Məhkəmə qərarları › İş №1(011)-440/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-440/2023

06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-440/2023 06.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16 aprel 2023-cü il tarixli qərarı ilə barəsində 03 ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə 0,208 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 14 aprel 2023- cü il tarixdə saat 15:30 radələrində Xətai RPİ-nin 37-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4ləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilmiş və orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan açıq göy rəngli cins şalvarın qabaq sağ yan kiçik cibindən siqaretin gümüşü kağızına bükülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,208 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-e: maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir və himayəsində bir azyaşlı övladı var. Təxminən 2 ildir ki, narkotik vasitə hesab edilən heroindən demək olar ki, hər 2-3 gündən bir istifadə edir. Narkotik vasitəni Xətai rayonu, UPD qəsəbəsi ərazisində yerləşən “Qardaşlar” marketin yaxınlığında adını bilmədiyi və tanımadığı şəxsdən alır. Həmin şəxslə “Qardaşlar” marketin yaxınlığında görüşmüş, sonuncu dəfə isə 14 aprel 2023-cü il tarixdə həmin şəxsdən narkotik vasitə olan heroini 10 manata almışdır. 14 aprel 2023-cü il tarixdə saat 15:30 radələrində ünvan 6 ünvanı yaxınlığında olmuş və 14 aprel 2023-cü il tarixdə aldığı siqaretin gümüşü rəngli kağıza bükülmüş 1 bükümdə olan heroin də üzərində olmuş, bu vaxt polis əməkdaşları ona yaxınlaşmışdırlar. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib cibində nə olmasını xəbər aldıqda o, çıxılmaz vəziyyətdə qalmış və cibində narkotik maddə olan heroinin olmasını bildirmiş, polis əməkdaşları da onu 37-ci Polis şöbəsinə dəvət etmişdirlər. Polis şöbəsində hüquq və vəzifələri ona izah olunmuş, ona müdafiəçi seçmək üçün vəkillərin siyahısı təqdim edilmişdir. O, sərbəst olaraq hüquqlarının vəkil tərəfindən müdafiə olunmasını istəmiş, daha sonra müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış keçirilmişdir. Axtarışdan əvvəl ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etməsi təklif olunmuş, o da əynindəki açıq göy rəngli cins şalvarın qabaq sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 1 ədəd bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisindəki maddə barədə ona sual verilmiş, o da həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişmiş və həmin maddə elektron tərəzidə çəkilərək 0.57 qram olduğu müəyyən edilmişdir. Ondan həmin narkotiki haradan və kimdən əldə etdiyini soruşduqda, o, həmin narkotiki şəxsi istifadəsi üçün 14 aprel 2023-cü il tarixdə Xətai rayonu, UPD qəsəbəsində yerləşən “Qardaşlar” marketin yaxınlığında adını bilmədiyi və tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Hundan sonra polis əməkdaşları ondan başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamamasını soruşduqda, o, təqdim etdiyi narkotikdən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı rütbəsi daşıyır. 14 aprel 2023-cü il tarixdə etibarlı və qərəzsiz mənbədən ünvan 7 ünvanında yaşayan Elşən adlı şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, daxil olmuş məlumatın araşdırılması zamanı həmin şəxsin xx xxxxxx 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Əməliyyat məlumatı barədə xidmət etdiyi bölmənin rəhbərinə bildirdikdən sonra Xətai RPİ-nin 37-ci Polis şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında olduğu müəyyən edilərək 14 aprel 2023-cü il tarixdə saat 15:30 dəqiqədə yaşadığı ünvan 8 ünvanının qarşısında saxlanılıb 37-ci Polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuş, müdafiəçinin, onun, Xətai RPİ-nin 37-ci Polis şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid2 və ekspert- kriminalist polis leytenantı X2 iştirakı ilə Xətai RPİ-nin 37- ci PŞ-nin təhqiqatçısı, polis mayoru X3 tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa, onu könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim edərək masanın üzərinə qoymuş, həmin büküm açıldıqda içərisində spesifik iyli, qəhvəyi rəngli mum şəkilli narkotik vasitə hesab olunan heroinə oxşar maddə aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu həmin bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 14 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsində yerləşən, “Qardaşlar” marketin yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən özü istifadə etmək üçün aldığını bildirmişdir. Həmin bükümü əynindəki şalvarın cibinə qoymuş və 14 aprel 2023-cü il tarixdə saat 15:30 radələrində yaşadığı ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nin 37-ci Polis şöbəsinin inzibati binasına gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa heç bir əşya aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 153 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Vololdiya oğluna qarşı hər hansı fiziki güc və ya psixi təsir tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi həmçinin aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 15 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 14 aprel 2023-cü il tarixdə saat 15:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 16 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 14 aprel 2023-cü il tarixdə polis əməkdaşlarının, mütəxəxssisi (ekspertin) və vəkilin iştirakı ilə saxlanılan şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxııd iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarının qabaq sağ yan kiçik cibindən siqaretin gümüşü kağızına bükülmüş 1 ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik maddə olan “heroin” olmasını bildirdi. Həmin bükülü açıldıqda, içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar edildi. Həmin bükümdə olan maddə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildi və məlum oldu ki, həmin bükümdə olan qəhvəyi rəngli maddənin çəkisi 0,57 qramdır. Təqsirləndirilən şəxs həmin maddəni nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs bildirdi ki, 2 ildir ki, narkotik maddələrdən istifadə edir. Üzərindən aşkar edilmiş həmin maddəni 14 aprel 2023-cü il tarixdə UPD qəsəbəsində “Qardaşlar” supermarketin yaxınlığında adını bilmədiyi və tanımadığı şəxsdən 10 manata özünə qəbul etmək üçün alıb. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan xalis çəkisini müəyyən etmək üçün tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2023-cü il tarixli, 6/2228 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №153” dairəvi möhür əksi, soyadlar, imzalar olan “... (imza) Z.Elşən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,208 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilmişdir. İş materiallarından görünür ki, 0,208 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, tədqiqatdan sonra qalan çəkisi 0,158 qram narkotik vasitə metamfetamin saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd “CD” formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji ekspertizasının 17 may 2023-cü il tarixli, 2991 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Lakin, hal-hazırda abstinesiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 aprel 2023cü il tarixli 4(011)-266/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 14 aprel 2023cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasının əvvəli xx.xx.2022-ci il tarixi olmaqla, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2022-ci il tarixdə cəzasının çəkilməmiş 1 ay 14 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Hazırda həmin məhkumluq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs cəzası bitdiyi gündən iki il keçmədən hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, yüngülləşdirən hallar müəyyən edilməmiş, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 14 aprel 2023-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 14 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,158 qram narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd “CD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 14 aprel 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,158 qram narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 80 (səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat Bakı şəhəri 13 saylı vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar