Məhkəmə qərarları › İş №1(011)-451/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-451/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-451/2022 27.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 187.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək, məhkəmə müəyyənetdi: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 187.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 təşkilatçılığı ilə özgənin əmlakını qəsdən məhv etmək və zədələmək məqsədi ilə 27 oktyabr 2017-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi yaşayış evinin yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs2 verdiyi bir ədəd plastik butulkadakı benzini özü ilə götürüb, evin qarajına daxil olaraq, orada saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus, “Mercedes Benz E240” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsinə və içərisinə benzini tökərək od vurmaqla qəsdən yandırmış, nəticədə avtomobil tamamilə yanıb məhv olaraq Zərərçəkmiş şəxs2 xeyli miqdar hesab olunan 17.200 (on yeddi min iki yüz) manat məbləğində zərər vurmuş, həmçinin ehtiyatsızlıqdan yaşayış evinin bir hissəsi yanaraq zədələndiyindən Zərərçəkmiş şəxs1 xeyli miqdar hesab olunan 20.000 (iyirmi min) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, ittiham aktına əsasən Təqsirləndirilən şəxs2 qohumu Zərərçəkmiş şəxs1 idarə etdiyi, sonuncunun qayınatası Zərərçəkmiş şəxs2 məxsus, “Mercedes Benz E240” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən məhv etmək qərarına gəlib, bu məqsədlə tanışı Təqsirləndirilən şəxs1 1.000 manat məbləğində pul verəcəyi barədə vəd verib, 27 oktyabr 2017-ci il tarixdə saat 02 radələrində sonuncunun idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi yaşayış evinin yaxınlığına gətirib, həmin avtomobilin evin qarajında olduğunu Təqsirləndirilən şəxs1 bildirməklə ona bir ədəd içərisində benzin olan plastik butulka vermiş, bundan sonra Təqsirləndirilən şəxs1 evin qarajına daxil olub, orada saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus, həmin avtomobilin alın şüşəsinə və içərisinə benzini tökərək od vurmaqla qəsdən yandırmış, nəticədə avtomobil tamamilə yanıb məhv olaraq Zərərçəkmiş şəxs2 xeyli miqdar hesab olunan 17.200 (on yeddi min iki yüz) manat məbləğində zərər vurmuş, həmçinin ehtiyatsızlıqdan yaşayış evinin bir hissəsi yanaraq zədələndiyindən Zərərçəkmiş şəxs1 xeyli miqdar hesab olunan 20.000 (iyirmi min) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək bildirmişdir ki, istintaq orqanı tərəfindən ********* nömrəli cinayət işi üzrə ittiham aktı tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsə də, iş materiallarına əlavə olunmuş hərbi biletin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs2 cinayət əməli törədilən vaxtlarda Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. Odur ki o, göstərilənləri nəzərə alaraq ********* nömrəli cinayət işinin aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilməsini təklif etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 hər biri ayrı-ayrılıqda cinayət işinin aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilməsinə etiraz etdiklərini bildirərək, cinayət işinin Bakı şəhəri Xətai Rayon Məhkəməsində mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 hər biri ayrı-ayrılıqda cinayət işinin aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilməsinə etiraz etdiklərini bildirərək, cinayət işinin Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər biri ayrı-ayrılıqda cinayət işinin aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 187.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən cinayət işinin baxılmasının Bakı şəhəri Xətai Rayon Məhkəməsinə aid olmadığını müəyyən etmişdir. Belə ki, iş materiallarında olan 25 iyul 2022-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi və təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 186.2.2 və 187.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Həsənbəy Şərifov tərəfindən icraata qəbul edilərək, ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan 15 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 186.2.2 və 187.1-ci maddələri ilə ittiham elan olunmuşdur; İş materiallarında olan 15 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə ittiham elan olunmuşdur; İş materiallarına əlavə olunmuş AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2005-ci il tarixdə əsgər, xx.xx.2006-cı il tarixdə kiçik çavuş, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətində çavuş, xx.xx.2018-ci il tarixdə isə baş çavuş vəzifəsində xidmətdə olmuşdur. İş materiallarına əlavə olunmuş ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətində hərbi xidmətdə olmuşdur. Məhkəmə, cinayət işinin materiallarına qanunvericiliyin aşağıda sadalanan müddəalarına münasibətdə qiymət verərək hesab edir ki, hazırkı cinayət işinə cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 həmin vaxtlarda hərbi xidmətdə olduğundan və hərbi qulluqçuların iştirakı ilə törədilmiş cinayətlərə hərbi məhkəmələr tərəfindən baxılmalı olduğundan, ********* nömrəli cinayət işi cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 29.1-ci maddəsinin mətnində göstərilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 68.1-ci maddəsinə əsasən hərbi məhkəmələr birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərirlər. 68.2-ci maddəsinə əsasən hərbi məhkəmələr müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlərə baxırlar (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır). 68.3-cü maddəsinə əsasən hərbi məhkəmələr məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. 68.4-cü maddəsinə əsasən hər bir hərbi məhkəməyə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. 299.3 və 299.3.1-ci maddələrinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması məsələsinə baxılır. 300.1 və 300.1.4-cü maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilə bilər. Göründüyü kimi qanunvericilik növ və ərazi aidiyyətinə imperativ önəm verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunan konstitusion müddəaya əsasən cinayət təqibi ilə bağlı məhkəmə aidiyyətinin pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 32.3-cü maddəsinə əsasən cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. 186.2.2-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla, həmçinin yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 187.1-ci maddəsinə əsasən özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 təşkilatçılığı ilə özgənin əmlakını qəsdən məhv etmək və zədələmək məqsədi ilə 27 oktyabr 2017-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi yaşayış evinin yaxınlığına gələrək Zərərçəkmiş şəxs2 məxsus “Mercedes Benz E240” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsinə və içərisinə benzini tökərək od vurmaqla qəsdən yandırmış, nəticədə avtomobil tamamilə yanıb məhv olmuş, həmçinin ehtiyatsızlıqdan yaşayış evinin bir hissəsi də yanaraq zədələnmişdir. İbtidai araşdırma orqanı tərəfindən ********* nömrəli cinayət işi üzrə ittiham aktı tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsə də, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs2 tərəfindən təqdim olunmuş hərbi biletin surətindən məlum olur ki, o, xx.xx.2005-ci il tarixdə əsgər, xx.xx.2006-cı il tarixdə kiçik çavuş, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətində çavuş, xx.xx.2018-ci il tarixdə isə baş çavuş vəzifəsində xidmətdə olmuşdur. Həmçinin məhkəməyə təqdim olunmuş əmək kitabçasının surəti ilə də təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətində hərbi xidmətdə olmuşdur. Qeyd olunan hal ona dəlalət edir ki, ittiham aktında qeyd edilən əməl törədilən zaman, yəni 27 oktyabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin hərbi qulluqçusu olmuşdur. Qanunvericiliyin tələbinə əsasən hərbi qulluqçuların iştirakı ilə törədilmiş cinayətlərə hərbi məhkəmələr tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 187.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmə aidiyyəti pozulmaqla Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərildiyindən, CPM-nin yuxarıda sadalanan müddəalarına əsasən cinayət işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.4 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 187.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar