Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-451/2025 18.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 və onun nümayəndəsi Müdafiəçi xüsusi ittiham qaydasında verdikləri şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X4 və onun nümayəndəsi Müdafiəçi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm qəbul edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, X4 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan xx.xx.2018-ci il təvəllüdlü X7 doğulmuşdur. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1803/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, azyaşlı uşaq ananın himayəsinə verilmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 xüsusi ittihamçı Zarina Zakirova ilə boşanmasının səbəbi kimi arvadının ona xəyanət etdiyini bildirmiş və son 1-2 il ərzində mütəmadi olaraq hər yerdə bütün ümumi tanışlarına bu əsassız ittihamları danışmışdır. Hətta iş o yerə gəlib çıxmışdır ki, Ç.Yəhyayev Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ümumi uşaqları Sibelin atası olmadığını iddia etmişdir. Lakin həmin iş üzrə alınmış №515/2024-MTBŞ saylı xx.xx.2024-ci il tarixli ekspert rəyinə əsasən, Ç.Yəhyayevlə qızı S.Yəhyayevanın valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edildiyindən Ç.Yəhyayev iddiasını geri götürmüşdür. Buna baxmayaraq. Ç.Yəhyayev əsassız ittihamlarından, təhqir və böhtanından əl çəkməmiş, istifadəsində olduğu “TikTok” sosial platformasındakı hesabından mütəmadi olaraq canlı yayımlar açaraq arvadının ona xəyanət etdiyi barədə kütləvi nümayiş olunan fikirləri söyləmişdir. Bundan sonra Ç.Yəhyayev Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ondan tutulan alimentin miqdarının azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia üzrə Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazovanın icraatında olan 2(011)- 4221/2025 saylı mülki iş üzrə təyin edilmiş xx.xx.2025-ci il tarixli baxış iclasında çıxış edərkən Ç.Yəhyayev məhkəməyə bildirmişdir ki, “... keçmiş arvadım Zarina Zakirova mənim doğma qardaşımla intim münasibətdə olaraq mənə xəyanət etmişdir". Həmin zaman məhkəmə iclas zalında hakim və məhkəmə iclas katibindən başqa cavabdehin vəkili və nümayəndəsi, sonuncunun köməkçisi, digər məhkəmə proseslərini gözləyən başqa işlər üzrə tərəflər (təxmini 10-12 nələr) var idi. İclasdan sonra Zarina Zakirovanın vəkili olaraq ona bu barədə məlumat verdiyində xüsusi ittihamçı özünü təhqir edilmiş hesab etmiş, söylənilənlərin yalan və böhtan olduğunu bildirmişdir. Ç.Yəhyayevdən dediklərini təkzib etməyi və üzr istəməyini tələb etsələr də, o, bir daha vurğulamışdır ki, əmindir ki, arvadı ona xəyanət etmiş, bu barədə hansısa xəyali sübutları vardır. Hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 xx.xx.2025-ci il tarixdə, saat 17:00 radələrində Xətai Rayon Məhkəməsinin ünvan 1 ünvanında yerləşən inzibati binasında Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədərək xüsusi ittihamçı X2 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi çıxışda ifadə etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi Müdafiəçi şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməklə məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 və onun müdafiəçisi Müdafiəçi şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar (harada, nə vaxt və necə), yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır. 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində ümumi formada X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, X6 CM-nin 147-ci maddəsinin məhz hansı hissəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, habelə Ç.Yəhyayevin hərəkətləri nəticəsində X3 hansı zərərin vurulması, maddi ziyan olduğu təqdirdə isə həmin zərərin məbləği göstərilməmişdir. Bundan əlavə, şikayət ərizəsində X6 “TikTok” sosial platformasındakı hesabından mütəmadi olaraq canlı yayımlar açaraq arvadının ona xəyanət etdiyi barədə kütləvi nümayiş olunan fikirləri söyləməsi qeyd edilsə də, həmin fikirlərin dəqiq olaraq hansı tarixdə yayımlanması və məzmununda hansı ifadələrdən istifadə olunması öz əksini tapmamışdır. Bundan başqa, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 və onun nümayəndəsi Müdafiəçi tərəfindən şikayətdə cinayətin törədilmə hallarının konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə) təsdiq olunması barədə məlumatlar tam olaraq qeyd olunmamışdır. Belə ki, şikayət ərizəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazovanın icraatında olan 2(011)-4221/2025 saylı mülki iş üzrə təyin edilmiş xx.xx.2025-ci il tarixli baxış iclasında çıxış edərkən Ç.Yəhyayevin “... keçmiş arvadım Zarina Zakirova mənim doğma qardaşımla intim münasibətdə olaraq mənə xəyanət etmişdir" ifadəsini işlətməsi, həmin zaman məhkəmə iclas zalında hakim və məhkəmə iclas katibindən başqa cavabdehin vəkili və nümayəndəsi, sonuncunun köməkçisi, digər məhkəmə proseslərini gözləyən başqa işlər üzrə tərəflərin olması göstərilsə də, həmin şəxslərin anket məlumatları şikayət ərizəsində qeyd olunmamışdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 tərəfindən Azərbaycan Respublikası CPM-nin şikayət ərizəsinin məzmununa dair tələblər pozularaq şikayət ərizəsinin harada tərtib olunması qeyd edilməmişdir. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1, 293.3.2, 293.3.4 və 293.3.6-cı maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 və onun nümayəndəsi Müdafiəçi tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-451/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-451/2025
18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver