Məhkəmə qərarları › İş №1(011)-450/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-450/2023

04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-450/2023 04.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1976-cı il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində "həbs" qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq 01 ədəd şəffaf sellofona bükülmüş, şəxsi istehlak miqdarından artıq miqdarda 0,661 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, 28 aprel 2023-cü il tarixdə 20:15-də Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanın arxasında saxlanılıb, ünvan 2rləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi-axtarış və götürmə zaman, əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofanın içərisində 0,661 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özünün etirafı, şahid ifadələri, üzərinə şəxsi axtarış keçirilməsi və diskə baxış protokolu, məhkəmə narkoloji və məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün qəbul etmişdir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. Hal-hazırda narkoloji dispanserdə qeydiyyatda olmaqla müalicə almır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonunda yerləşən “H.Aslanov” metrostansiyasının yaxınlığında üzdən tanıdığı, adının Əli oduğunu bildiyi, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 25 manat məbləğində nağd pul verərək 01 ədəd bükümdə narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitə əynindəki göy rəngli şalvarın sağ yan cibinə qoymmuşdur ki, sonra istifadə edər. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində olarkən, özünü şübhəli apardığından mülki geyimli polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ondan narkotik vasitənin qəbulu ilə məşğul olmağı barədə soruşduqda, narkotik vasitə olan heroindən istifadə etməyi barədə bildirmişdir. Özlərini ona təqdim etdikdən sonra, onu ərazinin polis böməsi olan 35-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində səmimi etiraf edərək bir ildir ki, narkotik vasitə olan heroin istifadə etdiyini deyib, üzərində də 01 ədəd şəffaf sellofona bükülmüş narkotik vasitə olan heroin olduğunu demişdir. Polis Bölməsində hüquq və vəzifələri ona izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etməyi dedikdə, əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofona bükülmüş formada olan bükümü çıxardıb təqdim etmişdir. Polis əməkdaşı ondan həmin bükümdəki maddənin nə olmasını soruşduqda, yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini başa düşüb, həmin bükümdə olan maddənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Eyni zamanda ondan həmin narkotik vasitəni haradan və kimdən almağımı soruşanda, həmin narkotiki xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonunda yerləşən “Həzi Aslanov” metrostansiyasının yaxınlığında üzdən tanıdığım, adının Əli olduğunu bildiyim, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 25 manata aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşı başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını ondan soruşanda, təqdim etdiyi narkotik vasitədən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik vasitə saxlamadığını bildirmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişlər. 28 aprel 2023-cü il tarixdə saat 20:15-də ünvan 1 ünvanın arxasında olarkən, Təqsirləndirilən şəxs görmüş ona yaxınlaşaraq özlərini təqdim etmiş və sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından şübhələndiklərindən Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra PB-nə apararaq vəkilin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs 01 ədəd bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümün bəzisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Xətai rayonunda yerləşən “Həzi Aslanov” metrostanasiyasının yaxınlığında tanımadığı, adını Əli bildiyi şəxsdən şəxsi istifadəsi üçün 25 manat pul verib aldığını bildirmişdir. İş üzrə digər Şahid1 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadə elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi cinayət işi başlanmış və icraata götürülmüşdür.(i.v1) xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində, saat 20:40-da Xətai RPİ-nin 35-ci PB-nin binasında tutulmuş, tutulmanın əvvəli həmin tarixdən saat 20:15-dən hesablanmışdır.(i.v 20) şəxsi axtarış və götürmə aparılması haqqında 28 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili Şahid1, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili Şahid2 barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi 13 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli, spesifik iyli, maddəni çıxarib təqdim edərək həmin maddənin narkotik vasitə hesab edilən heroin (kakos) olduğunu, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığında tanımadığı, heç bir anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 25 manat pul müqabilində şəxsi istifadəsi üçün almasını, 28 aprel 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin ümumi çəkisinin müəyyən etmək məqsədilə elektron tərəzi ilə çəkilən zaman 01 ədəd şəffaf rəngli sellofana bükülmüş maddənin sellofanla birlikdə çəkisi 0.70 qram olması müəyyən edilmişdir. (i.v. 29-30); Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 aprel 2023cü il tarixli, 6/2482 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...imza Ə.Ruslan...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,661 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına(Siyahı İ) daxildir.(i.v 39-41) xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir.(i.v 51-52) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 aprel 2023-cü il tarixli 4(011)-298/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 28 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır.(i.v.76-77) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 ay 10 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2022-ci il tarixində cəza müddəti başa çatmışdır. (i.v.88-90) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 21 yanvar 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanması hökm olunmuşdur. (i.v 91-97) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin məcəllənin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 gün müddət ona təyin edilmiş 01 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində qəti olaraq 01 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi hökm olunmuşdur. (i.v 98-105) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 xx.xx.2023-ci il tarixli, 2884 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 106-107) Sübutların qiymətləndirilməsi haqqında 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvədə saxlanılsın və barəsində seçilmiş "həbs" qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM- in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, şahid ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.04 2023-cü il tarixli 6/2482 nömrəli, məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli 2884 nömrəli rəyləri toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uygun gəldiyindən iş üzrə mötəbər sübut növü kimi qiymətləndirilməsi, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,661 qram kustar üsulla hazırlanmış narkotik vasita heroin və şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri əks etdirən 01 ədəd "DVD-R" formatlı disk maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsi, tədqiqat zamanı sərf olunduqdan sonra qalıq çəkisi 0,611 qram narkotik vasitə heroin prosessual tərəflər cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maddi sübutun talehi hall edilənədək müvafiq olaraq Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroinin əldə edilmə mənbəsinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılsın, araşdırma aparılması və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nə göndərilməsi qərara alınmışdır.(v 109-114) Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etməsi, həmin bükümün içərində olan maddənin heroin olmasını və “Həzi Aslanov” metrosunun yaxınlığında tanımadığı şəxsdən 25 manata aldığını bildirməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü mdadəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,661 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 83.3 və 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən həmin Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqelərini və Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq bir daha qeyd edir ki, bir hökmlə qəti olaraq bir neçə cəzaya (həmin cəzaların hər birinin əsas cəza yaxud əsas və əlavə cəza olmasından asılı olmayaraq) məhkum edilmiş şəxsin məhkumluğunun ödənilməsi müddətinin axımı ümumi qaydaya müvafiq olaraq şəxs barəsində təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır və bu zaman qəti cəzanın parçalanmasına, hər bir cəza üçün məhkumluq müddətinin müstəqil, yəni cəzalardan birinə görə bu müddətin bir tarixdən, digərinə görə isə başqa tarixdən hesablanmasına yol verilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını(CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən 02 il müddət keçmədiyindən təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən cinayət törətmiş şəxs hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal cinayətin residivi(CM61.1.1) müəyyən edilmişdir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın və əməlində cəzanı ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-328/2022 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla, onun üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 gün ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixili hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla cəza çəkmə müddətinin əvvəli 28 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ümumi təmiz çəkisi 0,611 qram olmaqla qalıq qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (yüz əlli)manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar