Məhkəmə qərarları › İş №1(011)-437/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-437/2021

26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-437/2021 26.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Namazova Günel Vladimir qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədilə 30 dekabr 2020-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvana hasardan tullanaraq qanunsuz daxil olaraq oradan 01 ədəd qiyməti 2200 manat olan velosipedi, 01 ədəd qiyməti 300 manat olan samovarı çıxarıb evin yaxınlığında gizlətdikdən sonra, geri qayıdaraq həmin ünvandan 01 metrinin qiyməti 1,20 manat olan ümumi qiyməti 52,80 manat olan 44 metr üzərində “Koç kablo H05VV-F” yazıları olan, üzəri ağ rəngli izoliasiyalı olan, mis tərkibli, 3x 2,5 mm 2 diametrli elektrik naqili, 01 metrinin qiyməti 8 manat olan ümumi qiyməti 88 manat olan 11 metr üzəri qara rəngli izoliasiyalı olan, 4x7 mm2 diametrli elektrik naqili və 01 metrinin qiyməti 8 manat olan ümumi qiyməti 88 manat olan 11 metr üzəri qara rəngli izoliasiyalı olan, 4x7 mm2 diametrli elektrik naqillərini oğurlayıb hasardan çıxarmaq istəyən zaman qonşunun onun görməsindən qorxduqdan sonra naqilləri tullayaraq qaçıb, vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq Zərərçəkmiş şəxs ümumilikdə 2500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş və şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, ekspert rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi vəziyyəti yaxşı olmamış, 30 dekabr 2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Xətai rayonu Mehmandarov küçəsi ilə hərəkətdə olan zaman 56 saylı evin hasarını hündürlüyünün az olmasını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Evin darvazasının yanından hasarın üstünə qalxaraq evin həyətinə tullanmış, evin həyətinə nəzər yetirdikdən sonra orada olan bir ədəd velosipedi və elektrik naqillərini görmüş, öncə 01 ədəd velisopedi götürüb hasardan çıxarmaq yolu ilə evin yaxınlığında gizlətmişdir. Sonra yenidən hasardan tullanaraq evin həyətinə daxil olmuş, orada olan elektrik naqillərini götürərək hasardan çıxaraq oradan uzaqlaşmaq istəyən zaman bir nəfər yaşlı kişi onun hasarda olduğunu görüb ona yaxınlaşmışdır. Həmin şəxs onun kim olduğunu soruşan zaman o, qorxaraq əlindəki naqilləri yerə tullamış və özü də hasardan düşüb qaçaraq uzaqlaşmışdır. Velosipedi gizlətdiyi yerdən götürərək Sabunçu bazarında tanımadığı şəxsə 30 manata satmışdır. Əldə etdiyi pulu öz təbii ehtiyacları üçün xərcləmişdir. Həmin ünvandan samovar oğurlamamışdır. Əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X4 ifadəsində qeyd etmişdir ki, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 30 dekabr 2020-ci il tarixdə ailə üzvləri ilə birlikdə bayram ilə əlaqədar saat 15-16 radələrində alış-veriş etmək üçün evdən getmişdir. Təxminən saat 17 radələrində atası onunla əlaqə saxlayaraq qonşuluqda yaşayan Şahid2 ona zəng etdiyini, evin hasarında bir nəfər əvvəllər tanımadığı şəxsi tullanan zaman gördüyünü, həmin şəxsə yaxınlaşan zaman sonuncunun qorxaraq əlində olan naqilləri tullayaraq qaçdığını demişdir. O, yaşadığı ünvana gəlmiş, evdə axtarış aparan zaman məlum olmuşdur ki, həmin şəxs evdən naqil oğurlamaq istəsə də qonşuları Rəşid kişi həmin şəxsi görüb yaxınlaşdığı üçün qaçmışdır. Baş vermiş hadisə ilə bağlı polisə məlumat vermişlər. Verdikləri məlumat əsasında hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları evi müayinə edib getdikdən sonra evə nəzər salan zaman məlum olmuşdur ki, həmin şəxs evdən ona məxsus 2200 manat dəyərində hal-hazırda markasını xatırlamadığı velosipedi və 300 manat dəyərində samovar oğurlamışdır. Təqsirləndirilən şəxslə barışmamışdır, ona qarşı şikayətçidir. Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, X2 onun xalasının yoldaşıdır. X1 küçəsi ev 56 ünvanında yaşayır. Orduxan Həsənəliyev işi ilə əlaqədar Respublikanın rayonlarında çalışdığı üçün həmin evdə oğlu yaşayır. 30 dekabr 2020-ci il tarixdə xalasının yoldaşı Orduxan Həsənəliyev onunla əlaqə saxlayaraq ünvan 5 ünvanında oğurluq hadisəsi baş verdiyi barədə ona məlumat vermişdir. Məlumat əsasında o, həmin evə yaxınlaşmışdır. Evə yaxınlaşan zaman ona məlum olmuşdur ki, qonşuluqda yaşayan Rəşid adlı şəxs bağdan çıxan zaman bir nəfər naməlum şəxsin xalasıgilin evindən əlində iki top naqillə birlikdə çıxmaq istədiyini görmüşdür. Bundan sonra Rəşid həmin şəxsə yaxınlaşan zaman həmin şəxs qorxaraq əlindəki naqili də tullayıb oradan qaçmışdır. Baş vermiş hadisə ilə bağlı sonradan evdə yaşayan xalası oğlu Zərərçəkmiş şəxs evə gəldikdən sonra baxış zamanı onlara məlum olmuşdur ki, evdən əlavə olaraq 01 ədəd velosiped və 01 ədəd samovar oğurlanmışdır. Bundan sonra onlar baş vermiş hadisə ilə bağlı 35-ci PB-nə müraciət etmişlər. Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, X2 onun qonşusudur. Belə ki, X1 küçəsi ev 56 ünvanında yaşayır. Orduxan Həsənəliyev işi ilə əlaqədar respublikanın rayonlarında çalışdığı üçün həmin evdə oğlu yaşayır. 30 dekabr 2020-ci il tarixdə saat 17:30 radələrində yaşadığı evin bağından çıxan zaman bir nəfər şəxsin Orduxan Həsənəliyevə məxsus bağın hasarından tullandığını görmüşdür. Həmin şəxs hasardan tullanan zaman əlində 2 top elektrik naqili olmuşdur. O, həmin şəxsə yaxınlaşaraq kim olmasını soruşan zaman həmin şəxsin həyəcanlandığını görüb həmin şəxsin oğurluq etdiyini anlamışdır. O tez həmin şəxsin əlindəki elektrik naqilini almağa çalışmışdır. Bu zaman həmin şəxs naqilləri yerə tullamış və özü oradan qaçmağa başlamışdır. O nə qədər səslənsə də həmin şəxs dayanmamış və oradan uzaqlaşaraq getmişdir. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı Orduxan Həsənəliyevə məlumat vermişdir. Əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, həmin şəxs 25 yaşlarında 165-170 boylarına qaraşın, arıq bədən quruluşu olmuşdur. Həmçinin, həmin şəxsin üzü saqqallı olmuşdur və həmin şəxs ona təqdim edilərsə həmin şəxsi tanıyar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 15.04.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır ( i.v. 1); baxış keçirilməsi və götürmə haqqında 30.12.2020-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 6 ünvanına baxış keçirilmiş, 2 top naqil götürülmüş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir ( i.v. 7); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021-ci il tarixli, 9/1044 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş elektrik naqillərinin istofadədə olması nəzərə alınmaqla 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 228,80 manat müəyyən edilir. O cümlədən, 1) 44 metr üzərində “Koç kablo H05VV-F” yazıları olan, üzəri ağ rəngli izolyasiyalı olan, mis tərkibli, 3x2,5 mm2 diametrli elektrik naqili-52,80 manat (44 metrx 1,20 manat); 2) 11 metr üzəri qara rəngli izoliyasiyalı olan 4x7 mm2 diametrki elektrik naqili-88,0 manat (11 metrx8 manat); 3) 11 metr üzəri qara rəngli izoliyasiyalı olan 4x7 mm2 diametrki elektrik naqili-88,0 manat (11 metrx8 manat)( i.v. 16-19); 25 aprel 2021-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınmaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 29); şəxsin tanınmaya təqdim edilməsi barədə 18 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs digər üç nəfər şəxslə birlikdə tanınmaya təqdim edilmiş, Şahid2 Təqsirləndirilən şəxs tanımışdır ( i.v. 62-63); ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir ( i.v. 64-68); 18 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə ittiham elan edilmişdir ( i.v. 78); 18 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir ( i.v. 93-94); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 24 avqust 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22.12.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07.03.2015-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir ( i.v. 98-100); 15 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və həmin tarixdə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvədə saxlanılmış, məhkəmə əmtəəşünaslıq ekspertizasının 29 mart 2021-ci il tarixli, 9/1044 nömrəli rəyi sübut əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, 44 metr üzərində “Koç kablo H05VV-F” yazıları olan, üzəri ağ rəngli izoliasiyalı olan, mis tərkibli, 3x 2,5 mm2 diametrli elektri naqili, 11 metr üzəri qara rəngli izoliasiyalı olan, 4x7 mm2 diametrli elektri naqili, 11 metr üzəri qara rəngli izoliasiyalı olan, 4x7 mm2 diametrli elektrik naqili sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılmış, cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 2500 manat hesab olunmuş, iş üzrə vətəndaş Zərərçəkmiş şəxs məxsus samovarın və velosipedin tapılması istiqamətində Xətai RPİ-nin 35-ci PB-nə tapşırıq verilmiş lakin müsbət nəticə əldə edilmədiyindən həmin xüsusat üzrə cinayət işindən material ayrılaraq Xətai Rayon Prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir (i.v. 102-108); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28.11.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş, Təqsirləndirilən şəxs tutulması və həbsetmənin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. məktubdan görünür ki, Təqsirləndirilən şəxs 13.11.2021-ci il tarixdə saxlanılaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən evdən digər əşyaları oğurlasa da, 01 ədəd samovar oğurlamaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs dəfələrlə ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək digər əşyalarla yanaşı 01 ədəd samovarı da oğurladığını qeyd edərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Həmçinin, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini, o cümlədən 01 ədəd samovarı oğurladığı yeri göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6— 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını (CM- 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, bununla da, həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olamaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut əşyaların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 13 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut – 44 metr üzərində “Koç kablo H05VV-F” yazıları olan, üzəri ağ rəngli izoliasiyalı olan, mis tərkibli, 3x2,5 mm2 diametrli elektrik naqili, 11 metr üzəri qara rəngli izoliasiyalı olan, 4x7 mm2 diametrli elektrik naqilinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar