Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-444/2023 09.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Sabirabad rayonunun Cəngən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 25 dekabr 2022-ci il tarixdə saat 21 radələrində kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, 8-ci Əhmədli qəsəbəsi, N.Əlyarov küçəsində yerləşən nömrəsiz fərdi evə gələrək keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ona məxsus kart hesabının balansındakı 110 manat məbləğdə pulu icazəsiz öz hesabına köçürərək qaytarmaması səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs hər iki qoluna vurduqda sonuncu yerə yıxılmış və bu an təpiklə sinə nahiyəsinə vuraraq əli ilə boğazını sıxmaqla ona boyun nahiyəsinin sıyrığı, sağ saidin hematoması, döş qəfəsi, sağ bazu və sol said nahiyələrinin qançırları kimi xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o günorta saatlarında işdə olduğu zaman maddi sıxıntısı olduğundan iş yoldaşından ona məxsus olan plastik bank kartına 110 (bir yüz on) manat pul köçürməsini xahiş etmiş, iş yoldaşı həmin məbləği borc olaraq ona göndərmişdir. Həmin vaxt kartı özündə olsa da kart hesabının idarə edilməsi üçün lazım olan mobil tətbiqin yükləndiyi mobil telefonu Səadətdə olmuşdur. O həmin gün işdən sonra evə gedərkən kartını yoxladıqda həmin 110 (bir yüz on) manat məbləğində pulun kartın balansında olmadığını görmüş, evə çatdıqdan sonra Səadətdən pulu onun götürübgötürməməsini soruşmuş, Səadət ilk əvvəl etiraf etməsə də sonradan həmin məbləği mobil telefondakı tətbiq vasitəsi ilə öz plastik bank kartı hesabına köçürtdüyünü etiraf etmişdir. Bu zaman o pulu qaytarmasını tələb etmiş, lakin, Səadət pulu qaytarmayacağını bildirdiyindən aralarında mübahisə yaranmışdır. Həmin vaxt o, əsəbləşdiyindən Səadətin qollarına bir neçə dəfə yumruqla vurmuş, bundan sonra həyətə çıxıb bir qədər əsəblərinin sakitləşməsini gözləyib yenidən evə qayıtmışdır. Həmin vaxt Səadət ona birlikdə gedib kartdakı pulu çıxartdıqdan sonra həmin məbləği ona qaytaracağını bildirmiş, onlar evdən çıxıb Əhmədli metrosuna tərəf hərəkətə başlamışlar, bu zaman o, polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmışdır. Polis şöbəsində olan zaman Səadətin ondan şikayət etdiyini bilmişdir. O Səadətlə mübahisə edərkən bıçaqdan istifadə etməmiş, onun üzərində heç bir bıçaq olmamışdır. Ona qarşı verilmiş mülki iddia ərizəsində Səadətə məxsus mobil telefonu sındırması qeyd edilsə də, bu həqiqət deyildir, həmin mobil telefon hadisədən bir həftə - on gün əvvəl yararsız vəziyyətə düşmüş, bu səbəbdən ona məxsus olan mobil telefon Səadətin istifadəsində olmuşdur. Əlavə olaraq təqsirləndirilən şəxs barışığa cəhd etsə də, barış əldə edə bilmədiyini, əməlindən peşman olduğunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşıdır. Onlar evli olduqları müddətdə Sadiq daim spirtli içki içərək sərxoş vəziyyətdə olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evə gəlmiş, daha sonra Sadiqdə spirtli içkinin təsiri altında evə gəlmiş və ondan pulunu qaytarmasını tələb etmişdir. Həmin gün ev sahibi kirayə pulunu istədiyi üçün o, Sadiqin mobil telefonunda olan mobil bank tətbiqi vasitəsi ilə Sadiqin kart hesabında olan 110 (bir yüz on) manat pulu öz bank kartına köçürmüşdür. Sadiq ondan həmin 110 (bir yüz on) manat pulu geriyə qaytarmağını tələb etmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Sadiq onun qollarına bir neçə dəfə yumruqla, sinəsinə isə təpiklə vurmuşdur. O, əli ilə Sadiqi itələyərək qaçıb evdən çıxmışdır. Həmin vaxt qonşuya gedərək oradan 102 xidmətinə zəng etmiş, ona 34-cü polis şöbəsinə gedərək ərizə yazmasını dediklərindən o polis şöbəsinə gedərək hadisə barədə müraciət edib yenidən yaşadığı evə qayıtmışdır. Evə qayıdan zaman Sadiqin evdə olmadığını görüb onun polis əməkdaşları tərəfindən tutulduğunu düşünmüş, lakin bundan sonra Sadiq qayıdaraq əlindəki bıçaqla qapını açmağa cəhd etmiş, ona qapını açmasını, söhbət edəcəklərini qışqıraraq demiş, səs-küy yaratdığından məcbur qalaraq qapını açmış, sonuncu evə daxil olub yenidən onun üzərinə hücum çəkərək bıçaq ilə onu hədələmiş, daha sonra bıçağı qoluna sıxmışdır, həmin iz ekspertiza vaxtı qolunda olsa da ekspertiza rəyində qeyd edilməmişdir. Sadiq onu bıçaqla qorxudub ondan yenidən pulu verməyini tələb etmiş, həmin vaxt dolabda olan geyimləri bıçaqla kəsərək pulu qaytarmadığı təqdirdə onu həmin formada kəsəcəyini bildirmişdir. Həmin geyimləri Sadiq kiminsə gələcəyindən ehtiyat edərək aparıb zibil qutusuna tullamışdır. O qorxduğundan Sadiqi aldadaraq onunla birlikdə gedərək kartdan pulu çəkib pulunu qaytaracağını bildirmiş, sonuncu onunla razılaşdığından yaşadığı mənzildən birlikdə çıxmışlar, piyada olaraq hərəkət etdikləri zaman polis əməkdaşları Sadiqi tutaraq polis şöbəsinə aparmışlar. O, polis şöbəsinə getmiş orada müvafiq izahat vermiş, həmin vaxt Sadiqin üzərində olan bıçaq polis tərəfindən aşkar edilərək ona da göstərilmişdir. Lakin sonradan həmin bıçaqla bağlı heç-bir araşdırma aparılmamış, o, polis əməkdaşı tərəfindən aldadılmış, bıçaq məsələsini ərizəsində qeyd etmədiyi təqdirdə ona dəymiş zərəri Sadiqdən alaraq ona verəcəklərini bildirdiyindən ərizəsində Sadiqin onu bıçaqla qorxutmasından heç nə yazmamışdır. O, həmin ərizəyə qol çəkdikdən sonra polis əməkdaşları onu qəbul etməyərək pulu ala bilməyəcəklərini bildirmişdirlər. Sadiq mübahisə zamanı onu mobil telefon vasitəsi ilə videoya çəkməsini səbəb gətirərək əsassız olaraq onun 933 (doqquz yüz otuz üç) manat dəyərindəki mobil telefonunu da sındırmışdır. O, Polis şöbəsindən çıxdıqdan sonra ilk olaraq rəfiqəsi Şahid2, daha sonra isə Şahid3 evinə getmişdir. Onlar onun bədənində olan xəsarətləri görmüşlər. Təqsirləndirilən şəxs onu sonuncu mübahisələrindən əvvəldə dəfələrlə döymüş, o bununla bağlı polisə müraciət etmişdir. Əlavə olaraq zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona qarşı bıçaqdan istifadə etdiyindən onun daha ağır maddələrlə ittiham olunmalı olduğunu, mülki iddia ərizəsinin təmin edilməsini, həmçinin təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin təhqiqatçısı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il taixdə o işlədiyi 34-cü PŞdə əməliyyat qrupu üzrə təhqiqatçı qismində xidmətdə olduğu zaman saat 22:40 radələrində PŞ-nin Növbətçi Hissəsinə vətəndaş Zərərçəkmiş şəxs keçmiş əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsinə dair 102 məlumatı daxil olmuşdur. Məlumat üzrə əməliyyat qrupunun üzvü olaraq hadisə yerinə getmiş, hadisə ilə bağlı Zərərçəkmiş şəxs onlarla birlikdə polis şöbəsinə getmiş, orada olarkən izahatı alınmış və xəsarətlərlə bağlı ekspertiza təyin edilmişdir. Bundan əlavə materialın məhkəməyədək sadələşdirilmiş formada məhkəməyə göndərilməsinə etiraz etməməyi barədə razılıq ərizəsi alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs gecə radələrində polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs izahatı alınarkən həmin vaxt ona məxsus olan bank kartındakı pulun götürülməsi ilə bağlı Zərərçəkmiş şəxs ilə aralarında münaqişə baş verdiyini bildirmişdir. Həmin mübahisə zamanı o, Zərərçəkmiş şəxs döymüşdür, bu hal ekspertiza rəyində qeyd edilmişdir. O, baş vermiş hadisə ilə bağlı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə yekun protokol tərtib edib məhkəməyə göndərmişdir. Zərərçəkmiş şəxs materiallar toplanıldıqdan sonra ona həmin hadisədə bıçaqla xəsarət aldığını bildirmiş, o hadisə baş verən gün sonuncunu canlı olaraq görmüş, onun bədənində bıçaqla bağlı heç bir xəsarət olmamışdır. Daha sonra o, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə ərizə almış, həmin ərizə ilə bağlı müvafiq qərarda qəbul etmiş, sonuncu həmin ərizədə Təqsirləndirilən şəxs onu döyərkən bıçağı qoluna sıxaraq kəsdiyini, daha sonra geyimlərini kəsdiyini, o, bu səbəbdən qorxaraq qonşusu gilə getdiyini qeyd etmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs ərizəsində qeyd etdiyi xüsusatlarla bağlı sübutlar istəmiş, kəsilmiş geyimləri gətirməsini istəmiş, lakin həmin sübutlar ona təqdim edilməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs 30 oktyabr 2021-ci il tarixdə döyüldüyü zaman çəkilmiş foto şəkilləri ona göndərmiş, həmin foto şəkilləri müddət ötdüyü üçün sübut kimi qəbul edə bilməmiş, bu səbəbdən ona həmin foto şəkillərin sübut kimi qəbul edilə bilməyəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi ilə bağlı ərizə ilə müraciət etmiş, o, həmin ərizə əsasında Təqsirləndirilən şəxs narkoloji mərkəzə aparmış, analiz nəticəsində onun narkotik vasitələrdən istifadə etmədiyi müəyyən edilmişdir. Nəticədə toplanmış materialları baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs dəfələrlə onu döymüşdür, bu səbəbdən Səadət dəfələrlə onun yanına gəlmiş, həmin vaxt onun bədənində zərbə izləri və göyərmələr olmuşdur. Hadisənin baş verdiyi günü dəqiq xatırlamasa da, Səadət son dəfə döyüldüyü gün onun yanına gəlmiş, həmin gün də onun bədəninin müxtəlif nahiyələrində çoxlu yara izləri olmuşdur. Səadət bir neçə saat onun evində gözləmiş, daha sonra o sonuncuya onlarda qalmasını təklif etsə də, Səadət problem olacağını deyərək qayıtmalı olduğunu bildirmişdir. Lakin Səadət evə qayıtdıqdan sonra Sadiq onu daha çox döymüş, bu səbəbdən Səadət polis orqanlarına müraciət etmiş, nəticədə Sadiq polis əməkdaşları tərəfindən tutulmuşdur. Səadət hadisənin baş verdiyi günün səhəri yenidən onun evinə gəlmiş, həmin vaxt onun əl-ayaq və bədəninin digər nahiyələrində daha böyük yaralar olmuşdur. Onların aralarında belə mübahisələr dəfələrlə olub, səbəbi isə Sadiqin spirtli içki içməsi olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs bibisi qızıdır və həmçinin qonşularıdır. Səadət bir neçə dəfə döyüldükdən sonra ona yaxın olduğu üçün onlara gəlmişdir. Sonuncu dəfə dəqiq xatırlamadığı tarixdə döyüldükdən sonra ilk olaraq Şahid2gilə getmiş, bundan sonra günorta saatlarında onlara gəlmişdir. Həmin vaxt onun qolunda, bədəninin digər hissələrində zərbə izləri olmuşdur. Onların aralarında mübahisənin olmasına səbəb çox vaxt Sadiqin spirtli içki içməsi olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X3 27 dekabr 2023-cü il tarixli 1471 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs boyun nahiyəsinin sıyrığı, sağ saidin hematoması, döş qəfəsi, sağ bazu və sol said nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə demək olar ki, həmin xəsarət həm Zərərçəkmiş şəxs özü tərəfindən yetirilməsi inandırıcı deyildir (i.v. 22-23); 14 iyun 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmişdir(i.v 227-228) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i.v. 52); Zərərçəkmiş şəxs tərəfindən verilmiş 15 fevral 2023-cü il tarixli mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq 933 (doqquz yüz otuz üç) manat, dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat və mülki iddia ərizəsinin verilməsinə görə ödənilmiş 79,80 (yetmiş doqquz, səksən) manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (i.v. 108- 110); Azərbaycan Respublikası Mərkəzi Bankı hökümət ödəniş portalının xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə dövlət rüsumu qismində 79,40 (yetmiş doqquz, qırx) manat ödənilmişdir (i.v. 111); Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 09 avqust 2023-cü il tarixli iddia ərizəsinin həcminin azaldılması ilə bağlı ərizədən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü mülki iddia ərizəsində maddi ziyanın əvəzi olaraq tələb etdiyi 933 (doqquz yüz otuz üç) manat hissəsinin mülki iddiadan xaric edilməsini, digər hissədə isə mülki iddiaya baxaraq təmin edilməsini xahiş etmişdir. diskə baxış keçirilməsi haqqında 02 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Nicat İbrahimov tərəfindən iş materiallarında olan 01 ədəd DVD-R formatlı diskə baxış keçirilmiş, diskə baxış zamanı 01 ədəd səs yazısının mövcud olduğu, həmin səs yazısı Zərərçəkmiş şəxs ilə 34-cü PŞ-nin təhqiqatçısı Şahid1 arasında aparılan telefon danışığından ibarət olmuşdur. Səs yazısında Zərərçəkmiş şəxs təhqiqatçı tərəfindən aparılan ilkin məhkəməyədək sadələşdirilmiş icraat materiallarından narazı olmasını bildirmişdir. Qeyd edilən səs yazısının cinayət işi üzrə hər hansı bir əhəmiyyət kəsb etmədiyi müəyyən edilmişdir (i.v. 196); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 134, 186 və 221-ci maddələrinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin Zərərçəkmiş şəxs 34-cü PŞ-nin təhqiqatçısı Şahid1 tərəfindən aparılan məhkəməyədək sadələşdirilmiş icraat materiallarından narazı olmasına dair səs yazısının köçürüldüyü 01 (bir) ədəd “DVD” formatlı disk aidiyyatı üzrə baxılmasından ötrü Xətai Rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır (i.v 203-208); Xətai Rayon Prokurorluğunun böyük müstəntiqi F.Nuriyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, Xətai RPİ-nin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işindən ayrılaraq rayon prokurorluğuna göndərilmiş material üzrə Xətai RPİ-nin 34-cü PŞnin təhqiqatçısı, polis leytenantı Şahid1 əməlində cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır (İİ cild i.v 15); Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146-ci maddələri). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam və hərtərəfli baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM- 59.2-ci maddə) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs və mülki iddiaçı tərəfindən verilmiş mülki iddia qismən təmin edilərək təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs mənəvi ziyana zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Plenumunun qərarının 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Bundan əlavə, həmin qərarın 6-cı bəndində göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Eyni zamanda həmin qərarın 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmçinin 8-ci bəndində göstərilmişdir ki, plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunanlarla əlaqədar məhkəmə belə nəticəyə gəlir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs qanunsuz hərəkəti nəticəsində Zərərçəkmiş şəxs fiziki və mənəvi sarsıntılar keçirmiş, ona yetirilmiş xəsarətlər sağlamlığa yüngül zərərvurmaya aid edilmişdir, təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli və mənəvi ziyana görə 1000 (bir min) manat və 79,80 (yetmiş doqquz, səksən) manat məbləğində ödənilmiş dövlət rüsumu Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş üzrə məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs mənəvi ziyana görə 1000 (bir min) manat və 79,80 (yetmiş doqquz, səksən) manat məbləğində ödənilmiş dövlət rüsumu zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev
Məhkəmə qərarları › İş №1(011)-444/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-444/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver