Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-452/2022 10.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarasinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Tafiq oğlunun, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Naxçıvan MR, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Naxçıvan MR, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 10 aprel 2019-cu ildən 01 fevral 2022-ci il tarixədək Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” X1 mühafizəsi xidməti üzrə Enerji şöbəsinin mühafizəçisi vəzifəsində işlədiyi müddət ərzində öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 əmlakını ələ keçirmə məqsədi ilə sonuncunun təqaüdünü artıracağı və arvadı X2 təqaüd düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq həmin işlərin görülməsi üçün pul lazım olduğunu bildirib 05 noyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Qaymaq” kafesində Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 vasitəsilə ona göndərdiyi 7000 (yeddi min) manat məbləğində pulunu ələ keçirib vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs3 qarşı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmə məqsədi ilə sonuncunun təqaüdünü artıracağı və arvadı X3 təqaüd düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq həmin işlərin görülməsi üçün pul lazım olduğunu bildirib 08 noyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Qaymaq” kafesində Zərərçəkmiş şəxs1 9000 (doqquz min) manat məbləğində pulunu ələ keçirib vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs1 qarşı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirmə məqsədi ilə sonuncunun Dövlət Gömrük Komitəsinə işə qəbul ediləcəyi adı ilə yalan vəd verib aldadaraq həmin işin görülməsi üçün pul lazım olduğunu bildirib 15 noyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Qaymaq” kafesində Zərərçəkmiş şəxs2 5000 (beş min) manat pulunu ələ keçirib vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs2 qarşı maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin ifadələri, şahidin və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin aprel ayından 2022-ci ilin fevral ayınadək Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Gömrük infrastruktrunun mühafizəsi xidməti üzrə Enerji şöbəsinin mühafizəçisi işləmiş və gizir rütbəsində olmuşdur. Hazırda işləmir. 9 ilə yaxındır ki, Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Hərdənbir Qabillə çayxanada oturub çay içmişlər. 2021-ci ilin axırlarında Qabillə çay içdiyi zaman təqaüddən söhbət düşmüşdür. Qabil ona demişdir ki, onun bir neçə nəfər tanışı var, həmin şəxslərə təqaüd düzəltmək lazımdır. O da Qabilə demişdir ki, həmin şəxslərin sənədlərini və pullarını gətirsin, onlara təqaüd düzəldə bilər. Qabil razılaşmış və bir neçə gündən sonra Cəlalət adlı şəxsin və Cəlalətin arvadının sənədlərini gətirib ona vermişdir. Qabilin gətirdiyi sənədlərə baxıb demişdir ki, bu işin qiyməti 7000 manatdır. Qabil isə Cəlalətlə danışıb ona məlumat verəcəyini bildirmişdir. Bir neçə gündən sonra, 2021-ci ilin noyabr ayının əvvəllərində Qabil ona zəng edib görüşmək istədiyini demiş və onlar Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “Qaymaq” kafesində görüşən zaman Qabil Cəlalətin göndərdiyi 7000 manat pulu kafedə ona vermişdir. Qabilə demişdir ki, 2 ay ərzində həmin şəxsin təqaüdünü düzəldəcək. Lakin Qabildən aldığı 7000 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Qabilə demişdir ki, istəsə 9000 manat müqabilində onun da təqaüdünü artırar, arvadına da xəstəliklə bağlı təqaüd düzəldər. Qabil ona düşünüb cavab deyəcəyini bildirmişdir. 08 noyabr 2021-ci ildə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “Qaymaq” kafesində Qabillə görüşmüşlər. Qabil 9000 manat düzəldib gətirdiyini bildirmişdir. İki ay içində təqaüdünün artırılacağını və arvadına da təqaüd düzəldəcəyini Qabilə söz vermişdir. Lakin Qabildən aldığı 9000 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Bir müddət sonra Dövlət Gömrük Komitəsinə bir nəfər şəxsi işə düzəldə biləcəyini Qabilə demişdir. Qabil bir nəfər Elvin adlı şəxsin Gömrük Komitəsinə işə düzəlmək istədiyini ona bildirmişdir. 2021-ci ilin təxminən noyabr ayının ortalarında Elvin adlı şəxs ona zəng edib görüşmək istədiyini demiş və Xətai rayonu, Əhmədli qəsəbəsində Qabil və Elvinlə görüşmüşdür. Elvin ona demişdir ki, Dövlət Gömrük Komitəsinə işə düzəlmək istəyir. Həmin görüş zamanı Elvinə demişdir ki, 16.000 manat pul müqabilində sonuncunu DGK-nə inspektor vəzifəsinə işə düzəldə bilər. Elvin 16.000 manat pulu olmadığını demiş, o da cavabında ilkin məbləğdən 5000 manat aşağı düşə biləcəyini, lakin işə başlamaq üçün ilkin olaraq 5000 manat pul verilməlidir. Elvin onunla razılaşmış və 15 noyabr 2021-ci il tarixdə, saat 19 radələrində “Qaymaq” kafesində Qabilin yanında Elvin ona 5000 manat pul vermişdir. Orada Elvinə demişdir ki, 2022-ci ilin yanvar ayına kimi onu DGK-nə inspektor vəzifəsinə işə düzəldəcək. Lakin həmin vaxtlar pula ehtiyacı olduğuna görə Elvindən aldığı 5000 manat pulu da öz ehtiyaclarına xərcləmişdir. Qabil və Cəlalət dəfələrlə onun yaşadığı Xəzər rayonu, Binə qəsəbəsindəki evinə gəlib ondan pullarını istəsələr də, hər dəfə onlara müxtəlif bəhanələr gətirib vaxtı uzatmışdır. 2022-ci ilin fevral ayında Elvindən aldığı 5000 manat puldan ona 2000 manat qaytarmışdır. 2022-ci ilin mart ayında isə atası Müseyib 500 manat pul Elvinə qaytarmışdır. Digər pulları xərclədiyinə görə qaytara bilməmişdir. Son sözündə əməlindən peşman olduğunu, himayəsində 2 azyaşlı uşağını olmasını qeyd edərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Dövlət Gömrük Komitəsində işləyən Təqsirləndirilən şəxs 10 ildən artıqdır ki, tanımışdır. Kərimlə yaxın münasibətləri yaranmış və bir neçə dəfə onunla kafedə oturub yeyib içmişlər. Söhbət əsnasında Kərim ona demişdir ki, tanış adam olsa həmin şəxsi Dövlət Gömrük Komitəsində işə düzəldə bilər. Kərimə tanışlarının təqaüd məsələləri olduğunu bildirdikdə Kərim demişdir ki, Dövlət Sosial Müdafiə Fondunda onun yaxın tanışı var və həmin adam vasitəsilə istənilən şəxsin təqaüdünü artıra bilər, habelə istənilən şəxsə təqaüd düzəldə bilər. Kərimin sözlərinə inanıb, tanışı Ağcabədi rayonunda yaşayan Zərərçəkmiş şəxs3 bu barədə demişdir. Belə ki, Cəlalət özü əvvəllər polis işləmiş, 1-ci Qarabağ müharibəsində iştirak edərək yaralanmış və 2-ci qrup əlil olduğuna görə təqaüd almış, sonradan isə təqaüdü kəsildiyi üçün istəmişdir ki, təqaüdünü bərpa etdirsin. Eyni zamanda Cəlalətin arvadı X4 da təqaüd almış və onun da təqaüdü kəsilmişdir. Bu barədə Kərimə deyən vaxtı Kərim ona demişdir ki, onların təqaüd işini həll edə bilər və bunun üçün ondan 7000 manat pul istəmişdir. O da bu barədə Cəlalətə demişdir. Cəlalət də inanıb 05 noyabr 2021-ci il tarixdə, saat təxminən 14 radələrində Ağcabədi rayonundan taksi maşını ilə ona 7000 manat pulu, özünə və arvadına aid sənədləri göndərmişdir. Cəlalətin göndərdiyi 7000 manat pulu və sənədləri taksi avtomobilindən götürüb, Kərimə zəng edərək Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Qaymaq” kafesinə gəlməsini demişdir. Kərim həmin tarixdə, saat 19 radələrində “Qaymaq” kafesinə gəlib Cəlalətə aid pulu və sənədləri ondan götürüb demişdir ki, 2021-ci ilin dekabr ayının sonlarına kimi Cəlalətin və arvadı Ağgünün təqaüd məsələsini həll edəcəkdir. Bundan sonra Kərim ona demişdir ki, istəsə onun da təqaüdünü 2000 manatdan yuxarı etdirə bilər, habelə onun arvadı X3 təqaüd düzəldə bilər. Kərim demişdir ki, Nəcibənin xəstəlik sənədlərini də gətirsin, ona da 2-ci qrup əlil kimi təqaüd düzəldər, ayda 370 manat təqaüd alar. Bunun üçün ondan 9000 manat pul istəmişdir. O da Kərimə inanıb 9000 manat pul düzədib, 08 noyabr 2021-ci il tarixdə, saat 19 radələrində Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “Qaymaq” kafesində görüşüb 9000 manat pulu, şəxsiyyət vəsiqələrinin surətlərini, hərbidən təxris olunması barədə əmrin surətini, arvadı Nəcibənin xəstəlik epikrizinin surətini Kərimə vermişdir. Kərim demişdir ki, 2021-ci ilin dekabr ayının 25-30-na kimi onun və arvadının təqaüd məsələsini həll edəcəkdir. Pulu və sənədləri Kərimə verən zaman yanlarında heç kim olmamışdır. Bir müddət sonra Kərimə tam inandıqdan sonra tanışı olan Elvin adlı şəxsə Kərim adlı tanışının olduğunu və onun Dövlət Gömrük Komitəsinə işə adam düzəldə biləcəyini bildirmişdir. Elvin işə düzəlmək istədiyini və Kərimlə tanış olmaq istədiyini bildirmişdir. Elvinlə birlikdə Kərim ilə Xətai rayonu, Əhmədli qəsəbəsində görüşmüşlər. Tanış olduqdan sonra Kərim Elvinə 16.000 manata onu Dövlət Gömrük Komitəsinə işə düzəldə biləcəyini bildirmişdir. Elvin bir o qədər pulunun olmadığını bildirdikdən sonra Kərim danışıb bir beş min aşağı qiymətə həll edəcəyini, lakin ilkin olaraq 5000 manat ödəmək lazım olduğunu söyləmişdir. Elvin razılaşmış və 15 noyabr 2021-ci il tarixdə axşam “Qaymaq” kafesində onun iştirakı ilə 5000 manat pulu Elvin Kərimə vermişdir. Kərim, Elvinə demişdir ki, onun işini 2022-ci ilin yanvar ayının ortalarına kimi düzəldəcəkdir. Daha sonra məlum olmuşdur ki, Kərim onları aldatmış və heç birini işi düzəltməmişdir. Cəlalətlə dəfələrlə Kərimin yaşadığı Binə qəsəbəsinə gedərək, ondan pullarını və sənədlərini tələb etmişdir. Ancaq Kərim hər dəfə müxtəlif bəhanələrlə onları aldadıb pullarını və sənədlərini qaytarmamışdır. Sonradan Elvin ona bildirmişdir ki, ondan aldığı puldan Kərim 2500 manatını qaytarmışdır. Cəlalət isə demişdir ki, Kərimlə onu tanış etdiyi üçün pulunu o özü geri qaytarsın, o, Kərimi tanımır. O da məcbur olub özündən Cəlalətin 7000 manat pulunu qaytarmışdır. Sonradan ona məlum olmuşdur ki, Kərim, Elvindən aldığı 5000 manat puldan 2500 manatını qaytarmışdır. Çıxışında ona vurulmuş ziyan ödənilmədiyindən Kərimə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs1 ilə təsadüfən tanış olmuşdur. Tanışlıqdan sonra münasibətləri yaranmış və bir-birləri ilə mütəmadi əlaqə saxlamışlar. 2021-ci ilin noyabr ayının əvvəllərində Qabil ona demişdir ki, Təqsirləndirilən şəxs adında bir tanışı Dövlət Gömrük Komitəsində işləyir və bir bir nəfər şəxsi Dövlət Gömrük Komitəsinə inspektor vəzifəsinə işə düzəldə bilər. Həmin vaxtlar o, işsiz olduğuna görə Kərimlə tanış olmaq istədiyini Qabilə bildirmişdir. Qabil ilə bir yerdə Kərimlə Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “Qaymaq” kafesində görüşmüşlər. Kərim orada ona demişdir ki, Dövlət Gömrük Komitəsində işləyir və onu da DGK-nə inspektor vəzifəsinə işə düzəldə bilər. Kərim orada onu 16.000 manat pul müqabilində 2 ay müddətində onu işə düzəldə biləcəyini bildirmişdir. Kərimə o qədər pulunun olmadığını bildirdikdən sonra Kərim 5000 aşağı həll edəcəyini, lakin ilkin olaraq 5000 manat ödəniş etmək lazım olduğunu söyləmişdir. Razılaşmışlar və səhəri günü o, özündən 5000 manat pul düzəldib Zərərçəkmiş şəxs1la bir yerdə 15 noyabr 2021-ci il tarixdə, saat 19 radələrində yenə də Kərimlə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “Qaymaq” kafesində görüşmüş və 5000 manat pulu Kərimə vermişdir. Kərim ondan pulu aldıqdan sonra 2 ay ərzində onun əmri veriləcəyini bildirmişdir. Daha sonra Kərim müxtəlif bəhanələrlə işin bir az yubandığını, lakin mütləq düzələcəyini bildirmişdir. Beləliklə də Kərim onu 2022-ci ilin yanvar ayının sonlarına kimi aldatmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 da aldadaraq ondan da 9000 manat pul aldığını öyrəndikdən sonra Kərimdən pulu qaytarmağı tələb etmişdir. Uzun şikayətlərdən sonra Kərim vurduğu ziyandan 2000 manatını atası Müseyib isə 500 manatını, yəni dəymiş 5000 ziyandan 2500 manatını qaytarmışlar. Kərim vurduğu ziyandan 2500 manat pulunu qaytarsa da, bu vaxta kimi qalan 2500 manatı qaytarmamışdır. Çıxışında zərərçəkmiş Kərimlə barışmadığını və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Xocavənd rayon polis idarəsində polis nəfəri kimi işləmiş, 1991ci ildə 1-ci Qarabağ müharibəsi zamanı aldığı xəsarətlər nəticəsində əlil olmuşdur. Hazırda 2-ci qrup əlildir, işləmir, təqaüd alır. Zərərçəkmiş şəxs1 onun qardaşının tələbə yoldaşı olmuşdur. Qabil ilə münasibətləri qardaşının vasitəsilə yaranmışdır. Qabilin hərbçi olduğunu və onun da təqaüdə çıxdığını bilmişdir. 2021-ci ilin ortalarında müalicə məqsədilə Bakı şəhərinə gəlmiş və X5 müayinədən keçərkən Qabil ilə təsadüfən rastlaşmışdır. Qabilə təqaüdünün azaldığını bildirərək söhbətləşmişlər. X8 Komitəsində işləyən Təqsirləndirilən şəxs bir tanışının olduğunu və təqaüdün artırılmasında ona kömək edə biləcəyini bildirmişdir. Özünün təqaüdünün artırılması və arvadı Ağgün Tahirovaya təqaüd düzəldilməsinə ehtiyac olduğu üçün bir neçə müddət sonra Qabilə müraciət etmiş, Qabil isə Kərimlə danışdığını, bunun üçün onun və arvadının sənədlərinə və işi düzəltmək üçün 7000 manat pula ehtiyac olduğunu demişdir. O da razılaşdığı üçün 05 noyabr 2021ci il tarixdə, səhər saatlarında Ağcabədi rayonundan Bakı şəhərinə gedən taksi avtomobili ilə 7000 manat pulu, özünə və arvadına aid sənədləri Bakı şəhərində yaşayan Qabilə göndərmişdir. Qabil həmin sənədləri və pulu taksi avtomobilindən götürmüş və axşam saatlarında Bakı şəhərində Kərim ilə görüşərək ona vermişdir. Kərim söz vermişdir ki, qısa müddət ərzində onun və arvadı Ağgünün təqaüd məsələsini həll edəcəkdir. Lakin üstündən uzun bir müddət keçməsinə baxmayaraq, Kərim vəd etdiyi işlərin heç birini görməmişdir. Çıxışında zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq təqsirləndirilən Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iştirakını təmin etmək mümkün olmayan Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərk tədqiq edilmişdir. Onun ifadəsi zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında olan “whatsapp” sosial şəbəkəsindəki yazışmaların əks olunduğu sənədlərə baxış keçirilməsi protokolundan müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında 17 noyabr 2021-ci il tarixdən 17 may 2021-ci ilədək olan “Whatsapp” yazışmaları mövcuddur. Yazışmalara Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Dövlət Gömrük Komitəsinə işə düzəltmək məqsədilə 5000 manat pulunu aldıqdan sonra, həqiqətən də vəd etdiyi işin görülməsinin saxta görüntüsünü yaratmaq məqsədilə ondan təcili olaraq müxtəlif sənədləri gətirməsini tələb etmiş, Zərərçəkmiş şəxs2 da onun vədlərinə aldanıb inanaraq həmin sənədləri gətirib Təqsirləndirilən şəxs təhvil vermişdir. 19 noyabr 2021-ci il tarixli mesajda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 bildirmişdir ki, “sənədləri verdim rəisə, 1-ci gün veriləcək yuxarıya. Daha sonrakı yazışmalarda işə X9 Komitəsinə işə düzəlmədiyinə görə Kərimdən verdiyi 5000 manat pulu tələb edir. İş materiallarında olan 20 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında olan “whatsapp” sosial şəbəkəsindəki yazışmaların əks olunduğu sənədlər xüsusi əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən 05 iyul 2022-ci il tarixli, 190/1xx-xx/011288 nömrəli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs 10 aprel 2019-cu ildən Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” X1 mühafizəsi xidməti üzrə Enerji şöbəsinin mühafizəçisi vəzifəsinə təyin olunmuş, “Azərterminalkompleks” Birliyi rəisinin 01 fevral 2022-ci il tarixli 2300/038Ş nömrəli əmri ilə öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan 11 iyun 2022-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli (hakim Fuad Axundov) qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Həmin qərarla Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığında saxlama müddəti 03 ay həddində müəyyən edilmişdir. Ev dustaqlığında saxlama müddətinin əvvəli tutulduğu gündən, yəni 11 iyun 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 29 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə hədə-qorxu ilə tələb etmə cinayətini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 182.1 və 62ci maddələrinə əsasən 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-in 52, 513-cü və AR CM-in 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsi olan 05 ay 28 gün müddətindən vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir (Məhkumluq ödənilmişdir). İş materiallarına əlavə edilmiş AZ İV-170838 saylı doğum şəhadətnaməsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs 2018-ci il təvəllüdlü Səfərli Kənan adlı bir azyaşlı oğlu var. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə təcrübəsinə görə, bir sıra hallarda dələduzluq cinayəti təqsirkar tərəfindən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə törədilir. Məhkəmələrə izah edilmişdir ki, təqsirkarın belə hərəkəti aldatmanın üsulu kimi çıxış etdiyinə görə onun əməlinin əlavə olaraq CM-nin 310-cu maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri işə düzəldəcəyinə və təqaüd düzəldəcəyinə dair vədlər verərək onları aldatmış və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyini bilə-bilə onların pullarını ələ keçirmişdir. Bununla da onun niyyəti üzərinə götürdüyü öhdəliyini yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərə məxsus pulları ələ keçirilməsinə yönəlmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmiş, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi əməlindən peşman olmasını və himayəsində 1 azyaşlı uşağının olmasını müəyyən etmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkəmə iclasında ona CM-nin 73- 1.2-ci maddəsində nəzərdə tutulmuş hüququnun izah edilməsinə və vaxt verilməsinə baxmayaraq ziyandan ödəniş etməməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmalarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək əlavə cəza təyin edilməklə təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası CM-nin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında olan “whatsapp” sosial şəbəkəsindəki yazışmaların əks olunduğu sənədlər iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsdairə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs əlavə cəza olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında olan “whatsapp” sosial şəbəkəsindəki yazışmaların əks olunduğu sənədlər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-452/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-452/2022
10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver