Məhkəmə qərarları › İş №1(011)-436/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-436/2021

02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-436/2021 02.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Ağdam rayonu Başqərvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Başqərvənd kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə, əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmə məqsədilə guya Nəsimi rayon İcra Hakimiyyətində “yazar” vəzifəsində çalışdığını, dövlət tərəfindən qaçqın və məcburi köçkünlərə verilən evləri öz adına sənədləşdirib sonra sata biləcəyini deyib Zərərçəkmiş şəxs2 inandıraraq 10000 manat pul müqabilində Bakı Beynəlxalq Avtovağzalının yanında yerləşən hündür mərtəbəli binalarda 69 kv metr sahəsi olan, 2 otaqlı təmirsiz mənzil ilə təmin edəcəyini vəd verib aldadaraq 2019-cu ilin iyun ayının əvvəlində ünvan 1 ünvanında Zərərçəkmiş şəxs2 xeyli miqdarda, 10000 (on min) manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə, əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmə məqsədilə guya Nəsimi rayon İcra Hakimiyyətində “yazar” vəzifəsində çalışdığını, dövlət tərəfindən qaçqın və məcburi köçkünlərə verilən evləri öz adına sənədləşdirib sonra sata biləcəyini deyib Zərərçəkmiş şəxs1 inandıraraq, ilkin ödəniş olaraq 5000 manat, qalan məbləği də aylara bölərək ödəmək şərti ilə Bakı Beynəlxalq Avtovağzalının yanında yerləşən hündür mərtəbəli binalarda 69 kvmetr sahəsi olan, 2 otaqlı təmirli mənzil ilə təmin edəcəyini vəd verib aldadaraq 2019-cu ilin iyun ayının ortalarında Bakı şəhəri Xətai rayonu İ.Həbibov küçəsi ev 32/2 ünvanının qarşısında Zərərçəkmiş şəxs1 5000 (beş min) manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, anası Hüseynova Gözəl ilə Şahid1 əvvəllər Arzu şadlıq sarayında birlikdə qabyuyan işləmişlər. Həmin vaxtdan onun Afelya və qızı ilə münasibəti olmuşdur. Təxminən 2019cu ilin fevral-mart aylarında Afelya ilə söhbət əsnasında ondan işləyib-işləməməyini soruşmuşdur. O, da Afelyaya yalandan Nəsimi rayon İcra Hakimiyyətində işlədiyini bildirmişdir. Afelya orada nə işlədiyini soruşanda o, Nəsimi rayon İcra Hakimiyyətində qaçqınlar və məcburi köçkünlərlə iş üzrə “yazar” vəzifəsində çalışdığını demişdir. Afelya ondan işinin nədən ibarət olduğunu soruşanda o, yalandan qaçqınlar üçün nəzərdə tutulmuş mənzilləri öz adına ala biləcəyini və sonra istəyən olsa həmin şəxsin adına rəsmiləşdirə biləcəyini demişdir. Bir müddət sonra Afelya onu yaşadıqları mənzilə qonaq dəvət etmişdir. Orada o, Afelyanın qardaşı Mirislam və qızının əri Orxan ilə görüşmüşdür. Söhbət əsnasında o, sonunculara da yalandan Nəsimi rayon İcra Hakimiyyətində qaçqınlar və məcburi köçkünlərlə iş üzrə “yazar” vəzifəsində çalışdığını, qaçqınlar üçün nəzərdə tutulmuş mənzilləri öz adına ala biləcəyini və sonra istəyən olsa həmin şəxsin adına rəsmiləşdirə biləcəyini demişdir. Belə ki, o, Mirislam və Orxanın evlərinin olmadığını, özlərinə ev almaq istədiklərini, əllərində pullarının olduğunu bilmişdir. Hətta o, Mirislam və Orxanı inandırmaq üçün özünə də bu yolla 3 otaqlı mənzil aldığını demişdir. Mirislam və Orxan ondan evin harada olmasını soruşduqda, o, yalandan bildirmişdir ki, sözügedən mənzillər Bakı Beynəlxalq Avtovağzalının yanında yerləşən hündür mərtəbəli binalarda yerləşir. Mirislam və Orxan evin qiymətini soruşduqda, o, 3 otaqlı mənzilin qiymətinin 15000 manat, 2 otaqlı mənzilin qiymətinin 10000 manat, 1 otaqlı mənzilin qiymətinin də 5000 manat olduğunu demişdir. Mirislam ondan məzillərin təmirli ya təmirsiz olduğunu soruşduqda, o, həmin qiymətlərin təmirsiz mənzillərə aid olduğunu söyləmişdir. Bundan sonra Mirislam nağd qiymətə 2 otaqlı mənzil almaq istədiyini bildirmişdir. Lakin, Orxan nağd pulunun olmadığını, ilkin ödəniş edə biləcəyini, ancaq təmirli mənzil istədiyini demişdir. O, Orxana bildirmişdir ki, ilkin ödəniş kimi 5000 manat ödəməklə, qalan məbləği aylara bölməklə ona 2 otaqlı mənzil ala bilər. Bundan sonra Orxan və Mirislam onunla razılaşmışdır. O, Mirislam və Orxandan pulu istəyəndə pulu düzəldən kimi ona xəbər edəcəklərini söyləmişlər. O, bir müddət mütəmadi olaraq Afelyanın evinə gedib-gəlmişdir. 2019-cu ilin təxminən iyun ayının əvvəlində o, Afelyanın evinə getmiş və orada Mirislamdan ümumilikdə 10000 manat pul almışdır. Həmin vaxt Orxan hələ pulu düzəldə bilmədiyini, bir-iki həftəyə pulu tamamlayıb ona xəbər edəcəyini demişdir. Təxminən iki həftə sonra, yəni 2019-cu ilin iyun ayının ortalarında o, yenidən Afelyanın yaşadığı binanın yanında, Mirislamın avtomobilində, sonuncunun yanında Orxandan 5000 manat pul almışdır. Pulu götürdükdən sonra bildirmişdir ki, təxminən 6 ay müddətində mənzilləri alacaqlar. Orxan və Mirislama dediyi vaxt gəlib çatanda sonuncular ondan evi tələb etməyə başlamışlar. O da hər dəfə müxtəlif bəhanələr gətirməyə, guya pandemiya olduğundan işin uzandığına, gah icra başçısının işə çıxmadığını deyərək Mirislam və Orxanı aldatmağa başlamışdır. Bir müddət sonra o, Mirislam və Orxanın telefonuna cavab verməmişdir. Daha sonra Orxan və Mirislamın barəsində polisə şikayət etdiklərini öyrənmişdir. Həmin vaxtdan sonra müxtəlif yerlərdə gizlənməyə başlamışdır. Pulları anasının müalicəsinə xərcləmişdir. Əməlindən peşmandır, maddi imkansızlıq səbəbindən zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəyə bilməmişdir, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməzsə işləyib zərəri ödəyə bilər. Qeyd olunanları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı X1 vasitəsi ilə tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs anası Gözəl Hüseynova bacısı Şahid1 ilə iş yoldaşı olmuşdur. Təxminən 2019-cu ilin fevral-mart aylarında bacısı söhbət əsnasında ona və yeznələri Orxana bildirmişdir ki, Gözəlin qızı Səyarə Nəsimi rayon İcra Hakimiyyətində yazar vəzifəsində çalışır. Həmçinin, bacısı bildirmişdir ki, Səyarə qaçqınlar üçün nəzərdə tutulmuş mənzilləri öz adına ala biləcəyini və sonra istəyən olsa həmin şəxsin adına rəsmiləşdirə biləcəyini demişdir. Onun da evi olmadığından Orxan ilə birlikdə Səyarə ilə bu mövzuda ətraflı danışmaq qərarına gəlmişdir. Səyarə ilə yaşadıqları mənzildə görüşmüşlər. Həmin ərəfədə Səyarə tez-tez yaşadıqları evə gəlib getmişdir. Səyarə ilə söhbət zamanı Nəsimi rayon İcra Hakimiyyətində “yazar” vəzifəsində çalışdığını, özünün də məcburi köçkün olduğunu, dövlət tərəfindən qaçqın və məcburi köçkünlərə verilən evləri öz adına sənədləşdirib sonra onlara sata biləcəyini qeyd etmişdir. Bu yolla özünə də 3 otaqlı mənzil aldığını deyərək onları inandırmışdır. Onlar, Səyarədən evin harada olmasını soruşduqda, Səyarə sözügedən mənzillərin Bakı Beynəlxalq Avtovağzalının yanında yerləşən hündür mərtəbəli binalarda yerləşdiyini bildirmişdir. Həmin binaların yerləşdiyi yer və qiymətinin aşağı olması onun diqqətini çəkdiyindən o, razılaşmışdır. Razılaşmaya əsasən Səyarə ona 69 kvadrat metr sahəyə malik olan təmirli mənzil alacağını demişdir. Səyarə təmirsiz mənzilin nağd qiymətinin 10000 manat olduğunu bildirmişdir. Onlar Səyarə ilə razılaşmış və Səyarə 2019-cu ilin iyun ayının əvvəlində ünvan 2 ünvanında yerləşən mənzildə ailə üzvlərinin, yəni bacısı Afelya, nənəsi Xibabayeva Səfıyyətin və Orxanın yanında ilk olaraq ondan 10000 manat pul almışdır. Təxminən iki həftə sonra, yəni 2019-cu ilin iyun ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi ev 32/2 ünvanın qarşısında onun idarə etdiyi 10VC149 nömrə nişanlı, “Mercedes” markalı avtomobilin salonunda, onun yanında Orxan Səyarəyə 5000 manat pul vermişdir. Səyarə pulu götürdükdən sonra bildirmişdir ki, təxminən 6 ay müddətində onları vəd verdiyi evlər ilə təmin edəcəkdir. Deyilən müddət gəlib çatdıqda isə Səyarə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Onlar Səyarə ilə görüşüb və yaxud telefon ilə danışanda gah sənədlərin gecikdiyini, gah ezamiyyətə göndərildiliyini və sair bəhanələr gətirməyə başlamışdır. Lakin, Təqsirləndirilən şəxs qaçqınlar üçün mənzili öz adına alaraq onun adına sənədləşdirəcəyini vəd verib onun 10000 manat pulunu, Orxanın isə ümumilikdə 5000 manat pulunu ələ keçirib vədinə əməl etməmişdir. Nəticədə Təqsirləndirilən şəxs onun 10000 manat pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Ondan şikayətçidir, barəsində ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs o, qaynanası X1 vasitəsi ilə tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs anası Gözəl Hüseynova qaynanası Şahid1 ilə iş yoldaşı olmuşdur. Təxminən 2019-cu ilin fevral-mart aylarında qaynanası söhbət əsnasında ona və yoldaşının dayısı Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Gözəlin qızı Səyarə Nəsimi rayon İcra Hakimiyyətində yazar vəzifəsində çalışır. Həmçinin, qaynanası bildirmişdir ki, Səyarə qaçqınlar üçün nəzərdə tutulmuş mənzilləri öz adına ala biləcəyini və sonra istəyən olsa həmin şəxsin adına rəsmiləşdirə biləcəyini demişdir. Onun da evi olmadığından bu məsələ onun diqqətini çəkmişdir. Beləliklə, Mirislam və o, birlikdə Səyarə ilə bu mövzuda ətraflı danışmaq qərarına gəlmişlər. Səyarə ilə qaynanası Afelyanın yaşadığı mənzildə görüşmüşlər. Bu ərəfədə Səyarə tez-tez yaşadıqları evə gəlib getmişdir. Səyarə ilə söhbət zamanı sonuncu, Nəsimi rayon İcra Hakimiyyətində “yazar” vəzifəsində çalışdığını, özünün də məcburi köçkün olduğunu, dövlət tərəfindən qaçqın və məcburi köçkünlərə verilən evləri öz adına sənədləşdirib sonra onlara sata biləcəyini qeyd etmişdir. Səyarə, bu yolla özünə də 3 otaqlı mənzil aldığını deyərək onları inandırmışdır. O, Səyarədən evin harada olmasını soruşduqda, Səyarə sözügedən mənzillərin Bakı Beynəlxalq Avtovağzalının yanında yerləşən hündür mərtəbəli binalarda yerləşdiyini bildirmişdir. Həmin binaların yerləşdiyi yer və qiymətinin aşağı olması onun diqqətini çəkdiyindən razılaşmışdır. Razılaşmaya əsasən Səyarə ona 69 kvadrat metr sahəyə malik olan təmirli mənzil alacağını demişdir. Belə ki, ilkin ödəniş olaraq o, 5000 manat ödəyərək təmirli mənzil əldə etdikdən sonra Səyarə geri qalan məbləği aylara böldürəcəyini bildirmişdir. Ancaq aylıq ödənişin nə qədər olacağını Səyarədən soruşduqda, evə köçdükdən sonra ödənişi qrafıkə saldırıb ona verəcəyini bildirmişdir. Mirislam isə təmirsiz mənzil istədiyindən Səyarə təmirsiz mənzilin nağd qiymətinin 10000 manat olduğunu bildirmişdir. Onlar Səyarə ilə razılaşmış və Səyarə 2019-cu ilin iyun ayının əvvəlində ünvan 2 ünvanında yerləşən mənzildə ailə üzvlərinin, yəni qaynanası Afelya, Şahid2 yanında ilkin olaraq yoldaşının dayısı Mirislamdan Xibabayevdən 10000 manat pul almışdır. Təxminən iki həftə sonra, yəni 2019-cu ilin iyun ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi ev 32/2 ünvanın qarşısında Zərərçəkmiş şəxs2 idarə etdiyi ** VC *** nömrə nişanlı “Mercedes” markalı avtomobilin salonunda, Mirislamın yanında o, Səyarəyə 5000 manat pul vermişdir. Səyarə pulu götürdükdən sonra təxminən 6 ay müddətində onları vəd verdiyi evlər ilə təmin edəcəyini bildirmişdir. Deyilən müddət gəlib çatdıqda isə Səyarə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Onlar Səyarə ilə görüşüb və yaxud telefon ilə danışanda Səyarə gah sənədlərin gecikdiyini, gah ezamiyyətə göndərildiyini və sair bəhanələr gətirməyə başlamışdır. Təqsirləndirilən şəxs qaçqınlar üçün mənzili öz adına alaraq onun adına sənədləşdirəcəyini vəd verib onun 5000 manat pulunu, yoldaşının dayısı Zərərçəkmiş şəxs2 isə ümumilikdə 10000 manat pulunu ələ keçirib vədinə əməl etməmişdir. Nəticədə Təqsirləndirilən şəxs onun 5000 manat pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Ondan şikayətçidir, barəsində ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, qızı Afelya əvvəllər Təqsirləndirilən şəxs anası Gözəl Hüseynova ilə iş yoldaşı olmuşdur. Təxminən 2019-cu ilin fevral-mart aylarında qızı söhbət əsnasında evdə oğlu Mirislam və yeznəsi Orxanın yanında bildirdi ki, Gözəlin qızı Səyarə Nəsimi rayon icra Hakimiyyətində yazar vəzifəsində çalışır və istəyən olsa qaçqınlar üçün nəzərdə tutulmuş mənzilləri öz adına ala biləcəyini və sonra istəyən olsa həmin şəxsin adına rəsmiləşdirə bilir. Oğlu Mirislam və nəvəsinin əri Orxanın evi olmadığından sonuncular Səyarə ilə bu mövzuda ətraflı danışmaq qərarına gəldilər. Səyarə ilə yaşadıqları mənzildə görüşmüşlər. Həmin ərəfədə Səyarə tez-tez onların evinə gəlib getmişdir. Səyarə ilə söhbət zamanı o, onun da yanında Nəsimi rayon İcra Hakimiyyətində "yazar” vəzifəsində çalışdığını, özünün də məcburi köçkün olduğunu, dövlət tərəfindən qaçqın və məcburi köçkünlərə verilən evləri öz adına sənədləşdirib sonra onlara sata biləcəyini bildirmişdir. O, bu yolla özünə də 3 otaqlı mənzil aldığını da demişdir. Səyarədən evin harada olmasını soruşduqda, o, sözügedən mənzillərin Bakı Beynəlxalq Avtovağzalının yanında yerləşən hündür mərtəbəli binalarda yerləşdiyini bildirmişdir. Oğlu Mirislam 2 otaqlı mənzil istədiyini demiş, Səyarə 69 kvadrat metr sahəyə malik 2 otaqlı təmirsiz mənzilin nağd qiymətinin 10000 manat təşkil etdiyini demişdir. Nəvəsinin əri Orxan isə 2 otaqlı təmirli mənzil almaq istədiyin, lakin nağd pulunun olmadığını demişdir. Həmin vaxt Səyarə ilkin ödəniş olaraq 5000 manat ödəyərək təmirli mənzil əldə etmək mümkün olduğunu demişdir. Orxan bunun hansı yolla olduğunu soruşanda, Səyarə ilkin ödəniş kimi 5000 manat ödəyib, geri qalan məbləği də aylara böldürə biləcəklərini bildirmişdir. Ancaq aylıq ödənişin nə qədər olacağını Səyarədən soruşduqda o, evə köçdükdən sonra ödənişi qrafikə saldırıb verəcəyini bildirmişdir. Beləliklə, Səyarə 2019-cu ilin iyun ayının əvvəlində ünvan 1 ünvanında yerləşən mənzillərində onun, qızı Afelya, kürəkəni Orxanın yanında ilk olaraq Mirislamdan 10000 manat pul almış, təxminən iki həftə sonra, yəni 2019-cu ilin iyun ayının ortalarında Orxan Səyarəyə 5000 manat pul verdiyini demişdir. Səyarə təxminən 6 ay müddətində onları vəd verdiyi evlər ilə təmin edəcəyini bildirmişdir. Deyilən müddət gəlib çatdıqda isə Səyarə müxtəlif bəhanələr gətirməyə başlamış və oğlu Mirislam və kürəkənləri Orxanı aldatmışdır. Şahid1 Söhbət qızı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Şahid1 Söhbət qızının məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs anası Gözəl Hüseynova vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs anası Gözəl Hüseynova ilə iş yoldaşı olmuşdur. Gözəl Hüseynovanı iş yerində hamı Gülü kimi çağırmış, ancaq sənəd üzərində adı Gözəl kimi qeyd edilmişdir. Təxminən 2019-cu ilin fevral-mart aylarında Gözəl xəstələndiyi üçün o, Gözələ baş çəkmək məqsədi ilə kirayədə yaşadığı evə getmişdir. Həmin vaxt Gözəlin qızı Səyarə evə gəlmişdir. O, Səyarə ilə mətbəxdə oturub çay içərkən Səyarədən işləyib-işləməməsini soruşmuşdur. Səyarə də, Nəsimi rayon İcra Hakimiyyətində yazar vəzifəsində çalışdığını bildirmişdir. O, Səyarədən orada işinin nədən ibarət olmasını soruşanda, Səyarə qaçqınlar və məcburi köçkünlərlə iş üzrə şöbədə çalışdığını bildirmişdir. Söhbət əsnasında Səyarə qaçqınlar üçün nəzərdə tutulmuş mənzilləri öz adına ala biləcəyini və sonra istəyən olsa həmin şəxsin adına rəsmiləşdirə biləcəyini ona təklif etmişdi. Ev istəyən olsa deməyini bildirmişdir. Bundan sonra o, oradan çıxıb yaşadığı evə gəlmişdir. Bu barədə evdə kürəkəni Orxan və qardaşı Mirislama bildirmişdir. Bundan sonra Orxan və qardaşı Mirislam bu məsələ ilə bağlı Səyarə ilə görüşüb söhbət etmək qərarına gəlmişlər. Səyarə ilə yaşadıqları mənzildə görüşmüşlər. Həmin ərəfədə Səyarə tez-tez yaşadığı evə gəlib getmişdir. Səyarə Orxan və Mirislam ilə söhbət zamanı da Nəsimi rayon İcra Hakimiyyətində “yazar” vəzifəsində çalışdığını, özünün də məcburi köçkün olduğunu, dövlət tərəfindən qaçqın və məcburi köçkünlərə verilən evləri öz adına sənədləşdirib sonra sata biləcəyini qeyd etmişdir. Bu yolla özünə də 3 otaqlı mənzil aldığını deyərək onları inandırmışdır. Onlar Səyarədən evin harada olmasını soruşduqda, Səyarə bildirmişdir ki, sözügedən mənzillər Bakı Beynəlxalq Avtovağzalının yanında yerləşən hündür mərtəbəli binalarda yerləşir. Qardaşı Mirislam 2 otaqlı mənzil istədiyini demişdir. Səyarə bildirmişdir ki, 69 kvadrat metr sahəyə malik 2 otaqlı təmirsiz mənzilin nağd qiyməti 10000 manat təşkil edir. Qızının əri Orxan isə 2 otaqlı təmirli mənzil almaq istədiyini, lakin nağd pulunun olmadığını demişdir. Həmin vaxt Səyarə bildirmişdir ki, ilkin ödəniş olaraq 5000 manat ödəyərək təmirli mənzil əldə etmək mümkündür. Orxan bunun hansı yolla olduğunu soruşanda, Səyarə əlavə edərək bildirmişdir ki, ilkin ödəniş kimi 5000 manat ödəyib, geri qalan məbləği də aylara böldürə bilər. Ancaq aylıq ödənişin nə qədər olacağını Səyarədən soruşduqda evə köçdükdən sonra ödənişi qrafikə saldırıb verəcəyini bildirmişdir. Beləliklə, Səyarə 2019-cu ilin iyun ayının əvvəlində ünvan 1 ünvanında yerləşən mənzilində onun, anası Xibabayeva Səfıyyətin və Orxanın yanında ilk olaraq Mirislamdan 10000 manat pul almışdır. Təxminən iki həftə sonra, yəni 2019-cu ilin iyun ayının ortalarında Orxan Səyarəyə 5000 manat pul verdiyini demişdir. Səyarə təxminən 6 ay müddətində onlara vəd verdiyi evlər ilə təmin edəcəyini bildirmişdir. Deyilən müddət gəlib çatdıqda isə Səyarə müxtəlif bəhanələr gətirməyə başlamış və qardaşı Mirislam və kürəkəni Orxanı aldatmışdır. Gözəl Hüseynova onlara heç bir vəd verməmişdir. Gözəl bu məsələdən xeyli sonra xəbər tutmuş və qızı Səyarənin onları aldatmasını bilmişdir. Belə ki, Səyarənin artıq onları aldatmasını biləndə o, Gözəl ilə əlaqə saxlayıb bu məsələ barədə demişdir. Gözəl bundan sonra olanlardan xəbər tutmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 12 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müraciətləri əsasında Xətai RPİ-nin TŞ-də toplanmış HK 1-181/21 saylı material üzrə fakta görə Azərbaycan Respublikası CMin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış, cinayət işi aidiyyatı üzrə istintaq aparılması üçün Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1-2); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 19 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 21); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 26 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v 33); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 05.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur ( i.v. 47); axtarışda olan şəxsin tutulması barədə 06.09.2021-ci il tarixli protokoldan görünür ki, 06.09.2021-ci il tarixdə saat 18:30 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı axtarışda olan Təqsirləndirilən şəxs ünvan 3 ünvanında tutulmuşdur ( i.v. 64); Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs üzləşdirilməsi haqqında protokoldan görünür ki, üzləşmədə sonuncular məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrə oxşar xüsusatlar qeyd etmişlər (i.v. 89-92); Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs üzləşdirilməsi haqqında protokoldan görünür ki, üzləşmədə sonuncular məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrə oxşar xüsusatlar qeyd etmişlər (i.v. 93-96); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 08 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir ( i.v. 97-98); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir ( i.v. 100); foto şəkilllərdən görünür ki, “Nə xəbər evin sənədlərindən?”, Sənədlərdə problem yoxdur, bircə qalıb təsdiqləmə, təhvil vermə”, “Haçana deyirlər?, “Oda yığışıbdı, gedib danışacayıq”, “başçı işə gəlmir ki işimizi bilək, bu həftə inşallah xəbər olacaq, özümüz gedib danışacağıq, Allah şahiddir sizdən çox mən narahatam”, “mən də sənin mənə inanmağın üçün çalışıram hər gün, sizə növbə çatsın deyə”, “xəbər gözləyir hələki, ancaq virus problemdi” Sildim virusu, amma onun ev verilmsinə aidiyyatı yoxdu axı?” yazıları qeyd edilmişdir ( i.v. 116-124); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-389/2021 saylı, 08.09.2021-ci il tarixli qərarından görünür ki, vəsatət və təqdimat təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində həbs seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 1 (bir) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 06 sentyabr 2021-ci il tarixdən hesablanmışdır ( i.v. 131-134); sübutların qiymətləndirilməsi haqqında 10 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyşdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün dəlil gətirməməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32.4, 312 və 310-cu maddələrinin tərkib əlaməti yaranmadığı üçün barəsində həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmiş, qəbul edilmiş qərar və toplanmş material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusat üzrə onun barəsində cinayət təqibinə xitam verilmiş, iş üzrə Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında whatsapp yazışmalarını əks etdirən foto şəkillər və video görüntü olan bir ədəd yaddaş kartı (flash cart) sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, istintaq zamanı iş üzrə zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, üzləşdirmə protokolları iş üzrə sübut kimi qiymətləndirilmişdir ( i.v. 135-141); tədqiq edilmiş vidoe görüntüdə zərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında mənzilin nə vaxt veriləcəyi ilə bağlı müzakirə getdiyi, sonuncunun bununla bağlı danışması müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, gənc olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, ziyanın ödənilməsini təmin etməmiş və bunu maddi imkanının olmaması ilə əlaqələndirmiş şəxsin cərimə cəzasına məhkum edilməsini ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab etmir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəlilik dərəcəsi (təkrar cinayət törətməsi, vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət edir. Ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanaşı cəzanın məqsədini təmin etməyəcək (CM-nin 41.2). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında whatsapp yazışmalarını əks etdirən foto şəkillər və video görüntü olan bir ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərcləri və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 06 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında whatsapp yazışmalarını əks etdirən foto şəkillər və video görüntü olan bir ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar