Məhkəmə qərarları › İş №1(011)-436/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-436/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-436/2025 06.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Mustafayev İlkin Nizami oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Alibi Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1945-ci ildə Gürcüstan Respublikası, Qardabani rayonunda anadan olmuş, azərbaycanlı, Azərbyacan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, ev 92, mənzil 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında» qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, o, 18 aprel 2025-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvan 1 ünvanına azlaşlı övladları ilə görüşmək üçün gəlmiş qızı Vüsalə Qasımovanın əri Zərərçəkmiş şəxslə ailə-məişət münasibətlərinin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı istintaqla müəyyən edilməyən çapacağı sonuncuya tərəf atıb sağ qol nahiyəsindən vuraraq ona sağ ulnar sinirinin zədələnməsi və nevropatiyası ilə müşayiət olunan sağ saidin bir ədəd deşilmiş-kssilmiş (çapılmış) yarası, sağ yuxarı ətrafda hissiyatın pozulması və hərəkət məhdudluğu ilə müşayiət olunan xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin, şahidin ifadələri, üzləşdirmə protokolları və ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həmin hadisənin baş verməsini qəbul edir, lakin o, çapacağı ehtiyyatsızlıqdan, Zərərçəkmiş şəxs qorxutmaq məqsədilə ona atmışdır. Belə ki, Elnur onun evinə gəlmiş, onun evindəkiləri təhqir etmişdir. O, da evdə ət çəkmək üçün nəzərdə tutulan çapacağı götürüb Elnuru qorxutmaq istədikdə, çapacaq Elnurun qoluna dəymiş, onu zədələmişdir. Elnur onun evinə gəlmiş, onları təhqir etmiş, qızının üstünə spirt tökərək yandırmaq istəmişdir. Elnur Türkiyə Respublikasına azərbaycanlı qızları aparıb satan bir qadınla tanış olmuş və ondan bir övladı olmuşdur. İki-üç ay əvvəl bu məlum olmuşdur. Bundan sonra qızı ilə münasibətləri pozulmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı Elnur onu itələmiş, bu barədə DİN “102” xidmətinə məlumat vermişdir. O, Elnuru vurmaq istəməmiş, onu qorxutmaq məqsədilə çapacağı ona tərəf atmışdır. O, Elnuru öldürməklə heç vaxt hədələməmişdir. Elnur ona “sən haranın itisən” deyərək təhqir etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birgə və yaşayır, bir övladı var, əvvəllər məhkum olunmamışdır, pensiyaçıdır. Həmidov X2 Qasımovanın həyat yoldaşıdır. Vüsalə ilə Elnur 2011-ci ildə evlənmiş, İbrahim və Mikayıl adlı .ki azyaşlı övladları vardır. 2025-ci ilin mart ayında qızı Vüsalı ilə Elnur aralarında mübahisə olduğundan qızı Vüsalə Elnurdan ayrılaraq övladlarını, yəni nəvələri götürüb onun yaşadığı ünvan 2 ünvanda yaşamaqdadırlar. Elnur həftənin 1-ci, 2-ci və 5-ci günlərini həmin ünvandan götürürmüş. 18 aprel 2025-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvanın qarşısında, yəni həyətdə qonşularla domino oynayarkən həyat yoldaşı Şahid ilə qızının əri Elnurun sözlü mübahisə etdiklərini və Elnurun onu söydüyünü eşidib 1-ci mərtəbədə yerləşən mənzilinin qarşısındakı həyətyanı sahəyə yaxınlaşıb Elnura iradını bildirmişdir. Bu vaxt Elnur onu söyərək əllərilə sağ çiyinindən itələmişdir. O da əsəbiləşib mənzilin girişində yerləşən mətbəxdən ət çapacağını götürüb qorxutmaq üçün Elnura tərəf atdıqda sonuncu sağ qolu ilə özünü qoruyarkən çapacaq onun həmin qoluna dəyərək yaralamışdır. Bundan sonra Elnur avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs mübahisə zamanı onu vurmamış və ona xəsarət yetirməmişdir. Hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə zamanı orada həyat yoldaşı Şahid olmuşdur. Qızı Vüsalə işdo azyaşlı nəvələri isə mənzildə öz otaqlarında olmuşlar. Əməlindən peşmandır. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs dindirmə zamanı ifadəsində göstərmişdir ki, 18 aprel tarixində Kollegiya tərəfindən təltif edilmiş, əhvalruhiyyəsi olduqca yaxşı olmuşdur. Yoldaşı ilə münasibətləri bir müddət əvvəl korlanmışdır, danışıb qərara almışlar ki, uşaqlar bir gün onda, bir gün yoldaşında qalsın. Həmin gün oğluna zəng edərək bildirmişdir ki, hazırlansınlar, gəlib onları götürəcəkdir, oğlu razılıq verərək hazırlaşacaqlarını bildirmiş, bu zaman qaynanası oradan uşaqlara əsəbləşərək, ananızdan icazə alın, sonra gedin demişdir. Daha sonra o maşınla oraya gəlmiş, lakin içəri daxil olmamışdır, havalar isti olduğundan qapı açıq olmuşdur. O, qapının ağzında duraraq oğluna bildirmişdir ki, “mən içəri girməyəcəm, siz hazırlaşın gedək”. Bu zaman qayınanası onu, onun nəslini söyüb, təhqir etməyə başlamışdır. O zaman qayınatası Təqsirləndirilən şəxs evdə olmamışdır. Evin həyətində, oradan on metr uzaqlıqda domino oynayırmış, yoldaşının səsini eşidərək dərhal evə gəlmişdir. Təqsirləndirilən şəxs oraya gəldikdə, onu təhqir etməyə başlamış, ona qarşı “oğraş”, “oğraş nəsil” ifadələrini işlətmiş, ona səni baltalayaram, öldürərəm demişdir. Bunu Təqsirləndirilən şəxs qızı da səs yazısında təsdiq edir. Hadisə baş verərkən qonşulardan biri də hadisə yerinə gəlməmişdir, çünki o qonşuların hər birinə ayrı-ayrılıqda müxtəlif məsələlərdə köməklik etmişdir. Təqsirləndirilən şəxs onu 3 dəfə vurmağa cəhd etmişdir, ilk iki cəhddə geriyə çəkilmiş, zərbələr onu tutmamışdır, üçüncü dəfə çapacaq onun baş nahiyəsinə gəlmiş, o qolunu qabağa verdiyindən, çapacaq onun qoluna dəyərək zədələmişdir. O, hadisədən sonra yoldaşına zəng etmiş, atasının onu vurduğunu bildirmişdir, yoldaşı ona gəldiyini bildirsə də, onu bir müddət sonra bloka atmışdır. Xəyanət məsələsinə gəldikdə, o, 2023-cü ildə ikinci qadınla ailə həyatı qurmuş və bir övladı olmuşdur. Bunu yoldaşı öyrəndikdən sonra onu bağışlamışdır. Birlikdə bayram qeyd etmiş, yoldaşının ad gününü keçirmiş, ev bağışlamış və evi qəbul etmişlər. Hətta, qayınatası bunu bildikdən sonra, onu qucaqlamış, “o uşaqda mənim nəvəmdir, mənim özümündə rusiyada bir qızım var” demişdir. Hadisələr belə olmuşdur, o indiyə kimi bir dəfə belə söyüş işlətməmiş, kimisə təhqir etməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadiəs zamanı o, təqsirləndirilən şəxs, qayınanası və qonşuları olan bir usta orada olmuşdur. Təqribən 1 metr məsafədən 3 dəfə vurmağa cəhd etmişdir. O, inanmamışdır ki, qayınatası onu vursun. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, ona cəza verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid dindirmə zamanı ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birgə və yaşayır. Həmidov X2 Qasımovanın həyat yoldaşıdır. Vüsalə ilə Elnur 2011-ci ildə ailə həyatı qurublar və iki azyaşlı övladları vardır. 2025-ci ilin mart ayında qızı Vüsalə ilə Elnur arasında anlaşılmazlıqlar olduğundan qızı Vüsalə ərindən ayrılaraq övladlarını, yəni nəvələrini də götürüb həyat yoldaşı Təqsirləndirilən şəxsla birlikdə yaşadıqları Bakı şəhəri, ünvan 3 ünvanda onlarla birlikdə yaşayırlar. 18 aprel 2025-ci il tarixdə saat 18 radələrində nəvələri 11 yaşlı İbrahim məktəbdən və 5 yaşlı Mikayıl bağçadan evə yenicə gəlmişlər. Nəvəsi İbrahimin mobil telefonda görüntülü olaraq atası Elnurla danışdığını və Elnurun ona onunla getmələri üçün geyinib hazırlaşmaları barədə nəsə dediyini eşitmişdir. O da İbrahimə əvvəlcə yeməklərini yemələrini dedikdə Elnur mənzilin qapısını açıb onu söyərək təhqir etmişdir. Bunu həyətdə qonşularla domino oynayan həyat yoldaşı Təqsirləndirilən şəxs eşidib yaşadıqları mənzilin qarşısındakı həyətyanı sahəyə yaxınlaşaraq Elnura iradını bildirmiş, Elnur isə Veysəli də söyərək əllərilə sağ çiyin nahiyəsindən itələmişdir. Bu zaman Veysəl də, əsəbiləşib mənzilin girişində yerləşən mətbəxdən ət çapacağını götürüb Elnura tərəf atdıqda Elnur sağ qolu ilə özünü qoruyarkən çapacaq onun həmin qoluna dəyərək yaralamışdır. Bundan sonra Elnur avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs mübahisə zamanı onu və ya Təqsirləndirilən şəxs vurmamış və onlara hər hansı bir xəsarət yetirməmişdir. Hadisə təxminən 3-4 dəqiqə davam etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 01); Zərərçəkmiş şəxs tərəfindən Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci PŞ-nə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona çağacaq ilə xəsarət yetirmişdir. Bu səbəbdən həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir ( i.v. 4); Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza va Pataloji Anatomiya Birliyi X4 19 aprel 2025-ci il tarixli 372 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs oğlunda sağ ulnar sinirinin zədələnməsi və nevropatiyası ilə müşayiət olunan sağ saidin bir ədəd deşilmişkəsilmiş (çapılmış) yarası, sağ yuxarı ətrafda hissiyatın pozulması və hərəkət məhdudluğu müəyyən edildi. Xəsarət iti uca və kənara malik əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən çapacaq ilə törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. (i.v 14-15) 02 iyun 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 31) 03 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunması və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham elan edilməsi qərara alınmışdır.(i.v 63-64) 03 iyun 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 81-82) 10 iyun 2025-ci il tarixli zərərçəkən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs 10 iyun 2025-ci il tarixdə saat 15:00 radələrində təkrarən həmin ünvana gətirilmiş və o, X1 ilə 15 il müddətdir rəsmi nigah əsasında ailə həyatı qurduğunu, lakin 16 mart 2025-ci il tarixdə aralarında yaranmış ailə daxili mübahisələr nəticəsində Vüsalənin övladları ilə birgə öz atası evinə, yəni qayınatası Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən evinə getdiyini, bu müddət ərzində həftədə 3-4 gün övladlarını görmək və onlarla vaxt keçirmək üçün sözü gedən ünvana getdiyini, 18 aprel 2025-ci il tarixdə saat 18 radələrində azyaşlı oğlu İbrahimlə video görüntü ilə danışıb onları götürmək üçün gəldiyini bildirməklə hazırlaşmalarını istədiyini, qaynatası Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətinə çatdıqda evin həyətinin çöl hissəsindən övladlarını səsləyib hazırlaşaraq gəlmələrini xahiş etdiyini, həmin vaxt qaynanası Şahid uşaqlarını hazırlaşmağa imkan verməyərək onu söyüb təhqir etdiyini, o da Şahid sözlərinə məhəl qoymadan bir daha uşaqlarına hazırlaşmalarını dediyini, bu zaman qaynanası Şahid uca səslə onun ünvanına söyüş söyərək qışqırmağa başladığını, bir qədər kənarda, yəni məhəllədə xatırlamadığı şəxslərlə domino oynayan qaynatası Təqsirləndirilən şəxs ona tərəf gələrək kənardan onun ünvanına nalayiq sözlər deməyə başladığını, Təqsirləndirilən şəxs məhəl qoymayıb avtomobilinə tərəf gedərkən sonuncu onu balta ilə vuracağı ilə hədələdiyini, həmin vaxt qaynatası və qaynanasından valideynləri tərəfindən ona alınmış mənzili satmaq istəmələri səbəbini soruşduğunu, bununla bağlı qaynanası ilə danışıdığı zaman qaynatası Təqsirləndirilən şəxs ona “bu dəqiqə səni öldürəcəm " deyərək yaşadıqları mənzilinə gedib oradan götürdüyü baltaya (çapacaq) bənzəyən kəsici alətlə üzərinə hücum edərək 3 dəfə baş nahiyəsindən vurmağa cəhd etsədə o, zərbələrdən yayınmış, sağ qolu ilə başını qorumaq istəyərkən Təqsirləndirilən şəxs əlindəki baltaya bənzəyən əşya ilə onun sağ qolunun dirsək nahiyəsindən vuraraq ona xəsarət yetirdiyini, bundan sonra o oradan kənarlaşaraq avtomobilinə əyləşib Neyrocərrahiyə Mərkəzinin təcili tibbi yardım şöbəsinə getdiyini, orada qolundakı xəsarətə tibbi tikiş vurularaq tibbi yardım göstərildikdən sonra evinə getdiyini, hadisənin Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 92 ünvanının qarşısında məhəllədə baş verməklə təxminən 10 dəqiqə davam etdiyini bildirmişdir. (i.v 91-92) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu krtotekasında məlumat yoxdur.(i.v. 93) 13 iyun 2025-ci il tarixli vəsatətə baxılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 vəsatətinin təmin edilməsi qərara alınmışdır.(i.v 113) 13 iyun 2025-ci il tarixli vəsatətə baxılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi vəkil Müdafiəçi2 vəsatəti əsaslı olduğundan təmin ediməklə Təqsirləndirilən şəxs barəsində məhkəmə-psixiatrik təyin edilməsi qərara alınmışdır.(i.v 117) 13 iyun 2025-ci il tarixli vəsatətə baxılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 vəsatətinin əsaslı olduğundan təmin edilməsi qərara alınmışdır.(i.v 121) 09 iyul 2025-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2025-ci il tarixdə saat 12:30 radələrində təkrarən həmin ünvana gətirilmiş və o, 18 aprel 2025-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvanın qarşısındakı həyətdə qonşularla domino oynayarkən həyat yoldaşı Şahid ilə qızının əri Elnurla sözlü mübahisə etdiklərini və Elnurun onu söydüyünü eşidib dərhal 1-ci mərtəbədə yerləşən mənzilimin qarşısındakı dəmir barmaqlıqlarla əhatə edilmiş həyətyanı sahəyə daxil olaraq sonuncuya iradını bildiyini, Elnurun isə həmin vaxt onu da söyərək təhqir etdiyini və əllərilə sağ çiyin nahiyəsindən itələdiyini, o da bundan əsəbiləşib mənzilin girişində yerləşən mətbəxdəki masanın üzərindən ət çapacağını götürüb Elnuru qorxutmaq istədikdə çapacağın sonuncunun sağ qoluna dəyərək yaraladığını, bundan sonra Elnur avtomobilinə əyləşib oradan uzaqlaşdığını bildirmişdir. (i.v 149-151) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixiatrik Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2025-ci il tarixli, 2308 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxsda törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd edilməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törərətdikdən sonra hər hansı psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlqalığını istisna etməyən psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabliyyətinə malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v 153-155) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza va Pataloji Anatomiya Birliyi X4 14 iyul 2025-ci il tarixli, T 575/2025 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ said sinirinin zədələnməsi və neyro patiyası ilə müşayiət olunan sağ saidin çapılmış yarası olmuşdur. Qeyd edilən xəsarət çapıcı alətin təsirindən, qərarın təsviri hissəsində göstərilən vanda va şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən balta ilə yetirilən zərbə nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. Xəsarətin yetirilməsi zamanı zərərçəkmiş və zədə yetirən şəxs müxtəlif duruş vəziyyətində ola bilərdi. (i.v 157-159) 15 avqust 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndrilən şəxs qismində cəlb edilməsi haqqında qərar və ona həmin maddədə nəzərdə tutulan elan edilmiş ittiham qüvvəsində saxlanılması, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 127.2.2, 127.2.3 və 221-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən, həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etirafedici ifadəsi, Zərərçəkmiş şəxs ifadəsi, ifadənin yerində yoxlanması protokolu, üzləşdirmə protokolu, Şahid ifadəsi, 19 aprel 2025-ci il tarixli 372 №-li rəyi təkrar təyin edilmiş komissiyon məhkəmə-tibbi ekspertizasının 14 iyul 2025-ci il tarixli, №T575/20256 nömrəli ekspert rəyi sübut növü kimi qiymətləndirilməsi, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərar öz qüvvəsində saxlanılması qərara alınmışdır. (i.v 164-170) Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, zərərçəkmiş şəxsi qorxutamq məqsədi ilə ona atması ilə bağlı ifadəsinə tənqidi yanaşır və hesab edir ki, təqsirləndirilən şəxsin bu ifadəsi özünü cinayət məsuliyyətindən kənarda qoymaq niyyətinə dəlalət edir. Təqsirləndirilən şəxsin bu ifadəsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təm təkzib edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 73.2-ci maddəsinə əsasən bu məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun yaşını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmsı və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 73.2-ci maddəsində müəyyən edilən cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadığından,o, həmin məcəllənin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, ev 92, mənzil 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, ev 92, mənzil 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar