Məhkəmə qərarları › İş №1(011)-441/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-441/2023

11.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-441/2023 11.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1991-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofanda üç bükümdə ümumilikdə təmiz çəkisi 1,993 qram olan kustar üsulla hazırlanmış narkotik vasite heroin və bir bükümdə 0,484 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 11 aprel 2023-cü il tarixdə saat 13:30 dəqiqədə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılıb Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan tünd boz rəngli cins şalvarının arxa sağ cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan kəsiyinin içərisində üç bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,819 gram, 0,670 qram, 0,504 qram, ümumilikdə təmiz çəkisi 1,993 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla alınmış narkotik vasitə heroin ve bir bükümdə 0,484 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özünün etirafı, şahid ifadələri, üzərinə şəxsi axtarış keçirilməsi və diskə baxış protokolu, məhkəmə narkoloji və məhkəmə fizikikimyəvi ekspertizasının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2 ildir ki, narkotik vasitələrdən ve psixotrop maddələrdən istifadə edir. Qeyd etdiyi maddələri daha çox çəkmək yolu ilə qəbul etmişdir. Narkotik vasitələri adı ve anket məlumatları məlum olmayan şəxslərdən müxtəlif yerlərdən əldə etmişdir. 11 aprel 2023-cü il tarixdə saat 08 radələrində "Neftçilər" metrostansiyası yaxınlığında 50 manat pul müqabilində 01 büküm "patı" yəni metamfetamin və 03 büküm "kokos" yəni heroin almışdır. Həmin maddələri əynində olan tünd boz rəngli cins şalvarın arxa sağ cibinə qoyub öz şəxsi işləri ilə əlaqədar hərəkət etməyə başlamış, daha sonra polis əməkdşaları ona yaxınlaşıb polis bölməsinə dəvət etmiş, o da etiraz etməyib polislərlə birlikdə bölməyə getmişdir.Törətdiyi əməldən səmimi peşmandır. Himayəsində xəstə anasının olmasının nəzərə alınmasını və ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X3 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barada əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs 11 aprel 2023-cü il tarixdə saat 13:30 dəqiqədə ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq 34-cü PŞ-nə dəvət edilmişdir. Polis şöbəsində o, könüllü surətdə əynində olan tünd boz rəngli cins şalvarının arxa sağ cibindən 03 bükümdə şəffaf rəngli sellofan torbaya bükülmüş, qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər maddəni və 01 ədəd bükümdə olan şəffaf rəngli sellofan torbaya bükülmüş, ağ rangli kristal şəkilli psixotrop maddəyə bənzər maddəni çıxararaq təqdim etmişdir. İş üzrə digər Şahid1 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadə elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi cinayət işi başlanmış və icraata götürülmüşdür.(i.v1) xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində, saat 14:10-da Xətai RPİ-nin 34-cü PŞ-nin binasında tutulmuş, tutulmanın əvvəli həmin tarixdən saat 13:30-dan hesablanmışdır.(i.v 21) şəxsi axtarış və götürmə aparılması haqqında 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 34-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1, Bakı şəhəri Xətai RPİ-nin 34-ci PŞ-nin sahə rəisi Şahid2 barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi 13 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsung A 51” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının arxa sağ cibində olan 03 bükümdə şəffaf rangli sellofan torbaya bükülmüş, qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddəni və 01 bükümdə olan şəffaf rəngli sellofan torbaya bükülmüş, ağ rəngli, kristal şəkilli narkotik vasitəyə bənzər maddəni və çıxararaq təqdim etmiş, əynində olan tünd boz rəngli cins şalvarının arxa sağ cibindən çıxan, 03 bükümdə şəffaf rəngli sellofan torbaya bükülmüş maddə kokos adlanan narkotik vasitə və 01 bükümdə olan, şəffaf rəngli sellofan torbaya bükülmüş. ağ rəngli narkotik vasitəyə bənzər metamfetamin adlanan narkotik vasitə olduğunu bildirmişdir. Götürülmüş kütlələr elektron tərəzi vasitəsi ilə çəkilmiş və 03 bükümdə şəffaf rangli sellofan torbaya bükülmüş, qəhvəyi rəngli kütlənin birinci bükümün çəkisi 0.60 qram, ikinci büküm 0.78, üçüncü büküm 1.08 qram, ümumi çəkisi 2.46 qram, və 01 bükümdə şəffaf rangli sellofan torbaya bükülmüş rəngli, kristal şəkilli narkotik vasitəyə bənzər maddənin çəkisi isə 0.63 qram müəyyən olunmuşdur. (i.v. 32-33); Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 aprel 2023-cü il tarixli, 6/2157 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün Nº152" dairəvi möhür əksi və "...Təqsirləndirilən şəxsn -imza, üç- imza; Tərtib etdi: Abbasov Fərid-imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 03 (üç) ədəd bükümlərdə təmiz çəkiləri - 0,819 qram,- 0,670 qram, -0,504 qram, ümumi təmiz çəkisi- 1,993 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi- 0,484 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasinin ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı 1) metamfetamin- "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in İ siyahısına daxildirlər.(i.v 40-43) xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir.(i.v 51-52) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 4(011)-262/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır.(i.v.70-72) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v76) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2023-ci il tarixli, 2770 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 91-92) Sübutların qiymətləndirilməsi haqqında 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvədə saxlanılması və barəsində seçilmiş "həbs" qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM- in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub şəxsi axtarış keçirilən zaman aşkar olunan narkotik vasitə heroinin çəkisi ilə məhkəmə-kimyəvi ekspertizasının rəyində qeyd olunan çəkilər arasında fərqlər yarandığından, ekspertiza rəyində göstərilən çəki əsas götürülməsi, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumilikdə 1,993 qram heroin narkotik vasitəsi və 0,484 gram metamfetamin psixotrop maddəsi iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınması, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 1,843 qram narkotik vasitə heroin və 0,434 gram psixotrop maddə metamfetamin təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra Bakı şəhəri Xətai RPİ-də məsul saxlanca verilməsi, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına əlavə olunması, iş üzrə məhkəmə-kimyəvi və narkoloji ekspertizasının rəyləri və istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun olduğu və istintaq materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul edilməsi və cinayət işinə əlavə edilməsi qərara alınmışdır.(v 94-99) Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının arxa sağ cibində olan 03 bükümdə şəffaf rangli sellofan torbaya bükülmüş, qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddəni və 01 bükümdə olan şəffaf rəngli sellofan torbaya bükülmüş, ağ rəngli, kristal şəkilli narkotik vasitəyə bənzər maddəni və çıxararaq təqdim etməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1,993 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması və əməlində cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin və metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 11 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ümumi təmiz çəkisi 1,843 qram olmaqla qalıq qalan narkotik vasitə heroin və 0,434 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi)manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar