Məhkəmə qərarları › İş №1(011)-44/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-44/2024

16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-44/2024 16.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxx 2001-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatda olan və müvəqqəti olaraq Bakı şəh., Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə saat 15:47 dəqiqədə icarə əsasında texniki cəhətdən saz vəziyyətdə olan Tufan M50 markalı 49 kubsantimetrlik mopedi saatda 30 km sürətlə idarə edərkən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsindən üzü Xalqlar Dostluğu metrostansiyası istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozub "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1 -ci hissəsinin tələbini pozaraq sürücü üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməyərək "xxxx" MMC-nin qarşısından yolu soldan sağa əks istiqamətə tərəf keçmək istəyən xx.xx.1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs mopedin qabaq hissəsi ilə ehtiyyatsızlıqdan vurub sonuncunun kəllə sümüklərinin və üz sümüklərinin çoxsaylı sınıqları, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol akromioklavikulyar (çiyin) oynağın çıxığı, almacıq və çənə sümükləri sınığı, sol çiyin oynağında hərəkət məhdudluğu və ağrı simptomu ilə qeyd olunan sol çiyin qurşağı nahiyyəsində şişkinlikli qançır, sağ qaşaltı nahiyyədə əzilmiş yara, sağ gözaltı-almacıq və sağ bazu nahiyyələrində qançırlar, sağ baldır nahiyyəsində əzilmiş yara, sol qulaq seyvanı, sol çiyin qurşağı və sağ diz oynağı nahiyyələrində sıyırıqlar və sol baldır nahiyyədə zəilmiş səthi dəri yaraları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır bədən xəsarətləri yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə bir ünvanda yaşayır, icarə əsasında götürdüyü Tufan 50 markalı dövlət nişanı olmayan 49 kub santimetr ölçülü mopedi idarə etmiş, gündəlik olaraq həmin mopedi istifadə etdiyi üçün 10 manat icarə haqqı ödəmiş və çatdırılma ilə məşğul olmuşdur. Ayrı-ayrı sifarişləri çatdırmışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2023-cü ilin mart ayının 08-də saat 15 radələrində idarə etdiyi mopedlə Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsindən üzü Xalqlar Dostluğu istiqamətində saatda 30-40 km sürətlə hərəkət etmiş, avtomobillərin hərəkət etdiyi yoldan sağ tərəflə hərəkət etmiş, qəfildən hərəkət etdiyi yolun ortasında olan yol ayrıcından yolu keçmək istəyən piyada avtobus yolunda qarşısına çıxmış, artıq həmin şəxsi görən zaman isə məsafə az qalmış, həmin şəxsi mopedlə vurmuş, həmin şəxs yerə yıxılıb xəsarət almış və orada olan şəxslərin köməkliyi ilə onu xəstəxanaya aparmışlar. O, hadisə yerində dayanıb polisin gəlməsini gözləmiş, sonradan ona məlum olmuşdur ki, hadisə zamanı xəsarət alan şəxs Zərərçəkmiş şəxsdur. O, Aydını görən zaman artıq gec olmuş, onun mopedi saxlamaq imkanı olmamış, həmçinin moped üçün müəyyən edilmiş sürət həddi ilə yəni saatda 30-40 km sürətlə hərəkət etmiş deyə mopedi saxlaya bilməmiş və hadisə baş vermişdir. Hadisədən əvvəl heç bir spirtli içki qəbul etməmişdir. Hadisə baş verən vaxt mopeddə tək olmuşdur. Daha sonra əməlini səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-də menecer vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2023-cü ilin mart ayının 08, saat təxminən 15 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yolu “Əhmədli” metrostansiyası istiqamətində üzü “Xalqlar Dostluğu” istiqamətinə tərəf piyada yolu keçmək istəmiş, yol ayrıcına daxil olub işıqforun yanmasını gözləmiş, işıqforun qırmızı işığı yanan zaman isə o avtomobillərin arasından keçib avtobus yoluna çatmışdır ki, sonradan adı ona məlum olan Yusif adlı şəxs idarə etdiyi mopedlə onu vurmuş, o aldığı xəsarətdən huşunu itirmiş və tanımadığı taksi ilə onu “Həzi Aslanov” metrostansiyasının yanında olan Təcili Tibbi yardıma çatdırılmış, təcili tibbi yardım avtomobili ilə isə onu Sabunçu xəstəxanasına aparmışlar. Lakin, o həmin prosesləri tam bilməmiş, çünki aldığı xəsarətlərdən huşunu itirmişdir. Yusif onu mopedlə avtobus yolunda işıqforun qırmızı işığında vurmuş, həmçinin Yusif sonradan xəstəxanaya gəlsə də ona heç bir maddi ziyan ödəməmiş, onun xəstəxana xərclərini çəkməmiş, onun cinayət məsuliyyətinə cəlb olunmasını istəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 08 iyun 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 267.1-1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və icraata qəbul olunmuşdur; (i.v.1) - sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə 08 mart 2023-cü il tarixli 2/7390 №-li protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur; (i.v.11) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 03 aprel 2023-cü il tarixli 277 №-li ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - kəllə sümüklərin və üz sümüklərin çoxsaylı sınıqları; qapalı kəllə – beyin travması, baş beyin silkələnməsi; sol akromioklavikulyar (çiyin) oynağın çıxığı; almacıq və çənə sümükləri sınığı; sol çiyin oynağında hərəkət məhtudluğu və ağrı simptomu ilə qeyd olunan sol çiyin qurşağı nahiyəsində şişkinli qançırsağ qaşaltı nahiyədə əzilmiş yara, sağ gözaltı almacıq və sağ bazu nahiyələrində qançırlar; sağ baldır nahiyəsində əzilmiş yara, sol qulaq seyvanı, sol çiyin qurşağı və sağ diz oynağı nahiyələrində sıyrıqlar və sol baldır nahiyəsində əzilmiş səthi dəri yaraları bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərdə qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan Mopedin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər; (i.v.22-26) - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2023-cü il tarixli 8/759 №-li ekspert rəyindən görünür ki, Tufan M50 markalı mopedin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; (i.v.27-30) - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 267.1-1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v.48-49) - qətimkan tədbiri seçilməsi haqqında 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs – xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, evli, ali təhsilli, məhkum olunmayan, Bakı şəhəri, Xətai rayonu, 1-ci Əhmədli küçəsi, ev 26da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; (i.v.64-65) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 20 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; (i.v. 31) - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2023-cü il tarixli 8/3579-4/1997 №-li ekspert rəyindən görünür ki, 1. Ekspertiza tədqiqata təqdim olunmuş videoyazıdakı görüntülərə görə mopedin sürətini müəyyən etmək mümkün olmadı. 2. Ekspertiza tədqiqata təqdim olunmuş videoyazıdakı görüntülərə görə toqquşma anında piyadanın və mopedin ilk təmas nöqtələrini müəyyən etmək mümkün olmadı. 3a. Obyektin sürücünün görünüş dairəsinə düşməsi və təhlükə anının müəyyən olunması məsələsi videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından qeyd olunan sual üzrə tədqiqat aparılmadı. 3b. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən mövcud vəziyətdə piyadanın sürücünün görünüş dairəsinə düşdüyü anı yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir. 3c. Tədqiq olunan şəraitdə Tufan M50 markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 4. Mövcud metodikanın tələblərinə əsasən piyadalar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən piyadanın hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsinə əsasən sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda — iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 335 (üç yüz otuz beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəh., Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) iş saatına görə 108 (yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 335 (üç yüz otuz beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 108 (yüz səkkiz) manat məbləğində vəsait dövlət büdcəsi hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar