Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-454/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, lakin faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 09 iyun 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq 20 manat nağd pul müqabilində, 01 ədəd şəffaf sellofona bükülmüş, şəxsi istehlak miqdarından artıq miqdarda 0,799 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, 10 iyun 2022-ci il tarixdə 20:30-da Xətai Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında saxlanılıb Xətai RPİ-nin 36-cı PB-nə gətirilmiş, videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi-axtarış və götürmə zamanı əynindəki açıq qəhvəyi rəngli şalvarın sağ yan cibində olan pul kisəsinin daxili sağ yan cibindən 0,799 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq ünvan 2 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşayır. Tutulmamışdan təxminən 1 il əvvəl narkotik vasitə istifadə etməyə başlamışdır. O, narkotiki hər dəfə tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində üzdən tanıdığı şəxsdən 20 manata 01 ədəd şəffaf sellofona bükülmüş narkotik vasitə olan heroin almış, sonra istifadə etmək məqsədilə onu pul kisəsinin daxili sağ cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində yaşadığı ünvanın qarşısında olarkən, özünü şübhəli apardığından mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış, ondan narkotik istifadəsi ilə məşğul olub-olmadığını soruşmuş, o da onlara heroindən istifadə etdiyini bildirmişdir. Polislər özlərini təqdim etdikdən sonra onu polis bölməsinə dəvət etmiş, o da heç bir etiraz etməyərək onlarla birlikdə bölməyə getmişdir. Bölmədə olarkən narkotik istifadə etdiyini, üzərində də bir ədəd şəffaf sellofona bükülmüş heroin olduğunu səmimi şəkildə etiraf etmişdir. Bölmədə ona hüquq və vəzifələri izah olunmuş, üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə əynindəki açıq qəhvəyi rəngli şalvarın sağ yan cibində olan pul kisəsinin daxili sağ yan cibindən bir ədəd şəffaf sellofona bükülmüş formada olan bükümü çıxardıb təqdim etmiş, içərisində heroin olmasını, onu xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində sadəcə üzdən tanıdığı şəxsdən 20 manata aldığını bildirmişdir. Sonra isə polislər vəkilin iştirakı ilə onun üzərinə axtarış keçirmiş, bu barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin narkotik zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüşdür. Özü narotik istifadəçisi olsa da heç kəsə satmamışdır. Onun narkotik istifadə etdiyini heç kim bilməmişdir. O, həmişə narkotik vasitəni tək istifadə etmişdir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, o, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayorudur. Onunla birlikdə Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili işləyən, polis leytenantı Şahid2 ilə işlədikləri Xətai RPİ-nin inzibati ərazisində xidmətdə olarkən Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişlər. 10 iyun 2022-ci il tarixdə saat 20:30 radələrində inzibati ərazidə xidmətdə olan zaman ünvan 3 ünvanın qarşısında olarkən Təqsirləndirilən şəxs görmüşlər, o, özünü şübhəli apardığı üçün yaxınlaşaraq özlərini təqdim etmiş, ondan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmamasını soruşmuşlar. O da heroindən istifadə etdiyini bildirmişdir. Bundan sonra onlar həmin şəxsi polis bölməsinə dəvət etmiş, Xətai RPİ-nin 36-cı PB-nə getmişlər. Bölmədə olan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etdikdən sonra vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələri izah edilmiş, video çəkilişlə üzərində şəxsi axtarış keçirilməyə başlanmış, üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, o da əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən bir ədəd pul qabı çıxararaq, həmin pul qabının cibindən bir ədəd şəffaf sellofona bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, içərisində heroin olduğunu, şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 0.90 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, müvafiq protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 iş üzrə digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə, saat 21:15-də Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasında tutulmuş, azadlığı faktiki olaraq həmin tarixdə saat 20:30-dan məhdudlaşdırılmışdır (i.v. 18); şəxsi axtarış və götürmə aparılması haqqında 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2, çəkilişi aparan şəxs Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis kapitanı X1 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsung” markalı mobil telefon istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən 1 ədəd tünd göy rəngli cüzdan, cüzdanın içərisində 2 ədəd “Kapital” bank kartı, 1 ədəd “Leobank” kartı, 1 ədəd şəxsiyyət vəsiqəsi və cüzdanın sağ yan daxili cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli daş şəkilli narkotik maddəyə bənzər büküm təqdim etmişdir. Götürülmüş kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0.90 qram olması müəyyən edilmişdir. (i.v. 29-30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyun 2022ci il tarixli, 6/3289 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №151” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,799 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 38-41); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 51); Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Xətai RPİ-nin 36-cı PB-dən daxil olmuş üzərində “PRİNCO” yazısı olan ağ rəngli DVD-R formatındakı diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki açıq qəhvəyi rəngli şalvarın sağ yan cibində olan pul kisəsinin daxili sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim etmiş, içərisində heroin adlanan narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra təqdim olunan narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,90 qram olması müəyyən edilmişdir. Həmin büküm zərfə qoyularaq möhürlənmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən hər hansı əşya və predmet aşkar edilməmişdir (i.v. 70-71); qətimkan tədbirinin seçilməsi barədə 12 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən azad olunmuş, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır ( i.v. 72); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 2800 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Amnistiya Qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir ( i.v. 85-86); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-51/2018 saylı, 02 fevral 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri (köhnə redaksiyada) ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla cərimə cəzası yüngülləşdirilərək üzərində 2800 (iki min səkkiz yüz) manat cərimə cəzası saxlanılmışdır (i.v. 88-92); Amnistiya aktının tətbiq edilməsi barədə 02 dekabr 2021-ci il tarixli qərardan görünür ki, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 3391 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 109- 110); Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 22 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3289 nömrəli rəyi sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3391 nömrəli rəyi və şahidlərin ifadələri iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroinin çəkisinin ekspert rəyinə uyğun götürülməsi və 0,799 qram hesab edilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,799 qram olan narkotik vasitə olan heroinin maddi sübut kimi tanınması və qalıq qalmış 0,749 qram çəkidə narkotik vasitə olan heroinin saxlanması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən materialın ayrılmaqla icraata qəbul edilməsi və qərarın surətinin əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsindən ötrü Xətai RPİ-nin 36-cı PB-yə göndərilməsi qərara alınmışdır ( i.v. 112-118); İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Xətai Rayonu İcra Hakimiyyəti Xətai Rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 85 saylı Mənzil Kommunal İstismar sahəsinin 603 nömrəli, 5 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə prospekti, ev 63, mənzil 104 ünvanında qeydiyyatsız olaraq yaşayır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki açıq qəhvəyi rəngli şalvarın sağ yan cibində olan pul kisəsinin daxili sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim etməsi, içərisində heroin olduğunu bildirməsi, bundan sonra təqdim olunan narkotik vasitənin elektron tərəzidə çəkilməsi və çəkisinin 0,90 qram olması, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,799 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını və əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətdə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,749 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-454/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-454/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver