Məhkəmə qərarları › İş №1(011)-443/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-443/2021

12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-443/2021 12.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1992-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.06.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə X4 xəstəliyi ilə bağlı sonuncuya yardım edilməsi üçün ona məxsus "xxxx" ASC-yə aid 4169 7414 1758 5518 nömrəli plastik ödəniş kartının fotoşəklini və sosial şəbəkədə yerləşdirilmiş elanı görüb, guya həmin hesaba Ü.Əsədovanın əməliyyat olunması üçün maddi yardım edəcəyini vəd edib, Ülkər Əsədova ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq həmin hesab kartının fərdi məlumatlar olan hissəsinin fotoşəklini sonuncudan aldıqdan sonra həmin hesabdan 17 oktyabr 2020-ci il tarixdə saat 12:40:38-də 1000 manat, saat 12:41:12də 1000 manat, saat 12:41:35-də 1000 manat, saat 12:42:30-da 250 manat pul vəsaitini “CİB” proqramı vasitəsilə informasiya texnologiyalarından istifadə etməklə özünə məxsus "xxxx" ASC-yə aid kart hesabına köçürməklə gizli olaraq taladıqdan sonra həmin hesabdan istifadəsində olan mobil nömrəyə 50 manat pul vəsaiti köçürüb vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxsə ümumilikdə 3300 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahid ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Vətəndaşlara məxsus bank kartlarından müxtəlif məbləğlərdə pul oğurladığı üçün Xətai Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Hazırda cəzasını çəkir. 2020-ci ilin oktyabr ayının 17-də Facebook sosial şəbəkəsində Ülkər adlı qadının Kapital Banka aid plastik kartın şəklini paylaşaraq xəstə üçün maddi yardıma ehtiyacı olduğunu bildirmişdir. O, bunu gördükdən sonra həmin kartdan oğurluq edə biləcəyini düşünmüşdür. Elanda yerləşdirilmiş mobil nömrə ilə əlaqə saxlayaraq ona 5.000 manat yardım etmək istədiyini bildirmiş və özünə məxsus kartın hər tərəfli fotoşəkillərini çəkib ona göndərməsini istəmişdir. Həmin şəxs ona kartın həm arxa, həm də qabaq hissəsinin fotoşəkillərini çəkib “Whatsapp” proqramı vasitəsilə göndərmişdir. Söhbət əsnasında həmin qadın adının Ülkər olduğunu və əməliyyat olunacağı üçün pula ehtiyacı olduğunu bildirmişdir. O, oğurluq edəcəyi kartı CİB proqramına əlavə etdikdə Bir Bank proqramı vasitəsilə kartın sahibinə bu barədə məlumat göndərilmişdir. O, Ülkərdən mobil telefonunda Bir Bank proqramının olub-olmadığını soruşduqda Ülkər ona bildirmişdir ki, onda belə bir proqram yoxdur. Bundan sonra Ülkərə mobil telefonuna Bir Bank mobil tətbiqini yükləməsini bildirmişdir. Bir neçə dəqiqədən sonra Ülkər həmin tətbiqi yüklədiyini söyləmiş və ona məxsus plastik kartı onlayn formada CİB proqramına yükləmiş CİB proqramına hər hansı bir kart əlavə edilən zaman kartın hesabından 5 qəpik pul çıxılıb və 5-10 dəqiqədən sonra həmin 5 qəpik karta geri qaytarılmışdır. Ülkərə məxsus kartı da CİB proqramına yüklədikdə eyni qaydada onun da kartında ilk öncə 5 qəpik pul çıxmış, lakin bir neçə dəqiqədən sonra həmin 5 qəpik onun hesabına geri yüklənmişdir. O, Ülkərdən kartına 5 qəpiyin yüklənib-yüklənmədiyini soruşduqda Ülkər ona müsbət cavab vermiş və bu zaman o, kartdan pul çıxara biləcəyindən əmin olmuşdur. 2020-ci ilin avqust ayında Şahid öz yanında sürücü kimi işə götürmüşdür. Yusifə yalan danışaraq Naxçıvandan bir nəfərin ona borcu olduğunu və borcunu kart vasitəsilə ona ödəmək istədiyini, lakin onunda kartı olmadığını bildirmişdir. Həmin vaxt Yusif anasına məxsus maaş kartı olduğunu və pulu həmin karta göndərə biləcəyini söyləmişdir. Bundan sonra onlar Yusifin NZS qəsəbəsində yaşadığı evə gedib oradan anasına məxsus Beynəlxalq Banka aid maaş kartını götürmüşlər. Kartı götürdükdən sonra Ülkərə məxsus kartdan ilk öncə özünə məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin hər birinə 25 manat balans yükləmiş, daha sonra həmin kartdan Yusifin anasına məxsus kartın hesabına hissə-hissə olmaqla 3 dəfə ard-arda 1000 manat, daha sonra 250 manat pul göndərmişdir. Pulu göndərdikdən sonra Yusiflə birlikdə Zığ şossesində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinə gedib oradakı Beynəlxalq Banka aid bankomatdan nağd olaraq 2000 manat pul çıxartmış, qalan pulu isə onlayn ödənişlər vasitəsilə xərcləmişdir. Kartdan pulu çıxartdıqdan sonra Yusifin ehtiyatsızlığı ucbatında kart qırılmışdır. Daha sonra əməlindən peşman olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərmişdir ki, mərhum X5 onu bacısıdır. Əslən Naxçıvan MR-nın Ordubad rayonundan olduqları üçün X10 şəhərində ailə həyatı qurub ailəsi ilə birgə orada yaşamışdır. Son zamanlar Ülkərin səhhətində problem yarandığı üçün onu Ordubad şəhərində həkimə aparmışlar. Lakin həkimlər Ülkərin ürəyində çox ciddi problem olmasını və onun cərrahi əməliyyat edilməsini bildirmişlər. 15 sentyabr 2020-ci il tarixdə Ülkər əməliyyat olunmaq üçün azyaşlı qızı ilə birlikdə Bakı şəhərinə gəlib onlarda qalmağa başlamışdır. Ülkəri əməliyyat üçün Gömrük Hosbitalına ümumilikdə 38.000 manat pul vəsaitinə ehtiyac olduğunu öyrənmişlər. Maddi imkanları zəif olduğundan belə bir qərara gəlmişdilər ki, Ülkərin əməliyyat olunması ilə bağlı qohumlara və tanışlara pulun yığılmasında ötrü müraciət etsinlər. Bundan sonra 2020-ci ilin oktyabr ayının 7-də ailə üzvlərinin hər biri və digər yaxın tanışları özlərinə məxsus “WhatsApp” ani mesajlaşma proqramında Ülkərə məxsus "xxxx"a aid 4169 7414 1758 5518 nömrəli maaş kartının fotoşəkillərini paylaşıb imkanı olan şəxslərin əməliyyat üçün həmin karta pul köçürüb yardım etmələri barədə qeyd yazmışdılar. Onlar təhlükəsizlik səbəbi ilə kartın yalnız ön hissəsinin fotoşəklini elana yerləşdirmişdilər. Onlardan başqa Ülkərin rəfiqəsi də həmin elanı “Facebook” sosial şəbəkəsində şəxsi hesabında paylaşmış, lakin o, həmin qadını tanımadığını bildirmişdir. Bu minvalla təxminən 10 gün ərzində Ülkərin maaş kartına 32.000 manata yaxın pul yığılmışdır. 17 oktyabr 2020-ci il tarixdə işdə olan zaman Ülkər ona zəng vurub tanımadığı şəxsin kartdan pulu oğurladığını bildirmişdir. Bundan sonra o, evə gəlib və Ülkərlə söhbət etdikdən sonra aydın olmuşdur ki, tanımadığı bir nəfər şəxs ***-***-**-** saylı mobil nömrədən Ülkərə zəng vuraraq yardım etmək istədiyini bildirmiş, bundan sonra həmin nömrə ilə və ***-***-**-** saylı mobil nömrə ilə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə Ülkərlə yazışmış və yazışma zamanı 5.000 manat yardım edəcəyini bildirərək Ülkərdən maaş kartının arxa hissəsinin də fotoşəklini çəkib atmasını istəmiş, Ülkər də həmin şəxsə aldanaraq maaş kartının arxa hissəsinin fotoşəklini ona göndərmişdir. Bundan sonra həmin şəxs Ülkərdən öz mobil telefonuna “Bir Bank” proqramını yükləməsini istəmiş, Ülkər onun dediyini etdikdən sonra həmin şəxs yoxlama məqsədilə Ülkərin kartına 5 qəpik pul yükləmiş və Ülkərdən pulun yüklənib-yüklənmədiyini soruşmuş, Ülkər ona müsbət cavab verdikdən sonra hissə-hissə olmaqla Ülkərə məxsus maaş kartından ümumilikdə 3300 manat məbləğində pul hesabdan oğurlanmışdır. Bundan sonra ərazi üzrə 35-ci Polis bölməsinə müraciət edib məlumat vermişlər. "xxxx"ın Əhmədli filialına gedib pulların hansı tarixdə və hansı formada çıxarılması barədə çıxarış götürdükdən sonra həmin çıxarışa baxdıqda həmin məbləğin kartdan oğurlandığından əmin olmuşdur. Həmin ərəfədə Ülkərin səhhəti hər gün pisləşdiyindən baş vermiş cinayətlə məşğul olmağı üçün ona notarial qaydada etibarnamə vermişdir. 2020-ci ilin oktyabr ayının sonlarında Ülkərin əməliyyat olunmasına baxmayaraq, onun səhhəti düzəlməmiş və 19 dekabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ülkər tərəfindən ona verilmiş etibarnaməni, təcili tibbi yardım tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsini və Ülkərin ölüm haqqında şəhadətnaməsini istintaqa təqdim etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmadığını cəza təyin olunarkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Hadisənin yuxarıda şərh olunan halları Şahid məhkəmə iclasında verdiyi ifadə ilə bir daha təsdiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust-sentyabr aylarında iş tapmaq məqsədi ilə “Tap.az” elanlar saytında elan yerləşdirmişdir. Təqsirləndirilən şəxs iş elanından mobil nömrəsini götürərək ona zəng vurub 28 May metrosu yaxınlığında özünə məxsus elektronika mağazası olduğunu və aylıq 600 manat maaşa özünə sürücü kimi işə götürə biləcəyini söyləmişdir. O, sərfəli təklif olduğunu düşünüb onunla razılaşmış və həmin gündən onun yanında sürücü kimi işləməyə başlamışdır. O, Ramilin icarəyə götürdüyü “Hyundai Sonata” markalı avtomobillə ona sürücülük etmişdir. 17 oktyabr 2020-ci il tarixdə Ramil ona dostunun ona borcu olduğunu və pulu kart vasitəsilə göndərmək istədiyini, lakin şəxsi kartı olmadığından ona bank kartı tapmağını xahiş etmişdir. Ona özünün bank kartı olmadığını, lakin anası X2 məxsus “Beynəlxalq Bank”a aid maaş kartı olduğunu söyləmişdir. Ramil də ondan xahiş etmişdir ki, pul anasının maaş kartına göndərildikdən sonra pulu oradan çıxartsınlar. Ramil onun müdiri olduğu üçün ona etiraz edə bilməmişdir. Həmin gün birlikdə onun yaşadığı evə getmişlər. O, anasının maaş kartını anasından götürüb Ramilə vermişdir. Bir neçə dəqiqədən sonra Ramil karta pul yükləndiyini söyləyib yaxınlıqdakı bankomata yaxınlaşmağı təklif etmişdir. Birlikdə Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsinə gedib oradakı “Beynəlxalq Bank”a aid bankomata yaxınlaşmışlar. Təqsirləndirilən şəxs avtomobildən düşüb bankomata yaxınlaşmış, o, isə avtomobildə oturub ona gözləmişdir. Ramil kartı bankomata daxil edib pulu çıxartdıqdan sonra geri qayıdıb avtomobilə əyləşmişdir. Avtomobilə əyləşdikdən sonra həmin kartla avtomobilə yanacaq vurmuş, daha sonra isə kartı ona qaytarmışdır.Bir neçə gün keçdikdən sonra Təqsirləndirilən şəxs kartlardan pul oğurladığına görə həbs olunduğunu eşitmişdir. İş materiallarında olan "xxxx"ın 29.12.2020-ci il tarixli məktubundan görünür ki, iş üzrə zərərçəkmiş şəxs X4 adma olan 4169 7414 1758 5518 nömrəli plastik kartın balansından 17.10.2020-ci il tarixdə saat 12:40:41-də 3 dəfə 1012.00 (bir min on iki) manat və saat 12:42-də 253.00 (iki yüz əlli üç) manat olmaqla 4 əməliyyata cəmi 3289.00 (üç min iki yüz səksən doqquz) manat dəyərində vəsait (xidmət haqqı tutulmaqla) “CİB” mobil tətbiqi vasitəsilə "xxxx" ASC-yə məxsus olan 6762 61** **** 7650 nömrəli plastik karta köçürülmüşdür. Həmin tarixdə saat 12:43-də 2 dəfə hər biri 25.00 (iyirmi beş) manat olmaqla cəmi 50.00 (əlli) manat vəsait isə “CİB” mobil tətbiqi vasitəsilə 077- ***-**-** və ***- ***-**-** saylı mobil nömrələrin balansının artırılmasına yönəldilmişdir. İş materiallarında olan "xxxx" MMC-dən alınmış 30.10.2020-ci il tarixli, AZF/LGL- 16415/20 saylı məktubdan görünür ki, 4169 7414 1758 5518 nömrəli plastik kartın balansından 17.10.2020-ci il tarixdə 25.00 manat pul köçürülmüş ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs adına qeydə alınmışıdır. İş materiallarında olan "xxxx" MMC-dən alınmış 17.06.2021-ci il tarixli, 12399 saylı məktubdan görünür ki, 4169 7414 1758 5518 nömrəli plastik kartın balansından 17.10.2020-ci il tarixdə 25.00 manat pul köçürülmüş ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs adına qeydə alınmışıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Rüstəmov X6 Rayon Məhkəməsinin 06.03.2019-cu il tarixli hökmü ilə CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 73.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 05 dekabr 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan qanuni qüvvəyə minmiş hökmün icrasına dair göstərişin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli hökmü 04 avqust 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi səmimi ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin verdiyi ifadə ilə, digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 05 dekabr 2020-ci il tarixindən hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hal-hazırda cəza çəkdiyi səbəbindən barəsində qətimkan tədbirinin seçilməsinə zərurət yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar