Məhkəmə qərarları › İş №1(011)-439/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-439/2022

07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-439/2022 07.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi – Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili X2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə öz mülkiyyətində olan **-DP-*** dövlət nömrə nişanlı “BAİC” markalı avtomobilini Zərərçəkmiş şəxs satmaqla bağlı razılığa gələrək, sonuncuya Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24/A ünvanında yerləşən 6 saylı Notariat Ofisinin qarşısında sərəncam hüququ verməyən 1 illik etibarnamə verməklə, 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini alaraq ələ keçirdikdən sonra, xx.xx.2022-ci il tarixdə həmin etibarnaməni ləğv edib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında özü, həyat yoldaşı, övladı, anası və qardaşı ilə birlikdə yaşayır. Ailəsinin maddi vəziyyəti çətin olması, yeni doğulmuş uşağının olması, həyat yoldaşının hamilə olması səbəbindən mülkiyyətində olan “BAİC" markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin satılması barədə qərar qəbul etmişdir. Bir neçə ay ərzində həmin avtomobili sata bilmədiyindən, avtomobili qaynanası Şahid1 yaşadığı ünvan 4 ünvanının həyətində saxlamış və vaxtaşırı həmin avtomobili götürüb idarə etmişdir. Avtomobil təxminən 3 ilə yaxın müddətdə qaynanası Şahid1 həyətində qalmışdır. xx.xx.2022-ci il tarixdə o, avtomobilin tez satılması və alıcıların tapılması məqsədilə qaynanası Şahid1 etibarnamə vermişdir. Şahid1 ilə aralarında olan şifahi razılaşmaya əsasən sözügedən avtomobil satılacağı təqdirdə əldə ediləcək pul məbləğinin böyük hissəsi avtomobil sahibi kimi onun payına, qalan hissəsi isə Şahid1 düşəcəkmiş. 2022-ci ilin aprel ayının sonunda Şahid1 ona zəng etmiş və avtomobili almaq istəyən müştərilərin onunla əlaqə yaratdıqlarını bildirmişdir. Şahid1 ona avtomobili 5.500 (beş min beş yüz) manata satmaq fikrində olduğunu bildirmişdir. O, razılığını bildirmiş, alıcının kim olması barədə məlumatı olmamış, həmin şəxslə telefon əlaqəsi saxlamamış, onu görməmiş və görüşməmişdir. Daha sonra Şahid1 ona zəng edərək, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24/A ünvanında yerləşən 6 saylı Notariat ofisinə getməli olduğunu və orada 5.500 (beş min beş yüz) manat müqabilində avtomobilə dair alıcılara öz adından 1 illik etibarnamə verməli olduğunu bildirmişdir. Bununla əlaqədar o, qeyd olunan tarixdə, saat 11:30 radələrində 6 saylı Notariat ofisinə gəlmiş, orada qaynanası Şahid1, qayını Əlisahibi, o cümlədən mülkiyyətində olan avtomobili almaq niyyətində olan, əvvəllər tanımadığı, ilk dəfə gördüyü Zərərçəkmiş şəxs və sonuncunun qardaşı Şahid3 görüb tanımışdır. X6 da həmin vaxtı ora gəlmişdir. O, Zərərçəkmiş şəxsla birlikdə notariat ofisində aparılan müvafiq sənədləşmə hərəkətlərində iştirak etdikdən sonra onları gözləyən Gülzar, Elvin və Əlisahibin yanına yaxınlaşmışdır. Orada o, Zərərçəkmiş şəxs notarius tərəfindən təsdiq edilmiş etibarnaməni təqdim etmiş, sonra isə təcili işləri olduğu üçün çıxıb getmişdir. Zərərçəkmiş şəxs Şahid1 pul verib-verməməsini, verdiyi təqdirdə hansı məbləğdə pul verməsini görməmişdir, bu barədə heç bir məlumatı yoxdur. Bir neçə gündən sonra o, qaynanası Şahid1 xəbər olmamasını görüb sonuncu ilə əlaqə saxlamış və avtomobilin satışından əldə olunan puldan onun payına düşən məbləği hansı səbəbə görə verməməsini soruşmuşdur. Şahid1 ona pul vermədiyi üçün münasibətləri pozulmuşdur. O, pul ona verilmədiyi üçün mülkiyyətində olan “BAİC” markalı avtomobili geri almaq məqsədi ilə xx.xx.2022-ci il tarixli ərizə ilə Xətai rayonu, Xocalı prospekti 24/A ünvanında yerləşən 6 saylı Notariat ofisinə müraciət edərək, Zərərçəkmiş şəxs verdiyi etibarnaməni ləğv etdirmiş, o cümlədən avtomobilin qısa zaman kəsiyində tapılması üçün X13 İdarəsinə müraciət edərək avtomobili axtarışa verdirmişdir. 2022-ci ilin iyun ayının əvvələrində polis əməkdaşları onunla əlaqə saxlayaraq, ona məxsus avtomobilinin tapılaraq cərimə duracağında saxlanılması barədə məlumat vermişlər. O, həmin duracağa gedərək avtomobilinə dair sənədləri təqdim etməklə avtomobili götürmüş və yaşadığı evə getmişdir. Həmçinin o mülki iddianı da qəbul etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, özünə avtomobil almaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, axşam saatlarında qardaşı ilə birlikdə “TAP.AZ” internet saytında avtomobil elanlarını nəzərdən keçirərkən Arif adlı şəxsin yerləşdirdiyi elana rast gəlmişdir. Həmin elana əsasən Arif adlı şəxs özünə məxsus olan, 2014-cü ildə istehsal olunan **- PD-*** dövlət nömrə nişanlı “BAİC" markalı minik avtomobilinin 7.300 manata satılması, lakin real alıcılara endirim olunacağı barədə məlumat yerləşdirmişdir. Bundan sonra o, həmin səhifədə Arif adlı şəxslə mobil telefon əlaqəsinin saxlanılması məqsədilə yerləşdirilmiş ***-***-**-** saylı telefon nömrəsinə zəng etmişdir. Zəngə cavab verən şəxs özünü Arif kimi təqdim edərək avtomobilin sahibi olduğunu bildirmişdir. O, avtomobili daha ucuz qiymətə almaq istədiyini bildirdikdə, Arif ona, avtomobilin ünvan 5 ünvanında olması barədə məlumat verərək avtomobilə baxdıqdan sonra məbləğlə bağlı razılaşa biləcəklərini demişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında o, qardaşı ilə birlikdə həmin ünvana getmiş, Arifi həmin vaxtı orada olmamışdır. Onlar ora gəldikdə onları Arifin qaynanası Şahid1 qarşılamışdır. Şahid1 onlara, gələcəkləri barədə Arif tərəfindən xəbərdar olunduğunu bildirmişdir. Bundan sonra o, avtomobilə baxış keçirmiş, nəqliyyat vasitəsində bir sıra problemləri aşkar etmiş, bu səbəbdən ilkin qiyməti aşağı salmaq fikrinə düşmüşdür. Daha sonra o, Arifə zəng edərək həmin avtomibilin 5.500 (beş min beş yüz) manata satılması ilə bağlı razılığa gəlmişdir. Arif həmçinin ona bildirmişdir ki, özünün işləri var, avtomobili özü gətirə bilməyəcək, ona görə səhər yenidən həmin ünvana gedərək avtomobil qaynanasında olduğu üçün, qaynanası ilə birgə avtomobili sürüb notariat ofisinə gətirsin. Arif həmçinin bildirmişdir ki, notariat ofisinə o da işlərini qurtarıb gələcək. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində o, qardaşı ilə birgə avtomobili almaq məqsədi ilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, İ.Quliyev küçəsi, döngə 1, ev 16 ünvanına gəlmişdir. Təxminən saat 11:00-da o, avtomobili idarə edərək qardaşı Elvin, Arifin qaynanası Şahid1 və Arifin qaynı Əlisahib ilə birgə Xətai rayonu, Xocalı prospekti 24/A ünvanında yerləşən 6 saylı Notariat ofisinə getmişlər. Onlar saat 11:30 radələrində həmin Notariat ofisinə yaxınlaşdıqdan bir neçə dəqiqə sonra avtomobilin mülkiyyətçisi Arif də onlara yaxınlaşmışdır. Bundan sonra o, Ariflə birlikdə Notariat ofisinə daxil olaraq müvafiq sənədləşmə işlərində iştirak etmiş, saat təxminən 12:00 radələrində isə birilikdə əsas girişdən çölə çıxmışlar. Onlar Notariat ofisinin pilləkənləri üzərində olduqları zaman Arif ona etibarnaməni, o, isə Arifə 5.500 (beş min beş yüz) manat məbləğdə pul vermişdir. Sonra Arif çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində onun qardaşı Elvin həmin avtomobili Ukrayna dairəsi ətrafında idarə edən zaman YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt Elvin avtomobil ilə bağlı müvafiq sənədləri yol-patrul inspektoruna təqdim etmiş, lakin avtomobili saxlatdıran inspektor bildirmişdir ki, avtomobil ilə bağlı etibarnamə ləğv edildiyi üçün nəqliyyat vasitəsi 11 saylı cərimə meydançasına təmin olunmalıdır. O, qardaşı Elvinlə birlikdə cərimə meydançasında görüşmüş, sonra isə taksi vasitəsilə yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə o, təkrarən cərimə meydançasına gələrkən "BAİC” markalı minik avtobilinin orada olmamasını aşkar etmişdir. O və Elvin, Arifi tapmaq məqsədilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, İ.Quliyev küçəsi, döngə 1, ev 16 ünvanına getmişlər, lakin Arifi tapa bilməmişlər. Onlar Gülzar və Əlisahib ilə görüşmüşlər və baş verən hadisəni danışmışlar. Artıq bundan sonra o, Arif tərəfindən ona qarşı dələduzluq edildiyini anlamış və bu barədə ərizə ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Həmçinin o, mülki iddia ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh törətdiyi cinayət əməli ilə ona maddi və mənəvi zərbə vurmuşdur. Sözügedən avtomaşının bəzi vacib hissələrini öz vəsaiti hesabına təmir etdirmişdir. Bu təmir nəticəsində 1500 manat pul xərcləmişdir. O, Bakı şəhərində “Bolt” şirkətində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin avtomaşın ilə hər günü 25 manat pul qazanmışdır. Lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Belə ki, o, taksi fəaliyyətinə başladığı vaxtdan etibarən fəaliyyəti nəticəsində kifayət qədər gəlir əldə etmişdir, əgər fəaliyyətinə maneəsiz davam etsəydi hər gün 25 manat olmaqla, bu günədək 2620 manat gəlir əldə etmiş olardı. Üstəlik cavabdehin dələduzluq yolu ilə ona satıb sonra geri aldığı avtomobilə həmin gün 50 manatlıq yanacaq tökdürmüşdür və pulunu özü ödəmişdir. Açıq-aşkar aldadılaraq pulunun mənimsənilməsi, gündəlik itirdiyi gəlir, avtomobilin vacib təmirinə və yanacağına vəsait ödəməyi nəticəsində mənəvi sarsıntı keçirmiş və şüurunda mənfi psixaya səbəb olmuşdur. Cinayət nəticəsində ona ümumilikdə 10000 manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə o, cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 9670 manat, nümayəndəsinin və vəkilinin göstərdiyi hüquqi yardıma görə 200 manat, dövlət rüsumuna görə 130 manat olmaqla, ümumilikdə 10000 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulmasını xahiş etmişdir. Verilən suala cavab olaraq bildirmişdir ki, avtomaşının təmirinə çəkdiyi xərclər və əlavə olaraq tələb etdiyi məbləğlərlə bağlı heç bir sübut təqdim edə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayının əvvələrində kürəkəni Təqsirləndirilən şəxs mülkiyyətində olan “BAİC" markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini təmir etdirmək və sonradan yaxşı qiymətə satmaq məqsədi ilə ondan 3.000 manat borc pul almış və avtomobili satacağı təqdirdə aldığı borcu qaytaracağına dair vəd vermişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs onu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəhər şossesində yerləşən 17 saylı Notariat ofisinə aparmış və sözügedən avtomobillə bağlı onun adına sərəncam hüququ verməyən 1 illik etibarnamə vermişdir. Həmin avtomobil 3 ilə yaxın bir müddətdə onun həyətində qalmışdır. Təqsirləndirilən şəxs vaxtaşırı avtomobili ustalara aparıb təmir etdirmiş, o cümlədən bir neçə dəfə onun evinə müştərilərlə gəlmişdir. xx.xx.2022-ci il tarixdə kürəkəni Arif ona zəng edərək, avtomobilə baxmaq üçün müştərilərin gələcəyini bildirmiş və onları qarşılamasını xahiş etmişdir. Həmin tarixdə 2 nəfər şəxs onun yaşadığı evə gəlmiş və avtomobilə baxış keçirdikdən sonra getmişlər. xx.xx.2022-ci il tarixdə həmin şəxslər saat 10:30 radələrində yenidən gəlmişlər. Arif ona zəng edərək bildirmişdir ki, alıcı ilə qiyməti razılaşdırmışdır. Kürəkəni ondan həmin şəxslərlə birlikdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24/A ünvanında yerləşən 6 saylı Notariat ofisinə getməsini xahiş etmişdir. O, tək getmək istəmədiyindən, oğlu Şahid2 Qurbanmirzə oğlundan xahiş etmişdir ki, onlarla bir yerdə getsin. X8 da bu barədə məlumat verərək notariat ofisinə gəlməsini xahiş etmişlər. Saat 11:30 radələrində onlar 6 saylı Notariat ofisinə çatmışlar. Bir neçə dəqiqə sonra kürəkəni Arif onlara yaxınlaşmış və avtomobili almaq istəyən müştəri Emin adlı şəxslə Notariat ofisinə daxil olaraq lazimi sənədləşmə işlərini görmüşlər. Saat 12:00 radələrində Arif və Namiq notariat ofisindən çıxmışlar, giriş qapısının qarşısında olan pilləkənlərin üstündə Arif 1 illik etibarnaməni Eminə vermiş, Emin isə öz növbəsində 5.500 (beş min beş yüz) manat pulu sayaraq Arifə təqdim etmişdir. Pul verilərkən həmin yerdə onlardan başqa Ağayev Ramal da olmuşdur. Həmin vaxt o, kürəkəni Arifdən, ona borclu olduğu 3.000 manat pulu nə vaxt qaytaracağını soruşmuş, Arif isə ona, axşam borcunu qaytaracağını deyərək çıxıb getmişdir. Bundan sonra o, oğlu ilə birlikdə taksi sifariş etmiş və yaşadığı evə qayıtmışdır. Həmin gündən sonra o, Arifi görməmiş və onunla danışmamışdır. xx.xx.2022-ci il tarixdə **-DP-*** dövləi nömrə nişanlı avtomobilin satılması zamanı tanış olduğu Emin və Elvin adlı şəxslər yaşadığı evə gəlmişlər və ondan Arifin harada olmasını soruşmuşlar. Bundan sonra həmin şəxslər ona demişlər ki, kürəkəni Təqsirləndirilən şəxs "BAİC" markalı, **-DP- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair Eminə verdiyi 1 illik etibarnaməni ləğv etdirmiş və aldığı 5.500 manat pulu qaytarmayaraq sonuncuya ziyan vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Qurbanmirzə oğlu ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs onun bacısı Mikayıl-zadə Zəhra Qurbanmirzə qızı ilə 2015-ci il tarixdə nigah bağlamış və hal-hazırda bir övladları vardır. Təqsirləndirilən şəxs onun valideynlərindən dəfələrlə müxtəlif iş qurmaq bəhanələri ilə borca pullar götürmüşdür. Mart ayının əvvələrində Təqsirləndirilən şəxs özünə məxsus **-DP-*** dövlət nömrə nişanlı “Baic” markalı minik avtomobilini təmir edərək, sonradan satmaq adı ilə onun anasından 3000 (üç min) manat pulu borc kimi götürmüşdür. Həmin avtomobili satdıqdan sonra 3000 manat pulu anasına qaytaracağına dair vəd vermişdir. Daha sonra, Arif anasına 1 illik etibarnaməni bağlamışlar. **-DP-*** dövlət nömrə nişanlı avtomobil 3 ildir ki, ailələrinin həyətində olmuşdur Təqsirləndirilən şəxs vaxtaşırı avtomobili ustalara aparmış və onun evinə müştərilərlə bir neçə dəfə gəlmişdir. xx.xx.2022-ci il tarixdə Arif Şahid1 zəng edərək bildirmişdir ki, avtomobilə baxmağa gələcəklər, bununla bağlı evdə olsun. Həmin gün 2 nəfər şəxs, o evdə olan zaman yaşadığı ünvana gəlmişlər və maşına baxandan sonra getmişlər. xx.xx.2022-ci il tarixdə həmin şəxslər saat 10:30 radələrində yenidən gəlmişlər. Arif onun anasına zəng etmiş və bildirmişdir ki, alıcı ilə qiyməti razılaşdırmışdır, anası isə həmin şəxslərlə birgə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24/A ünvanında yerləşən 6 saylı Notariat ofisinə getməlidir. Anasının səhhətində olan problemlərlə əlaqədar o, narahatçılıq keçirdiyindən anası ilə birlikdə getməyini tələb etmişdir. Zərərçəkmiş şəxs və onun qardaşı - Elvin onlarla birlikdə saat 11:00 radələrində yola düşmüşlər. Daha sonra isə onlar Xətai rayonu, Xocalı prospekti 24/A ünvanında yerləşən 6 saylı Notariat ofisinə saat 11:30 radələrində çatmışlar. Arif və Emin ofisə daxil olmuşlar. Saat 12:00-da notariat ofisindən çıxaraq, giriş qapısının qarşısında olan pilləkənlərdə olarkən, Arif sərəncam hüququ verməyən 1 illik etibarnaməni Eminə, o isə öz növbəsində 5500 manat pulu Arifə vermişdir. xx.xx.2022-ci il tarixdə **-DP-*** dövlət nömrə nişanlı avtomobilin satılması zamanı tanış olduğu Emin və Elvin adlı şəxslər onların evinə gələrək, Arifin harada olmasını soruşmuşlar. Onlar qeyd etmişlər ki, Arif Eminə vermiş olduğu etibarnaməni ləğv etmiş və 5500 (beş min beş yüz) manat pulu qaytarmayaraq Eminə qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən axşam saatlarında o və qardaşı “TAP.AZ” saytında yerləşdirilən avtomobil elanlarına baxan zaman Arif adlı şəxsin yazdığına əsasən onun özünə məxsus, 2014-cü ildə istehsal olunan, avtomat sürətlər qutusuna malik olan, gümüşü rəngdə sedan ban növündə **-PD-*** dövlət nömrə nişanlı “BAİC” markalı minik avtomobilin satılması barədə elanını görmüşlər. Həmin avtomobilin ilkin qiymətinin 7300 manat məbləğində olması, onları razı etməsə belə, Arif adlı şəxs elan səhifəsində real alıcılara endirim edəcəyi barədə məlumat yazmışdır. Qardaşı Emin həmin səhifədə Arif adlı şəxsə zəng etmək üçün elanda qeyd edilmiş nömrəyə (***-***-**-**) zəng etmişdir. Telefonu açan şəxs Arif kimi özünü təqdim etmişdir və qardaşına avtomobilin sahibi olduğunu bildirmişdir. Avtomobilin qiymətinin baha olmasını Emin Arifə bildirmişdir, Arif isə Eminə avtomobilin ünvan 5 ünvanında olmasını bildirmiş, həmçinin qeyd etmişdir ki, avtomobilə əyani baxandan sonra qiymət ilə bağlı razılaşa bilərlər. xx.xx.2022-ci il tarixdə axşam saatlarında o, qardaşı ilə birlikdə həmin ünvana getmişdir. Lakin Arif orada olmamışdır. Onları Arifin qaynanası Gülzar qarşılamış və onlara bildirmişdir ki, Arif müştərilərin gələcəyini ona əvvəlcədən bildirmişdir. Qardaşı Emin avtomobilə baxdıqdan sonra, qiymətinin baha olmasını qeyd etmişdir, çünki avtomobilin bir sıra problemləri olmuşdur. Daha sonra Emin **-DP-*** dövlət nömrə nişanlı "BAİC" markalı avtomobili almaq istədiyini bildirmiş və 5500 (beş min beş yüz) manat məbləğində pul verə biləcəyini Ariflə bildirmiş, Arif isə razılaşmışdır. Arif həmçinin qardaşına səhər gəlib eyni ünvandan avtomobili götürərək notariat ofisinə sürüb gətirməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində o, qardaşı ilə birgə avtomobili gətirmək üçün Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, İ.Quliyev küçəsi, döngə 1, ev 16 ünvanına yenidən getmişlər. Təxminən saat 11:00-da Emin avtomobili idarə edərək o, Arifin qaynanası Gülzar və qayını Əlisahib ilə birlikdə Xətai rayonu, Xocalı prospekti 24/A ünvanında yerləşən 6 saylı Notariat ofisinə yola düşmüşlər. Saat 11:30-da onlar yuxarıda göstərilən ünvanda Notariat ofisinin yanına çatmışlar. Bir neçə dəqiqədən sonra Arif də gəlmişdir. Həmin yerə həmçinin X6 da gəlmişdir. Emin və Arif Notariat ofisinin əsas girişindən içəriyə daxil olmuşlar. Daha sonra saat 12:00 radələrində Emin Ariflə birilikdə əsas girişdən çölə çıxmışlar və pilləkənlər üstündə olan zaman Arif Eminə sərəncam hüququ verməyən 1 illik etibarnaməni, Emin isə Arifə 5500 (beş min beş yüz) manat məbləğində pul vermişdir. Pulu aldıqdan sonra Arif təcili həll edilməli işi olduöunu bildirmiş və çıxıb getmişdir. Arifin qohumları isə taksi sifariş etmişlər və çıxıb getmişlər. xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində idarə etdiyi **-DP-*** dövlət nömrə nişanlı avtomobili Ukrayna dairəsində idarə edərkən, YPX-nin əməkdaşları onu saxlamışlar. Şəxsiyyəti və avtomobillə bağlı sənədləri yol-patrul inspektoruna təqdim etdikdə inspektor bildirmişdir ki, avtomobil ilə bağlı etibarnamə ləğv edilmiş və bu səbəbdən nəqliyyat vasitəsi cərimə meydançasına aparılacaqdır. O, qardaşı Eminlə cərimə meydançasında görüşmüş sonra isə evə getmişlər. xx.xx.2022-ci il tarixdə cərimə meydançasına gəldikdə **-DP-*** dövlət nömrə nişanlı “BAİC" markalı minik avtomobilin orada olmamasını aşkar etmişdir. O və qardaşı Zərərçəkmiş şəxs, Arifi tapmaq üçün tanıdıqları yeganə yer olan Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, İ.Quliyev küçəsi, döngə 1, ev 16 ünvanına getmişlər, lakin Arifi həmin ünvanda tapmamışlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki,onun hüquqi məsələlərdən başı çıxdığı üçün və hər iki tərəfi tanıdığı üçün notariat ofisində alqı satqı zamanı onuda aparmışlar. Həmin vaxt orada Arif, Emin, onun qardaşı Elvin, Arifin qaynanası Şahid1 və Arifin qaynı Əlisahib olmuşdur. Emin orada 5500 manat pulu pilləkənlərin üstündə Arifə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 01); zərərçəkmiş şəxs qismində tanınma haqqında 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 20-21); könüllü təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və xx.xx.2022-ci il tarixli ƏN-Vİİ seriyalı 244937 nömrəli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şahid1 “BAİC” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il istehsalı, BAN seriyalı LNBSCCALJ2ER439120 nömrəli nəqliyyat vasitəsinə dair 1 il müddətinə etibarnamə verilmiş və həmin etibarnaməyə əsasən sonuncuya sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxmaq, ərizə vermək kimi səlahiyyətlər verilmişdir (i.v. 40-42); könüllü təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və xx.xx.2022-ci il tarixli ƏN-Vİİ seriyalı 321984 nömrəli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs “BAİC” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il istehsalı, BAN seriyalı LNBSCCALJ2ER439120 nömrəli nəqliyyat vasitəsinə dair 1 il müddətinə etibarnamə verilmiş və həmin etibarnaməyə əsasən sonuncuya sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxmaq, ərizə vermək kimi səlahiyyətlər verilmişdir (i.v. 48-50); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 62); “Elektron notariat” X1 əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs “BAİC” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il istehsalı, BAN seriyalı LNBSCCALJ2ER439120 nömrəli nəqliyyat vasitəsinə dair 1 il müddətinə verilmiş xx.xx.2022-ci il tarixli ƏN-Vİİ seriyalı 321984 nömrəli etibarnaməyə xitam verilmişdir (i.v. 64-65); ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 04 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularaq cinayət təqibini həyata keçirən orqanın sərəncamına verilməsi məqsədilə barəsində axtarış elan olunmuşdur (i.v. 66-67); axtarışda olan şəxsin tutulması haqqında 13 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:10 radələrində tutulmuşdur (i.v. 76); 13 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 102-105); 13 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 106-109); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 110-111); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 15 iyul 2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Xətai RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 134-135); qətimkan tədbirinin seçilməsi haqqında 15 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 136-137); Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 711016 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Mikayıl-zadə Raul Arif oğlu xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Mikayıl-zadə Zəhra Qurbanmirzə qızıdır (i.v. 147); 148 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan üzrə müsbət xarakterizə olunur (i.v. 148); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxsin və şahidin ifadələri, üzləşdirmə protokolları, xx.xx.2022-ci il tarixli ƏN-Vİİ seriyalı 244937 nömrəli etibarnamə, xx.xx.2022-ci il tarixli ƏN-Vİİ seriyalı 321984 nömrəli etibarnamənin ləğv edilməsi barədə ərizə ilə bağlı çıxarış maddi sübut kimi tanınmışlar (i.v. 149-155); X10 X11 tərəfindən verilmiş hamiləliyin təyini barədə xx.xx.2022-ci il tarixli vərəqədən görünür ki, Mikayıl-zadə Zəhra Qurbanmirzə qızında 8 həftə 2 günlük hamiləlik müşahidə olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməməsi barədə və notariat ofisində 5500 manat pulun zərərçəkmiş şəxs tərəfindən qaynanası Şahid1 verilməsi, avtomobilin Şahid1 tərəfindən satılması barədə ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə və şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər dindirilmişlər. Həmin şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmiş, zərərçəkmiş şəxsin ifadəsi şahidlər Şahid1, Şahid2 Qurbanmirzə oğlu, Şahid3 və əlavə şahid X4 ifadələri ilə yanaşı məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. İş üzrə ifadələri alınmş zərərçəkmiş şəxs və şahidlər öz ifadələrində bildirmişlər ki, avtomobil elanını internet resurslarında Təqsirləndirilən şəxs yerləşdirmiş, zərərçəkmiş şəxslə avtomobilin qiyməti ilə bağlı o razılaşmış və 5500 manat pulu da zərərçəkmiş şəxsdən o qəbul etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını (CM- 59.1.4), yoldaşının hamilə olmasını, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 13 iyul 2022-ci il tarixdən 15 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 9670 manat, nümayəndəsinin və vəkilinin göstərdiyi hüquqi yardıma görə 200 manat, dövlət rüsumuna görə 130 manat olmaqla, ümumilikdə 10000 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirməsi, bunun nəticəsində zərərçəkmiş şəxsə 5500 manat ziyan vurulması təsdiq edilsə də, zərərçəkmiş şəxs tərəfindən nəqliyyat vasitəsinin təmir edilməsinə 1500 manat məbləğində pul vəsaitinin ödənilməsinə, həmçinin taksi fəaliyyəti ilə məşğul olmasına maneə törədildiyindən 2620 manat məbləğində gəlirdən məhrum olmasına, bundan başqa nəqliyyat vasitəsinə 50 manat məbləğində benzin vurulmasına dair hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından, mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 5500 manat və Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili X2 Zərərçəkmiş şəxs göstərdiyi hüquqi yardımın müqabilində ödənilmiş 200 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iddiaçının iddia tələbinin qismən təmin olunması nəzərə alınaraq 130 (yüz otuz) manat məbləğində dövlət rüsumu tərəflər arasında müştərək qaydada bölünərək 77 (yetmiş yeddi) manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməli, qalan hissəsi isə mülki iddiaçının hesabına aid edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdən 15 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 5500 (beş min beş yüz) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 200 (iki yüz) manat olmaqla, dövlət rüsumuna görə 77 (yetmiş yeddi) manat, ümumilikdə 5777 (beş min yeddi yüz yetmiş yeddi) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar