Məhkəmə qərarları › İş №1(011)-453/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-453/2025

06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-453/2025 06.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 16 avqust 2002-ci ildə Şəki rayonu, Baş Layısqı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Baş Layısqı Ərazi Dairəsi, Baş Layısqı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “BC” kateqoriyalı “AE 738556” nömrəli sürücülük vəsiqəsi ilə "xxxx" ASC-yə məxsus, texniki cəhətdən saz vəziyyətdə “HOWO” markalı, ** JS *** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtomobili 31 oktyabr 2024-cü il tarixdə saat 11:30-da həmin ASC-nin ünvan 1 ünvanındakı ərazidə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1 -ci hissəsinin tələblərini rəhbər tutmalı, hərəkətə başlama, yerdəyişmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maniyə yaratmamalı, hərəkətə başlamazdan qabaq avtomobilin ətrafında kənar şəxslərin olub-olmamasını müəyyənləşdirməli, kənar şəxslərin avtomobilin ətrafında olması şəraitində onların hərəkət təhlükəsizliyin təmin olunacağı məsafədə uzaqlaşdıqdan sonra hərəkətə başlamalı olduğu halda buna əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq betonqarışdıran avtomobilin sağ tərəfi ilə cəmiyyətdə mexanik işləyən piyada Zərərçəkmiş şəxs vurub ehtiyatsızlıqdan ona çanaq sümüklərinin sınığı, arxa sidik kanalının qopması və strukturası (postravmatik) ilə müşayiət olunan və ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, işsiz olduğuna görə 2024-cü ilin oktyabr ayında iş axtarmaq üçün Bakı şəhərinə gəlmişdir. Maraqlandıqda "xxxx" ASC-də betonqarışdıran avtomaşınlara sürücü axtardıqlarını öyrənib işə qəbul olunmaq üçün xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində ASC-yə getmişdir. Orada Zərərçəkmiş şəxs onunla danışdıqdan sonra idarə etmək bacarığını yoxlamaq üçün ASC-yə məxsus “HOWO” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük avtomobilini müvəqqəti olaraq ASC-nin həyətində idarə etməyə vermişdir. O, qeyd olunan avtomobilin sükan arxasında əyləşib mühərriki işə salıb əvvəlcə bir neçə metr arxaya hərəkət etdirdikdən sonra Zərərçəkmiş şəxs avtomobili qarşıya idarə edib əvvəlki yerində dayandırmağı səslədiyinə görə avtomobili qarşıya doğru idarə etməmişdən əvvəl sağ yan güzgüdən sağ tərəfə baxdıqda həmin tərəfdə boş yerin çox olduğuna görə avtomobili qarşıya, eyni zamanda sağ tərəfə doğru 5-6 metr idarə etdikdən sonra kiminsə uca səslə saxla deyə qışqırdığını eşidib sağ yan güzgüdən arxaya baxanda Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə sağ tərəfdə dayanmış digər betonqarışdıran avtomobilin arasında sıxılıb qaldığını görüb avtomobili dayandırmışdır. Hadisədən dərhal sonra Azər adlı şəxs Farisi avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. O, hadisə yerində dayanmış və Xətai RPİ-nin Vlizim Musayev adlı əməkdaşı hadisə yerinə gəlib araşdırmaya başlamışdır. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində yüngün cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 01 yanvar 2024-cü il tarixdən "xxxx" ASC-də mexanik vəzifəsində işləyir. ASC yoların və binaların tikintisi ilə, eyni zamanda tikintidə istifadə olunan beton istehsalı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində ünvan 2 ünvanında ASC-nin həyətində olduğu zaman sürücü kimi işə qəbul olmaq istəyən Təqsirləndirilən şəxs ASC-yə məxsus “HOWO” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük avtomobilini idarə etmək bacarığını yoxlamaq üçün təklif etmişdir ki, avtomobili müvəqqəti olaraq ASC-nin həyətində idarə etsin. Təqsirləndirilən şəxs avtomobilin sükan arxasında əyləşib mühərriki işə salıb əvvəlcə avtomobili hərəkətə gətirib arxaya doğru təxminən 7-8 metr idarə etdikdən sonra onun avtomobili arxaya doğru idarə etmək üçün sürətlər qutusundan istifadə etmədiyini, avtomobil özü neytral vəziyyətdə arxaya doğru getdiyini görüb sağ tərəf qapını əli ilə döyüb Təqsirləndirilən şəxs işarə etmişdir ki, avtomobili dayandırıb sükan arxasından yerə ensin. Lakin Təqsirləndirilən şəxs işarəsinə əhəmiyyət verməyib ona tərəf gülümsəyərək avtomobili arxaya doğru hərəkət etdirməsini davam etdirmiş və nəticədə idarə etdiyi avtomobilin hava boğucu hissəsi ilə sağ tərəfdə dayanmış “Howo” markalı digər avtomobilin arxa təkər hissəsinə sıxmışdır. Nəticədə iki avtomobilin arasında sıxılaraq çanaq nahiyəsindən ciddi xəsarətlər almışdır. Ciddi xəsarətlər aldığını görən iş yoldaşı Şahid avtomobil ilə “X5” hospitalına aparmışdır. Hospitalda həkimlər bədənini müayinə edib çanaq sümüklərinin sındığını, sidik kanalının qopması və onurğa sümüyünün zədələnməsi kimi xəsarətlər aldığını bildirib tibbi yardımlar göstərib müalicə olunması üçün palataya yerləşdirmişlər. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, 21 oktyabr 2024-cü il tarixdən "xxxx" ASC-də operator işləyir. xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində ünvan 2 ünvanında ASC-nin həyətində olduğu zaman yaxınlıqdan qışqırıq səsini eşidib həmin istiqamətə baxanda görmüşdür ki, iş yoldaşı Fariz Qasımov “HOWO” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük avtomobili ilə digər nömrəsinə baxmadığı betonqarışdıran avtomobilin arasında yerdə yıxılı vəziyyətdədir. X3 tərəf qaçıb nə hadisəsinin baş verdiyini xəbər alanda yanında dayanmış Rəşid adlı şəxsi göstərib demişdir ki, avtomobili idarə edərkən Farisi avtomobilə sıxaraq ciddi xəsarət yetirmişdir. X4 yerdən qaldırıb ASC- nin “Mitsubishi L 200” markalı ** YC *** dövlət qeydiyyat nişanlı avtomobilinə mindirib müayinələrdən keçməsi üçün “X5” hospitalına aparmışdır. Hospitalda həkimlər Fariz Qasımovun bədənini müayinə edib çanaq sümüklərinin sındığını, sidik kanalının qopması və onurğa sümüyünün zədələnməsi kimi xəsarətlər aldığını bildirib tibbi yardımlar göstərib müalicə olunması üçün palataya yerləşdirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 iyul 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraat qəbul edilməklə ibtidai istintaq aparılmışdır (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 31 oktyabr 2024-cü il tarixli protokoldan və sxemdən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ünvan 1 ünvanına baxış keçirilmiş və sxem tərtib olunaraq protokola əlavə olunmuşdur (i.v. 11-14); nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 31 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, “HOWO” markalı, ** JS *** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtomobilə baxış keçirilmiş, avtomobildə hər hansı bir zədə müəyyən edilməmiş və nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 15-19); 31 oktyabr 2024-cü il tarixli, 2/60470 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsin aktından görünür ki, cinayət hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 20); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Şəki RQİTBŞ tərəfindən xx.xx.2020-ci il tarixdə 10 il müddətinə «BC» kateqoriyalı AE 738556 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 22); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməyol nəqliyyat hadisələri ekspertizasının 12 dekabr 2024-cü il tarixli, 8/3275 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “HOWO” markalı, **-JS- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 35-38); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 54); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 21 aprel 2025-ci il tarixli, 14/34 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - çanaq sümüklərinin sınığı, arxa sidik kanalının qopması və strukturası (postravmatik) bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərdə qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər, ümumilikdə dərəcələrinə görə uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərəvurmaya aiddirlər (i.v. 68-71); zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 iyul 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə istntaq olunan ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 72-73); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 15 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 115-116); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 15 avqust 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 133-134); sübutların qiymətləndirilməsi haqqında 15 avqust 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, hadisə yerinə və nəqliyyat vasitəsinə baxış protokolları, məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının rəyləri sübut növü kimi qiymətləndirilmiş, “HOWO” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanımış və saxlanılması üçün sahibinə təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 147-151). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “HOWO” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılmalı və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə saxlanılması üçün təhvil verilməsi nəzərə alınmalı (CPM-132), iş üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “HOWO” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılsın və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə saxlanılması üçün verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar