Məhkəmə qərarları › İş №1(011)-435/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-435/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-435/2022 27.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 01 iyul 2022-ci il tarixdə saat 21:47 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 97 saylı binanın qarşısında uca səslə nalayiq ifadə işlətdiyinə görə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı başın alın nahiyyəsi ilə Zərərçəkmiş şəxs burun nahiyyəsinə qəsdən zərbə endirərək sonuncuya burun sümüyünün qopma xarakterli sınığı (burunla tənəffüs tam sərbəst olmaqla) ilə müşaiət olunmuş, burun nahiyyəsinin hər iki gözaltı nahiyəyə qismən keçən şişkinli-qançırı kimi xarakterizə edilən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti yetirib qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. Ülvin onunla qonşu məhlədə yaşamış və onun oxuduğu 191 saylı orta məktəbdə bir neçə sinif aşağı oxumuşdur. Ülvinlə aralarında heç bir ədavəti olmamışdır, normal münasibətləri olmuşdur. O, Ülvinin qardaşı olan İlkin Cabbarzadəni də məhlə adamı kimi tanımış, o da onun oxuduğu məktəbdə ondan bir sinif aşağı oxumuşdur. 01 iyul 2022-ci il tarixdə saat 21:40 radələrində ünvan 3 ünvanın qarşısında yerləşən mağazanın qarşısında olan zaman adını bilmədiyi şəxslə söhbət etdiyi zaman orada olan Ülvin onların söhbətinə müdaxilə etmiş və bildirmişdi ki, vəzifəyə təyin olunmaq üçün yaltaqlıq etməlisən, o isə Ülvinə bildirmişdir ki, yaltaqlıq insanın öz xasiyyətində olur. Ülvin təhqiramiz formada onun yaltaq olmasına pis baxanın yaxşı insan olmadığını bildirmişdir və özü Ülvinə bildirmişdir ki, o yaltaqlığa, habelə yaltaqlığı qəbul etdiyi halda Ülvinin özünə pis baxır. Bu səbəbəbdən aralarında mübahisə yaranmış və o əsəbləşərək başı ilə Ülvinin sifət nahiyyəsinə bir dəfə qəsdən zərbə endirmişdir. Daha sonra orada olan şəxslər onları aralamışdırlar. Ülvin onu söydüyündən o, əsəbiləşmiş və ona uca səslə söyüşlər söymüşdür. Hadisə təxminən 2 dəqiqə davam etmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmağını, dəymiş ziyanın ödənilməsini nəzərə alaraq onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iclasında ifadə verən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 01 iyul 2022-ci il tarixdə saat 21:40 radələrində özü yaşadığı evin yaxınlığında ünvan 4 ünvanın qarşısında dayanan zaman qonşuluqda yaşayan Təqsirləndirilən şəxslə yaltaqlıq mövzusunda sözlə mübahisə etdikləri zaman Ömər qəflətən baş nahiyyəsi ilə onun sifət nahiyyəsinə vurmuş və ona xəsarət yetirmişdir. Özünü itirmiş, mobil telefonu və siqaret qutusunu mağazanın qarşısında olan piştaxtanın üzərinə qoymuş və Ömər tərəfə getmişdi ki, ondan niyə onu vurduğunu soruşsun, lakin orada olan şəxslər onları ayırmışlar və mübahisə etməyə imkan verməmişdirlər. Hal-hazırda təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın ödənilməsini və ona qarşı tələb və şikayətinin olmamasını qeyd edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. İşin faktiki halları təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidlər X3, Şahid3 və ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsi ilə bir daha sübuta yetirilmişdir. Onların ifadəsi təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan “Elektron daşıyıcıda olan görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki Təqsirləndirilən şəxs iştirakı ilə 1 ədəd CD-R formatlı diskə baxış keçirilmiş və həmin diksdə olan videogörüntü 2022-07-01 və saat 21:41:53dən başlayır, ünvan 3 ünvanın qarşısında yerləşən mağazanın olması müəyyən olunmuşdur. Saat 21:47:16-da həmin görüntüdə olan əynində qara rəngli qısaqol köynək və tünd göy rəngli cins şalvar olan şəxs, yəni Təqsirləndirilən şəxs, əynində ağ rəngli qısaqol köynək və tünd göy rəngli şalvar olan Zərərçəkmiş şəxs Yusif oğlu ilə mübahisə edirlər və həmin mübahisə zamanı Təqsirləndirilən şəxs baş nahiyyəsi ilə Zərərçəkmiş şəxs Yusif oğlunu vurması müəyyən olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT X5 Şəxsinin xx.xx.2022-ci il tarixli 741 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - burun sümüyünün qopma xarakterli sınığı (burunla tənəffüs tam sərbəst olmaqla) ilə müşaiət olunmuş burun nahiyyəsinin hər iki gözaltı nahiyəyə qismən keçən şişkinli-qançırı küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvuramaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətin xarakterinə və lokalizasiyasna görə demək olar ki, həmi xəsarətin şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində və ya özü-özünə yetirməsi nəticəsində alınması inandırıcı deyil. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 10 avqust 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, dəymiş ziyan ödənilmişdir, ona qarşı tələb və şikayəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Həmin Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona qarşı tələb və şikayətinin olmamasını nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD-R formatlı disk cinayət işin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə xərcləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 344- 347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD-R formatlı disk cinayət işin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə xərcləri yoxdur. Qərardan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar