Məhkəmə qərarları › İş №1(011)-436/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-436/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-436/2022 23.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, müdafiəçilər – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 14 may 2022-ci il tarixdə saat 17:30-da “BC” kateqoriyalı, AD seriyalı 162373 nömrəli sürücülük vəsiqəsi ilə xx.xx.2011-ci il tarixli etibarnamə əsasında idarə etdiyi X7 məxsus texniki cəhətdən saz vəziyyətdə olan, göy rəngli “Vaz-2107” markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Gəncə Prospekti ilə üzü “Ukrayna” dairəsi istiqamətində saatda təxminən 50 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, qanunun tələbinə əməl etməyərək, idarə etdiyi avtomobillə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 57 ünvanında yerləşən “Araz Market” mağazasının qarşısında hərəkətdə olduğu yolu sağdan sola doğru adi yerişlə keçən piyada X4 avtomobilin qabaq ön hissəsi ilə vurub, ehtiyatsızlıqdan ona baş beynin ağır dərəcəli əzilməsi ilə müşayət olunan açıq kəllə beyin travması; beyin parenximasının ödəmi, hər iki yarımkürədə əzilmə sahələri, beynin sağ və sol yarımkürəsində hematomalar, baş beyin maddəsinə, qişasına və beyin mədəciklərinə qansızmalar ilə qeyd olunan hər iki təpə, sağ gicgah, ənsə sümüyünün sağ yarısının əsasən iri qəlpəli çoxsaylı sınıqları və lyambidayabənzər (təpə sümükləri ilə ənsə sümüyünün arasındakı) tikişin sol yarısının aralanması; başın sağ təpə-ənsə nahiyəsində şişkinli qançır, başın sol alın və sağ yanaq nahiyələrində əzilmiş yaralar, sağ qulaq sırğalığı, burun, hər iki əlin arxa səthi, sağ sağrı, hər iki bud, hər iki diz oynağı, sol aşıq baldır oynağı nahiyələrində sıyrıqlar və sağ sağrı nahiyəsində qançır və hər iki göz almasının ağlı qişasında qansızmalarla müşayiət olunan ağır dərəcəli bədən xəsarətləri yetirərək 21 may 2022-ci il tarixdə saat 23:50-də 3 saylı ŞKX-da ölümünə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 12 ilə yaxındır ki, BC kateqoriyalı sürücülük vəsiqəsi almışdır. Həmin vaxtdan etibarən nəqliyyat vasitəsi idarə edir. İdarə etdiyi “Vaz-2107” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyat şəhadətnaməsi ilə X6 adına olsa da, o, avtomobili xx.xx.2007-ci ildə pulunu ödəyərək Könüldən almışdır. Könül də avtomobili o, öz adına sənədləşdirsin deyə ona xx.xx.2037ci il tarixədək baş etibarnamə vermişdir. 14 may 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə özümə məxsus olan **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə üzü Ukrayna dairəsi istiqamətində hərəkətdə olan zaman qarşıda olan işıqforun yaşıl işığının saniyələrinə baxmışdır. Həmin saniyələr yaşıl işığın 12 saniyə qalmasını göstərmişdir. O, saatda 50 km\saat hərəkət surətini surəti saxlayaraq hərəkətinə davam etmişdir. Təxminən bir neçə metr də irəlilədikdən sonra yol ayrıcından Gəncə prospektində markasını və dövlət qeydiyyat nömrəsini görmədiyi nəqliyyat vasitəsi daxil olmuşdur. Həmin vaxt o, avtomobilin əyləcini sıxaraq surəti endirmişdir. Daha sonra isə hərəkətdə olduğu birinci zolağa qayıtdıqdan sonra adını bilmədiyi şəxsi yolun ortasında görmüşdür. Həmin şəxs yolu sağdan sola doğru keçmək istəmişdir. O, avtomobilin siqnalına basmış, bundan sonra piyada yolu keçmək fikrindən daşınaraq geri qayıtmaq istəmişdir. Həmin vaxt o, avtomobilin əyləcini sıxmış lakin baş vermiş olan qəzanın qarşısını ala bilməmişdir. Hadisə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu Gəncə prospektində yerləşən Araz marketin qarşısında baş vermişdir. Hadisə zamanı idarə etdiyi nəqliyyat vasitəsində sərnişin və yük olmamışdır. O, hadisə baş verməmişdən qabaq X2 təxminən 01 metrdən görmüşdür. Hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş, Hacı Şamilovu xəstəxanaya aparmışdır. Daha sonra o da xəstəxanaya getmiş, onun səhhəti ilə maraqlanmış, ailəsinə kömək etməyə çalışmışdır. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X14 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. X5 onun atasıdır. Atası ilə onlar arasında heç vaxt problem olmamış, onunla bir yerdə yaşamışlar. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində evdə olan zaman tanımadığı şəxs ona zəng edərək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində atasını maşın vurduğunu, onun xəsarət aldığını və 3 saylı ŞKX- da olduğunu bildirmişdir. O, dərhal atasının vəziyyətinin necə olduğunu öyrənmək üçün xəstəxanaya getmiş və atasının reanimasiya şöbəsində olduğunu görmüşdür. Xəstəxanada bir neçə gün atasına tibbi yardım göstərilsə də, 21 may 2022-ci il tarixdə saat 23:50-də atası yol nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən xəstəxanada dünyasını dəyişmişdir. O, xəstəxanada olanda Təqsirləndirilən şəxs xəstəxanaya gələrək onlara kömək etməyə çalışmış, ondan üzr istəmiş, atasının ölümü nəticəsində ona dəymiş ziyanı ödəmişdir. Buna görə də onun və ailə üzvlərinin Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur, Təqsirləndirilən şəxs ilə barışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 22 may 2022-ci il tarixli qərardan görünür ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmış və iş icraata qəbul edilmişdir (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 14 may 2022-ci il tarixli protokoldan, sxemdən və şəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş verən yol asfalt beton örtüklü, düz olmuş, hadisə baş verən zaman yol quru olmuşdur. Hadisə baş verən yolun ümumi eni 18 metr olmaqla, 2 hərəkət zolağından ibarətdir, hərəkət hissələrinin eni 9 metrdir. Yol, əks istiqamətdə nəqliyyat axınını ayıran yol ayrıcından, eyni istiqamətli nəqliyyat axınlarını ayıran xətlərdən ibarətdir. Hadisə yerində “Vaz-2107” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil nasaz vəziyyətdə olmuşdur. Piyada yolun 1-ci zolağının tam ortasında vurulmuşdur. Bu istintaq hərəkətinin nəticəsi Xətai RPİ-nin müstəntiqi, polis baş leytenantı X10 tərəfindən protokolla rəsmiləşdirilmiş və fotoşəkillər çəkilərək həmin protokola əlavə edilmişdir (i.v. 8-17); nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 1995-ci il buraxılışlı, sedan tipli, “Vaz 2107” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 mülkiyyətindədir (i.v. 19); 2/15932 nömrəli, xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 21); Azərbaycan Respublikası DİN Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 107-4130-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə AR DİN BDYPİ QİŞ tərəfindən AD162373 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum olunması barədə DİN BDYPİ MMC-də hər hansı məlumat qeydə alınmamışdır ( i.v. 37); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyul 2022-ci il tarixli, 8/1648 nömrəli ekspert rəyindən görünür ki, Vaz-2107 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur ( i.v. 43-46); Azərbycn Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X19 44 nömrəli ekspert rəyindən görünür ki, H.M.Şamilovun meyitinin məhkəmə-tibbi ekspertizası zamanı bədənində aşkar edilmiş xəsarətlər-baş beynin ağır dərəcəli əzilməsi ilə müşayiət olunan açıq kəllə beyin travması; beyin parenximasının ödemi, hər iki yarımkürədə əzilmə sahələri, beynin sağ və sol yarımkürəsində hematomalar, baş beyin maddəsinə, qişasına və beyin mədəciklərinə qansızmalar ilə qeyd olunan hər iki təpə, sağ gicgah, ənsə sümüyünün sağ yarısının əsasən iri qəlpəli çoxsaylı sınıqları və lyabidayabənzər (təpə sümükləri ilə ənsə sümüyünün arxasındakı) tikişin sol yarısının aralanması; başın sağ təpə-ənsə nahiyəsində şişkinli qançır, başın sol alın və sağ yanaq nahiyələrində əzilmiş yaralar, sağ qulaq sırğalığı, burun, hər iki əlin arxa səthi, sağ sağrı, hər iki bud, hər iki diz oynağı, sol aşıq baldır oynağı nahiyələrində sıyrıqlar və sağ sarğı nahiyəsində qançır və hər iki göz almasının ağlı qişasında qansızmalar həyati olub H.M.X15 Mərkəzinə daxil olduğu vaxtdan az əvvəl bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixinin kserosurətində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan minik avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər. Bu xəsarətlər dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqədədirlər. H.M.Şamilovun ölümünə səbəb başın küt travması nəticəsində yaranmış baş beynin ağır dərəcəli əzilməsi və kəllə sümüklərinin açıq sınığı ilə müşayiət olunan baş beynin yumşaq qişasının əzilməsilə, yumşaq qişasına, beyin toxumasına və beyin mədəciklərinə qansızmalar olmuşdur. Mərhumun ölümü xx.xx.2022-ci il tarixdə, saat 23:50 radələrində X13 baş vermişdir ki, bu da meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq olunur. H.M.Şamilovun adına təsdiq edilmiş xəstəlik tarixinin kserosurətində X16 daxil olarkən onun spirtli içkilər və narkotik vasitələr qəbul edib-etməməsi barədə hər hansı məlumat qeyd edilməmişdir (i.v. 47-50); zərərçəkmiş şəxsin hüquqi varisinin təyin ediləsi haqqında 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə mərhum X1 oğlu X14 hüquqi varis qismində tanınmışdır (i.v. 58); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v. 67); Təqsirləndirilə şəxs qismində cəlb etmək haqqında 09 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan ittiham ona elan edilmişdir (i.v. 76); Qətimakn tədbirinin seçilməsi haqqında 09 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 96-97); Sübutların qiymətləndirilməsi haqqında 11 avqust 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il trixli, 44 saylı və məhkəmə-yol nəqliyyat ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/1648 saylı rəyləri iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2107” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və sahibinə qaytarılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 263-1 və 264-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və Azərbaycan Respublikası Baş Prokurorunun 01 dekabr 2006-cı il tarixli 09/84 №-li “Cinayət təqibi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında” əmrin 19-cu maddəsinin tələbinə əsasən bu barədə materialın ayrılıb rayon prokurorluğunun arxivində saxlanılması üçün göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır ( i.v. 105-110); sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2013-cü il tarixdə 10 il müddətinə «BC» kateqoriyalı AD162373 nömrəli sürücülük vəsiqəsi verilmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, (CM-59.2), zərərçəkmiş şəxsin oğlu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.13) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan “VAZ 2107” minik markalı **-BG-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsi hesabına keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 2107” minik markalı **-BG-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsi hesabına keçirilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar