Məhkəmə qərarları › İş №1(011)-438/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-438/2023

06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-438/2023 06.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə mülkiyyətində və üzərində heç bir sahiblik hüquqi olmayan X3 məxsus olmuş “Toyota Prius” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs satacağı barədə yalan vəd verib aldadaraq 2022-ci ilin yanvar ayının əvvəlində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 89 ünvanın qarşısında Zərərçəkmiş şəxs beh kimi 600 manat, 2022-ci ilin yanvar ayının ortalarında həmin ünvanda onun tanışı Şahid2 vasitəsilə 4.300 manat nağd pul, habelə elektron ödəmə terminalları vasitəsilə cəmi 600 manat o cümlədən 07 fevral 2022-ci il tarixdə saat 17:36-da Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti 81 ünvanında “Bravo” mağazasında “MilliÖN” terminalı vasitəsilə tanışı Şahid2 anası X4 adına "xxxx" ASC-nin 4169 7385 1623 2836 nömrəli “Umico” bank kartına köçürülmüş 160 manat, 11 fevral 2022-ci il tarixdə saat 17:13-də ünvan 3 ünvanında “Dostmart” mağazasında “MilliÖN” terminalı vasitəsilə Naidə Quliyevanın adına "xxxx" ASC-nin 4169 7385 1623 2836 nömrəli “Umico” bank kartına 100 manat, 13 fevral 2022-ci il tarixdə saat 16:37-də Xətai rayonu, Gəncə prospekti, 2930-cu məhəllədə yerləşən “Panorama Park”da “MilliÖN” terminalı vasitəsilə Naidə Quliyevanın adına "xxxx" ASC-nin 4169 7385 1623 2836 nömrəli “Umico” bank kartına 50 manat, 14 fevral 2022-ci il tarixdə saat 16:02-də Xətai rayonu, Gəncə prospekti, 2930-cu məhəllədə yerləşən “Bazarstore”da “eManat” terminalı vasitəsilə Naidə Quliyevanın adına "xxxx" ASC-nin 4098 5844 5057 1367 nömrəli bank kartına 240 manat və 28 fevral 2022-ci il tarixdə saat 15:29-da ünvan 3 ünvanda yerləşən “Dostmart” mağazasında “eManat” terminalı vasitəsilə Naidə Quliyevanın adına "xxxx" ASC-nin 4098 5844 5057 1367 nömrəli bank kartına köçürülmüş 50 manatı-ümumilikdə 5.500 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 5.500 (beş min beş yüz) manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün təsdiqedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxs, şahid ifadələri, üzləşdirmə, protokolları, ödəniş qəbzləri və avtomobil icarə müqaviləsi ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayından özünə məxsus “Toyota Prius” markalı avtomobili pul qarşılığında tanıdığı Şahid3 Bəhman oğluna vermək qərarına gəlmişdir. 21 oktyabr 2021-ci il tarixdə Edqar ilə görüşüb “Toyota Prius” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncuya vermiş və qarşılığında 5.000 manata razılığa gəlmişlər. Edqar ilə aralarında olan razılaşmaya əsasən 5.000 manat pulu ödədikdən sonra avtomobil özünə qalmalı olmuşdur. Avtomobili Edqarın anası X2 adına rəsmiləşdirdikdən sonra Edqar 5.000 manat pulu kredit kimi vermiş və sonuncunun anası avtomobili idarə edə bilməsi üçün etibarnamə vermişdir. Pulu tam ödəyib bitirdikdən sonra avtomobil öz adına qeydiyyatdan keçiriləcəkdi. Kreditin şərtləri 15 ay ərzində hər ay 580 manat olmuşdur. Avtomobilin ilk aylıq kreditini ödəmişdir. Lakin həmin ərəfə borcları və kreditləri olması səbəbindən aylıq borcu ödəyə bilməmişdir. Buna görədə qərara gəlmişdir ki, avtomobili “Turbo az” saytına satışı barədə elan yerləşdirərək münasib şəxs tapıb aldadaraq satsın. Bu niyyətlə 2022-ci ilin yanvar ayının əvvəllərində “Turbo.az” saytına daxil olub avtomobilin xüsusiyyətləri barədə elan hissədə qeyd etmişdir. Sonda isə elanda öz istifadəsində olan mobil nömrəsini də yazmışdır. Lakin elan saytda qeydiyyata alınmamış, buna səbəb isə əvvəllər öz istifadəsində olan mobil nömrə ilə sayta elan yerləşdirməyi olmuşdur. Saytın daxili qaydalarına əsasən yalnız bir dəfə eyni nömrə ilə elan yerləşdirmək mümkün olmuşdur. Həmin günü axşam saatlarında tanışı Şahid2 ilə görüşən zaman sonuncuya özünə məxsus olan avtomobil satmaq istədiyini bildirmişdir. Lakin Mirzəliyə saytla bağlı mobil nömrəsi ilə bir dəfə elan yerləşdirdiyindən saytın mobil nömrəsi ilə elan yerləşdirməyə icazə vermədiyini də demişdir. Mirzəlidən mobil nömrəsi ilə elan yerləşdirməyə icazə verməsini xahiş etmişdir. Mirzəli də razılaşmış və sonuncunun istifadəsində olan mobil telefon ilə “Turbo.az” saytına daxil olaraq avtomobilin xüsusiyyətlərini qeyd edərək avtomobilin kredit vasitəsi ilə satılması barədə elan yerləşdirmişdir. Ancaq faktiki niyyəti barədə Mirzəliyə heç bir məlumat verməmişdir. Səhəri gün bir nəfər Mirzəliyə zəng edərək avtomobil barədə məlumat almış, lakin nağd almaq istədiyini bildiridiyi üçün razılıq əldə olunmamışdır. 10 yanvar 2022-ci il tarixdə Mirzəli əlaqə saxlayaraq bir nəfər şəxsin avtomobili almaq üçün əlaqə saxladığını demişdir. Mirzəlidən həmin şəxsin nörməsini alaraq danışmışdır. Həmin günü sonradan tanıdığı Zərərçəkmiş şəxs ilə onun yaşadığı Xətai rayonu ərazisində ünvanı dəqiq xatırlamadığı ərazidə görüşmüşdür. Rahimə 5.000 manat ilkin ödəniş olmaqla aylıq 560 manat 12 ay ərzində ödəmək şərti ilə avtomobili satdığını bildirmişdir. Rahim dediyi şərtlər ilə razı olduğundan təklif etmişdir ki, avtomobili yaxınlıqda olan avtomobil servisinə aparıb yoxlatdıqdan sonra alacaqdır. Avtomobili servisə aparandan sonra orada baxış keçirilmiş və avtomobilin ümumi vəziyyətini Rahim qənaət bəxş hesab etmişdir. Yoxlanışdan sonra Rahim 600 manat beh ödəmişdir. Çünki bunu Rahimdən özü istəmişdir. Rəhimə isə avtomobilin özünə məxsus olmasını demiş və Edqar adlı şxəsdən pul götürüb sonuncuya aid olmasını gizlətmişdir. Çünki bu barədə Rəhimə deyəcəyi halda sonuncu avtomobili almayacaqdı. Pulu aldıqdan sonra avtomobili Rahimin yaşadığı ev ünvanın qarşısında saxlayıb açarları təqdim etmişdir. Səhəri gün işi olduğundan Mirzəlidən xahiş etmişdir ki, Rahim ilə görüşüb avtomobilin ilkin ödənişinin qalan hissəsini sonuncuya təqdim etsin. Daha sonra Mirzəli əlaqə saxlayaraq bildirmişdir ki, Rahim ilə görüşüb sonuncudan 4.300 manat pul almışdır. Bundan sonra razılaşmaya əsasən Rahim hər ay kart hesabına 560 manat ödəməli olmuşdur. Rahim ödəniş üçün kart istəyən zaman bank hesabının olmaması səbəbindən kartı olmadığına görə Mirzəlidən xahiş etmişdir ki, kart hesabı olduğu halda Rahimə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərsin ki, sonuncu ödənişi həmin kart vasitəsi ilə edə bilsin. Mirzəli də kart hesabını Rahimə göndərmişdir. Bundan sonra Rahim hissə-hissə olmaqla Mirzəlinin kartına ümumilikdə 600 manat pul köçürmüşdür. Bundan sonra Rahimin ödədiyi ümumilikdə 5.500 manat pulu borclarının qaytarılması istiqamətində istifadə etmişdir. 2022-ci ilin mart ayında Rahim əlaqə saxlayaraq Bakı şəhəri, Xətai rayonu, Ukranya dairəsi yaxınlığında avtomobil ilə hərərkətdə olan zaman Yol-Patrul Xidməti əməkdaşları onu saxladığını bildirmişdir. Bunun olacağını gözləmiş, çünki artıq 5 aya yaxın olmuşdur ki, Edqara avtomobilin ödənişini həyata keçirməmiş, sonuncu da bu barədə polisə müraciət etmişdir. Daha sonra dəfələrlə Rahim zəng etsədə sonuncuya cavab verməkdən imtina etmişdir. Daha sonra Rahim Mirzəliyə zənglər etməyə başlamışdır. Mirzəli də bu barədə dəfələrlə ona zəng edərək öz iradını bildirmişdir ki, bu məsələni Rahim ilə öz arasında həll etsin. Bundan sonra Rahim ilə əlaqə saxlamış, yalandan Gürcüstan Respublikasında olduğunu və qayıdan kimi bu məsələni həll edəcəyini bildirmişdir. Lakin sonradan Rahim ilə nə telefon əlaqəsi yaratmamış, nə də görüşməmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı hissə-hissə ödəməyi təklif etsə də, zərərçəkmiş şəxs pulunu tam olaraq tələb edir. Hal-hazırda 1500 manat pul ödəmək istəyir, lakin zərərçəkmiş şəxs pulu götürməkdən imtina edir. Törətdiyi əməldən səmimi peşmandır. Özü Qarabağ döyüşlərində iştirak edib və döyüşlərdə iştirak etdiyi üçün medallarla təltif edilmişdir. Ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda qeydiyyatda olmaqla yaşamışdır. 2022-ci ilin yanvar münasib qiymətə avtomobil almaq qərarına gəlmişdir. Bununla əlaqədar olaraq bir müddət “Turbo.az” internet saytına daxil olaraq bir neçə avtomobilə baxdıqdan sonra özünə daha münasib şərtlərlə təklif olunan “Toyota Prius” markalı avtomobilin elanını seçmiş və elan sahibinin sayta daxil etdiyi mobil nömrəyə zəng etmişdir. Elanı sayta yerləşdirən şəxs özünü Natiq kimi təqdim etmişdir. Lakin sonradan məlum olmuşdur ki, həmin şəxsin adı Mirzəlidir. Həmin şəxs ilə apardığı söhbət əsnasında, məlum olmuşdur ki, avtomobil kredit ilə satılır. İlkin ödəniş 5.000 manata təklif olduğunu, aylıq 560 manat 12 ay ərzində ödəmək şərtilə avtomobil mülkiyyətinə veriləcəyini bildirmişdir. Mirzəli demişdir ki, özünün vaxtı məhdud olduğuna görə Elnur adlı şəxs ilə görüşməli olacaq. Mirzəlinin dediyi Elnur ilə yaşadığı evin yaxınlığında görüşmüşdür. Elnur avtomobili göstərib özünə məxsus olmasını bildirmişdir. Avtomobilə baxıb bəyəndikdən sonra avtomobili yaxınlıqda olan avto servisə apararaq yoxlatmışdır. Yoxlanışdan sonra Elnura beh olaraq 600 manat pul ödəmişdir. Bundan sonra Elnur avtomobilin açarını təhvil verərək avtomobili yaşadığı evin qarşısında saxlamışdır. Növbəti gün Mirzəli əlaqə saxlayaraq bağlamamlı olduğu müqavilənin hazır olduğunu bildirmiş və onlar Sabunçu rayonu, Bakıxanov qəsəbəsində görüşmüşlər. Görüş zamanı müqaviləni, avtomobilin mülküyyətçisinin adından avtomobilin idarə edilməsi üçün onun adına verilən etibarnaməni təqdim etmişdir. Mirzəliyə pulun evdə olduğunu bildirmişdir. Bundan sonra Mirzəli ilə yaşadığı evə gələrək evdən pulu götürmüş və sonuncuya 4.300 manat pul vermişdir. Avtomobilin qeydiyyat şəhadətnaməsi X2 adına olmuşdur. Etibarnamə bir il müddətinə verilmişdir. Aylıq ödənişlərin həyata keçirilməsi üçün “Umico” bank kartını “Whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərilmişdir. Kart hesabının üzərinə “Naida Guliyeva” məxsus olması barədə yazılar olmuşdur. Bundan sonra avtomobil özündə olmaqla sonrakı aylıq ödənişi də həmin kart vasitəsi ilə 560 manat pulu ödəmişdir. Bundan əlavə avtomobilə digər təmir xərcləri çəkmişdir. Lakin 2022-ci ilin mart ayında avtomobillə Bakı şəhəri, Ukranya dairəsi ətrafında hərəkət etdiyi zaman Yol-Patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və məlum olmuşdur ki, kreditlə aldığı avtomobilə həbs qoyulmuşdur. Eyni zamanda məlum olmayan səbəblərdən etibarnamənin ləğv olunmasını öyrənmişdir. Bundan sonra Elnura zəng etməyə başlamışdır. Elnur ondan gizlənərək müxtəlif bəhanələr gətirərək görüşməkdən imtina etmişdir. Belə ki, güya Gürcüstan Respublikasında olduğunu və yaxın günlərdə Bakıya qayıdacağını, gələn zaman isə problemləri aradan qaldıracağına, avtomobilin sahibi ilə onu görüşdürəcəyinə və avtomobili ona qaytaracağına söz vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 6000 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş zərərdən 1500 manat ödəməyi təklif etsə də, o bununla razılaşmır, ona dəymiş zərərin tam ödənilməsini tələb edir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Hazırda ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Bəhman oğlu ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabvr ayında Təqsirləndirilən şəxs “Toyota-Prius” markalı, **-OJ- *** dövlət qeydiyyat nişanlı avtomobil alaraq anası X2 adına rəsmiləşdirmişdir. Daha sonra isə pul lazım olduğundan həmin avtomobili satmaq qərarına gəlmişdir. 21 oktyabr 2021-ci il tarixdə qeyd olunan avtomobili Təqsirləndirilən şəxs ilə kredit yolu ilə əvvəlki sahibi Təqsirləndirilən şəxs kreditlə satmaq qərarına gəlmişdr. Qardaşı Bəhmanın adından yalnız avtomobili idarə etmək üçün olan etibarnaməni Elnura təqdim etmişdir. Avtomobil üçün Elnur ona 8.400 manat 15 ay ərzində olmaqla ödəməli olmuşdur. Elnur ilk ayın pulunu ödəmiş, sonra hər iki ay müddətinə ortadan yoxa çıxmışdır. Elnur ilə əlaqə saxlaya bilmədiyi üçün məcburiyyət qarşısında qalıb Baş Dövlət Yol Polis İdarəsinə ərizə ilə müraciət etmiş və avtomobilin üzərinə həbs qoyulmuşdur. 2022-ci ilin yanvar ayının sonlarında avtomobili saxlayaraq dayanacağa yerləşdirmişlər. Bir neçə gün sonra Rahim adlı şəxs əlaqə saxlyaraq bildirmişdir ki, qeyd olunan avtomobili Elnura pul verərək satın alıb. Rahimdən həmin avtomobilin Elnura məxsus olmadığı onun həmin avtomobili yalnız idarə etmək hüququnun olduğunu bildirmişdir. Bunda sonra məlum olmuşdur ki, Elnur Rahim adlı şəxsi avtomobili ona satacağına dair yalan vəd verərək aldatmış və onun pullarını ələ keçirmişdir. Bundan sonra Elnuru tapmışdır. Rahim ilə birlikdə Elnurla görüşmüş, görüş zamanı Elnur Rahimi aldatmasını etiraf etmiş və vaxt istəmişdir ki, pulu geri qaytarsın. Maddi cəhətdən ehtiyacı olduğu üçün avtomobili X1 onun adına rəsmiləşdirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldatmasından xəbəri olmamışdır. X11 sürücü olduğunu bildirmişdir. Rahimi ümumiyyətlə görməmişdir. X5 ifadəsində qeyd etdiyi kimi anasıdır. “Toyota-Prius” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsus olmaqla anasının adına rəsmiləşdirilsə də bütün proseslərdə qardaşı Şahid1 iştirak etmişdir. Onun baş verən proseslərdə məlumatı və ya iştirakı olmamışdır. Avtomobili Elnura satan zaman heç bir müqavilə bağlamadan satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanışıdır. Elnurun əvvəllər istifadəsində bir neçə ədəd “Toyota Prius” markalı avtomobil olmuş və həmin avtomobili gündəlik olmaqla icarəyə verməsini öyrənmişdir. Özü də bir müddət avtomobillərin icarəyə verilməsi işi ilə məşğul olmuşdur. 2022-ci ilin yanvar ayının əvvəllərində görüşlərinin birində Elnur özünə məxsus “Toyota Prius” markalı avtomobili satmaq üçün “Turbo.az” saytına elan verdiyini, lakin əvvəllər öz istifadəsində olan mobil nömrə ilə sayta elan yerləşdirməsi səbəbindən elanın qeydə alınmadığını ona bildirmişdir. Elnur ondan xahiş etmişdir ki, onun istifadəsində olan mobil nömrə ilə sayta elan yerləşdirsin. Buna hər hansı etiraz etməyərək öz istifadəsində olan mobil nömrə ilə Elnurun sayta elan yerləşdirməsinə icazə vermişdir. Saytın daxili qaydalarına əsasən yalnız bir dəfə eyni nömrə ilə sayta elan yerləşdirmək mümkün olmuşdur. Elnur həmin vaxtı avtomobili kredit vasitəsi ilə satacağını demişdir. Səhəri günü bir nəfər zəng edərək avtomobil barədə məlumat almış, lakin nağd almaq istədiyini bildiridiyi üçün razılıq əldə olunmamışdır. 10 yanvar 2022-ci il tarixdə yenidən bir nəfə əlaqə saxlayaraq avtomobili almaq istədiyini bildirmişdir. Daha sonra həmin şəxsin nömrəsini Elnura vermişdir ki, danışsın. Daha sonra ona məlum olmuşdur ki, Elnur həmin şəxslə görüşüb razılaşmışdır. Səhəri gün Elnur əlaqə saxlayaraq işi olduğundan Rahim ilə görüşüb avtomobilin ilkin ödənişinin qalan hissəsini verməsini xahiş etmişdir. Razılığa əsasən pulu Rahimdən alaraq Elnura təqdim etməli olmuşdur. Elnurun xahişini nəzərə alaraq Rahim ilə görüşərək 4.300 manat pul almışdır. Daha sonra həmin pulu Elnura təqdim etmişdir. Bir neçə gün sonra görüşlərinin birində Elnur xahiş etmişdir ki, kart hesabı olmadığından Rahimə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərsin ki, Rahim ödənişi həmin kart vasitəsi ilə edə bilsin. Rahimə anası X4 adına, lakin öz istifadəsində olan “Kapital Banka” və "xxxx" məxsus kartlarını Rahimə göndərmişdir. Bundan sonra Rahim bir ayın ödənişini karta ödəmişdir. Həmin pulları bankdan çıxardaraq Elnura vermişdir. Bütün bu etdiklərinə səbəb isə Elnuru və ailəsini tanımağı, o, cümlədən Elnurun borclarının çox olması səbəbindən pis durumda olmasında köməklik etmək istəməyi olmuşdur. Rahim bir neçə dəfə zəng edərək avtomobillə bağlı problem olmasını demişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldatmaq niyyətində olmasından xəbəri olmamışdır. Rahimin verdiyi və karta göndərdiyi bütün pul məbləğini Elnura vermişdir. Elnur və ailəsini uzun müddətdir ki, tanımışdır. Elnurun borcları olduğu ona məlum olmuşdur. Elnura kömək etmək istəmişdir ki, borclarını ödəsin. Avtomobilində Elnura məxsus olmasını bilmişdir. Bir müddət avtomobillərin icarəsi işi ilə məşğul olmuşdur. Bu səbəbdən də Rahim avtomobili müəyyən müddət idarə etməsi üçün ona müvəqqəti icarə müqaviləsi tərtib edərək təqdim etmişdir. X8 anasıdır. Həmin kartlar anasının olsada sonuncu yaşlı olduğundan kartlar onda olmaqla özü istifadə etmişdir. Anasının kartlara pul mədaxil və məxaric olunmasında xəbəri yoxdur. Rahim də ödənişi həmin karta etmiş, anasının bundan xəbəri olmamış və pulu kartdan çıxardaraq Elnura vermişdir. Həmin məsələ ilə bağlı ona heç bir pul ödənilməmiş və Elnurun Rahimə avtomobil satılmasında maddi marağı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və istintaq aidyyatı üzrə göndərilməsi haqqında 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Xətai rayon prokuroru tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır ( i.v. 1); Cinayət işində olan qəbzdən görünür ki, 07 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti 81 ünvanda yerləşən “Bravo” mağazasında olan “MilliÖN” elektron ödəmə terminalından X4 adına olan "xxxx" kartına 160 manat pul köçürülmüşdür.(i.v 07) Cinayət işində olan qəbzdən görünür ki, 11 fevral 2022-ci il tarixdə ünvan 7 ünvanda yerləşən “Dostmarket” mağazasında olan “MilliÖN” elektron ödəmə terminalından X4 adına olan "xxxx" kartına 100 manat pul köçürülmüşdür.(i.v 07) Cinayət işində olan qəbzdən görünür ki, 13 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2930-cü məhəllə ünvanda yerləşən “Panorama Park”da olan “MilliÖN” elektron ödəmə terminalından X4 adına olan "xxxx" kartına 50 manat pul köçürülmüşdür. (i.v 07) Cinayət işində olan qəbzdən görünür ki, 28 fevral 2022-ci il tarixdə ünvan 7 ünvanda yerləşən “Dostmarket” mağazasında olan “eManat” elektron ödəmə terminalından X4 adına olan "xxxx" kartına 50 manat pul köçürülmüşdür. (i.v 07) Cinayət işində olan qəbzdən görünür ki, 14 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2930-cu məhəllə ünvanda yerləşən “Bazarstore” mağazasında olan “eManat” elektron ödəmə terminalından X4 adına olan "xxxx" kartına 240 manat pul köçürülmüşdür. (i.v 08) Cinayət işində olan 21 yanvar 2022-ci il tarixli 104 nömrəli avtomobil icarə müqaviləsindən görünür ki “Toyota-Prius” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin ödəniş 4.800 manat, 12 ay müddətində aylıq ödəniş 500 manat olmaqla X2 adından Zərərçəkmiş şəxs icarəyə verilmişdir.(i.v 09-10) 24 dekabr 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v 47) 01 fevral 2023-cü il tarixli axtarışda olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə, saat 12:30-da tutulmuşdur(i.v 76) 03 fevral 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir.(i.v 99) 03 fevral 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edillmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir.(i.v 102-103) 03 fevral 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiq Rəhman Cəfərovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs Xətai RPİ MSY-dən azad edilməsi qərara alınmışdır.(i.v121-122) 03 fevral 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(i.v123-124) 26 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir.(i.v 127-130) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədinə əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır.(i.v 154) 01 iyun 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir.(i.v164-165) 02 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusi ilə təsdiq edildiyindən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadələri, şahid qismində dindirilmiş Şahid2, Şahid1 və Şahid3 Bəhman oğlunun ifadələrinin və üzləşdirmə protokollarının sübut növü kimi qiymətləndirilməsi, cinayət işində olan 07 fevral, 11 fevral, 13 fevral, 14 fevral və 28 fevral 2022-ci il tarixli ödəniş qəbzlərinin maddi sübut kimi tanınması, cinayət işində olan 21 yanvar 2022-ci il tarixli 104 nömrəli avtomobil icarə müqaviləsinin maddi sübut kimi tanınması, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, Şahid1, X6 və Şahid3 Bəhman oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.(i.v 170-181) Medalların surətindən görünür ki, Təqsirləndirilən şəxs “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”,”Vətən müharibəsi iştirakçısı” medalları ilə tətif edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə zərərçəkmiş şəxsin ona 6000 manat zərər dəyməsi ilə bağlı vermiş olduğu ifadəsi özünün ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, cinayət işi materiallarında olan qəbzlər, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə təkzib edilir və ona dəymiş zərər 5.500 manat olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda zərər vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə- dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi məqsədi ilə aparılmış döyüşlərdə iştirak etməsini, zərərçəkmiş şəxsə vurulmuş zərərdən 1500 manat ödəniş etməsini təklif etməsini(59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsuini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğu nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. Maddi sübutlar-cinayət işində olan 07 fevral, 11 fevral, 13 fevral, 14 fevral və 28 fevral 2022-ci il tarixli ödəniş qəbzləri, 21 yanvar 2022-ci il tarixli 104 nömrəli avtomobil icarə müqaviləsi cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün müddət ona təyin olunmuş 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar-cinayət işində olan 07 fevral, 11 fevral, 13 fevral, 14 fevral və 28 fevral 2022-ci il tarixli ödəniş qəbzləri, 21 yanvar 2022-ci il tarixli 104 nömrəli avtomobil icarə müqaviləsi cinayət işi materiallarında saxlanılsın. 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar