Məhkəmə qərarları › İş №1(011)-455/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-455/2024

11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-455/2024 11.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1963-cü ildə Ağdərə rayonu, Ağdərə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barədə verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinib, təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu və məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilmədiyi və götürülmədiyi halda, yenidən qəsdən cinayət törətmək qərarına gələrək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə, onun etibarını qazanmış tanışı Zərərçəkmiş şəxs1 övladı Şahid4 qanuni qaydada tələbə kimi Gəncə Dövlət Universitetinin Tarix fakültəsinə qəbul edilməsində kömək edəcəyini yalandan vəd edib aldadaraq, öz hərəkətlərinə inandırmaq və zərərçəkmiş şəxsi arxayın etmək üçün 23 may 2023-cü il tarixdə saat 12 radələrində ünvan 2 ünvanında yerləşən 36 saylı notariat ofisində formal olaraq kredit (borc) müqaviləsi tərtib etmək yolu ilə 35.000 manat pulunu nağd şəkildə alıb ələ keçirməklə öz şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 övladı Şahid3 qanuni qaydada daxili işlər orqanlarında xidmətə qəbul olunmaqla Kəlbəcər RPŞ-nin PPX-nin polis nəfəri vəzifəsinə təyin olunmasında kömək edəcəyini yalandan vəd edib aldadaraq, 25 may 2023-cü il tarixdə istintaqla müəyyən edilməmiş vaxtda ünvan 2 ünvanında yerləşən 36 saylı notariat ofisinin qarşısında cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs1 vasitəsilə 12.000 manat pulunu nağd şəkildə alıb ələ keçirməklə öz şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə uzaq qohumdur, münasibətləri normal olub, aralarında ədavət və düşmənçilikləri olmamış, həqiqətən də Zərərçəkmiş şəxs1 35.000 manat pul və 12.000 manat pul almış, lakin Dəmirdən pulu uşağını universitetə və qardaşı oğlunu polisə düzəltmək üçün yox, borc olaraq almışdır. Zərərçəkmiş şəxs1 ona demişdir ki, 5 ildir uşağı universitetə hazırlaşır. O isə bildirmişdir ki, əvvəllər müəllim işləyib, ixtisas seçimlərində iştirak edib, xarici ölkələrə tələbə qəbulu ilə bağlı işlərlə məşğul olur. O Zərərçəkmiş şəxs1 demişdir ki, əgər uşaq bal toplasa, ona köməklik edə bilər, lakin Dəmirdən götürdüyü borc pulun bu işə heç bir aidiyyəti yoxdur. Elə oldu ki, uşaq 5 bal topladı, o da Zərərçəkmiş şəxs1 demişdir ki, uşağı Türkiyə Respublikasına göndərə bilər. Lakin Zərərçəkmiş şəxs1 demişdir ki, pulu yoxdur. O da Dəmirə demişdir ki, onda olan borcdan ödəyə bilər, yol pulunu verə bilər, 1 ildən sonra isə Türkiyədən Gəncəyə köçürmə edər. Lakin Zərərçəkmiş şəxs1 bununla razılaşmamışdır və borcun qaytarılmasını tələb etmişdir. O həmin borcdan 3000 manat qaytarmışdır və Dəmirlə danışaraq bu ay ərzində pulun qalanını qaytaracağını bildirmişdir. Digər epizodla bağlı qeyd etmişdir ki, 2 dəfə polisə müraciət edib rəsmi olaraq ərizə yazmışdır. Lakin bildirmişdirlər ki, oğlanın boyu 1.80 smdən aşağı olduğu üçün qəbul edə bilməzlər. Daha sonra o xahiş etmişdir və ASAN xidmətdən gedib arayış almışdır ki, oğlanın boyu 1.80 smdən yuxarıdır. Daha sonra o Daxili İşlər Nazirliyinə ərizə yazıb müraciət etmişdir, onlar da bildirmişdirlər ki, həmin şəxs gəlsin, lakin oğlan özü getməmişdir. O özü də bununla bağlı oğlanın atasına dəfələrlə zəng etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun əsl niyyətini pərdələmək üçün aldığı pula dair notarial şəkildə borc müqaviləsi bağlaması, özünü təqsirli bilməyərək məhkəmə iclasında verdiyi ifadəsi özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Ağcabədi rayonu Qaravəlli kənd sakini Şahid2 uşaqlıq vaxtından tanıyır, yaşadıqları kəndlər də qonşu kəndlərdir, ancaq onun qardaşı İlqarı əvvəllər tanımamış, Rəhimlə söhbət edən zaman ona oğlu Turalı universitetə düzəltmək istədiyini demiş, o da “qardaşım İlqarın arvadı universitetdə müəllim işləyir, ona deyərik düzəldər” deyə bildirmiş, sonra, yəni 16 may 2023-cü il tarixdə Rəhim, İlqar və İlqarın oğlu Sənan onların evinə gəlmiş və İlqar ona “arvadım universetdə müəllimə işləyir, özüm isə universitetə qəbul işi ilə məşğul oluram” demiş, aralarında olan söhbət zamanı İlqar ona “35.000 manat pul versən, oğlunu Gəncə Dövlət Universitetinin Tarix fakültəsinə tələbə düzəldə bilərəm” demiş, o da razılaşmış və 16 may 2023-cü il tarixdə yaşadığı evdə 35.000 manat pul düzəldib bacısı X5, Şahid2 və İlqarın oğlu Sənanın yanında İlqara inanmadığı üçün qardaşı Şahid2 vermiş, pul da Rəhimdə qalmış, söhbət zamanı İlqar ona “gedək Bakı şəhərində işi düzəldən yoldaşımı sənə göstərəcəm, onunla da danışarsan” demiş, buna görə də 23 may 2023-cü il tarixdə oğlu Tural, bacısı və Rəhimlə birlikdə İlqarın yaşadığı Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrosunun yanında yerləşən yeni tikilmiş binanın 11-ci mərtəbəsində olan mənzilinə getmiş, orada söhbət zamanı İlqar yenə onlara oğlunu universitetə düzəldəcəyini söz vermiş, ancaq İlqarın nə arvadı, nə də oğlu evdə olmamış, orada Rəhim 35.000 manat pulu İlqara vermiş, İlqar da pulu götürmüş, sonra Rəhim ona “əgər inanmırsansa gedək notariusla borc müqaviləsi yazdırın” demiş, buna görə də 36 saylı notariat ofisinə gedərək orada İlqara 35.000 manat pul verməyi ilə bağlı borc müqaviləsi yazmış və xüsusi notarius müqaviləni təsdiq etmiş, sonra rayona qayıtmışlar. Bundan başqa, qardaşı oğlu Şahid3 da polisə düzəltmək istəmiş, həmin işi də İlqardan xahiş etmək üçün ona zəng edib qardaşı oğlunu polisə düzltməsini xahiş etmiş, İlqar da ona “general tanışı var, ona deyərəm düzəldər” deyərək ondan bunun üçün 12.000 manat pul istəmiş, o da həmin pul müqabilində qardaşı oğlunu Kəlbəcər RPŞ-də PPX-də polis nəfəri vəzifəsinə düzəldəcəyini vəd etmiş, o da qardaşı Qiyasla danışmış və ona 12.000 manat pul müqabilində Rəhimin qardaşı X4 RPŞ-nin PPX-də polis nəfəri vəzifəsinə düzəldə biləcəyini demiş, o da razılaşmış və 25 may 2023-cü il tarixdə 12.000 manat pulu aparıb ona vermiş, o da həmin gün İlqarla zəngləşib 12.000 manat pulu götürüb 25 may 2023-cü il tarixdə Bakı şəhərinə gəlmiş və Nərimanov rayonu ərazisində 36 saylı Notariat ofisinin yaxınlığında İlqarla görüşmüş və həmin gün 12.000 manat pulu oğlu Turalın yanında İlqara vermiş, o da verdiyi vədi yerinə yetirəcəyinə söz vermiş, həmin vaxtı notariusa rüsum ödəməmək üçün bir də notariusa getməmiş, pulu verəndən sonra oğlu və bacısı ilə birlikdə rayona qayıtmış, bir müddət sonra İlqar ona İqbalın hərbi biletinin şəklini ona göndərməsini xahiş etmiş, o da hərbi biletin şəklin çəkib İlqara göndərmiş, lakin sonra İlqar nə oğlunu universitetə düzəltmiş, nə də ki, qardaşı oğlunu işə düzəltmişdir. Verdiyi 35000 manatdan cəmi 3000 manatını qaytarmışdır. Bu barədə Kəlbəcər Rayonuna səfər edən ölkə Prezidenti cənab İlham Əliyevə də görüş zamanı şəxsən məlumat vermişdir. Odur ki, Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şahid2 bir neçə ildir ki, tanıyır, yaşadıqları kəndlər də qonşu kəndlərdir, ancaq onun qardaşı İlqarı əvvəllər tanımamış, oğlu İqbal 2023-cü ilin yanvar ayında həqiqi hərbi xidmətinin başa vurub geri qayıtmış, İqbal polisdə xidmətə qəbul olmaq istəmiş, həmin vaxtı da qardaşı Dəmir ona Rəhimin qardaşı İlqarın geniş əlaqələrinin olduğunu, oğlunu universitetə qəbul etdirəcəyini, bunun üçün ona 35.000 manat pul verdiyini, İqbalı da polisə düzəltmək üçün onlara kömək edə biləcəyini demiş, sonra Dəmir özü İlqarla danışmış və ona İlqarın oğlunun polisə qəbul olunmasına köməklik etməsi müqabilində 12.000 manat pul istədiyini, onun general tanışının olduğunu, həmin generala deyəcəyini, generalın bu işdə onlara köməklik edəcəyini demiş, o da 12.000 manat pul düzəldib Dəmirin yaşadığı Bərdə rayonu Ləmbəran kəndində Dəmirə vermiş, Dəmir də 25 may 2023-cü il tarixdə 12.000 manat pulu götürüb Bakı şəhərinə getmiş və sonra kəndə qayıdıb 12.000 manat pulu İlqara verdiyini demiş, bir müddət sonra Dəmir ona İlqarın İqbalın hərbi biletinin şəklini ona göndərməklərini istədiyini demiş, buna görə də hərbi biletin şəklin çəkib Dəmirin telefonundan “Watsapp Messenger” proqramı vasitəsilə İlqara göndərmiş, lakin sonra İlqar İqbalın işə düzəlməsinə kömək etməmiş və pullarını da indiyə qədər geri qaytarmamışdır. Ona dəyən zərər ödənilməişdir. Bu barədə Kəlbəcər Rayonuna səfər edən ölkə Prezidentinə də şəxsən məlumat vermişdir. Odur ki, Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağcabədi rayonu Qaravəlli kənd sakini Şahid2 uşaqlıq vaxtından tanıyır, yaşadıqları kəndlər qonşu kəndlərdir, ancaq onun qardaşı İlqarı əvvəl tanımsmış, qardaşı Dəmir Rəhimlə söhbət edən zaman Dəmir ona oğlu Turalı universitetə düzəltmək istədiyini dediyi üçün Rəhim də Dəmirə qardaşı İlqarın arvadının universitetdə müəllim, oğlu Sənanın da Dövlət İqtisad Universitetində işlədiyini İlqara deyərək uşağı universitetə düzəldə biləcəyini demiş, sonra, yəni xx.xx.2023-cü il tarixdə Rəhimin təşkilatçılığı ilə İlqar, oğlu Sənan onların evinə gəlmiş və İlqar onlara arvadının universetdə müəllimə işlədiyini, özünün isə universitetə qəbul işi ilə məşğul olduğunu demiş, söhbət zamanı İlqar Dəmirə “35.000 manat pul versən uşağı Gəncə Dövlət Universitetinin Tarix fakültəsinə tələbə düzəldə bilərəm” demiş, onlar da razılaşmış və 23 may 2023-cü il tarixdə yaşadıqları evdə Dəmir 35.000 manat pul düzəldib, onun, Şahid2 və İlqarın oğlu Şahid5 yanında Təqsirləndirilən şəxs vermiş, orada X7 “əgər inanmırsansa gedək notariusla borc müqaviləsi yazdırın” demiş, söhbət zamanı İlqar ona “gedək Bakı şəhərində işi düzəldən adamı sənə göctərəcəm” desə də sonra Dəmir İlqarla birlikdə Bakı şəhərinə gəlmiş, lakin sonra isə burada həmin şəxslə gösrüşməyin alınmadığını demiş, Dəmir İlqarla Bakı şəhəri 36 saylı Notariat ofisində görüşmüş və ona 35.000 manat pul verməsii ilə bağlı notariusda borc müqaviləsi yazılmış, sonra da Dəmir rayona qayıtmışdır. Bundan başqa, qardaşı oğlu Şahid3 polisə düzəltmək istəmiş, həmin işi də İlqardan xahiş etmək üçün Dəmir ona zəng edib qardaşı oğlunu polisə düzltməsinə kömək etməsini xahiş etmiş, İlqar da ona “general tanışı var, ona deyərəm düzəldər” demiş və bunun üçün onlarda 12.000 manat pul istəmiş, həmin pul müqabilində qardaşı oğlunu Kəlbəcər RPŞ-də PPX-də polis nəfəri vəzifəsinə düzəldəcəyini demiş, Dəmir də qardaşı Qiyasla danışmış və ona 12.000 manat pul müqabilində Rəhimin qardaşı X4 RPŞ-nin PPX-də polis nəfəri vəzifəsinə düzəldə biləcəyini demiş, Qiyas da razılaşmış və oğlunu polisə düzəltmək üçün İlqara vermək məqsədilə 12.000 manat pulu gətirib evdə Dəmirə vermiş, sonra Dəmir İlqarla zəngləşib danışmış və 25 may 2023-cü il tarixdə 12.000 manat pulu götürüb Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 36 saylı Notariat ofisinin yaxınlığında İlqarla görüşərək 12.000 manat pulu oğlu Turalın yanında İlqara vermiş, İlqar da verdiyi vədi yerinə yetirəcəyinə söz vermiş, pulu verəndən sonra Dəmirlə oğlu Tural rayona qayıtmış, ancaq sonra İlqar nə Turalı universitetə düzəltmiş, nə də ki, İqbalı işə düzəltmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 bir neçə ildir ki, tanıyır, normal münasibətləri olmuş, 2022-ci ilin avqust ayında Qaravəlli kəndində sahədə yonca sulayarkən Dəmir yoldan keçən zaman avtomobili saxlayıb onunla görüşmüş və ondan “Rəhim deyillər sənin qardaşın iş görəndir” deyə soruşmuş, onun nə demək istədiyini tam başa düşməsə də cavab olaraq qardaşı İlqarın ev alıb satdığını, müəllim olduğu üçün universitetə, kolleclərə abituriyent hazırladığını demiş, aralarında olan qısa söhbətdən sonra Dəmir öz avtomobilinə əyləşib getmiş, bundan 1 il sonra eşitdiyinə görə Dəmirin İlqarla danışdığını, ancaq onun xəbərinin olmadığını, 2023-cü ildə Dəmir yanına gəlib ona “uşağı universitetə düzəltmək üçün İlqara 35.000 manat pul vermişəm, işimi həll eləmir” demiş, İlqarla da bu barədə danışanda o, Dəmirdən notariusla pul borc aldığını demiş, bundan sonra Dəmir bir neçə dəfə onların evinə gələrək pulu ondan istəmiş, o da Dəmirə “bir də bizim evə gəlmə, gəlsən səndən şikayət edəcəm” demiş, Dəmir isə onu hədələyərək İlqarın onun pulunu yediyini demiş, o da Dəmirə “gərək sən ona pul verməyəydin” demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ağcabədi rayonu Qaravəlli kənd sakini Şahid2 Nədulla oğlunun adını eşitsə də onu tanımamış, onun qardaşı İlqarın adını isə ümumiyyətlə eşitməmiş, 2023-cü ilin yanvar ayında həqiqi hərbi xidmətini başa vurub geri qayıtmış və polisdə xidmətə qəbul olmaq istəmiş, həmin vaxtı da əmisi Dəmir onlara Rəhimin qardaşı İlqarın geniş əlaqələrinin olduğunu, əmisi oğlunu universitetə qəbul etdirəcəyini, bunun üçün ona 35.000 manat da pul verdiyini, onu da polisə düzəltmək üçün onlara kömək edə biləcəyini demiş, sonra əmisi Dəmir özü İlqarla danışmış və onlara İlqarın onun polisə qəbul olunmasına köməklik edə biləcəyini, bunun üçün 12.000 manat pul istədiyini, İlqarın “general” tanışının olduğunu, İlqarın ona deyəcəyini və “general”ın bu işdə onlara köməklik edəcəyini demiş, atası da 12.000 manat pul düzəldib əmisi Dəmirin yaşadığı Bərdə rayonu Ləmbəran kəndində ona vermiş, Dəmir də 25 may 2023-cü il tarixdə 12.000 manat pulu götürüb Bakı şəhərinə getmiş və sonra kəndə qayıdıb 12.000 manat pulu İlqara verdiyini demiş, bir müddət sonra Dəmir onlara İlqarın ondan hərbi biletinin şəklini ona göndərməsini istədiyini demiş, buna görə də hərbi biletin şəklin çəkib əmisi Dəmirin telefonundan “Watsapp Messenger” proqramı vasitəsilə İlqara göndərmiş, lakin sonra İlqar onu işə düzəlməyinə kömək etməmiş və pullarını da indiyə qədər geri qaytarmamışdır. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən DİN-in DQ-nın N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdədir, Ağcabədi rayonu Qaravəlli kənd sakini Şahid2 Nədulla oğlunun qonşu kəndçi kimi tanımış, ancaq İlqarı əvvəllər tanımamış, 2022ci ildə Bərdə rayonu Ləmbəran kəndində yerləşən Kəlbəcər rayonu 39 saylı Tam orta məktəbinin 11-ci sinfini bitirmiş, atası Dəmir qonşu kəndçiləri Rəhimlə söhbət edən zaman sonuncuya onu universitetə düzəltmək istədiyini demiş, o da atasına “qardaşım İlqarın arvadı universitetdə müəllim işləyir, ona deyərik düzəldər” demiş, sonra, yəni 16 may 2023-cü il tarixdə Rəhim, İlqar və İlqarın oğlu Sənan onların evinə gəlmiş və İlqar atasına “arvadım universetdə müəllimə işləyir, özüm isə universitetə qəbul işi ilə məşğul oluram” demiş, söhbət zamanı o, atasına “35.000 manat pul versən, oğlunu Gəncə Dövlət Universitetinin Tarix fakültəsinə tələbə düzəldə bilərəm” demiş, atası da qardaşı Rəhimə görə ona inanmış və onunla razılaşmış, 16 may 2023-cü il tarixdə yaşadıqları evdə atası 35.000 manat pulu onun, bibisi X5 və İlqarın oğlu Sənanın yanında Şahid2 vermiş, həmin vaxtı pul Rəhimdə qalmış, atası Rəhimə “İlqara inanmıram, gedək onun arvadı ilə görüşək” demiş, 23 may 2023-cü il tarixdə Rəhim, bibisi Qəmər, atası ilə birlikdə Bakı şəhərinə gəlmiş, İlqarın Bakı şəhəri H.Aslanov metrosunun yanında yeni tikilmiş binanın 10-cu mərtəbəsinə yerləşən mənzilinə getmiş və orada İlqarla söhbət etmiş, yanında Rəhim pulu İlqara vermiş, orada Rəhim atasına “əgər etibarın yoxdursa gedək notariusla borc müqaviləsi yazdıraq” demiş, buna görə də 23 may 2023-cü il tarixdə Bakı şəhəri 36 saylı Notariat ofisində İlqara 35.000 manat pul verməyi ilə bağlı borc müqaviləsi yazılmış, sonra birlikdə rayona qayıtmışlar. Bundan başqa, əmisi Şahid3 da polisə düzəltmək istədiyi üçün həmin işi də atası İlqardan xahiş etmək üçün ona zəng edib İqbalı polisə düzltməsini xahiş etmiş, o da atasına “general tanışı var, ona deyərəm düzəldər” demiş və bunun üçün atasından 12.000 manat pul istəmiş, həmin pul müqabilində İqbalı Kəlbəcər RPŞ-də PPX-də polis nəfəri vəzifəsinə düzəldəcəyini vəd etmiş, atası əmisi Qiyasla danışmış və ona 12.000 manat pul müqabilində X4 RPŞ-nin PPX-də polis nəfəri vəzifəsinə düzəldə biləcəyini demiş, o da razılaşmış və 25 may 2023-cü il tarixdə 12.000 manat pulu gətirib atasına vermiş, həmin gün atası İlqarla zəngləşib 12.000 manat pulu götürüb 25 may 2023-cü il tarixdə Bakı şəhərinə gəlmiş və Nərimanov rayonu ərazisində 36 saylı Notariat ofisinin yaxınlığında İlqarla görüşmüş və həmin gün 12.000 manat pulu onun yanında İlqara vermiş, o da qısa müddətdə İqbalı işə düzəldəcəyini demiş, həmin vaxtı notariusa rüsum ödəməyin dərdindən bir də notariusa getməmiş, çünki əvvəlki pulu verəndə atası notariusa 300 manat rüsum ödəmiş, pulu verəndən sonra rayona qayıtmış, bir müddət sonra İlqar atasına İqbalın hərbi biletinin şəklini ona göndərmiş, o da hərbi biletin şəklin çəkib İlqara göndərmiş, lakin sonra İlqar nə onu universitetə düzəltmiş, nə də ki, əmisi oğlunu işə düzəltmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2023-cü ilin təxminən iyul ayında tanımış, onu indiyə kimi 1 dəfə görmüş, belə ki, 2023-cü ilin iyul ayında atası İlqarla əmisi X2 yas mərasiminə getmiş, yas mərasimindən çıxan zaman sonradan tanıdığı Zərərçəkmiş şəxs1 onlara fermasına gedib orada çay içməyi təklif etmiş, atasından həmin şəxsin kim olduğunu soruşduqda atası həmin şəxsin adının Dəmir olduğunu, qohum olduqlarını demiş, dəqiq ünvanını bilmədiyi ərazidə yerləşən fermaya getmiş, orada atası çay içmiş və Dəmir atasına süd-qatıq məhsulları pay vermiş, bundan sonra çıxıb oradan Bakı şəhərinə gəlmiş, ondan başqa, Dəmiri heç vaxt görməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 17 aprel 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir; (i.v. 1) - 23 may 2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs notariusun bankda açılan depozit hesabı vasitəsilə 35000 manat məbləğində pul borc vermiş, Təqsirləndirilən şəxs krediti 23 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 23 may 2024-cü il tarixinədək öhdəsinə götürmüşdür; (i.v. 11) - 19 aprel 2024-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində tanınmışdır; (i.v.28) - 19 aprel 2024-cü il tarixli “USB” yaddaş kartının könüllü təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi Təqsirləndirilən şəxs səs yazısı və video görüntülərinin əks olunduğu 01 ədəd USB yaddaş kartını götürüb cinayət işi üzrə materiallara əlavə etmişdir; (i.v.37) - İstintaq zamanı Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd “USB” yaddaş kartına yazılmış videogörüntülərə məhkəmə iclasında baxış keçirilmiş və baxış zamanı Zərərçəkmiş şəxs1 və Şahid1 Təqsirləndirilən şəxs ilə Şahid4 Gəncə Dövlət Universitetinə Təqsirləndirilən şəxs tərəfindən qəbul edilməsinə köməklik göstəriləcəyinə, əks halda 35.000 manat pulun geri qaytarılacağına dair aralarında danışığın olmasını, habelə Təqsirləndirilən şəxs pul saymasını əks etdirən videogörüntülərin olması müəyyən edilmişdir. Buna görə də Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd “USB” yaddaş kartı maddi sübut növü kimi tanınaraq cinayət işi üzrə materiallara əlavə edilmişdir; (i.v.39-40) - 15 may 2024-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınmışdır; (i.v.62) - 20 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardn görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur; (i.v.92) - 20 may 2024-cü il tarixli ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan olunması haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə xx.xx.1963-cü il tarixdə Ağdərə rayonu Ağdərə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaq atası, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 310 və 66.3-cu maddələri ilə təqsirli bilinib 05 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu azad edilmiş, Bakı şəhəri ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittihamı elan etmək üçün barəsində axtarış elan olunmuş, yeri müəyyən olunduqdan sonra tutularaq Bakı şəhər Səbail RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır; (i.v.94) - 20 may 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə icraat dayandırılmışdır; (i.v.96) - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 5(009)-2965/2024 saylı, 21 may 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 303-57- 67, 055 217-08-58, 070 317-08-58, 070 535-31-11, 070 603-57-67, 070 ***-**-** və 070 ***-**-** saylı mobil nömrələrə 1 aprel 2023-cü il tarixdən 1 iyul 2023-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, zəng edən və edilən nömrələrin apardıqları telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatları, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahibinə dair məlumatların və mobil nömrə "Daşınma xidmətindən istifadə olunduğu halda həmin məlumatlar "Bakcell", "Azercell” və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır; (i.v.99) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 24 may 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən xx.xx.1963-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində, xx.xx.2024-cü il tarixdə açılmış 115070/24 saylı axtarış işi üzrə ƏAT-nin keçirilməsi məqsədi ilə 34-cü PŞ-nə həvalə edilmişdir; (i.v.106) - 29 may 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir; (i.v.107) - 30 may 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə icraat dayandırılmışdır; (i.v.119) - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 31 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1 və 311.1-ci maddələri ilə təqsirli bilinib 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2008-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 310 və 66.2-ci maddələri ilə təqsirli bilinib 05 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir;(i.v.121-123) - 07 iyun 2024-cü il tarixli təqsirini boynuna almaqla könüllü gəlmə protokolundan görünür ki, xx.xx.1963-cü il tarixdə Ağdərə rayonu Ağdərə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaq atası, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 310 və 66.3-cu maddələri ilə təqsirli bilinib 05 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu azad edilmiş, ünvan 6-da qeydiyyatda olmaqla daimi yaşadığı yer olmayan Təqsirləndirilən şəxs DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə könüllü gələrək istintaqda iştirak etmək istədiyini bildirmişdir; (i.v.125) - 07 iyun 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir; (i.v.126) - 08 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlanma yerindən azad edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.1963-cü il tarixdə Ağdərə rayonu Ağdərə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İşləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 310 və 66.3-cu maddələri ilə təqsirli bilinib 05 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu azad edilmiş, Bakı şəhəri Nərimanov rayonu Malik Məmmədov keçəsi, ev 11, mənzil 11A-da qeydiyyatda olmaqla daimi yaşayış yeri olmayan, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır; (i.v.160-161) - 08 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə - xx.xx.1963-cü il tarixdə Ağdərə rayonu Ağdərə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 310 və 66.3-cu maddələri ilə təqsirli bilinib 05 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu azad edilmiş, Bakı şəhəri Nərimanov rayonu Malik Məmmədov keçəsi, ev 11, mənzil 11A-da qeydiyyatda olmaqla daimi yaşayış yeri olmayan, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; (i.v.165-166) - "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk maddi sübut növü kimi tanınaraq cinayət işi üzrə materiallara əlavə edilmişdir; (i.v.172) - 11 iyun 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı diskin içərisində 5 ədəd faylın olduğu müəyyən edilmiş, birinci faylın adı "**********sms"-dir, həmin fayla baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən sms müəyyən edilməmişdir. İkinici faylın adı "**********67"-dir, həmin fayla baxış keçirilən zaman ********* saylı nömrənin Təqsirləndirilən şəxs aid olması müəyyən edilmişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən sms müəyyən edilməmişdir. Üçüncü faylın adı "**********58"-dir, həmin fayla baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan **********8 saylı GSM nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ********* saylı GSM nömrə arasında danışıqların olması müəyyən edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 11:15:48-də, xx.xx.2024-cü il tarixdə saat 11:08:27-də, həmin gün saat 11:24:11-də, xx.xx.2024-cü il tarixdə saat 10:37:46-da, həmin gün saat 10:53:01-də, saat 11:00:19-da, xx.xx.2024-cü il tarixdə saat 21:25:25-də **********8 saylı GSM nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ********* saylı GSM nömrə arasında danışıqlar olmuşdur. Dördüncü faylın adı "abunəçilər"dir. Həmin faylda ********** saylı GSM nömrənin Şahid5, ********* saylı nömrənin isə Zərərçəkmiş şəxs1 adına olması müəyyən edilmişdir. Beşinci faylın adı "antenna"dır. Həmin faylda **********67 saylı nömrənin ********* saylı nömrə ilə danışan zaman Təqsirləndirilən şəxs Bakı şəhəri, Şərifzadə küçəsi 10, Onkoloji Mərkəz, Bakı şəhəri, Xətai rayonu, N.Tusi kuçəsində ünvanında yerləşən anten dairəsində olmuşdur; (i.v.173) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 1(011)-7/2017 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 oktyabr 2014-cü tarixindən 11 oktyabr 2014-cü il tarixinədək şübhəli şəxs kimi saxlanıldığı 01 (bir) gün müddət nəzərə alınaraq ona təyin edilmiş. 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərinə, qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən (azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan), yəni 05 aprel 2017ci il tarixindən hesablanması hökm edilmişdir; (i.v.179-186) - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2017-ci il tarixli, 1(103)-1856/2017 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 1(011)-7/2017 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 1(011)-7/2017 saylı hökmü Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi hissəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 oktyabr 2014-cü il tarixdən 11 oktyabr 2014-cü il tarixədək 01 (bir) gün şübhəli şəxs qismində tutulma müddəti təyin olunmuş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır; (i.v.187-190) - 37 saylı MKİS tərəfindən verilmiş 21 iyun 2024-cü il tarixli, 047623 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən M.Məmmədov küçəsi 11, özbaşına tikilidə pasport qeydiyyatındadır; (i.v.193) - 37 saylı MKİS tərəfindən verilmiş 21 iyun 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, 1963-cü il tarixdə Ağdərə rayonunda anadan olmuş, azərbaycanlı, ali təhsilli, Təqsirləndirilən şəxs xidməti ərazi olan ünvan 6 ünvanında 2005-ci ildən 3 nəfər ailə tərkibi ilə birlikdə yaşayır. Yaşadığı müddətdə onun və ailəsinin barəsində istər hüquq mühafizə orqanları, istərsə də qonşuları tərəfindən 37-saylı Mənzil Kommunal İstismar sahəsinə heç bir şikayət və təqsirləndirici material daxil olmamışdır; (i.v.194) - Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin 22 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 2023-cü ildə Azərbaycan Respublikası ərazisində taxta-şalban biznesi ilə məşğul olmaması, və Rusiya Federasiyası Mariel Respublikası, Yoşkar-Ola şəhərində Saşa, Aleksey adlı şəxslərə ona taxta-şalban materialları göndərməsi üçün pul verib verməməsi müəyyən olunmamışdır; (i.v.196) - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8n məlumatın təqdim edilməsi barədə 25 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X8nin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən qeyd olunan şəxslərin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir; (i.v.197) - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli, 1(001)- 57/2018 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən «03» (üç) il 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 310-cu maddəsinə əsasən “02” (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq, Təqsirləndirilən şəxs üzərində «05» (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)1856/2017 saylı, 20 dekabr 2017-ci il tarixli qərarı ilə təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmış və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqndan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı «05» aprel 2017-ci il tarixdən hesablanması hökm edilmişdir; (i.v.201-241) - 05 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur; (i.v.264-265) - X1 Sisteminin 17 iyul 2024-cü il tarixli məlumatın göndərilməsi haqqında məktubdan görünür ki, Təqsirləndirilən şəxs (FİN:4H034H6) fərdi sahibkar (fiziki şəxs) qismində vergi orqanında uçotda olması, habelə hər hansı müəssisəni təsis etməsi barədə məlumat aşkar edilməmişdir; (i.v.285) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 tərəfindən verilmiş 18 iyul 2024-cü il tarixli 8950 №-li məktubdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü, ünvan 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. (i.v. 288) Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri zərərçəkmiş şəxslər, şahidlərin ifadələri və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.2- 1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olmasını iş üzrə cəzanı yüngülləşdirən və cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli şəxsin bilavasitə tutulduğu tarixdən hesablanmalıdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, 07-08 iyun 2024-cü il tarixlərdə tutulduğu 2 gün cəza müddətinə hesablanmaqla, cəzasının əvvəli 11 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilməli, o, məhkəmə zalında həbsə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd disk və bir ədəd USB yaddaş kartı cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 34 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 2 (iki) gün azadlıqdan məhrum etmə cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 11 oktyabr 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – bir ədəd disk və bir ədəd USB yaddaş kartı cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 34 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar