Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-439/2024 27.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində etibarnamə əsasında idarə etdiyi “Hyundai” markalı “İX35” modelli **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən onunla eyni istiqamət olan Zərərçəkmiş şəxs idarə etdiyi “BMW” markalı “E39” modelli **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşıda avtobus dayanacağında dayanmış "xxxx" MMC-yə məxsus **-JY-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmasında Təqsirləndirilən şəxs yol-hərəkəti qaydalarını pozmasını səbəb gətirib onu təqsirləndirməklə hadisə yerindən getməsinin qarşısını almaq üçün avtomobilin ön dövlət qeydiyyat nişanını çıxararkən sonuncu hadisə yerindən getmək üçün avtomobili sürüb ön hissəsi ilə Zərərçəkmiş şəxs vuraraq ona sağ diz oynağının oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunmuş əziyi kimi xəsarət yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs “Hyundai” markalı “İX35” modelli **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 17 aprel 2024-cü il tarixdə idarə etdiyi avtomobillə Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti ilə üzü Ukrayna dairəsi istiqamətində yolun orta zolağı ilə hərəkət etmişdir. Həmin vaxt qarşısında sol birinci hərəkət zolağında olan “Mercedes” markalı avtomobil hərəkətdə olmuşdur. Bu zaman arxadan “BMW” markalı avtomobilin işıq siqnalı verərək yol istəməsinin şahidi olmuş, həmin vaxt qarşıda olan “Mercedes” markalı avtomobil bir qədər surətini artırmış və “BMW” markalı avtomobil yanından ötüb qarşısına keçmişdir. Həmin vaxt yolun sağ hərəkət zolağına keçmiş lakin, həmin “BMW” markalı avtomobil sürətini azaldıb yenidən arxada qalmışdır. Bu zaman yenidən orta hərəkət zolağına keçsə də “BMW” markalı avtomobilin sürücüsü yenidən işıq siqnalı verib, yol istədikdə bir qədər sürətini artırmışdır. Həmin an “BMW” markalı avtomobil sağ tərəfindən keçmək istəsə də, dayanacaqda dayanmış "xxxx" MMC-yə məxsus avtobusa dəyərək yol-nəqliyyat hadisəsi törətmiş və yolu bağlamışdır. Belə olduqda avtomobilini tam dayandırmış və qəza işıq siqnalını işə salıb gözləməyə başlamışdır. Qəza zamanı avtomobilinə heç bir ziyan dəyməmişdir. Hadisə qarşısında baş verdiyindən qorxmuş vəziyyətdə dayanıb nə baş verməsini izləmişdir. Sonradan qəza törədən avtomobilin sürücüsünün yolun kənarındakı səki daşının üzərində oturmasını gördükdə insanlıq naminə avtomobilindən düşüb həmin oğlana yaxınlaşmış və vəziyyətinin necə olmasını soruşmuşdur. Bu zaman həmin şəxs nalayiq ifadələr deyərək hadisənin baş verməsində günahkar olmasını bildirdikdə xanım olaraq qorxub geriyə avtomobilinə qayıtmışdır. Həmin şəxs avtomobilinin üzərinə hücum edib qarşısını kəsmiş və avtomobilinin ön hissəsinə yumruqla vurub dayanmağını tələb etmişdir. Bundan başqa bir nəfər kənarda dayanmış tanımadığı şəxs də qarşısını kəsib getməyinə mane olmağa başlamışdır. Artıq qorxmağa başlamış və həmin şəxslərin ona xəsarət yetirməsindən ehtiyat edib, qorxmuş halda avtomobilini hərəkət etdirib oradan uzaqlaşmış və bir qədər qarşıda dayanıb 102 xidmətinə məlumat vermişdir. O, hadisə zamanı avtomobilinin qarşısında dayanmış şəxs Zərərçəkmiş şəxs vurub ona xəsarət yetirmək niyyətində olmamış, qorxduğu üçün məcbur qalıb avtomobili hərəkətə gətirmişdir. Avtomobilinin ön hissəsində “BMW” markalı avtomobilin sürücüsünün yumruqla vurması nəticəsində zədələr yaranmış və eyni zamanda həmin şəxs avtomobilinin dövlət qeydiyyat nişanını çıxarmaq istəyərkən zədələmişdir. Zərərçəkmiş şəxs avtomobilinə vurduğu zərər nəticəsində ona 550 manat maddi ziyan dəymişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın ödənilməsini nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş və və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmədə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 aprel 2024-cü il tarixdə baş etibarnamə əsasında idarə etdiyi özünə məxsus “BMW” markalı “E39” modelli qara rəngli **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti ilə saatda 70-80 km/saat sürətlə hərəkət etmişdir. Avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş və avtomobildə tək olmuşdur. Hərəkətdə olduğu zaman “Hyundai” markalı “İX35” modelli avtomobil, onun avtomobilinin sağ tərəfindən ötmə hərəkəti edib hərəkətdə olduğu yolun hərəkət hissəsinin orta ayırıcı zolağına doğru keçmişdir. Həmin vaxt qarşıda sol birinci zolaqda isə “Mercedes-Benz” markalı avtomobil hərəkətdə olmuşdur. O, “Hyundai” markalı avtomobilin sürücüsünə işıq siqnalı verib yol verməsini bildirsə də sürücü yol verməmişdir. Bu zaman birinci zolaqda hərəkət edən “Mercedes-Benz” markalı avtomobil sürətini artırıb bir qədər irəliyə getdiyindən hərəkətini sol birinci zolağa doğru dəyişib qarşısındakı “Hyundai” markalı avtomobili keçmək istəmişdir. Həmin an “Hyundai” markalı avtomobil ani olaraq qarşısına doğru manevr etdiyindən həmin avtomobillə toqquşmamaq üçün sükanı sağ tərəfə doğru döndərib idarəetməni itirərək yolun kənarındakı dayanacaqda olan "xxxx" MMC-yə məxsus sərnişinin avtobusuna sol arxa hissəsindən dəyib dayanmışdır. Həmin vaxt ətrafda olan şəxslər köməyinə gəlsələr də avtomobildən düşərək qəza törətməsinə səbəb olmuş “Hyundai” markalı “İX35” modelli **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfdən qapısına yaxınlaşıb qadın sürücüyə yol patrul xidməti gələnədək dayanıb gözləməsini demişdir. Həmin vaxt orada olan “Elxan” adlı tanımadığı şəxs kömək üçün həmin avtomobilin qarşısında dayanmışdır. Qadın sürücünün sürüb getmək istəməsini hiss etdikdə avtomobilin ön hissəsinə keçmiş və ön dövlət qeydiyyat nişanını açıb götürmək istəmişdir. Lakin həmin vaxt qadın sürücü avtomobilini hərəkətə gətirib “Elxan” adlı şəxsi və eyni zamanda onu vurub, sürükləyərək hadisə yerindən uzaqlaşmışdır. Hadisə təxminən 10 dəqiqə ərzində baş vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, şikayət və tələbi olmadığını bildirərək cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onların ibtidai istintaq zamanı verdiyi ifadə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadəsi ilə oxşar olmuş, heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Xətai rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 14/402 saylı əlavə məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs alının sıyrıq-şişkinlik halında əziyi, təpə nahiyəsinin sıyrığı, sağ diz oynağının oynaqda hərəkət məhdudluğu ilə müşaiyət olunmuş əziyi müəyyən edildi. Xəsarətlər bərk-küt əşya təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə YNH zamanı törənə bilərdilər və dərəcələrinə görə sağ diz oynağının oynaqda hərəkət məhdudluğu ilə müşaiyət olunmuş əziyi sağlamlığın qısa müddətə pouzlmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs aşkar edilmiş sağ diz oynağının oynaqda hərəkət məhdudluğu ilə müşaiyət olunmuş əziyi xəsarəti kənar şəxsin avtomobili onun üzərinə sürərək vurması nəticəsində yaranmaya uyğun gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, dəymiş ziyan ödənilmişdir, ona qarşı tələb və şikayəti yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı ödədiyini nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 05 iyul 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisənin baş vermə anına dair "xxxx" MMC-dən daxil olmuş videogörüntülərin köçürüldüyü 01 ədəd disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona qarşı tələb və şikayətinin olmamasını nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış hadisənin baş vermə anına dair "xxxx" MMC-dən daxil olmuş videogörüntülərin köçürüldüyü 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə xərcləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 39, 43, 344- 347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Maddi sübut kimi tanınmış hadisənin baş vermə anına dair "xxxx" MMC-dən daxil olmuş videogörüntülərin köçürüldüyü 01 ədəd disk iş materiallarında saxlanılsın. Qərardan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-439/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-439/2024
27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver