bıçağı təhqiqatçıya təqdim etmişdir. Əməlindən peşmandır. Vüqarın əməliyyat xərcini ödəmiş, yenidən əməliyyata vəsait lazım olduğu halda ödəməyə hazırdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Babək prospektində fəaliyyət göstərən «maşın bazarı»nda «Mercedes» markalı avtomobilə aid işlənmiş ehtiyat hissələrinin satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən iki ildir ki, tanıyır. İlqarın əmisi və dayısı «maşın bazarı»nda qonşu mağazaları işlədirlər. İlqarın qardaşı Şahid1 isə işlətdiyi mağazadan təxminən 10 metr aralıda başqa bir şəxslə şərikinə mağaza işlədərək «Mercedes» markalı avtomobillərə aid olan işlənmiş ehtiyat hissələrinin satışı ilə məşğuldur. Əvvəllər İlqar və Vüqar qardaşları ilə heç bir düşmənçiliyi və ədavəti olmamış, münasibətləri normal olmuşdur. 21 iyun 2021-ci il tarixdə saat 18 radələrində işlətdiyi mağazanın qarşısında olmuşdur. Həmin vaxt Vüqarın mağazanın qarşısında həmişə ondan ehtiyat hissələri alan bir müştəri ilə söhbet etdiyini görmüş, başa düşmüşdür ki, Vüqar həmin müştərini öz işlətdiyi mağazaya aparmaq istəyir. Lakin müştəri Vüqarla getməmiş və onun mağazasından ehtiyat hissəsi almışdır. Onu da qeyd etmişdir ki, bu hallar əvvəllər bir neçə dəfə təkrarlanmış, hətta bu işdə ona qonşu mağazanı işlədən əmisi Rüstəm də kömək etmişdir. Ehtiyat hissəsini müştəriyə satandan sonra Vüqarı yanına çağırıb ona düz iş görmədiyini deyərək etdiyi hərəkətə görə iradını bildirmişdir. Hətta həmin vaxt Vüqarla arasında sözlə mübahisə yaranmış, həmin vaxt əmisi Rüstəm də Vüqarın tərəfini saxlamış, lakin sözlə olan mübahisələri bir neçə dəqiqədən sonra bitmişdir. Növbəti gün, yəni 22.06.2021-ci il tarixdə saat 11 radələrində işlətdiyi mağazanın qarşısında qoyulmuş masanın arxasında oturmuşdur. Həmin vaxt Vüqanın qardaşı İlqar yanından keçərək əmisi Rüstəmin işlətdiyi mağazaya tərəf getmiş və Rüstəmin işçisi olan Ramildən qardaşı Vüqarın bir gün öncə kiminlə burada mübahisə etdiyini soruşmuşdur. Lakin Ramil ona cavab verməmiş, İlqar isə iki-üç dəfə sualını təkrarlayandan sonra cavab verməyəcəyi təqdirdə söyüş söyəcəyini Ramilə bildirmişdir. Həmin vaxt İlqarı yanına çağıraraq qardaşı Vüqarın onunla mübahisəsinin olduğunu bildirmiş, İlqar əyləşdiyi masanın qarşısına gələrək «nə söhbətdir?» soruşmuş, sonuncuya qardaşı Vüqarın mağazasının qarşısından bir neçə dəfə müştəri apardığına görə ona iradını bildirdiyini demiş, İlqar qardaşının boyu balaca olduğuna görə sonuncunu aşağırladığını aqressiv şəkildə ona demiş, İlqara qardaşına boyuna görə yox, etdiyi hərəkətlərə görə iradını bildirdiyini bir daha təkrarlamışdır. Həmin vaxt İlqar aqressiv şəkildə yumruqla onun oturduğu masanın üzərinə vurmağa başlamış və «nə olub, sənə deyirəm» soruşmuş, İlqara masaya yumruq vurmağa ehtiyacın olmadığını deyib qardaşı İlqardan mübahisənin səbəbini soruşmağı demişdir. Lakin, İlqar sakitləşməmiş və yumruqla zərbələri masaya daha da bərk vurmağa başlamışdır. Ayağa qalxıb əli ilə İlqanın sinəsindən yavaş itələmişdir ki, İlqar aralanıb getsin. Lakin İlqar həmin vaxt arxa bel nahiyəsində taxta materialından hazırlanmış sarı rəngdə tutacağı olan, itilənmiş, parıldayan böyük ölçüdə olan, adətən qəssablar tərəfindən istifadə olunan bıçağı çıxardaraq iki dəfə qarın nahiyəsinə zərbə atmış, lakin çəkilmiş və zərbələr ona dəyməmişdir. Üçüncü dəfə İlqar bıçaqla onu sinəsindən vurmaq istəyəndə zərbənin qarşısını almaq üçün sol qolunu yuxarı qaldırmış, həmin vaxt bıçaq sol qolunun üst hissəsinə dəymişdir. Zərbədən qolunun üst hissəsinin əti iki böyük hissəyə aralanmışdır. Həmin vaxt İlqar ünvanına söyüşlər söyüb üstünə gələndə bazarda işləyən uşaqlar İlqarın qarşısını almışlar. Bazarda işləyən Cavid və Aqşin isə köməyinə gəlib əlini sarımışlar ki, qanaxma dayansın. Sonra bazarda işləyən Raqif adlı şəxs öz avtomobili ilə onu «Modern hospital» xəstəxanasına aparmışdır. Həmin xəstəxanada ona tibbi yardım göstərərək sol əlinin üst hissəsinə tikişlər qoymuşlar. Təqsirləndirilən şəxs onu öldürməyə cəhd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs isə tanıyır, onunla heç bir münasibəti yoxdur, İlqarın əmisi və qardaşı da «maşın bazarı»nda avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olurlar. Hadisə günü işlətdiyi mağazanın qarşısında oturmuşdur. Həmin vaxt İlqar əmisi Rüstəmin işlətdiyi mağazanın qarşısına gətərək mağazada işləyən Ramil adlı şəxsdən bir gün öncə burada qardaşı Vüqarın kiminlə mübahisə etdiyini soruşmuş, Ramil İlqarın sualına cavab verməmiş, X7 «söyüş söyəcəm, deməsən» demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs işlətdiyi mağazanın qarşısında əyləşmiş və İlqarın dediklərini eşitmişdir. Vüqar İlqarı yanına çağırmış və sonuncuya qardaşı Vüqarla aralarında müştəri üstündə sözlə mübahisənin olduğunu bildirmişdir. Sonra onların nə söhbət etdiklərini eşitməmiş, sonradan onların söhbəti qızışmağa başlamış, İlqar Vüqarın əyləşdiyi masanın üzərinə bir neçə dəfə yumruqla vurmuş, Vüqar isə ayağa qalxıb əlləri ilə İlqarı sinəsindən itələmişdir. Həmin vaxt İlqar bıçağı çıxardaraq Vüqarın üzərinə getmiş və bıçaqla iki dəfə Vüqara tərəf zərbə yetirmişdir, lakin həmin zərbələr Vüqara dəyməmiş, üçüncü dəfə Vüqara zərbə yetirəndə bıçaq Vüqarın sol əlinin üst hissəsinə dəymiş, zərbədən Vüqarın qolu qanamışdır. Vüqar İlqarın üzərinə getməmiş, yumruq atmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xalası oğludur. Vüqar «maşın bazarında «Mercedes» markalı avtomobilə aid olan işlənmiş ehtiyat hissələrinin satışı ilə məşğuldur. Mağazalarının arasında məsafə təxminən 6-7 mağaza var. Həmin vaxt mağazanın içərisində olmuş, səs-küy gəldiyindən çölə çıxmış, Vüqarın qolundan bıçaqlandığını görmüşdür. Vüqarı tez öz maşınına mindirmiş, «Modern Hospital» xəstəxanasına aparmışdır. Hadisə zamanı orada olmamış, sonradan gəlmişdir. Hadisə yerinə gələndə orada xeyli adam olmuşdur. Eşitdiyinə görə İlqar bıçağı belindən çıxarıb Vüqarı vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır. Zərərçəkmiş şəxs tanıyır. Vüqarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Hadisədən bir gün əvvəl Vüqarla arasında mübahisə olmuş, belə ki, Vüqar ona müştərisini apardığını demiş, halbuki, belə bir şey olmamışdır. Vüqar onun müştərisini çağıran şəxsin ünvanına söyüş söymüşdür. Vüqar ondan yaşça və bədəncə böyük olduğundan onu alçatmış, Vüqara onun müştərisini çağırmadığını demişdir. Səhəri gün bazarda müştəri yola salarkən səsküy eşitmiş, çölə çıxdıqda qardaşı ilə Vüqarın mübahisə etdiyini, Vüqarın qolundan qan gəldiyini görmüşdür. Qardaşı maşına minib getmiş, Vüqarı isə xəstəxanaya aparmışlar. Orada Vüqarın qoluna tikiş qoyulmuş, xərcləri o, qarşılamış, bu barədə çeklər vardır. Vüqara qonşu olduqlarını, barışmaq istədiklərini demiş, ondan üzr istəmiş, lakin Vüqar səhəri gün yüksək məbləğdə pul istəmiş, verməsələr şikayət edəcəyini demişdir. Bazarda günü 15 manata işləyir və Vüqarın tələb etdiyi pulu ödəməyə imkanı olmamışdır. Eşitdiyinə görə qardaşı Vüqarın yayına gedərək nəyə görə belə hərəkət etdiyini demiş, Vüqar qardaşının üzərinə gedərək əli ilə onu sinəsindən vuraraq itələmiş, bundan sonra qardaşı özünü qorumaq üçün maşından bıçaq götürmüş, bıçaq Vüqarın qoluna dəyərək kəsmişdir. Bıçaqla vurulma yerini görməmiş, ora gələndə orada 5-6 nəfər adam olmuşdur. Qardaşına Vüqarla mübahisəsi barədə heç nə deməmiş, Vüqarın hərəkətləri ona pis təsir etmiş, axşam kefsiz olmuş, yemək yeməmiş, bu səbəbdən qardaşı bazarda kiminləsə mübahisə etdiyini düşünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Behrəm oğlu ifadəsində göstərmişdir ki. Zərərçəkmiş şəxs Rüstəm oğlunu tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. İlqar və Şahid1 tanıyır, sonuncular müdiri Rüstəmin qardaşı uşaqlarıdır. 21 iyun 2021-ci il tarixdə mağazada olmuş, həmin vaxt İlqar yanına gələrək bir gün öncə qardaşı Vüqanın bazarda kiminlə mübahisə etdiyini soruşmuş. İlqara yalandan bu haqda məlumatının olmadığını bildirmişdir. Həmin vaxt Vüqar İlqarın dediklərini eşitmiş, qardaşı Vüqarın onunla mübahisə etdiyini bildirmişdir. İlqar Vüqarın yanına gedib qardaşı ilə nə üçün mübahisə etdiyini soruşmuş, İlqar təkrar soruşduqda Vüqar İlqarın sinəsindən vuraraq itələmiş, İlqanın ayağı büdrəmiş, İlqar yaxınlıqda saxladığı «Ford» markalı «Fusion» modelli avtomobilə tərəf gedib avtomobildən mətbəx bıçağını götürüb geri qayıtmış, onları aralayan zaman bıçaqla Vüqarın qolundan vurmuş və Vüqar xəsarət almışdır. Vüqarın qolunu sarıyıb xəstəxanaya aparmışlar. İlqar isə çıxıb getmişdir. İlqarın bıçağı maşından götürdüyünü dəqiq görməmiş, amma maşına tərəf getmiş, gələndə bıçaq əlində olmuşdur. Polislər sonra gəlmiş, İlqarın hansı maşınla getdiyini görməmiş, bıçaq balaca mətbəxt bıçağı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısının əridir. 22 iyun 2021-ci il tarixdə saat 11 radələrində idarə etdiyi avtomobil üçün ehtiyat hissəsini almaqdan ötrü «maşın bazarı»na gəlmişdir. Həmin vaxt İlqarın «Ford» markalı «Fusion» modelli **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə «bazar»a gəldiyini görmüş, İlqar əmisi Rüstəmin işlətdiyi mağazada satıcı işləyən Ramildən qardaşı Vüqarın bir gün öncə kiminlə mübahisə etdiyini soruşmuş, lakin Ramil İlqara cavab verməmişdir. İlqar təkrar Ramilə sual verəndə qonşuluqda mağaza işlədən Vüqar İlqara qardaşı Vüqarın onunla mübahisə etdiyini bildirmişdir. İlqar Vüqarın işlətdiyi mağazanın qarşısına gəlmiş və Vüqardan nə üçün qardaşı ilə mübahisə etdiyini soruşmuş, sonra isə qardaşına söyüş söyüb-söyməməsini soruşmuş, Vüqar isə həmin vaxt İlqara yaxşı etmişəm demiş, İlqar bu sözlərə əsəbləşərək Vüqarın əyləşdiyi masanın üzərinə yumruqla vurmuşdur. Həmin vaxt Vüqar ayağa qalxaraq yumruqlarla İlqarın sinəsindən itələmiş və üstünə gətmişdir. İlqar yaxınlıqda saxladığı avtomobilə tərəf getmiş və avtomobilin içərisindən bir ədəd mətbəx bıçağını götürüb geri qayıtmış, yenidən mübahisə olarkən Vüqarın qolu kəsilmişdir. İlqarın bıçağı maşından götürdüyünü dəqiq görməmiş, amma maşına tərəf getmiş, gələndə bıçaq əlində olmuşdur. İlqarı tutmuş, Vüqar İlqarın üzərinə gəlmiş, İlqar əlindən çıxmış, buna görə hadisə baş vermişdir. Hadisə baş verən anda orada o, İlqar, Ramil və Vüqar olmuş, digər şəxslər sonra toplaşmışlar. Vüqarın İlqara söyüş söyməsini xatırlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, «maşın bazarında elektrik işləyir. Zərərçəkmiş şəxs Rüstəm oğlunu və Təqsirləndirilən şəxs tanıyır, onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 22 iyun 2021-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs işlətdiyi mağazadan təxminən 5-6 metr aralıda bir müştərinin avtomobilini təmir etmiş, həmin vaxt söyüş söyüldüyünü eşitmiş, Vüqara tərəf baxanda Vüqarın İlqara söyüş söydüyünü və sinəsindən itələdiyini görmüşdür. İlqar yaxınlıqda saxladığı avtomobildən mətbəx bıçağını götürüb geri qayıtmış, Vüqar İlqarın üzərinə getdikdə sonuncu özünü qorumaq məqsədi ilə bıçağı əlində tutmuş, bıçaq Vüqarın qoluna dəymiş və kəsilmişdir. Vüqarın İlqara dedikləri ifadələr nalayiq olduğundan onları məhkəmədə deyə bilmir. Vüqar İlqardan daha cüssəli olduğundan İlqarın bıçaqla özünü qoruduğunu düşünmüşdür. Hadisə zamanı orada iki-üç adam olmuş, digər şəxslər sonradan səs-küyə toplaşmışlar. Məhkəmə iclasında şahid qismincə dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Rüstəm oğlunu, İlqar və Şahid1ları da tanıyır, həmin şəxslərlə də heç bir düşmənçiliyi və ədavəti yoxdur. Zərərçəkmiş şəxsla Şahid1 arasında müştəri üstündə sözlə mübahisənin baş verdiyini eşitmişdir. Növbəti gün, mağazada olmuş, həmin vaxt İlqar qonşuluqda yerləşən iyi mağazanın qarşısına gələrək orada satıcı işləyən Ramil adlı şəxsdən bir gün öncə qardaşı Vüqarın bazarda kiminlə mübahisə etdiyini soruşmuş, Ramil cavab verməmiş, İlqar Ramilə təkrar sual vermişdir. Həmin vaxt Vüqar işlətdiyi mağazanın qarşısında əyləşmiş və İlqarın dediklərini eşitmişdir. Vüqar İlqara qardaşı Vüqarın onunla mübahisə etdiyini bildirmişdir. İlqar Vüqarın yanına gedib qardaşı ilə nə üçün mübahisə etdiyini soruşmuş, lakin Vüqar İlqara cavab verməmiş, İlqar təkrar sual verəndə, Vüqar İlqara kobud cavab vermiş, sonra isə ayağa qalxıb əli ilə İlqarın sinəsindən itələmiş və İlqarı tehqir etmişdir. İlqar avtomobilə tərəf gedib, avtomobildən balaca bir mətbəx bıçağını götürüb Vüqara tərəf getmiş, Vüqar İlqara yumruqla zərbə endirmək istəyəndə İlqar özünü qorumaq məqsədi ilə bıçağı sağa-sola tərəf çəkmiş, həmin vaxt bıçaq Vüqarın sol qoluna dəyərək qolunu kəsmiş, Vüqarın qolu qanamış, «bazar»da işləyən uşaqlar Vüqarın qolunu sarımış, Vüqarı xəstəxanaya aparmışlar. Bu hadisədən sonra İlqar idarə etdiyi avtomobilə minərək harasa getmişdir. Hadisə zamanı orada üç-dörd nəfər olmuş, sonradan adamlar toplaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Rüstəm oğlu qohumudur, Təqsirləndirilən şəxs qohumu deyil, həmin şəxslərlə də heç bir düşmənçiliyi və ədavəti yoxdur. Hadisə günü işlətdiyi mağazada olmuş, çöldən səs-küy eşidib çölə çıxmış, Vüqarın işlətdiyi mağazanın qarşısında çoxlu sayda adamların toplaşdığını görmüşdür. O, hadisə yerinə gəldikdə artıq Vüqarın qolunun kəsildiyini görmüşdür. Bıçaq böyük mətbəxt bıçağı olmuş, İlqarın bıçağı haradan almasını bilməmişdir. Bıçağı İlqar maşında üzərində gətirmişdir. Bıçağı haradan çıxardığını və götürdüyünü görməsə də, ani anda bıçaq çıxdığından üzərində gətirdiyini düşünmüşdür. İlqar Vüqarı yenidən vurmaq istəsə də, orada olan adamlar İlqarı uzaqlaşdırmışlar. Məhkəmə iclasında X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Rüstəm oğlu qohumudur, Təqsirləndirilən şəxs qohumu deyil, həmin şəxslərlə də heç bir düşmənçiliyi və ədavəti yoxdur. Hadisə günü bazarda olmuş, səs-küy gəldiyini eşitmiş, həmin tərəfə baxanda İlqarla Vüqarın mübahisə etdiyini görmüşdür. Vüqar əli ilə İlqarı itələmiş, İlqar büdrəmiş, İlqar bıçaq çıxarmış, haradan çıxardığını görməmiş, Vüqarın qarnına tərəf çəkmiş, Vüqar qolunu qabağa tutduğundan bıçaq Vüqarın qolunu kəsmişdir. Təkrar vurmağa ora toplanmış adamlar imkan verməmişdir. Məhkəmə iclasında X3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yeznəsidir, Təqsirləndirilən şəxs qohumu deyil, həmin şəxslərlə də heç bir düşmənçiliyi və ədavəti yoxdur. Hadisə zamanı maşın üçün bazara ehtiyyat hissələri aparmış, Zərərçəkmiş şəxs yanına gəlmiş, 5-3 dəqiqə söhbət etmiş, sonra ehtiyyat hissəsi almaq üçün getmiş, geri qayıdanda Vüqarın mağazasının qarşısında adamların toplandığını, kiminsə Vüqarla mübahisə etdiyini, əlbəyaxa olduğunu, həmin şəxsin bıçaq çıxardığını, iki dəfə Vüqarın qarnına bıçaq çəkdiyini, Vüqarın geri çəkildiyini, növbəti dəfə bıçağın Vüqarın qoluna dəydiyini və qolunu kəsdiyini görmüşdür. Bazarda olan adamların köməyi ilə onları ayırmışlar. Vüqarın xalası oğlunun maşını ilə Vüqarı xəstəxanaya aparmışlar. İlqar Vüqarı söymüş, qəsdən öldürmək istəmiş, bıçağı ürək nayiyəsinə atmışdır. Hadisə zamanı orada təxminən on nəfər olmuş, sonra xeyli adam toplaşmışdır. Hadisə yeri ilə arasında 9- 10 metr məsafə olmuş, adamlar seyrək olduğundan hadisəni onların arasından görmüş, Vüqar bıçağı arxasından götürmüş, bıçaq uzun sarı bıçaq olmuşdur. Ora toplanmış adamları tanımamış, şokda olduğundan yeznəsi Vüqarın mübahisəsinə müdaxilə etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 07 iyul 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır ( i.v. 1); təqdim etmə və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd mətbəxt bıçağını könüllü təqdim etmiş, həmin bıçaq götürülmüşdür ( i.v. 16); baxış keçirilməsi haqqında 22.06.2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvana baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir ( i.v. 18-19); şəxsin zərərçəkmiş qismində tanınması barədə 15.07.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs şəxs qismində tanınmışdır (i.v.43); Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 Xətai rayon şöbəsinin verdiyi 24 iyun 2021-ci il tarixli 568 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol əlin İl-İİl İV-V barmaqların açıcı vətərlərin və əzələlərin, mil-bilək oynağının açıcı vətərinin zədələnməsi ilə müşayiət olunan sol saidin bir ədəd geniş həcimli kəsilmiş yarası müəyyən edildi. Xəsarət kəsici kənara malik alətin təsirindən törənmişdir, qərarda göstərilmiş 22.06.2021-ci il tarixdə bıçağın kəsici kənarının təsirindən törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətin yıxılma nəticəsində alınması, eləcədə özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur (i.v.79-81); 14 iyul 2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucudeşici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan hər hansı dəyişiklik edilməmişdir (i.v.82-84); Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri xüsusatları birbirinin üzünə qarşı təsdiq etmişlər (i.v.85-86); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 29.07.2021-ci il tarixli cavabından görünür ki, DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.93); şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü il təvəllüdlü Emil adlı bir övladı var (i.v.94); Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 Xətai rayon şöbəsinin verdiyi 17 avqust 2021-ci İl tarixli 15/568 nömrəli əlavə rəydən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş sol əlin ll-lll-İV-V barmaqların açıcı veterlərin və əzələlərin, mil-bilək oynağının açıcı vətərinin zədələnməsi iiə müşayiət olunan sol saidin bir ədəd geniş həcımlı kəsilmiş yarası kəsici kənara malik alətin təsirindən törənmişdir, eləcə də ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənməsi inkar olunmur (i.v.108-110); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur ( i.v. 130); qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir ( i.v. 140); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilərək əməlindən peşman olduğunu, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının barəsində tətbiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 CPMin 39.1.12-ci maddəsinə əsasən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini təklif etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs oğu təqsirləndirilən şəxslə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsin onu öldürməyə cəhd etdiyini, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri mövcud olduğunu nəzərə alaraq cinayət işinin baxılmasına xitam verib işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürməyə cəhd etdiyini, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri mövcud olduğunu nəzərə alaraq cinayət işinin baxılmasına xitam verib işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 127.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər—min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1, 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının: 9-cu bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1- 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 10 və 11-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı vardır və yuxarıda qeyd edilən amnistiya qərarının 9-cu bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, məhkəmə hesab edir ki, CPM-in 39.1.12-ci maddəsinə əsasən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, maddi sübut – mətbəx bıçağının sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 132, 198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – mətbəx bıçağının sahibinə qaytarılması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-433/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-433/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver