Məhkəmə qərarları › İş №1(011)-452/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-452/2021

30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-452/2021 30.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Cəlilabad şəhəri, Svetlaya Zarya kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, subay, orta təhsilli, Cəlilabad rayonu Muğan kəndində qeydiyyatda olan, ********* saylı cinayət işi üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, daha sonra Nərimanov Rayon Polis İdarəsində istintaq olunan cinayət işi üzrə barəsində Nərimanov Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 14 iyul 2021-ci il tarixdə axşam saat 20.00-dan 15 iyul 2021-ci il tarixdə gecə saat 05.30-dək olan müddət ərzində ünvan 1 ünvanın qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus «Mitsubishi» markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan şüşəsini sındırmaqla avtomobilin salonundan 200 (iki yüz) manat məbləğində nağd pulu gizli talayaraq, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 14 iyul 2021-ci il tarixdə gecə saat 23.00-dan 15 iyul 2021-ci il səhər saat 07.30-dək olan müddət ərzində ünvan 2 ünvanın qarşısında dayanmış vəziyyətdə olan vət.Şahid1 məxsus etibarnamə əsasında idarə etdiyi «Hyundai İX35» markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan şüşəsini sındırmaqla avtomobilin salonundan X4 oğluna məxsus 120 (yüz iyirmi) manat məbləğində nağd pulu gizli talayaraq, zərərçəkmiş şəxs Məzahir Hüseynova maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, 15 iyul 2021-ci il tarixdə günorta saat 14.30-da, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağızına bülükmüş kustar üsulla hazırlanmış təmiz çəkisi 0,380 qram olan psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 20:15-də Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, 7-ci Əhmədli küçəsində olan zaman saxlanılaraq, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 4/6 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə gətirilmiş, polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rənli cins şalvarın sağ yan cibindən bir büküm siqaretin gümüşü kağızına bülükmüş təmiz çəkisi 0,380 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Şəxsi ehtiyaclarını qarşılamaq üçün bir neçə epizod üzrə Xətai və Nərimanov rayon ərazilərində oğurluq cinayətləri törətmişdir. Belə ki, 15 iyul 2021-ci il tarixdə gecə saatlarında pul lazım olduğundan oğurluq etmək qərarına gəlmişdir. Təxminən 05 radələrində Kəndi Əhmədli qəsəbəsi, 5-ci Qəsəbə küçəsində «Mitsubishi» markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra daş parçası ilə həmin avtomobilin qabaq sol yan şüşəsini sındırmış və avtomobilin salonunu axtaran zaman oradan 200 (iki yüz) manat məbləğində nağd pul tapıb götürmüşdür. Bundan sonra digər avtomobil axtarışına çıxmış və Şahin Səmədov küçəsində «Hyundai İX35» markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra daş parçası ilə həmin avtomobilin qabaq sol yan şüşəsini sındırmış və avtomobilin salonunu axtaran zaman oradan 120 (yüz iyirmi) manat məbləğində nəğd pul tapıb götürmüşdür. 15 iyul 2021-ci il tarixdə təxminən saat 20:15-də Bakı şəhəri Xətai rayonu 7-ci Əhmədli küçəsində olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edib polis əməkdaşları oluqlarmı bildirmiş, ondan da özünü təqdim etməsini tələb etmişlər. O, özünü təqdim edəndən sonra polis əməkdaşları ondan narkotik maddə və ya hər hansı psixotrop maddə qəbul etməkdə şübhələnib onu 34-cü Polis Şöbəsinə dəvət etmişlər. İstintaqda verdiyi ifadəsində təzyiq altında olduğundan bu əməli törətdiyini bildirmişdir. Həmin maddənin əslində ona məxsus olmadığını bildirmişdir. Daha sonra etdiyi oğurluqlara görə əməlindən peşman olmasını, ilk məhkumluğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri onun özünün qismən etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, «Mitsubishi Airtrek» markalı, **-RM-*** dövlət qeydiyyat nömrəli avtomobil özünə məxsusdur və özü idarə edir. 14 iyul 2021-ci il tarixdə təxminən saat 20 radələrində idarə etdiyi «Mitsubishi Airtrek» markalı, **-RM-*** dövlət qeydiyyat nömrəli avtomobillə yaşadığı ünvana gəlmiş və avtomobili yaşadığı evin qarşısında saxlayaraq yaşadığı evə getmişdir. 15 iyul 2021-ci il tarixdə səhər saat 05:30 radələrində yaşadığı evdən çıxaraq işə getmək məqsədi ilə idarə etdiyi avtomobilə yaxınlaşan zaman avtomobilin qabaq sol yan şüşəsinin sındırıldığını, avtomobilin salonunda, yəni külqabı hissəsində saxladığı 50 (əlli) manat və sürət ötürücünün yanında olan hissədən 150 (yüz əlli) manat məbləğində pulun oğurlandığını aşkar etmişdir. Bundan sonra hadisə ilə əlaqədar DİN-in 102 XZM-ə zəng edərək məlumat vermiş və ərizə ilə Xətai RPİ-nin 34-cü PŞ-yə müraciət etmişdir. Avtomobilin salonundan ona məxsus 200 (iki yüz) manat məbləğində nəğd pul oğurlanmış və şüşənin sındırılması nəticəsində ona 200 (iki yüz) manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, hadisə nəticəsində ona ümumilikdə 400 (dörd yüz) manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş maddi ziyan ödənilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu qeyd edərək onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, «Hyundai İX-35» markalı, **-GA-*** dövlət qeydiyyat nömrəli avtomobil bacanağı Şahid1 məxsusdur, lakin həmin avtomobili etibarnamə əsasında özü idarə edir. 14 iyul 2021-ci il tarixdə təxminən saat 23 radələrində etibarnamə əsasında idarə etdiyi «Hyundai İX-35» markalı, **-GA-*** dövlət qeydiyyat nömrəli avtomobillə yaşadığı ünvana getmiş və avtomobili qonşunun darvazasının qarşısında saxlayaraq yaşadığı evə getmişdir. 15 iyul 2021-ci il tarixdə yaşadığı evdən çıxaraq şəxsi işlərini görmək üçün getmək məqsədi ilə idarə etdiyi avtomobilə yaxınlaşan zaman avtomobilin qabaq sol yan şüşəsinin sındırıldığını və avtomobilin salonunda, yəni sürət ötürücünün yanında saxladığı 120 (yüz iyirmi) manat məbləğində pulun oğurlandığını aşkar etmişdir. Bundan sonra hadisə ilə əlaqədar DİN-in 102 XZM-ə zəng edərək məlumat vermiş və ərizə ilə Xətai RPİ-nin 34-cü PŞ-yə müraciət etmişdir. Avtomobil bacanağı Şahid1 məxsus olsa da, salondan oğurlanmış 120 (yüz iyirmi) manat məbləğində pul ona məxsusdur. Odur ki, hadisə nəticəsində ona 120 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş maddi ziyan ödənilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu qeyd edərək onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ildən isə Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Nurlan adlı şəxsin Xətai rayonu ərazisində-oğurluq cinayətləri törətməsi, eyni zamanda narkotik maddələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 15 iyul 2021-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid3 ilə birlikdə əməliyyat qrupu yaradılaraq, həmin tarixdə əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün saat 20:15-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, 7-ci Əhmədli küçəsində müəyyən olunmuş və ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, Xətai RPİ-nin 34-cü PB-yə dəvət etmişlər. Polis Şöbəsində olan zaman dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağızına bükülmüş içərisində ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər maddə olan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümü həmin gün, yəni 15.07.2021-ci il tarixdə günorta saat 14.30-da Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 40 (qırx) manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid3 ifadələri elan edilərək tədqiq edilmişdir. Onların ifadələri müvafiq olaraq Zərərçəkmiş şəxs2 və Şahid2 ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan 15 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, baş təhqiqatçı Elbrus Məmmədov 15 iyul 2021-ci il tarixdə 34-cü PŞ-də müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində olan qanunsuz əşyaları təqdim etməsini təklif etdikdən sonra əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağızda olan narkotik maddəyə bənzər kütləni təqdim edir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə ağ rəngli kristal formalı psixotrop maddə olan metafetamindir, Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 40 (qırx) manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Həmin narkotik maddəyə oxşar maddə götürülmüşdür. Video çəkiliş “Samsung” markalı mobil telefon vasitəsi ilə aparılaraq bir ədəd “CD-R” diskə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 16 iyul 2021-ci il tarixli, 6/2893 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 152” möhür əksi, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,380 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra qalıq 0.330 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 17 avqust 2021-ci il tarixli, 2922 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən suiistifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Xətai RPİ-nin İstintaq Şöbəsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bitdiyindən həbsdən azad edilmişdir. 15 sentyabr 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 25.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir.(hazırda həbsdədir). İş materiallarında olan 20 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,380 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalmış 0,330 qram psixotrop maddə metamfetamin saxlanması üçün Xətai RPİ-nin Növbətçi Hissəsinin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman çəkilmiş görüntüləri əks etdirən 1 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımaması ilə bağlı ifadəsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirilməlidir. Belə ki, onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,380 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin üzərində saxlamaqla daşıması şahid ifadələri, şəxsi axtarış və götürmə aparılmasını əks etdirən video çəkiliş və digər iş materialları ilə məhkəmə iclasında tam sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında istintaqda verdiyi ifadəsində təzyiq altında olduğunu bildirsə də, istintaqda təqsirləndirilən şəxs kimi dindirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmadığını bildirmiş, həmçinin təzyiqə məruz qalması barədə şikayət verməmişdir. Həmçinin təqsirləndirilən şəxs Məhkəmə hazırlıq iclasında da bu əməli törətdiyini etiraf etmiş və bunun səbəbini izah edə bilməmişdir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 17 avqust 2021-ci il tarixli, 2922 nömrəli rəyidə sübut edir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq psixotrop maddə olan metamfetamindən suiistifadə edir və məcburi müalicəyə ehtiyacı var. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutlaran məcmusu ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, onun özünün qismən etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və digər iş materiallara ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqana tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağadakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) ay həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə ambulator X1 rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Növbətçi Hissəsinin saxlancında saxlanılan iş üzrə maddi sübut olan tədqiqatdan sonra qalıq qalan 0,330 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs şəxsi axtarışı zaman bir büküm psixotrop maddə olan metamfetaminin üzərindən aşkar edilərək götürülməsi əks etdirən 1 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 109.90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) ay həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan saxlanması üçün Xətai RPİ-nin Növbətçi Hissəsinin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq qalmış 0.330 qram kustar üsulla hazırlanmış metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zaman bir büküm psixotrop maddə olan metamfetaminin üzərindən aşkar edilərək götürülməsini əks etdirən maddi sübut kimi tanınmış 1 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 109.90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar