Məhkəmə qərarları › İş №1(011)-458/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-458/2021

17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-458/2021 17.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 5,325 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda təmiz çəkisi 2,662 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində və icarə qaydasında yol vərəqəsi əsasında idarə etdiyi “Kia Forte” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində saxlayaraq Bakı şəhəri, Xətai rayonu, Şahid1 küçəsi 6 ünvanının qarşısına daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatı əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 16 iyul 2021-ci il tarixdə saat 17:30-da ünvan 4 ünvanda idarə etdiyi “Kia Forte” markalı nəqliyyat vasitəsinin yanında olan zaman saxlanılıb nəqliyyat vasitəsi ilə birlikdə ünvan 5 ünvanında yerləşən Xətai RPİ-nin 36-cı Polis bölməsinə gətirilmiş, polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilən zaman əynindəki tünd boz rəngli şalvarın sol arxa cibindən 01 ədəd kibrit qutusunda 05 ədəd salfet kağızı bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,361 qram, 0,301 qram, 0,265 qram, 0,417 qram və 0,456 qram olmaqla ümumi təmiz çəkisi 1,800 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmçinin 16 iyul 2021-ci il tarixdə saat 20:30-da Polis Bölməsinin həyətində idarə etdiyi “Kia Forte” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilən zaman nəqliyyat vasitəsinin sürət qutusunun yanındakı su qabı yerindən 01 ədəd kibrit qutusunda 2,537 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd salfet kağızı bükümünün arasında 04 ədəd salfet kağızı bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,231 qram, 0,246 qram, 0,279 qram və 0,232 qram olmaqla ümumi təmiz çəkisi 3,525 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd üzərində “Sobranie” sözü yazılmış ağ rəngli siqaret qutusunda 02 ədəd qızılı rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,738 qram və 0,924 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 2,662 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin əvvəllərindən narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrdən nəşə və metamfetamindən istifadə edir. Narkotik vasitələri müxtəlif şəxslərdən əldə edib qəbul edir. Aydın adlı dostunun sürücülük vəsiqəsi olmadığından sonuncu onun sürücülük vəsiqəsi ilə icarəyə avtomobil götürməyi təklif etmişdir. 2021-ci ilin iyul ayının ortalarında Əhmədli qəsəbəsində yerləşən tanışlarının vasitəsi ilə tanıdığı “Rent A Car”dan dostu Aydınla birlikdə bir günlük icarəyə “Kia Forte” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobil götürmüşdür. İcarəyə götürən zaman avtomobillə qəza törətdikləri üçün avtomobil əzilmişdir. Buna görə də avtomobilin sahibi onlara avtomobili düzəltdirməyi tapşırmış və ona yenidən yol vərəqəsi vermişdir ki, gedib avtomobili düzəltdirsin. Avtomobili onun sürücülük vəsiqəsi ilə götürsələr də, avtomobili faktiki olaraq Aydın idarə edirdi. Aydın hər gün işdə olduğundan avtomobili düzəldə bilmirdi, buna görə o özü avtomobili ustaya aparmaq qərarına gəlmişdir. 16 iyul 2021-ci il tarixdə səhər saatlarında Keşlə qəsəbəsində Aydının işlədiyi sexə gedib avtomobili ondan götürmüş, lakin işləri olduğundan ustaya gedə bilməmişdir. Bundan təxminən bir neçə gün əvvəl Günəşli qəsəbəsində Rahim adı ilə tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 90 manat qarşılığında iki ədəd kibrit qutusunda marixuana və iki ədəd qızılı rəngli bükümdə psixotrop maddə metamfetamin almışdır. Aldığı kibrit qutularının birinin içərisindəki marixuana bükümlərə ayrılmış vəziyyətdə, digər kibrit qutusundakı marixuana isə dağınıq vəziyyətdə idi, metamfetamin olan iki ədəd qızılı rəngli bükümü isə “Sobranie” markalı ağ rəngli siqaret qutusunun içərisinə qoymuşdur. Avtomobilə əyləşdikdə bir kibrit qutusu marixuananı üzərində saxlayıb, qalan narkotik vasitələri isə avtomobilin sürət qutusunun yanındakı su qabı yerinə qoymuşdur. Avtomobil ilə bir qədər gəzişdikdən sonra saat 17:30 radələrində Xətai rayonu ərazisində Həzi Aslanov metrosunun yaxınlığındakı “Bizim Market” in arxa hissəsindəki məhəllədə avtomobili saxlayaraq marketə daxil olmuşdur. Marketdən çıxan zaman tanımadığı mülki geyimli şəxslər ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu söyləyib onu yaxınlıqdakı 36-cı Polis bölməsinə dəvət etmişdirlər. Bölmədə olan zaman videoçəkilişdən istifadə edilməklə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı o, üzərindəki avtomobil açarını, 100 manat pulu və bir ədəd kibrit qutusunu cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı kibrit qutusunu açıb içərisinə baxan zaman orada beş ədəd kağız bükümün arasında narkotik vasitə marixuananın olduğunu aşkar etmişdir. Ondan həmin narkotik vasitə barəsində soruşulan zaman o, özünü müdafiə etmək üçün aşkar edilən narkotik maddənin özünə aid olmadığını söyləmişdir. Daha sonra icarə qaydasında idarə etdiyi “Kia Forte” markalı avtomobildə də eyni qaydada axtarış həyata keçirilmişdir. Axtarış zamanı avtomobilin sürətlər qutusunun yanındakı su qabı yerindən bir ədəd ağ rəngli “Sobranie” markalı siqaret qutusu, bir ədəd kibrit qutusu və dörd ədəd ağ rəngli salfet kağız bükülü aşkar edilərək götürülmüşdür. Siqaret qutusunun içərisinə baxan zaman oradan iki ədəd qızılı rəngli kağız bükülü götürülmüşdür. Kağız bükülülərin içərisinə baxdıqda isə orada metamfetamin olduğu müəyyən edilmişdir. Azyaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, ilk dəfə cinayət törətməsini məhkəmədən tərəfindən nəzərə alınmağını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin x.m.i.ü. baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru rütbəsi daşıyır. xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Ağdam şəhəri, M.Quliyev küçəsi, ev 35 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumatla bağlı keçirilən əməliyyat tədbirləri nəticəsində 16 iyul 2021-ci il tarixdə saat 17:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Şahid1 küçəsi 6 ünvanın yaxınlığında **-ZM-*** dövlət qeydiyyat nişanlı, qara rəngli “Kia” markalı avtomobilin yanında dayanan zaman saxlanılaraq Xətai RPİ-nin 36-cı PB-nə avtomobil ilə birlikdə gətirilmişdir. Təqsirləndirilən şəxs onun saxlanılmasının səbəbləri izah olunmuş və şübhəli şəxs qismində Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri barədə ətraflı məlumat verilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, bölməyə müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin, onun və BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Xətai RPİ-nin 36-cı Polis Bölməsində BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyev tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, sol arxa cibindən 1 ədəd kibrit qutusunu, 100 manat pulu və avtomobil açarını təqdim edib masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin sonuncunun üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təhqiqatçı “Samsung” markalı mobil telefonun iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürüldüyünü bildirmiş, 100 manat pulu isə Təqsirləndirilən şəxs geri qaytarmışdır. Daha sonra təhqiqatçı kibrit qutusunu açaraq içərisində 05 ədəd ağ rəngli salfetdə bükülmüş bükümlərin olduğunu aşkar etmişdir. Həmin bükümlərə baxdıqda içərisində tünd yaşıl rəngli qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin bükümlər kibrit qutusuna qoyularaq təhqiqatçı tərəfindən zərfə yerləşdirilmiş və möhürlənmişdir. Təqsirləndirilən şəxs zərfin üzərinə imza etməkdən imtina edərək narkotik vasitələrin ona aid olmadığını, təhqiqatçıdan ona kömək göstərməsini, azyaşlı uşağının olduğunu bildirmişdir. Digər iştirakçılar zərfə imza atmışdır. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs şəxsi axtarışda iştirak edən şəxsləri əvvəlcədən tanıyıb-tanımadığını, həmin şəxslərlə düşmənçilik və ya ədəvətinin olubolmadığını soruşmuşdur. Şübhəli şəxs iştirakçılardan heç birini əvvəllər tanımadığını onlarla heç bir münasibəti olmadığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edib-etməməsi barədə soruşduqda sonuncu 1-2 ay ərzində narkotik vasitə adını “nəşə, ot” kimi bildiyi marixuana və təxminən 6 ay ərzində adını “şüşə” kimi bildiyi psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir. Təhqiqatçı narkotik vasitələri haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs “Whatsapp” vasitəsi ilə ona göndərilən şəkillər əsasında onları əldə etdiyini, sonuncu dəfə təxminən bir həftə əvvəl Ramanı qəsəbəsindən şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin götürdüyünü bildirmişdir. Yekunda təhqiqatçı istintaq hərəkətinin başa çatdığını elan etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs saxlanılan zaman yanında dayandığı “Kia Forte” markalı avtomobilə videoçəklişdən istifadə edilməklə keçirilən baxışda iştirak etmişdir. İlkin olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyev özünü və iştirakçıları təqdim edərək şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman yanında olan “Kia” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə Xətai RPİ-nin 36-cı PB-də baxış keçirəcəyini elan etmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs avtomobilin qapısını açmağı təklif edilmişdir. Təqsirləndirilən şəxs avtomobilin ona məxsus olmadığını və Ramal adlı şəxsdən götürdüyünü bildirərək avtomobilin qapısını açmaqdan imtina etmişdir. Buna görə təhqiqatçı tərəfindən avtomobilin qabaq sol qapısı açılmışdır. Bundan sonra təhqiqatçı tərəfindən avtomobilin bütün qapılarına və arxa yük hissəsinə baxış keçirilmişdir. Arxa yük hissəsində bir ədəd çantanın olması aşkar edilmişdir. Həmin çantaya baxdıqda içində məktəb ləvazimatlarının olduğu müəyyən edilmişdir. Baxış zamanı təhqiqatçı avtomobilin qabaq sağ qapısını açmış və orada sürət qutusunun yanında su qabı qoymaq üçün nəzərdə tutulan yerdə 1 ədəd kibrit qutusu, salfet kağızına bükülmüş 4 ədəd ağ rəngli bükümlər və 1 ədəd “Sobranie” markalı siqaret qutusunun olması aşkar edilmişdir. Həmçinin orada yol vərəqəsinin olması müəyyən edilmişdir. İlk öncə kibrit qutusuna baxdıqda orada tünd yaşıl rəngli maddələrin olması müəyyən edilmişdir. Salfet kağızda olan 4 ədəd bükümlərin içərisində də həmçinin tünd yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddələrin olması müəyyən edilmişdir. Təhqiqatçı şübhəli şəxsdən axırıncı dəfə avtomobili nəvaxt idarə etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs ilkin olaraq cavabında sonuncu dəfə 4 gün əvvəl idarə etdiyini bildirsə də sonradan polis əməkdaşları tərəfindən saxlanıldığı gün avtomobili sürüb ustanın yanına apardığını bildirmişdir. Avtomobilin arxa yük hissəsində aşkar edilən çanta uşağına məxsusdur, onu oraya saxlanıldığı gün qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən narkotik vasitələrə bənzər maddələr qablaşdırılaraq zərfə qoyulmuş, Təqsirləndirilən şəxs zərfin üzərinə imza çəkməkdən imtina etsə də digər iştirakçılar imzalarını çəkmişdirlər. Daha sonra təhqiqatçı tərəfindən “Sobranie” markalı siqaret qutusunun içinə baxılmış, orada 02 ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddələrin olması müəyyən edilmişdir. Təhqiqatçı həmin bükümləri də qablaşdırmış və Təqsirləndirilən şəxs yenə də zərfin üzərinə imza çəkməkdən imtina etmişdir. Təhqiqatçı şübhəli şəxsdən avtomobili idarə edibetmədiyini soruşmuş, Təqsirləndirilən şəxs isə cavabında avtomobilin tanışı Ramal adlı şəxsə aid olduğunu, həmin avtomobili ustaya apardığını, aşkar edilən narkotik vasitələrin özünə aid olmadığını bildirmişdir. Sonuncu dəfə bir həftə əvvəl Tural adlı tanışından 20 manata metamfetamin aldığını, həmin metamfetamini artıq istifadə etdiyini, bundan sonra 2 gün əvvəl narkotik vasitə marixuana qəbul etdiyini söyləmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində Şahid1 ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 16 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında 16 iyul 2021-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonunu, sol arxa cibindən 1 ədəd kibrit qutusunu, 100 manat pulunu, sağ yan cibindən saxlanılan zaman yanında dayandığı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilinin açarını təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 100 manat özünə qaytarılsa da, 1 ədəd “Samsung” markalı mobil telefon iş üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən götürülmüşdür. Kibrit qutusuna baxış keçirilən zaman 5 ədəd ağ rəngli salfetdə bükülmüş bükümlər aşkar edilmişdir. Həmin bükümlərin hər birində tünd yaşıl rəngli qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş maddələr 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs zərfi imzalamaqdan imtina etsə də, digər iştirakçılar tərəfindən zərf imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda, 5 ədəd kağız bükümdə olan maddənin ona məxsus olmadığını, özünün 1 il 2 aya yaxındır ki, adını “nəşə, ot” kimi bildiyi narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin istifadə etdiyini bildirmişdir. Bir həftə bundan əvvəl isə Ramana qəsəbəsinə metamfetamin almaq üçün getdiyini əlavə olaraq qeyd etmişdir (i.v. 30-32); baxış keçirilməsi və götürmə aparılması haqqında 16 iyul 2021-ci il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman yanında dayandığı “Kia” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildə olan sürət qutusunun yanındakı su qabı qoymaq yerindən 1 ədəd kibrit qutusu, 4 ədəd ağ rəngli kağız büküm, 1 ədəd siqaret qutusu və yol vərəqəsi aşkar edilmişdir. Kibrit qutusuna və 4 ədəd kağız bükümə baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən edilmiş, siqaret qutusunun içərisindəki 2 ədəd qızılı rəngli kağız bükümə baxış keçirilən zaman içərilərində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş maddələr 2 ədəd zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs zərfi imzalamaqdan imtina etsə də, digər iştirakçılar tərəfindən zərf imzalandıqdan sonra götürülmüşdür (i.v. 34-35); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2021-ci il tarixli, 7/678 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda 5 ədəd kağız bükümdə qurudulmuş marixuanaya bənzər maddə” yazıları olan zərfdə 01 ədəd kibrit qutusunda 05 ədəd salfet kağızı bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,361 qram, 0,301 qram, 0,265 qram, 0,417 qram və 0,456 qram olmaqla ümumi təmiz çəkisi 1,800 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs saxlanılan zaman yanında olduğu avtomobildən aşkar edilmiş maddə” yazıları olan zərfi açdıqda bir ədəd kibrit qutusunda təmiz çəkisi - 2,537 qram və 01 ədəd salfet kağızı bükümünün içərisində 04 ədəd salfet kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,231 qram, 0,246 qram, 0,279 qram və 0,232 qram olmaqla ümumi təmiz çəkisi 3,525 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi çəkisi – 5,325 qramdır. Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir (i.v. 41-44); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2021-ci il tarixli, 6/2922 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,738 qram və 0,924 qram olmaqla ümumi təmiz çəkisi 2,662 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Bir ədəd siqaret qutusunun içərisində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəciklər cuzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-nin siyahısına (Siyahı İ) daxildir (i.v. 46-51); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (i.v. 61-63); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.07.2021-ci il tarixli 4(011)-303/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 16.07.2021-ci il tarixdən hesablanmışdır (i.v.80-85); Azərbaycan Respublikası BƏSİİ-dən alınmış 03.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 91); axtarış aparılması haqqında 15 avqust 2021-ci il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2anına baxış keçirilmiş və fotoşəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə olunmuşdur (i.v. 99-102); "xxxx" MMC-nin 17 iyun 2021-ci il tarixli 013 nömrəli yol vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Kia Forte” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin yol vərəqəsi əsasında idarə etmişdir (i.v. 103); Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 207052 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 arasında 31.10.2017-ci il tarixdə nikah bağlanmış və 86 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir (i.v. 105); Ağcabədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 408270 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20.03.2020-ci il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxs, anası isə X1r (i.v. 108); Bakı şəhəri Sabunçu rayon Mənzil-Kommunal İstismar Sahəsinin 12.08.2021-ci il tarixli 15 nömrəli arayış-xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 108); N saylı Hərbi hissənin komandiri polkovnik-leytenantı Səxavət Əmirov tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 28.01.2013-cü il tarixdə Ağdam SHXÇDX tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissənin 1-ci artilleriya divizionun 2-ci artilleriya batareyasında rabitə manqa komandiri vəzifəsində xidmətdə olarkən müsbət xarakterizə olunmuşdur (i.v. 117); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsinin 31.08.2021-ci il tarixli 3166 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 138-139); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 02.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs üzərində axtarış və idarə etdiyi avtomobilə baxış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd disklər maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş tədqiqatdan sonra qalıq qalan 5,125 qram qurudulmuş marixuana və 2,562 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatla bağlı barəsində cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, baxış və götürmə aparılması haqqında protokol, elektron məlumat daşıyıcılarına baxış protokolları, ekspertiza rəyləri sübut növü kimi tanınmışlar (i.v. 149-162). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.10.2021-ci il tarixli 4(011)-441/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 (on beş) gün olmaqla 03 (üç) ay 15 (on beş) gün müddətinə, yəni 31 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə istintaqı zamanı 1-ci video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, sol arxa cibindən 1 ədəd kibrit qutusunu, 100 manat pulu və avtomobil açarını təqdim edib masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir, lakin sonuncunun üzərindən heç bir əşya və ya predmet aşkar edilmir. Daha sonra təhqiqatçı “Samsung” markalı mobil telefonun iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürüldüyünü bildirir, 100 manat pulu isə Təqsirləndirilən şəxs geri qaytarır. Daha sonra təhqiqatçı kibrit qutusunu açaraq içərisində 05 ədəd ağ rəngli salfetdə bükülmüş bükümlərin olduğunu aşkar edir. Həmin bükümlərə baxdıqda içərisində tünd yaşıl rəngli qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlənin olması müəyyən edilir. Təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edib-etməməsi barədə soruşduqda sonuncu təxminən 1 il 2 ay ərzində narkotik vasitə adını “nəşə, ot” kimi bildiyi marixuana və təxminən 6 ay ərzində adını “şüşə” kimi bildiyi psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirir. Təhqiqatçı narkotik vasitələri haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs “Whatsapp” vasitəsi ilə ona göndərilən şəkillər əsasında onları əldə etdiyini, sonuncu dəfə təxminən bir həftə əvvəl Ramanı qəsəbəsindən şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin götürdüyünü bildirir. Yekunda Təqsirləndirilən şəxs protokola əlavə olaraq özünü müdafiə etmək üçün narkotik vasitələrin özünə aid olmadığını qeyd etdiyini, videoçəkiliş zamanı aşkar olunmuş narkotik vasitə marixuananın və psixotrop maddə metamfetaminin özünə aid olduğunu, onları polis əməkdaşları tərəfindən saxlanılmazdan bir neçə gün əvvəl Rahim adlı tanışından 90 manat müqabilində aldığını bildirir. Məhkəmə istintaqı zamanı 2-ci video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman yanında olan “Kia” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilir. Baxış zamanı təhqiqatçı avtomobilin qabaq sağ qapısını açır və orada sürət qutusunun yanında su qabı qoymaq üçün nəzərdə tutulan yerdə 1 ədəd kibrit qutusu, salfet kağızına bükülmüş 4 ədəd ağ rəngli bükümlər və 1 ədəd “Sobranie” markalı siqaret qutusunun olması aşkar edilir. İlk öncə kibrit qutusuna baxdıqda orada tünd yaşıl rəngli maddələrin olması müəyyən edilir. Salfet kağızda olan 4 ədəd bükümlərin içərisində də həmçinin tünd yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddələrin olması müəyyən edilir. Daha sonra təhqiqatçı tərəfindən “Sobranie” markalı siqaret qutusunun içinə baxılır, orada 02 ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddələrin olması müəyyən edilir. Təhqiqatçı şübhəli şəxsdən avtomobili idarə edib-etmədiyini soruşur, Təqsirləndirilən şəxs isə cavabında avtomobilin tanışı Ramal adlı şəxsə aid olduğunu, həmin avtomobili ustaya apardığını, aşkar edilən narkotik vasitələrin özünə aid olmadığını bildirir. Sonuncu dəfə bir həftə əvvəl Tural adlı tanışından 20 manata metamfetamin aldığını, həmin metamfetamini artıq istifadə etdiyini, bundan sonra 2 gün əvvəl narkotik vasitə marixuana qəbul etdiyini söyləyir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasının “a” bəndinə əsasən təmiz çəkisi 5,325 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 2,662 qram olan psixotrop maddə metamfetamin külli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (CM-nin 59.2) himayəsində azyaşlı övladının olmasını (CMnin 59.1.4) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, narkotik vasitə və psixotrop maddənin miqdarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş ilkin təmiz çəkisi 5,325 qram tədqiqatdan sonra qalıq çəkisi 5,125 qram narkotik vasitə qurudulmuş marixuana, 2,662 qram tədqiqatdan sonra qalıq çəkisi 2,562 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132), 148.28 (yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş ilkin təmiz çəkisi 5,325 qram tədqiqatdan sonra qalıq çəkisi 5,125 qram olan narkotik vasitə qurudulmuş marixuana və ilkin təmiz çəkisi 2,662 qram tədqiqatdan sonra qalıq çəkisi 2,562 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 148.28 (yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar