Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-444/2025 20.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsində yaşayan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-438/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 08 aprel 2025-ci il tarixdə saat 01:30-da ünvan 3 ünvanında yerləşən fərdi evin qarşısında sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə atası Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər işlədərək səs-küy yaratmış, sonuncunun ona irad tutmasına əhəmiyyət verməyərək alt paltarı ilə yarıçılpaq vəziyyətdə Zərərçəkmiş şəxs məxsus **-LL- *** dövlət qeydiyyat nişanlı “Mazda Tribute” markalı avtomobilin damına çıxıb üzərində atılmış, istintaqla müəyyən edilməyən silah qismində istifadə etdiyi balta ilə avtomobilin müxtəlif hissələrini zədələməklə təxminən 1200 manat miqdarda maddi ziyan vurmuş, habelə istintaqla müəyyən edilməyən əşya və yumruqla Zərərçəkmiş şəxs baş nahiyəsinə vuraraq ona başın təpə nahiyəsinin dərialtı hematoması və əzilmiş yarası kimi xəsarətlər yetirməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuraraq qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında atası Zərərçəkmiş şəxs evinin qonşuluğunda yerləşən fərdi evdə Şahid2 (Rəhimova) ilə birlikdə yaşamış, atası ilə dəfələrlə aralarında mübahisələr yaşanmış, münasibətləri pisləşmişdir. Hadisə olan gün içkili olmuşdur, atası ona irad bildirmişdir, o da bua görə söymüşdür. Belə ki, pəncərədən çıxıb dedi ki, mahnının səsini al, o da içkili olduğundan atasını söymüşdür. Atası da onu söymüşdür, buna görə o söyüşlərini davam etdirmişdir. Daha sonra içkili olduöundan balta ilə maşını zədələmişdir. Birinci şüşələri sındırdmış, sonra maşının üstünə çıxmışdır. İçkili olduğundan və özündə olmadığından. Yoldaşı da orada idi, belə hərəkətləri etdiyinə görə yoldaşı onu evə aparmağa çalışmışdır, o isə yenə qayıdıb hərəkətlərini davam etdirmişdir. Hadisə vaxtı qonşular da çölə çıxmışdı. Hadisəni törədən zaman əynində ancaq alt paltarı olmuşdur. Həmin gün 3 dənə 700 qramlıq kanyak içmişdir. Atası onu məhkumluqla qorxudur, 2010-cu ildən bəri çöldə bayırda böyümüş adamdır, onu belə sözlərlə qorxuzmaq olmaz, məhkəmə ona ilini versin, o da gedib yatacaq. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 6 ildir ki, oğlu ilə davamlı olaraq mübahisələri yaşanmışdır. 07 aprel 2025-ci il tarixdə təxminən saat 17 radələrində yaşadığı ünvanda olan zaman Röyyal Sevinclə evin birinci mərtəbəsində birlikdə əyləşib spirtli içki qəbul etmişlər, bir müddət keçdikdən sonra spirtli içkinin təsiri altında səs-küy yaratmağa başlayıb yüksək səslə nalayiq ifadələr işlətməyə başlamış, musiqinin səsini yüksək dərəcəyə qədər artırmışlar. xx.xx.2025-ci il tarixdə təxminən saat 01 radələrində onların səs-küyü daha da artmış və artıq həyətdə söhbət etməyə başlayıb yüksək səslə nalayiq ifadələr işlətməyə davam etmişlər. Pəncərədən başını çölə çıxarıb evlərinə daxil olmalarını, nalayiq ifadələr işlətməmələrini, gecə saatı olduğu üçün qonşuları narahat etməməyi bildirmiş, Sevinc kobud tərzdə danışaraq onlara irad bildirmək haqqının olmadığını bildirmişdir. Bunun ardınca Röyyal da kobud tərzdə danışmağa başlayıb nalayiq ifadələr işlətmiş, o, evdən bayıra çıxmadan danışaraq sakitləşməsini, evinə daxil olmasını tələb etmiş, Röyyal içkinin təsiri altında alt paltarı ilə ona məxsus “Mazda Tribute” markalı avtomobilinin yanına getmiş, yüksək səslə nalayiq ifadələr işlətməyə davam etmişdir. Sevinc Röyyalı sakitləşdirməyə çalışmış, lakin Röyyal əməllərinə davam edərək avtomobilin üzərinə çıxıb zədə yetirmiş, o, avtomobili zədələndiyi üçün Röyyalın yanına getmiş, Röyyal sərxoş vəziyyətdə evinə daxil olub balta götürmüş, əlindəki baltayla maşına zərbələr endirərək avtomobilini zədələməyə davam edərək avtomobilin şüşələrini, yan tərəflərini, avtomobilin damına qalxaraq avtomobilin damını da balta ilə zədələmişdir. Sevinc və Sevincin qardaşı Röyyalın əlindən baltanı almışlar. Daha sonra Röyyal onun üzərinə hücum çəkib baş nahiyəsinə yumruq zərbəsi endirmiş, bunun ardınca isə nə olduğunu bilmədiyi əşya ilə baş nahiyəsinə zərbə endirmiş, baş nahiyəsindən qan axdığını görüb uzaqlaşmışdır. Hadisə zamanı qonşular da səs küyə hadisə yerinə gəlmişlər. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın (cinayət nəticəsində onun avtomobilinə ziyan dəymişdir) ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 təqsirləndirilən şəxsin onun həyat yoldaşı olduğunu bildirərək ifadə verməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Sevinc ilə onlarının evinin yaxınlığında yaşamışlar. 07 aprel 2025-ci il tarixdə təxminən saat 17 radələrində yaşadığı ünvanda olan zaman Röyyal Sevinclə evin birinci mərtəbəsində birlikdə əyləşib spirtli içki qəbul etmişlər, bir müddət keçdikdən sonra onlar spirtli içkinin təsiri altında səs-küy yaratmağa, yüksək səslə nalayiq ifadələr işlətməyə başlamışlar. xx.xx.2025-ci il tarixdə təxminən saat 01 radələrində onların səs-küyü daha da artmış və artıq həyətdə söhbət etməyə başlayıb yüksək səslə nalayiq ifadələr işlətməyə davam etmişlər. Atası onların evlərinə daxil olmalarını, nalayiq ifadələr işlətməmələrini, gecə saatı olduğu üçün narahat olduqlarını bildirmişdir. Bunun ardınca Röyyal da kobud tərzdə danışmağa başlayıb nalayiq ifadələr işlətmiş, atası düzgün danışmasını tələb etdikdə Röyyal içkinin təsiri altında alt paltarı ilə atasına məxsus “Mazda Tribute” markalı avtomobilin yanına getmiş, avtomobilin üzərinə çıxıb zədə yetirmişdir. Atası avtomobilin zədələndiyi üçün Röyyalın yanına getmiş, Röyyal sərxoş vəziyyətdə evinə daxil olub balta götürmüş, əlindəki baltayla maşına zərbələr endirərək avtomobili zədələməyə davam etmiş, atası Röyyalın avtomobilin şüşələrini, yan tərəflərini, avtomobilin damına qalxaraq avtomobilin damını da balta ilə zədələdiyini görüb üzərinə getmişdir. Röyyal atasının üzərinə hücum çəkib baş nahiyəsinə yumruq zərbəsi endirmiş, Röyyal yenidən atasının üzərinə hücum etdikdə atasının baş nahiyəsindən qan axdığını görmüşdür. Hadisə zamanı qonşular da səs küyə hadisə yerinə gəlmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında 13 may 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi ibtidai istintaq aparılması üçün Xətai RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 08 aprel 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında baş vermiş cinayət hadisəsi yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 13-14); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2025-ci il tarixli, 2/19326 saylı aktdan görünür ki, X2 yüngül dərəcəli sərxoşluq halında olması müəyyən edilmişdir (i.v. 15); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2025-ci il tarixli, 2/19327 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoşluq halında olması müəyyən edilmişdir (i.v. 16); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 08 aprel 2025-ci il tarixli, 340 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin dərialtı hematoması və əzilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsinə əmələ gəlməsi inkar olunur (i.v. 18-19); cinayət işinin icraata qəbul edilməsi haqqında 20 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 25); zərərçəkmiş şəxs qismində tanınma haqqında 23 may 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 29-30); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-nin 126.1ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 52-53); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-438/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilənəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini – ünvan 6 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir (i.v. 61-68); axtarışda olan şəxsin tutulması haqqında 08 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00-da polis əməkdaşları tərəfindən tutularaq Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinə gətirilmişdir (i.v. 83); 09 iyul 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 110-113); təqdim etmə və götürmə haqqında 09 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 06 ədəd fotoşəkil iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (i.v. 116-119); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 120-121); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 10 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 137- 138); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında 10 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 141); təqdim etmə və götürmə haqqında 10 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 01 ədəd “DVD-R” formatlı disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (i.v. 145-146); 01 ədəd “DVD-R” formatlı diskə baxış keçirilməsi haqqında 10 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Xətai rayonu, M.Davud küçəsi 11 Q ünvanında Təqsirləndirilən şəxs əynində boz rəngli alt paltarı ilə fərdi evin qarşısına çıxıb yüksək səslə atası Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədir, Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid2 onu sakitləşdirməyə çalışıb evin içərisinə daxil etməyə çalışır, Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs məxsus qara rəngli avtomobilin üzərinə qalxıb təhqiramiz ifadələrə davam edir, avtomobilin üzərində atlanıb düşərək oturur, yenidən eyni qaydada atasının ünvanına təhqirlər etdiyi zaman videoçəkiliş sonlanır (i.v. 147); 12 iyul 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 154-157); 12 iyul 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 və Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 158-161); 12 iyul 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 162-165); cinayət işi üzrə əməlin tövsif edilməsi barədə 06 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir (i.v. 169); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 12 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 172-173); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 12 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 188- 189); sübutların qiymətləndirilməsi haqqında 26 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 186 və 221.2.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş üzrə keçirilmiş üzləşdirmə protokolları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 08 aprel 2025-ci il tarixli, 340 saylı rəyi, 01 ədəd “DVD-R” formatlı disk iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v. 197-206); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Mməhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-438/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2538/25 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri təqsirli bilinərək barəsində 8 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati həbsdə nəzərə alınmaqla məhkum Təqsirləndirilən şəxs cəzasının sonu xx.xx.2026-cı il tarixə hesablanmışdır. Məhkəmə istintaqı zamanı cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD-R” formatlı diskə baxış keçirilmiş və diskdə olan görüntü 10 iyul 2025-ci il tarixli diskə baxış protokolunun məzmununa uyğun olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməllərində xuliqanlığın olmasını aşağıda qeyd olunan normalarla müəyyənləşdirir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilir ki, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarda göstərilmişdir ki, “xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Göründüyü kimi, həm Təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs və şahidin yuxarıda qeyd edilən ifadələri ilə bir daha təsdiq olunmuşdur ki, ünvan 3 ünvanında baş vermiş hadisə heç bir səbəb olmadan, cüzi bəhanə ilə, yəni, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə irad bildirməsi ilə aralarında yaranmış narazılıq səbəbindən baş vermişdir. Həmçinin videogörüntüdən də görünür ki, hadisə bir çox şəxsin gözü qarşısında ictimai qaydanın kobud sürətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi ilə baş vermişdir. Məhkəmə qeyd edir ki, hadisə zamanı qonşular da həmin yerə toplaşmış, təqsirləndirilən şəxs isə avtomobilin üzərinə tək alt paltarında çıxaraq avtomobilə balta ilə vurmuş, bundan əlavə zərərçəkmiş şəxsə də xəsarət yetirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl CM-nin 221.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Həmin qərarın 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.12, CM-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü üzrə olan məhkumluğu bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada ödənildiyindən Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alınmır. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmiş, lakin həmin məhkumluq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan məlumatlara əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-438/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün 27 sentyabr 2024-cü il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini 08 aprel 2025-ci il tarixdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunmasına baxmayaraq yenidən cinayət törətməsini, azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin ona yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi, həmçinin CM-nin 60-cı maddəsinin müddəaları nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökm üzrə təyin edilmiş cəza Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-438/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 (iki) ay 27 (iyirmi yeddi) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla (CM 68.1.1-1) hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli (CM 67.1), onun 08 iyul 2025-ci il tarixdən 10 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 20 oktyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-438/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 1 (bir) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 iyul 2025-ci il tarixdən 10 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 02 (iki) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 20 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-444/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-444/2025
20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver