Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-444/2022 06.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1983-cü ildə Ağdam rayonu Muradbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, Ağdam rayonu, Ağdam şəhəri. Muradbəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının zirzəmisində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 13 iyun 2022-ci il tarixdə axşam saat 22 radələrində yaşadığı ünvan 1 ünvanda yerləşən binanın zirzəmisinin pəncərəsindən içəri daxil olub gecəni orada gecələyib səhəri günü, yəni 14 iyun 2022-ci il tarixdə saat 08 radələrində ailə üzvülərinin olmamasından istifadə edərək zirzəmidən atası Zərərçəkmiş şəxs məxsus 800 manat pul vəsaitini, 200 manat dəyərində bir ədəd velosipedi və 240 manat dəyərində iki ədəd xalçanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1.240 (min iki yüz qırx) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının zirzəmisində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, lakin küçələrdən dəmir toplayıb məntəqələrə satır. Əvəllər dəfələrlə Cinayət Məcələsinin müxtəlif maddələri ilə məhkum olunmuş və azadlıqdan məhrum edilmişdir. Zərərçəkmiş şəxs atası, Şahid isə anasıdır və birlikdə yaşayırlar. Bəzən evə getmir və kimsəsiz yerlərdə gecələyir. 13 iyun 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı zirzəmiyə gəlmişdir. Zirzəminin qapısını açmaq istədikdə qapının bağlı olmasını görmüşdür. Məlum olmuşdur ki, atası və anası yoxdur. Zirzəminin qapısının sağ tərəfində olan kiçik pəncərəni açıb içəri daxil olmuşdur. Gecəni evdə yatmışdır. 14 iyun 2022-ci il tarixdə səhər saat 08 radələrində pulu olmadığı üçün evdə olan əşyaları dağıdıb pul axtarmış, lakin pul tapmamışdır. Zirzəmidə olan iki ədəd xalçanı və bir ədəd velosipedi götürmüş və qapını açıb qapının qarşısına çıxarmışdır. Xalça ilə velosipedi götürüb Nizami rayonu ərazisində olan “8-ci km bazarı" deyilən yerə getmişdir. Orada tanımadığı şəxsə xalçanın və velosipedin özünə məxsus olmasını bildirməklə satmışdır. Belə ki, iki ədəd xalçanı 20 manata, bir ədəd velosipedi də 20 manata satmaqla 40 manat pul əldə elmişdir. Əldə etdiyi pulu bir neçə gün ərzində özü üçün xərcləmişdir. Pulu bitdikdən sonra isə zirzəmiyə gəlmişdir. Artıq atası və anasının zirzəmidən oğurluq etməyindən xəbəri olmasını görmüşdür. X4 RPİ-nin 34-cü PŞ-nə şikayət etmişdir. Oğurluq hadisəsini özü tək törətmiş, ona kimsə kömək etməmişdir. Həmin hadisə barədə heç kimə məlumat verməmişdir. Xalçalar və velosipedi atası almışdır, iki ədəd xalça və bir ədəd velosiped atasına məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1998-ci ildən Ağdam şəhərindən məcburi köçkün kimi ünvan 3 ünvanda yerləşən binanın zirzəmisində məskunlaşmışdır. Həmin zirzəmidə arvadı Şahid və oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Oğlu Qabil əvvəllər dəfələrlə CMnin müxtəlif maddələri ilə məhkum olunmuşdur. 13 iyun 2022-ci il tarixdə Ağdam şəhərində qohumu öldüyü üçün arvadı Olya ilə birlikdə Ağdam şəhərinə getmişlər. Onlar evdən, yəni zirzəmidən çıxan zaman zirzəminin qapısını bağlamışlar. 15 iyun 2022-ci il tarixdə axşam radələrində Bakı şəhərinə gəlmişlər. Yaşadığı zirzəmiyə çatdıqda qapını açarla açmaq istədikdə qapının açıq olmasını görmüşdür. Zirzəmiyə daxil olduqda görmüşlər ki, bəzi əşyalar dağıdılmışdır. Evdə olan əşyaları arvadı Olya ilə yoxlayan zaman aşkar etmişlər ki, evdən 200 manata aldığı bir ədəd velosiped və 240 manata aldığı iki ədəd xalça oğurlanmışdır. Evdə olan dolaba baxdıqda 800 manat pulunda yerində olmadığını görmüşdür. Lakin həmin günü onlar oğlu Qabil ilə əlaqə saxlaya bilməmişlər. Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə getmiş, orada ərizə ilə müraciət etmiş və izahatı alınmışdır. Həmin günü polis əməkdaşları yaşadığı zirzəmiyə gəlmiş və baxış keçirmişlər. Məlum olmuşdur ki, həmin əşyaları və pulu oğlu Qabil götürmüşdür. Bir müddət sonra həmin pulu evdəki döşəkçənin altından tapmışdır. Hesab edir ki, evdən götürülən əşyalar ümumi istifadədə olan əşyalardır, oğurluq hadisəsi baş verməmişdir. Evdəki pulla əlaqədar qeyd edir ki, həmin pulları məhəllədə yaşayan dindar şəxslər yığaraq vermişlər ki, qızının qız övladının əməliyyatına xərcləsinlər. Hazırda oğlu ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əri, Təqsirləndirilən şəxs isə oğludur. 1998-ci ildən Ağdam şəhərindən məcburi köçkün kimi ünvan 4 ünvanda yerləşən binanın zirzəmisində məskunlaşmışlar. Həmin zirzəmidə əri Malik və oğlu ilə birlikdə yaşayırlar. Oğlu Qabil əvvəllər dəfələrlə CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. 13 iyun 2022-ci il tarixdə Ağdam şəhərində yaxın qohumu öldüyü üçün əri Malik ilə Ağdam şəhərinə getmişlər. Onlar yaşadığı zirzəmidən çıxan zaman zirzəminin qapısını bağlamışlar. 15 iyun 2022-ci il tarixdə axşam saatlarında əri ilə yaşadığı zirzəmiyə gəlmişlər. Malik qapını açarla açmaq istədikdə qapının açıq olmasını görmüşdür. Zirzəmiyə daxil olduqda bəzi əşyaların dağıdılmasını görmüşlər. Zirzəmidə olan əşyaları yoxlayan zaman iki ədəd xalça və bir ədəd velosipedin oğurlanmasını aşkar etmişlər. Əri Malik dolaba qoyduğu 800 manat pulu götürmək istəyən zaman yerində olmadığını görmüşdür. X5 RPİ-nin 34-cü Polis Şöbəsinə getmişdir. Həmin günü polis əməkdaşları yaşadığı zirzəmiyə gəlmiş və baxış keçirmişlər. Həmin pul məbləğini oğlunun qız övladının əməliyyatı üçün məhəllədə yaşayan dindar şəxslər toplayaraq onlara vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə sübutların qiymətləndirilməsi haqqında qərarın ləğv edilməsi, cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 29 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmışdır( i.v. 01-03); Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsi ünvan 5 ünvanda yerləşən binanın zirzəmisində baş vermiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 18-20); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 20 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v.29); Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamə və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə CM-nin 221.3 və 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 180.1, 67.1-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə 03 ay 07 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Nizami rayon məhkəməsinin 03 sentyabr 2020-ci il tarixdə hökmü ilə Azərbaycan Respublikası CM-nin 128 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsi tətbiq olunmaqla 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur( i.v.59-61, 72-81); İttiham elan etmək üçün şəxsin tutulması haqqında 02 avqust 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir(i.v.109-110); Cinayət işinin icraatının dayandırılması haqqında 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır( i.v.112); Axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdə, saat 15:00-da tutulmuşdur(i.v.117); Cinayət işinin icraatının təzələnməsi haqqında qərardan görünür ki, 05 avqust 2022-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir(i.v.118); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 06 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ( i.v.142); Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 06 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.155-156); İfadənin yerində yoxlanması haqqında 06 avqust 2022-ci il tarixli protokoldan görünür ki, 14 iyun 2022-ci il tarixdə saat 08:00 dəqiqədə yaşadığı ünvan 1 ünvanda yerləşən binanın zirzəmisinə pəncərədən daxil olaraq oradan atası Zərərçəkmiş şəxs məxsus 800 manat pulu, bir ədəd velosipedi, iki ədəd xalçanı oğurlamasını və 8-ci km bazarında satmasını deyərək ifadəsində göstərdiklərini bir daha təsdiq edib hadisə yerini göstərmiş, fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur(i.v.160-165); Bakı şəhəri Xətai rayon məhkəməsinin 4(011)-491/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əvvəli 19 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü övladı X1 vardır. sübutların qiymətləndirilməsi haqqında 13 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, zərərçəkmiş şəxsin və şahidin ifadələri, hadisə yerinə baxış və ifadənin yerində yoxlanılması protokolları iş üzrə sübut kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək 800 manat məbləğində pulu oğurlamadığını göstərməsi hissəsində ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu hissədə ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 13 iyun 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı zirzəmiyə gəlmişdir. Zirzəminin qapısını açmaq istədikdə qapının bağlı olmasım görmüşdür. Məlum olmuşdur ki, atası və anası yoxdur. Zirzəminin qapısının sağ tərəfində olan kiçik pəncərəni açıb içəri daxil olmuş,gecəni evdə yatmışdır. 14 iyun 2022-ci il tarixdə səhər saal 08 radələrində pulu olmadığı üçün evdə olan əşyaları dağıdıb pul axtarmışdır. Belə ki, çarpayının altını və şkafların içərisini axtarmışdır. Evdə olan şkafın içərisindən pul tapmış və saydıqda 800 manat olmasını görmüşdür. Zirzəmidə olan iki ədəd xalçanı və bir ədəd velosipedi götürmüş və qapını açıb qapının qarşısına çıxarmışdır. Xalça ilə velosipedi götürüb Nizami rayonu ərazisində olan “8-ci km bazarı" deyilən yerə getmişdir. Orada tanımadığı şəxsə xalçanı və velosipedin özünə məxsus olmasını bildirməklə satmışdır. Belə ki. iki ədəd xalçanı 20 manata, bir ədəd velosipedi də 20 manata satmaqla 40 manat pul əldə etmişdir. Əldə etdiyi pulu və 800 manat pulu bir neçə gün ərzində maraqları üçün xərcləmişdir. Pulu bitikdən sonra isə zirzəmiyə gəlmişdir. Artıq atası və anasının zirzəmidən oğurluq etməyindən xəbəri olmasını görmüşdür. X4 RPİ-nin 34-cü PŞ-nə şikayət etmişdir. Həmçinin, ifadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə saat 08:00 dəqiqədə yaşadığı ünvan 1 ünvanda yerləşən binanın zirzəmisinə pəncərədən daxil olaraq oradan atası Zərərçəkmiş şəxs məxsus 800 manat pulu, bir ədəd velosipedi, iki ədəd xalçanı oğurlamasını və 8-ci km bazarında satmasını deyərək ifadəsində göstərdiklərini bir daha təsdiq edib hadisə yerini göstərmişdir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı həmin əşyaların ümumi istifadədə olan əşyalar olduğunu, oğurluq hadisəsi baş vermədiyini, ərizə ilə polisə müraciət etdikdən bir müddət sonra həmin pulu evdəki döşəkçənin altından tapmışdır, həmin pulları məhəllədə yaşayan dindar şəxslərin qızının qız övladının əməliyyatına xərcləməsi üçün yığaraq verdiklərini göstərmişdir. Lakin ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 13 iyun 2022-ci il tarixdə Ağdam şəhərində qohumu öldüyü üçün arvadı Olya ilə birlikdə Ağdam şəhərinə getmişlər. Onlar evdən, yəni zirzəmidən çıxan zaman zirzəminin qapısını bağlamışlar. 15 iyun 2022-ci il tarixdə saat 22:20 dəqiqədə Bakı şəhərinə gəlmişlər. Yaşadığı zirzəmiyə çatdıqda qapını açarla açmaq istədikdə qapının açıq olmasını görmüşdür. Zirzəmiyə daxil olduqda görmüşlər ki, bəzi əşyalar dağıdılmışdır. Evdə olan əşyaları arvadı Olya ilə yoxlayan zaman aşkar etmişlər ki, evdən 200 manata aldığı bir ədəd velosiped və 240 manata aldığı iki ədəd xalça oğurlanmışdır. Evdə olan dolaba baxdıqda 800 manat pulunda yerində olmadığını görmüşdür. Məlum olmuşdur ki. həmin əşyaları və pulu oğlu Qabil götürmüşdür. Lakin həmin günü onlar oğlu Qabil ilə əlaqə saxlaya bilməmişlər. Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə getmiş, orada ərizə ilə müraciət etmiş və izahatı alınmışdır. Həmin günü polis əməkdaşları yaşadığı zirzəmiyə gəlmiş və baxış keçirmişlər. Yaşadığı zirzəmidən oğlu Qabil 800 manat pul, iki ədəd xalça və bir ədəd velosipedi oğurlamışdır. Başqa heç bir əmlakını götürməmişdir. 800 manat pul, iki ədəd xalça və bir ədəd velosiped özünə məxsus olmuşdur. Belə ki, xalçaları və velosipedi özü almışdır. Oğluna icazəsiz evdən hər hansı bir əşyanı götürməsinə icazə verməmişlər. Həmçinin, Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai rayon prokurorluğuna ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o Bakı şəhəri Xətai rayon polis idarəsinə oğlu tərəfindən 800 manat pulun oğurlanması ilə bağlı ərizə yazdığını göstərərək, oğlunun həmin cinayəti törətdiyini, buna görə də onun tutulmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərmişdir ki, 15 iyun 2022-ci il tarixdə axşam saatlarında əri ilə yaşadığı zirzəmiyə gəlmişlər. Malik qapını açarla açmaq istədikdə qapının açıq olmasını görmüş, zirzəmiyə daxil olduqda bəzi əşyaların dağıdılmasını görmüşlər. Zirzəmidə olan əşyaları yoxlayan zaman iki ədəd xalça və bir ədəd velosipedin oğurlanmasını aşkar etmişlər. Əri Malik dolaba qoyduğu 800 manat pulu götürmək istəyən zaman yerində olmadığını görmüşdür. X5 RPİ-nin 34-cü Polis Şöbəsinə getmişdir. Həmin günü polis əməkdaşları yaşadığı zirzəmiyə gəlmiş və baxış keçirmişlər. Evdən götürülən pul məbləğini oğlunun qız övladının əməliyyatı üçün məhəllədə yaşayan dindar şəxslər toplayaraq onlara vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 15 iyun 2022-ci il tarixdə saat 22:20 dəqiqədə əri ilə yaşadığı zirzəmiyə gəlmişlər. Malik qapını açarla açmaq istədikdə qapının açıq olmasını görmüş, zirzəmiyə daxil olduqda bəzi əşyaların dağıdılmasını görmüşlər. Zirzəmidə olan əşyaları yoxlayan zaman iki ədəd xalça və bir ədəd velosipedin oğurlanmasını aşkar etmişlər. Əri Malik dolaba qoyduğu 800 manat pulu götürmək istəyən zaman yerində olmadığını görmüşdür. Məlum olmuşdur ki, həmin əşyaları və pulu oğlu Qabil oğurlamışdır. Lakin həmin günü onlar oğlu Qabil ilə əlaqə saxlaya və sonuncunu tapa bilməmişlər. X5 RPİ-nin 34-cü Polis Şöbəsinə getmişdir. Həmin günü polis əməkdaşları yaşadığı zirzəmiyə gəlmiş və baxış keçirmişlər. Yaşadığını zirzəmidən oğlu Qabil 800 manat pul, iki ədəd xalça və bir ədəd velosipedi oğurlamışdır. 800 manat pul, iki ədəd xalça və bir ədəd velosiped ərinə məxsus olmuş, belə ki, xalçanı və velosipedi əri almışdır. Göründüyü kimi, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs həmin pulları məhəllədə yaşayan dindar şəxslərin qızının qız övladının əməliyyatına xərcləməsi üçün yığaraq verdiklərini, şahid isə ifadəsində oğlunun qız övladının əməliyyatı üçün məhəllədə yaşayan dindar şəxslərin toplayaraq onlara verdiklərini bildirmişlər. Bundan əlavə zərərçəkmiş şəxs evdən götürülən 800 manat pulun bir müddət sonra evdəki döşəkçənin altından tapdığını göstərmiş, şahid isə həmin pul məbləğinin tapılmadığını təqsirləndirilən şəxsin həmin pulu öz ehtiyyacları üçün xərclədiyini bildirmişlər. Göründüyü kimi hər iki şəxs ziddiyətli ifadələr vermişlər. Məhkəmə, zərərçəkmiş şəxs və şahidin təqsirləndirilən şəxsin valideynləri olmasını, məhkəmə istintaqı zamanı ziddiyətli ifadələr verməsini nəzərə alaraq zərərçəkmiş şəxs və şahidin ibtidai istintaq zamanı verdiyi ifadələrin daha mötəbər olmasına inanır və həmin ifadələr iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin ifadəsini 800 manat pulu götürməməsi hissəsində də özünü müdafiə kimə qiymətləndirir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxs, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, xx.xx.2009-cu il tarixli, xx.xx.2016-cı il tarixli hökmlər üzrə məhkumluğu ödənilmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də cinayətin residivini yaratmır. Belə ki, Təqsirləndirilən şəxs hazırda təqsirləndirildiyi CMnin 177.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayət olduğundan CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meyilliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyini göstərir. Ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanaşı cəzanın məqsədini təmin etməyəcəkdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), CM-nin 60-cı maddəsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq saxlanıldığı 05 avqust 2022-ci il tarixdən 06 avqust 2022-ci il tarixədək olan müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-491/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdən 06 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 06 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-491/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs təqdim olunduğu) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-444/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-444/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver