Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-445/2022 20.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarasinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində bu iş üzrə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 19 iyun 2022-ci il tarixdə saat 18:33-də Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi 28 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs məxsus “Chevrolet Traverse" markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının açıq olmasından istifadə edərək, avtomobilə daxil olub avtomobilin qabaq oturacaqlarının arasına qoyulmuş pul kisəsindən Azərbaycan Respublikası Mərkəzi Bankının həmin tarixə olan valyuta məzənnəsinə əsasən 1700 manat təşkil edən 1000 ABŞ dolları məbləğində pulunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 1700 (min yeddi yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin verdiyi ifadəsi və cinayət işinin digər materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, işsiz olduğu üçün maddi tələbatlarını ödəyə bilmirdi, xx.xx.2013-cü il təvəllüdlü oğlu Mustafayev İbrahim anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir, lakin oğlunun dərmanlarını almaq üçün maddi imkanı yoxdur. 19 iyun 2022-ci il tarixində yaşadığı ünvandan çıxmış, ünvan 2 ilə hərəkət etməyə başlamış, hərəkətdə olarkən oğluna lazımi dərmanları almaq üçün pulu necə əldə edəcəyi barədə fikirləşmiş, saat 18.30 radələrində ünvan 3 ünvanda “Socar”a məxsus olan binanın yanına gəlmiş, binanın qarşısında saxlanmış dövlət qeydiyyat nişanını xatırlamadığı ‘‘Chevrolet” markalı avtomobili görmüşdür. Avtomobilə baxan zaman qapılarının kilid yerinin açıq vəziyyətdə olduğunu görmüş, daha sonra həmin avtomobilin açıq qapılarından daxil olaraq, oğurluq edib oğlu üçün lazım olan dərmanları ala biləcəyini düşünmüş, ardınca ətrafda heç kəsin onu görməməsinə nəzər yetirdikdən sonra, avtomobilin sağ qabaq qapısının yanına gəlmiş, qapını açaraq içəri daxil olmuş, o, avtomobilin salonunda olarkən, cəld şəkildə pul əldə edə biləcəyi yerləri tez yoxlayaraq, ardınca avtomobilin salonunda, qabaq oturacaqların arasında yerləşən saxlanc yerini açmış, həmin saxlanc yerində qara rəngli pul kisəsini görmüşdür. Həmin pul kisəsini götürüb açmış, içərisində 10 ədəd 100 ABŞ dolları əskinas olmaqla 1000 (min) ABŞ dolları nağd pul aşkar etmişdir. Həmin 1000 ABŞ dolları götürərək oradan uzaqlaşmışdır. Oğurladığı pulu oğlunun xəstəliyi ilə əlaqədar olan xərclərə vermiş, qalan 480 (dörd yüz səksən) manatını ailəsinin şəxsi ehtiyaclarına ödəmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmişə dəyən ziyanı tam olaraq ödədiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbin olmadığını, azyaşlı xəstə uşağını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq İqtisadi Əməliyyatlar İdarəsində sürücü vəzifəsində işləyir. 19 iyun 2022-ci il tarixdə saat 09:00-da işlədiyi idarəyə çatmış və idarə etdiyi **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili müəssisənin qarşısında saxlamışdır. 19 iyun 2022-ci il tarixində saat 18:30 radələrində yenidən idarəyə qayıtmış, avtomobilə əyləşib mühərriki işə salmış, daha sonra su içmək üçün avtomobildən enərək işlədiyi idarəyə getmişdir. Özünə məxsus içərisində 10 ədəd 100 ABŞ dolları əskinas olmaqla 1000 (min) ABŞ dolları və müxtəlif bank kartları olan pul kisəsi bu zaman qabaq oturacaqların arasında yerləşən saxlanc yerində olmuşdur. Yenidən saat 18:34-də avtomobilə əyləşərək Əhmədli metrostansiyası istiqamətində hərəkət etməyə başlamışdır. Xətai rayonu, A.Ələsgər küçəsində ödəniş edən zaman pul kisəsinə baxan zaman orada olan 1000 (min) ABŞ dollarının yerində olmadığını görmüşdür. Bu səbəbdən yenidən işlədiyi idarəyə getmiş və həmin gün idarə etdiyi “Toyota” markalı avtomobilə və digər getdiyi yerlərə baxmış, lakin tapa bilməmişdir. 20 iyun 2022-ci il tarixində işlədiyi müəssisəyə getmiş, orada quraşdırılmış videomüşahidə cihazlarını açaraq baxmağa başlamış və aşkar etmişdir ki, 19 iyun 2022-ci il tarixdə saat 18:34-də **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilə tanımadığı şəxs yaxınlaşmış, avtomobilin qabaq sağ qapısını açaraq daxil olmuş və oğurluq etdikdən sonra oradan uzaqlaşmışdır. Ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət tələbinin olmadığını qeyd edərək Təqsirləndirilən şəxs yüngül cəza veriməsini xahiş edərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan 13 iyul 2022-ci il tarixli diskə baxış keçirilməsi protokolundan görünür ki, 01 ədəd “Whatsapp Video 2022-06-23" adlı video fayl açıldıqda ekranda xx.xx.2022-ci il tarixdə saat 18:33:11-də olan zaman ünvan 3 ünvanda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq İqtisadi Əməliyyatlar İdarəsinin qarşısındakı parklanma yerinin ümumi görüntüsü göründü. Görüntüyə baxan zaman gözündə qara rəngli gün eynəyi olan, ağ rəngli altlığı olan tünd rəngli idman ayaqqabı, göy rəngli cins şalvar və tünd göy rəngli qısa qol köynək geyinmiş şəxsin soldan birinci qara rəngi “Chevrolet Traverse” markalı avtomobilin ətrafından keçən zaman avtomobilin içərisənə baxması müəyyən edilmişdir. Həmin şəxs ətrafda heç kəsin olmadığından əmin olduqdan sonra avtomobilin sağ qabaq qapısını açaraq avtomobil içərisinə doğru əyilmişdir. Bir müddət sonra həmin şəxs avtomobilin qabaq sağ qapısını bağlayaraq cəld şəkildə yolun əks tərəfinə keçərək hadisə yerindən uzaqlaşmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə gözündə qara rəngi gün eynəyi olan, ağ rəngli altlığı olan tünd rəngli idman ayaqqabı, göy rəngli cins şalvar və tünd göy rəngli qısa qol köynək geyinmiş şəxsin özü olmasını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs həmin avtomobilə oğurluq etmək niyyəti ilə daxil olmasını bildirdi. Təqsirləndirilən şəxs avtomobilə daxil oduqdan sonra avtomobiin salonunda qabaq oturacaqlarının arasında yerləşən saxlanc yerində olan pul kisəsinin içərisindən 10 ədəd 100 ABŞ dolları əskinaz olmaqla, ümumilikdə 1000 (min) ABŞ dolları (1700 manat) dəyərində olan pulu oğurlayaraq, hadisə yerindən uzaqlaşmasını bildirmişdir. İş materiallarında olan 08 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli ifadənin yerində yoxlanması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda “Socar”a məxsus olan binanın qarşısında dayanmış dövlət qeydiyyat nişanını xatırlamadığı “Chevrolet" markalı avtomobilin salonunda, qabaq oturacaqların arasında yerləşən saxlanc yerində qara rəngli pul kisəsinin içərisindən 10 ədəd 100 ABŞ dolları əskinas olmaqla 1000 (min) ABŞ dolları nağd pulu oğurladığını göstərərək ifadəsini təsdiq etmiş, çəkilmiş fotoşəkillər iş materiallarınnna əlavə edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 13 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş və Xətai RPİ MSY-dan azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Xətai Rayon Məhkəməsi tərəfindən 3000 (üç min) manat cərimə cəzası 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə təyin edilmiş cəzanın müddəti başa çatmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət və tələbi yoxdur, cəza təyin edərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, hadisə anının videogörüntüsü və digər iş materialları ilə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi tamamilə sübuta yetirildi. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanın tamamilə ödənilməsini, himayəsində 2 azyaşlı uşağının olmasını və uşağının birinin xəstə olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər və 18.4.4-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ziyanın ödənilməsini, barışıq əldə edilməsini, himayəsində azyaşlı və xəstə uşaqların olmasını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən digər cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən digər cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Maddi sübut kimi tanınmış 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-445/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-445/2022
20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver