Məhkəmə qərarları › İş №1(011)-450/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-450/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-450/2022 18.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarasinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, natamam orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində ünvansız evdə yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçiməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 may 2022-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi ünvan 3 binanın zirzəmisində yerləşən mobil telefonların alqı-satqı və təmiri mağazasının giriş qapısını sındırma yolu ilə mağazaya qanunsuz daxil olub, mağazanın divarından asılmış vitrindən 01 ədəd 180 manat dəyərində “Samsung” markalı, “SM-A125 F/DSN” (Galaxy A12) modelli, 01 ədəd 150 manat dəyərində “Samsung” markalı, (Galaxy A20S) modelli, 01 ədəd 80 manat dəyərində “Samsung” markalı, “SM-J530FM/DS” (Galaxy J5 Pro) modelli, 01 ədəd 120 manat dəyərində “Xiaomi” markalı, “M1803E6G” (Redmi S2) modelli, 01 ədəd 120 manat dəyərində “Xiaomi Redmi 7” markalı mobil telefonları və hər birinin dəyəri 3 manat təşkil edən, ümumilikdə 6 manat dəyərində 02 ədəd qulaqcığı gizli talayıb Zərərçəkmiş şəxs1 cəmi 656 (altı yüz əlli altı) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tanışı, xx.xx.2009-cu il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Şahid1, birlikdə oğurluq cinayəti törədəcəkləri halda əldə edəcəkləri mənfəəti onunla böləcəyinə dair vəd vermə vasitəsilə cinayətkar fəaliyyətə cəlb etməklə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, Şahid1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək 06 iyun 2022-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 24 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Hovuz İnşaat” mağazasının giriş qapısında olan qıfılı özündə olan dəmir parçası vasitəsi ilə sındırmaqla qanunsuz olaraq içəri daxil olub, mağazadakı masanın alt hissəsində olan saxlanc yerindən 2.040 manat məbləğində nağd pulu və 70 manat dəyərində 01 ədəd “Samsung Galaxy J5” markalı, “SM-J500H/DS” modelli mobil telefonu gizli talayıb Zərərçəkmiş şəxs2 cəmi 2.110 (iki min yüz on) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan tanışı Bayram adlı şəxslə qabaqcadan razılaşdırılmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair əldə edilmiş razılıq əsasında 09 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus telefon mağazasının giriş qapısını özündə olan dəmir parçası vasitəsi ilə açaraq qanunsuz olaraq içəri daxil olmuş və mağazada olan dolabda saxlanan 01 ədəd 80 manat dəyərində “Samsung Galaxy A20” markalı, 01 ədəd 80 manat dəyərində “Samsung Galaxy J6” markalı, 01 ədəd 80 manat dəyərində “Samsung Galaxy J10” markalı, 01 ədəd 90 manat dəyərində “Samsung Galaxy J4 Plus” markalı, 01 ədəd 45 manat dəyərində “Samsung Galaxy J3-2016” markalı, 01 ədəd 115 manat dəyərində “Samsung Galaxy A10S” markalı, 01 ədəd 50 manat dəyərində “Samsung Galaxy A3-2015” markalı, 01 ədəd 40 manat dəyərində “Samsung Galaxy J1 Mini” markalı, 01 ədəd 50 manat dəyərində “Samsung Galaxy S5 Mini”, 01 ədəd 120 manat dəyərində “Samsung Galaxy A10” markalı, 01 ədəd 80 manat dəyərində “Samsung Galaxy A5-2016” markalı, hər biri 130 manat dəyərində olan 02 ədəd “Samsung Galaxy A21 S” markalı, hər biri 50 manat dəyərində olan 03 ədəd “Samsung Galaxy J2 Prime” markalı, 01 ədəd 70 manat dəyərində “ X2 5” markalı, 01 ədəd 110 manat dəyərində “Xiaomi Redmi 8” markalı, 01 ədəd 140 manat dəyərində “X2 8” markalı, 01 ədəd 210 manat dəyərində “X2 9” markalı, 01 ədəd 60 manat dəyərində “X2 4” markalı, 01 ədəd 60 manat dəyərində “Xiaomi Redmi 5A” markalı, 01 ədəd 60 manat dəyərində “Xiaomi Redmi 5A Prime” markalı, 01 ədəd 140 manat dəyərində “Xiaomi Mi A3” markalı, 01 ədəd 70 manat dəyərində “Xiaomi Mi A1” markalı, 01 ədəd 170 manat dəyərində “İphone 7” markalı, 01 ədəd 70 manat dəyərində “Hoffman” markalı, 01 ədəd 140 manat dəyərində “Huavei” markalı mobil telefonu gizli talayıb Zərərçəkmiş şəxs3 cəmi 2.540 (iki min beş yüz qırx) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan tanışı Bayram adlı şəxslə qabaqcadan razılaşdırılmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə 09 iyun 2022-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 2B ünvanında yerləşən "xxxx" MMC-nin filialının binasının yan tərəfində olan pəncərədən qanunsuz olaraq daxil olmuş və içəridə saxlanan 9 manat dəyərində 01 ədəd sarı rəngli metaldan hazırlanmış, üzərində gül formalı kulonu və ağ şəffaf qaşları olan boyunbağını, 6 manat dəyərində 01 ədəd sarı rəngli metaldan hazırlanmış, üzərində kürə-oval-ulduz formalı elementli kulonu olan boyunbağını və masanın alt tərəfində yerləşən siyirmənin içərisindən 1.000 manat məbləğində nağd pulu gizli talayıb zərərçəkmiş-hüquqi şəxs "xxxx" MMC-yə cəmi 1.015 (min on beş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək istintaqda verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının əvvəllərində bəzi vaxtlarda Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Avtoş dönəri” adlanan kafenin yanında olan yaşayış binasının blokunda gecələdiyi vaxtlarda yaxınlıqda olan küçələrdən də dilənçilik etməklə dolanmış, 09 may 2022-ci il tarixdə, gündüz saatlarında ünvan 3 ünvanda yerləşən yaşayış binasının zirzəmi hissəsində telefon mağazası olduğunu görüb, həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. 10 may 2022-ci il tarixdə, təxminən saat 02 radələrində həmin mağazanın giriş qapısına yaxınlaşaraq əlindəki taxta parçasını mağazanın qapısındakı dəmir barmaqlığın aşağı hissəsinə keçirib bir qədər güc tətbiq etməklə dəmir barmaqlığı yerdən ayırmışdır. Daha sonra aşağı hissədən mağazanın plastik qapısını itələyərək açıb mağazanın içərisinə daxil olmuşdur. Mağazaya daxil olduqda şüşə vitrində xeyli sayda mobil telefon olduğunu görüb ilk olaraq oraya yaxınlaşmışdır. Orada olan mobil telefonların əksəriyyəti işlənmiş və sadə telefon olduğundan onları deyil, yalnız bir qədər bahalı olan 05 ədəd müxtəlif marka və modelli mobil telefonları və digər şüşə vitrində saxlanan 02 ədəd mobil telefon qulaqcığını oğurlayaraq cəld həmin mağazanı tərk etmişdir. 10 may 2022-ci il tarixdə, səhər saatlarında “20 Yanvar” metrostanasiyası yaxınlığına gedib oğurladığı mobil telefonlardan birini, yəni “Xiaomi Redmi 7” markalı mobil telefonu tanımadığı şəxsə 30 manat qarşılığında satmışdır. Digər 04 ədəd mobil telefon və 02 ədəd qulaqcığı üzərində saxlamış, həmin gün axşam saatlarında Nəsimi rayonu ərazisində olan “Avtoş dönəri” adlanan kafenin yaxınlığında olarkən, əvvəllər tərəfindən oğurluq etməkdə şübhəli bilindiyi üçün Səbail RPİ-nin 9-cu PB-nə dəvət edilmiş, özündə saxladığı qalan 04 ədəd mobil telefon və 02 ədəd mobil telefon qulaqcığını polis əməkşadlarına təqdim edərək təhvil vermişdir. Bundan başqa təxminən bir il əvvəl küçədə dilənçiliklə məşğul olan Şahid1 ilə tanış olmuşdur. 06 iyun 2022-ci il tarixdə saat təqribən 04 radələrində Muradla təsadüfən rastlaşmış,pulu olmadığından Murada oğurluq etməyi təklif etmiş və Murad razılaşdıqdan sonra birlikdə Yusif Səfərov küçəsinə gəlmişlər. Yusif Səfərov küçəsi ilə hərəkət edərkən həmin küçədə fəaliyyət göstərən və həmin vaxt bağlı olan “Hovuz inşaat” adlanan mağazadan oğurluq etmək qərarına gəlmişdir. Bu vaxt Murada gəlib-gedənlər haqda xəbərdar etməsi üçün mağazanın yanında dayanıb ətrafa baxmağı tapşırmış, özü ilə apardığı dəmir parçası ilə “Hovuz inşaat” adlı mağazasının giriş qapısının üzərində olan asma qıfılı sındırıb içəri daxil olmuşdur, içərini axtarmağa başlamışdır. Mağazada olan masanın alt siyirtməsində bir ədəd cüzdan götürüb açanda içərisində qəpiklər olduğunu görüb yerinə qoymuş, digər siyirtməni axtaranda isə orada bir ədəd “Samsung” markalı mobil telefonu və dəqiq məbləğini bilmədiyi açıq şəkildə olan bir topa 100 manatlıq əskinasları görüb onları götürmüşdür. Murad mağazaya daxil olmuş masanın üzərinə olan “Samsung” markalı mobil telefonu götürmüşdür. Həmin vaxt və Murada mağazadan pul götürdüyünü Murada bildirməmişdir. Sonra Muradla birlikdə mağazanı tərk etmiş, yolda Murad ondan mağazadan nə götürdüyünü soruşduqda mağazadan nəsə götürməməsi barədə yalan demişdir. Murad ona mağazadan bir ədəd ”Samsung” markalı mobil telefon götürdüyünü bildirmişdir. Murada telefonun onda qalmasını bildirərək ayrılmışlar. Daha sonra “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən internet klubda Bayram adlı bir cavan oğlanla tanış olmuş, onunla bir neçə dəfə söhbət etdiyi üçün aralarında ünsiyyət yaranmışdır. İyun ayının əvvəllərində Bayram ona yaşamağa evi olmadığını bildiyi üçün özü ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava adlanan ərazidə kirayəşin kimi yaşamağı təklif etmiş və həmin gündən orada dəqiq ünvanı olmayan həyət evində birlikdə yaşamağa başlamışdırlar. Həmin müddətdə Bayram ona pul qazanmaq məqsədi ilə oğurluq etməyə bir neçə obyekt bildiyini, həmin yerləri göstərəcəyini demişdir.Bayram əvvəldən fotoşəklini çəkdiyi yerləri göstərib Əhmədli metrostansiyasının yanında yerləşən telefon mağazasının və ondan bir qədər aralıda Babək prospektinin yaxınlığında olan karqo şirkətinin binasının ünvanlarını izah etmişdir.09 iyun 2022-ci il tarixdə təqribən 02 radələrində Əhmədli qəsəbəsi ərazisinə çatmış, Bayramın ona izah etdiyi karqo şirkətinin binası və ondan bir qədər aralıda kiçik telefon mağazasının yerini dəqiqləşdirmişdir. Bundan sonra qara rəngli sellofan torbanın içərisində özü ilə gətirdiyi kiçik dəmir parçası ilə həmin mağazanın qapı hissəsini sıxmaqla açmışdır. Tez vaxtda içəri keçib orada dolabın içərisində - rəflərdə olan mobil telefonları özü ilə apardığı ağ rəngli sellofan torbaya yığmış, təxminən 2-3 dəqiqə sonra oradan çıxıb məhəllələrin arası ilə Babək prospekti yaxınlığına doğru yerimişdir. Yolun kənar hissəsində olan "xxxx" MMC-nin binasına çatıb orada ətrafına baxmış, yan tərəfində, pilləkənin yanında olan kiçik ölçülü pəncərəni özündə olan dəmir parçası ilə aşmış və oradan içəri daxil olmuşdur. Həmin otaqdakı rəfdən iki ədəd kiçik ölçülü qızılı rəngli boyunbağını götürmüşdür. Digər otaqda masanın alt hissəsində olan siyirtmənin bağlı olduğunu görüb oradan götürdüyü vintaçan vasitəsi ilə onu açmış və vintaçanı masanın üzərinə qoymuşdur. Siyirtmənin içərisindən məbləğini bilmədiyi kağız pulları və içərisində xeyli sayda qəpik olan qara rəngli iki ədəd kiçik torbanı götürmüş oradan uzaqlaşmışdır. 2-ci Alatava qəsəbəsində Bayramla görüşüb onunla yaşadığı evə getmişdir. Evdə oğurladığı telefonlarla pulları bölüşmək üçün Bayrama vermiş, Bayram telefonları saydıqdan sonra 28 ədəd olduğunu, bəzilərinin batareyalarının olmadığını, bəzilərinin isə ekranlarının çat vəziyyətində olduğunu görmüşdür. Bayram telefonlardan ikisini, karqo şirkətinin binasından oğurladığı pulları saydıqdan sonra tam məbləğini demədən, həmin pulların kağız əskinaslarından isə 200 manat məbləğində pulu ona vermiş, qəpikləri isə kağız pula çevirdikdən sonra bölüşəcəyini demişdir. Səhəri gün Bayram telefonları satmaq, qəpikləri isə kağıza çevirmək adı ilə evdən getmiş, bundan sonra bir daha evə qayıtmamışdır. Özü isə "xxxx" MMC-nin binasından oğurladığı iki ədəd boyunbağını isə səhəri gün qızıl-zinət mağazalarında yoxlatdırıb qızıl olmadığını öyrənmiş və özündə saxlamışdır. Oğurladığı telefonlardan Bayramın ona verdiyi iki ədəd telefondan birini, yəni “Samsung Galaxy A10” markalı, göy rəngli mobil telefonu yaşadığı yerin yaxınlığından tanıdığı Elnur adlı şəxsə 60 manat qiymətinə satmış və ona telefonun oğurlanmış olmadığını, xaricdən gətirilmiş olduğunu uydurmuşdur. Özünə çatmış olan digər oğurladığı “Samsung Galaxy J2 Prime” markalı, qara rəngli mobil telefon nisbətən köhnə model olduğu üçün onu sata bilməmiş və istifadə etmədən özündə saxlamışdır. 13 iyun 2022-ci il tarixdə isə qeyd olunan oğurluq əməllərinə görə polis tərəfindən saxlanılmış, Xətai RPİ-nin 34-cü PŞ-də oğurladığı əşyalardan özündə olan “Samsung Galaxy J2 Prime” markalı, qara rəngli mobil telefonu və iki ədəd boyunbağını protokolla polisə təhvil vermişdir. Daha sonra əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun etirafı ilə yanaşı zərərçəkmiş şəxslər və şahidlərin məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələri və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 10 may 2022-ci il tarixdə icarə əsasında işlətdiyi ünvan 3 binanın zirzəmisində yerləşən mobil telefonların alqı-satqı və təmiri mağazasından 6 ədəd mobil telefon oğurlanmışdır. Onlardan beşini qaytarmışdır. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin ünvan 5 ünvanında yerləşən filialının icraçı direktorudur. 09 iyun 2022-ci il tarixdə obyektdə oğurluq hadisəsi baş vermiş, Anarın obyektə daxil olmasını kamera qeydə almışdır. Cəmi 1015 manat ziyan dəymişdir, onlardan sadəcə boyunbağılar qaytarılmışdır. Lakin Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Əhmədli metrostansiyasının yaxınlığında telefon mağazası işlədir. Hadisə 09 iyun 2022-ci il tarixdə gecə saatlarında baş vermiş, 34-cü Polis Bölməsinin əməkdaşları səhər 5-də onu çağırmışlar. Təxminən 28-30 telefon oğurlanmış, Anar tutulan vaxtda onda 2 telefon olmuş, onları istintaqın sonunda qaytarılmışdır. Qalan telefonların İMEİ kodlarını müstəntiqə təqdim etsə də, tapılmamışdır. Həmin telefonların Bayram adlı şəxsdə olmasını demişdirlər. Lakin Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, “Hovuz İnşaat” mağazasını icarə əsasında işlədir. Mağazadan dəqiq xatırlamadığı tarixdə oğurluq edilmişdir. Oğurlanmış telefon qaytarılmışdır. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid2 ibtiadi istintaq zamanı verdiyi ifadələr elan edilərək tədqiq edilmiş, onların ifadələri təqsirləndirilən şəxsin ifadəsi ilə oxşar olmuşdur. İş materiallarında olan 13 iyun 2022-ci il tarixli təqdim etmə və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi “Samsung” markalı, “SM-G532F/DS” modelli mobil telefonu hal şahidlərini iştirakı ilə təqdim etmiş və həmin əşya sonuncudan götürülmüşdür. İş materiallarında olan 13 iyun 2022-ci il tarixli təqdim etmə və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi 02 ədəd sarı rəngli metal boyunbağını hal şahidlərini iştirakı ilə təqdim etmiş və həmin əşyalar sonuncudan götürülmüşdür. İş materiallarında olan 06 avqust 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixdə günün qaranlıq vaxtında ünvan 6 ünvanda yerləşən “Hovuz İnşaat” mağazasının içərisində bir hissəsinin görüntüsü olduğu müəyyən edildi. Görüntüyə baxan zaman mağazanın içərisinə əvvəlcə əynində boz rəngli gödəkçə, qara rəngli şalvar, qara rəngli çəkələk olan bir nəfər şəxs, yəni Təqsirləndirilən şəxs əlində nazik dəmir parçası ilə gələrək həmin dəmir parçasını masanın üzərinə qoyduğu, daha sonra masanın qarşısında olan oturacaqda əyləşib cibindən çıxardığı fanarın işığından istifadə edərək masanın alt hissəsini axtardığı, həmin vaxt onun ardınca əynində ağ rəngli qısaqol idman köynəyi, göy rəngli şalvar, qara rəngli çəkələk olan azyaşlı şəxsin, yəni Şahid1 daxil olaraq Anarın yanına gəldiyi müşahidə olunur. Videogörüntüdə Təqsirləndirilən şəxs masanın aşağı hissələrini axtararaq nələrsə götürdükdən sonra bir ədəd mobil telefonu və bir neçə kağızları masanın üzərinə qoyur və masaının alt hissəsini axtarmağa davam edir, həmin vaxt isə Şahid1 masanın yanında mağazanın digər yerlərinə göz gəzdirir. Bundan sonra Təqsirləndirilən şəxs masadan ayrılır və mağazanın digər yerlərinə baxır, bu vaxt isə Şahid1 masanın üzərində olan sənədləri toxunaraq baxır və bir az əvvəl Təqsirləndirilən şəxs masanın alt tərəfindən götürüb masanın üzərinə qoyduğu mobil telefonu əlinə alaraq cibinə qoyur. Görüntüyə baxan zaman Təqsirləndirilən şəxs ətrafa baxdıqdan sonra mağazadan çıxdığı, Şahid1 də Təqsirləndirilən şəxs özü ilə gətirib masanın üzərinə qoyduğu nazik dəmir parçasını masadan götürüb onun arxası ilə çıxdığı aydın olur. İş materiallarında olan 06 avqust 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 09 iyun 2022-ci il tarixdə günün qaranlıq vaxtında ünvan 7 ünvanda yerləşən başqa hansısa obyektə bitişik olmadığı görünən, kənarları şüşə və ağ rəngli plastik materiala bənzər çərçivələrdən ibarət telefon mağazasının yan və ön tərəfinin ümumi görüntüsü olduğu müəyyən edildi. Görüntüyə baxan zaman mağazanın qarşısından əynində qara rəngli papaq, qara rəngli gödəkçə, boz rəngli idman şalvarı və qara rəngli çəkələk geyinmiş 1 nəfər şəxs, yəni Təqsirləndirilən şəxs əlində qara və ağ rəngli sellofan torbalarla yanında kimsə olmadığı vaxtda mağazaya sol tərəfindən yaxınlaşaraq qapısını tez vaxtda açdığı, içəri daxil olaraq bir videomüşahidə cihazında göstərilən vaxtda əsasən 02:34 dəqiqədən 02:36 dəqiqəyədək içəridə olduğu müşahidə olundu. Görüntüyə əsasən Təqsirləndirilən şəxs mağazadan çölə çıxdıqdan sonra normal qaydada mağazanın qapısını örtməyə çalışmış, qapı örtülməsə də, özü mağazanın ön tərəfi ilə sol istiqamətdə nisbətən iti addımlarla uzaqlaşmışdır.Həmin diskdə olan başqa video görüntüdə 09 iyun 2022-ci il tarixdə əynində qara rəngli papaq, qara rəngli gödəkçə, boz rəngli idman şalvarı və qara rəngli çəkələk geyinmiş 1 nəfər şəxs, yəni Təqsirləndirilən şəxs əlində qara və ağ rəngli sellofan torbalarla ünvan 7 ünvanda yerləşən telefon mağazasının qarşısında gəzdiyi və bir neçə dəfə mağaza tərəfə baxaraq oranı müşahidə etdiyi müəyyən edildi. İş materiallarında olan 06 avqust 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 09 iyun 2022-ci il tarixdə günün qaranlıq vaxtında ünvan 8 ünvanda yerləşən giriş hissəsinə düşə bilmək üçün qarşısında pilləkən olan "xxxx" MMCnin filialının ön tərəfinin ümumi görüntüsü olduğu müəyyən edildi. Görüntüyə baxan zaman əynində boz rəngli şalvar, qara rəngli çəkələk olan və qara rəngli gödəkçəni sağ qoluna keçirməklə yarımçıq formada geyinmiş bir nəfər şəxs, yəni Təqsirləndirilən şəxs əlində qara və ağ rəngli sellofan torbalarla ətrafa baxa-baxa filialın binasının yan tərəfindən ön tərəfinə gəlməsi, yenidən yan tərəfə qayıtması müşahidə edilir. Diskdəki digər faylda 09 iyun 2022-ci il tarixdə "xxxx" MMC-nin bağlamalar saxlanan anbar otağı müşahidə olunur və həmin otaqda dolabların yanında dayanmış əynində qara rəngli gödəkçə, boz rəngli idman şalvarı və qara rəngli çəkələk geyinmiş 1 nəfər şəxs, yəni Təqsirləndirilən şəxs tutduğu zərfləri açıb içərisinə baxdığı, həmin zərflərə baxdıqca dolaba qoyduğu müəyyən edildi. Video görüntüdə Təqsirləndirilən şəxs zərfləri yoxlayıb geriyə tərəf getdiyi, arxa tərəfdə olan olabdan da nəsə götürüb əlində tutduğu fanarın işığı ilə bir qədər gəzdiyi göründü. Diskdə olan başqa video görüntüdə 09 iyun 2022-ci il tarixdə "xxxx" MMC-nin içəri tərəfdən giriş hissəsi müşahidə olunur. Video görüntüdən aydın olur ki, əynində qara rəngli gödəkçə, boz rəngli idman şalvarı və qara rəngli çəkələk geyinmiş Təqsirləndirilən şəxs əlində saxladığı fanarın işığını yandırmaqla içərini gəzir və giriş hissədə olan masaya yaxınlaşır, masanın üzərində olan əşyalara toxunmaqla və baxmaqla axtarış aparır. Masanın alt tərəfinə əyilərək baxır və oradan da nəsə axtarır. Bir qədər masanın altında olan siyirtməni açmağa çalışır və açdıqdan sonra oradan iki ədəd kiçik torba və pula bənzər kağızlar götürür. Bundan sonra oradan uzaqlaşır. Diskdə olan sonuncu video görüntüdə 09 iyun 2022-ci il tarixdə "xxxx" MMC-nin anbar otağın müşahidə olunur. Həmin otaqda olan əynində qara rəngli gödəkçə, boz rəngli idman şalvarı və qara rəngli çəkələk geyinmiş 1 nəfər şəxs, yəni Təqsirləndirilən şəxs dolablarda olan rəflərə baxaraq gəzdiyi, bir neçə sellofan və qutuların içərisinə baxdığı, nəsə götürərək getdiyi aydın olur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 iyun 2022-ci il tarixli, 9/3588 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 536,00 manat müəyyən edilmişdir. O cümlədən: - 01 ədəd qara rəngli, Vyetnam istehsalı olan “Samsung” markalı, “SM-A125F/DSN” (Galaxy A12) modelli mobil telefon - 180,0 manat; - 01 ədəd qara rəngli, Çin istehsalı olan “Samsung” markalı, “SM-A207F/DS” (Galaxy A20S) modelli mobil telefon – 150,0 manat; - 01 ədəd qızılı rəngli, Vyetnam istehsalı olan “Samsung” markalı, “SM-J530FM/DS” (Galaxy J5 Pro) modelli mobil telefon – 80,00 manat,; - 01 ədəd çəhrayı rəngli Çin istehsalı olan “Xiaomi” markalı, “M1803E6G” (Redmi S2) modelli mobil telefon – 120,0 manat; - 02 ədəd qulaqcıq – 6,0 manat (2 ədəd x 3 manat) müəyyən edilmişdir. Ekspertiza tədqiqatına təqdim edilməyən 01 ədəd “Xiaomi Redmi 7” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını nəzərə alaraq, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin may ayında olan orta bazar qiyməti nəzəri qaydada 120,0 manat müəyyən edilmişdir. İş materiallarında olan kompleks məhkəmə-kimyəvi və əmtəəşünaslıq ekspertizasının 05 iyul 2022-ci il tarixli, 6/3531-9/4591-3/871 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş məmulatların 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 15,0 manat müəyyən edilir. O cümlədən: - 01 ədəd sarı rəngli metaldan, gül formalı kulonu üzərində ağ şəffaf qaşları olan boyunbağı – üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 1,86 qramdır, qaşları qiymətli qaşlara aid deyil, qaşların sonradan dəyişdirilməyə məruz qalma izləri aşkar olunmadı – 9,0 manat; - 01 ədəd sarı rəngli metaldan, kürə-oval-ulduz formalı elementli kulonu olan boyunbağı – üzərində “925” əyar damğası həkk olunmuşdir, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 1,11 qramdır – 6,0 manatdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 iyul 2022-ci il tarixli, 9/4550 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: - 01 ədəd Çin istehsalı olan, “Samsung Galaxy J5” markalı, “SM- J500H/DS” modelli mobil telefon (qoburu ilə birlikdə) – 70,0 manat; - 01 ədəd Vyetnam istehsalı olan, “Samsung” markalı, “SM-G532F/DS” modelli mobil telefon – 50,0 manat; - 01 ədəd “Samsung Galaxy A10” markalı, “SM-A105F/DS” modelli, 32 GB yaddaş tutumlu mobil telefon – 120, 0 manat. İş materiallarında olan məhkəmə-daktiloskopik ekspertizasının 29 iyul 2022-ci il tarixli, 3/972 saylı rəyindən aşağıdakılar aydın olur: - Təqdim edilmiş 1,2,3,4 saylı daktilolentlərin səthindəki ovuc izləri, 5,6,7,8 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri, 9 saylı daktilolentin səthindəki “a”, “b”, “c” əl-barmaq izləri və 10 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1,2,3,4,5,6,7,8,9,10 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri və 11,12,13,14,15,16,17,18,19,20,21,22,23,24,25 saylı daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sağ əlin ovucunun hipotenar hissəsindən qalmışdır. Təqdim edilmiş 2,3,4 saylı daktilolentlərin səthindəki ovuc izləri, 5,6,7,8 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri 9 saylı daktilolentin səthindəki “a”, “b”, “c” əl-barmaq izləri və 10 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərindən qalmamışdır. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 30 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim edilmiş 01 ədəd “Samsung” markalı, “SM-A125 F/DSN” (Galaxy A12) modelli, 01 ədəd “Samsung” markalı, (Galaxy A20S) modelli, 01 ədəd “Samsung” markalı, “SM-J530FM/DS” (Galaxy J5 Pro) modelli, 01 ədəd “Xiaomi” markalı, “M1803E6G” (Redmi S2) modelli mobil telefon və 02 ədəd qulaqcıq zərərçəkmiş şəxs tərəfindən tanınmış və özünə məxsus olması bildirilmişdir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 30 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim edilmiş 01 ədəd “Samsung Galaxy J5” markalı, “SM-J500H/DS” modelli mobil telefon zərərçəkmiş şəxs tərəfindən tanınmış və özünə məxsus olması bildirilmişdir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 01 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim edilmiş 01 ədəd “Samsung” markalı, “SM-G532F/DS” modelli, 01 ədəd “Samsung Galaxy A10” markalı, “SM-A105F/DS” modelli mobil telefon zərərçəkmiş şəxs tərəfindən tanınmış və özünə məxsus olması bildirilmişdir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 01 avqust 2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş "xxxx" MMC-nin hüquqi nümayəndəsi Zərərçəkmiş şəxs4 təqdim edilmiş 01 ədəd sarı rəngli metaldan, gül formalı kulonu üzərində ağ şəffaf qaşları olan boyunbağı, 01 ədəd sarı rəngli metaldan, kürə-oval-ulduz formalı elementli kulonu olan boyunbağı onun tərəfindən tanınmış və özünə məxsus olması bildirilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 10 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 13 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 iyun 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 02 iyun 2015-ci il tarixli 1(044)-66/2015 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli 7(003)-1023/2018 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli Qanun tətbiq edilmiş Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 03 il 09 ay həddində müəyyən edilmişdir. 20 oktyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilmişdir. İş materiallarında olan 17 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Samsung” markalı, “SM-A125 F/DSN” (Galaxy A12) modelli, 01 ədəd “Samsung” markalı, (Galaxy A20S) modelli, 01 ədəd “Samsung” markalı, “SM-J530FM/DS” (Galaxy J5 Pro) modelli, 01 ədəd “Xiaomi” markalı, “M1803E6G” (Redmi S2) modelli mobil telefonlar, 02 ədəd qulaqcıq, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Samsung Galaxy J5” markalı, “SM- J500H/DS” modelli, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd “Samsung” markalı, “SM- G532F/DS” modelli və 01 ədəd “Samsung Galaxy A10” markalı, “SM-A105F/DS” modelli mobil telefonlar, "xxxx" MMC-ə məxsus 02 ədəd boyunbağı maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxslərə təhvil verilmişdir. 3 ədəd “CD” formatlı disk və hadisə yerinin müayinəsi zamanı götürülmüş daktilolentlər maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1ci maddəsində nəzərdə tutulan yetkinlik yaşına çatmayanı vədlər vermə vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə və 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan qabaqcadan əlbir olan bir qrup şəxs halında təkraran saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayətlərini törətməsi, onun özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqana tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağadakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 02 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanun tətbiq edilərək cəzasının müddəti 03 il 09 ay həddində müəyyən edilmişdir. Məhkumluğu ödənilsə də, azadlıqdan məhrum etmə cəzasından nəticə çıxarmamış, yenidən oğurluq cinayəti törətmişdir. Bu da onun islah olunmadığını göstərir. Zərərçəkmiş şəxslər barışsalar da göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd “CD” formatlı disk və hadisə yerinin müayinəsi zamanı götürülmüş daktilolentlər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 461.11 (dörd yüz altmış bir manat on bir qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1 və 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd “CD” formatlı disk və hadisə yerinin müayinəsi zamanı götürülmüş daktilolentlər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 461.11 (dörd yüz altmış bir manat on bir qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar