Məhkəmə qərarları › İş №1(011)-459/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-459/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-459/2022 07.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamağa cəhd etməklə soyğunçuluğa cəhd etmişdir etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə 04 iyul 2022-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanda yerləşən "Sehirli Çıraq" adlı kafenin yaxınlığında müştəri kimi əyləşdiyi Zərərçəkmiş şəxs idarə etdiyi "Hyundai" markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncudan içərisində 5 manat dəyərində ***-***-**-** və 5 dəyərində ***-***-**-** saylı nömrələr olan bir ədəd 200 manat dəyərində "Samsung" markalı, "A 03 s" modelli telefon aparatını danışmaq adı ilə alıb qaçaraq hadisə yerindən uzaqlaşmaq istədikdə istintaqa məlum olmayan şəxsin köməkliyi ilə Zərərçəkmiş şəxs tərəfindən saxlanılmış və öz iradəsindən asılı olmayan səbəbdən hərəkətlərini başa çatdıra bilməyib soyğunçuluğa etməyə cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 04 iyul 2022-ci il tarixdə günorta saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsində olmuş, saat 16 radələrində Bakıxanov qəsəbəsində yerləşən "Optimal" elektronika mağazasının yaxınlığında dayanmış, "Hyundai" markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilin keçməsini görüb sürücüyə əli ilə işarə etmişdir ki, avtomobili saxlasın. Avtomobil dayandıqda avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Avtomobilə əyləşdikdə taksi sürücüsünün yaşlı kişi olmasını görmüşdür. Həmin şəxsdən Köhnə Günəşli qəsəbəsinə aparmasını xahiş etmiş, bir neçə dəqiqə taksi sürücüsü onu Köhnə Günəşli qəsəbəsinə gətirmişdir. Taksi sürücüsü onun dediyi yolla Köhnə Günəşli qəsəbəsi, İ.İsmayılov küçəsi 5 saylı ünvanda yerləşən kafenin qarşısına gəlmişdir. Oraya çatdıqda avtomobildən düşmüş və taksi sürücüsündən gözləməsini xahiş etmişdir. Öz mobil telefonunu çıxarıb dostuna zəng etmiş, lakin telefonu nasaz olduğu üçün sönmüşdür. Bundan sonra taksi sürücüsünə yaxınlaşıb telefonunun nasaz olduğu üçün sönməsini bildirib danışmaq üçün bir neçə dəqiqəlik telefonunu verməsini xahiş etmişdir. Taksi sürücüsüdə telefonunu vermişdir. Telefon "Samsung" markalı, "Galaxy A3s" modeli olmuşdur. Telefonu aldıqdan sonra ələ keçirmək niyyətinə düşmüş, buna görədə taksi sürücüsünün başa düşməməsi üçün guya telefonla danışır kimi görüntüsünü yaratmışdır. Ancaq telefonu götürüb qaçaraq "Seyidli Çıraq" adlı kafeyǝ daxil olmuşdur. Taksi sürücüsüdə avtomobildən düşüb ucadan qışqırıb “dayan dayan" ifadələrini işlətmişdir. Kafeyə giriş qapısından daxil olub çıxış qapısından çıxdıqda bir nəfər cavan oğlan onu saxlamışdır. Taksi sürücüsü yanlarına gəlmiş və sonuncu telefonunu istəmişdir. Bundan sonra telefonu qaytarıb taksi sürücüsünə vermişdir. Taksi sürücüsü DİN-nin 102 xidmətinə zəng etmiş və hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və Xətai RPİ-nin 35-ci Polis Bölməsinə gətirmişlər. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, maddi sübuta baxış keçirilməsi protokolu, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, özünə məxsus "Hyundai Elantra" markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil tam mülkiyyət üzrə özünə məxsusdur. Avtomobili idarə etmək üçündə BC dərəcəli sürücülük vəsiqəsi vardır. Həmin avtomobili ilə boş vaxtlarında mütəmadi olaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. 04 iyul 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Optimal" elektronika mağazasının qarşısı ilə idarə etdiyi avtomobillə hərəkətdə olmuşdur. Avtomobilinin üzərində taksi nişanı olmuşdur. Həmin mağazanın qarşısından keçən zaman bir nəfər tanımadığı 20-21 yaşlarında cavan oğlanın dayanmasını görmüşdür. Həmin şəxsin bərabərliyindən ötüb keçmək istəyərkən sonuncu əli ilə işarə edib avtomobili saxlamağını xahiş etmişdir. Bundan sonra avtomobilini saxlamışdır. Həmin şəxs avtomobilin qabaq sağ oturacağında əyləşmiş və Suraxanı rayonu, Köhnə Günəşli qəsəbəsinə getməyi xahiş etmişdir. Avtomobili idarə edib onun işarələri ilə Köhnə Günəşli qəsəbəsində yerləşən İ.İsmayılov küçəsi 5 ünvanında yerləşən kafenin qarşısına gəlmişdir. Orada həmin şəxs avtomobildən düşmüş və gözləməyini xahiş etmişdir. Həmin şəxs avtomobilin qarşısında telefonu ilə danışıb yenidən avtomobilə əyləşib telefonun nasaz olduğu üçün sönməsini bildirib danışmaq üçün onun telefonunu istəmişdir. Özünə məxsus "Samsung" markalı "A3" modelli telefonunu həmin şəxsə vermişdir. Həmin şəxs telefonu götürüb avtomobildən düşərək bir neçə dəqiqə telefonu qulaq nahiyəsində saxlayib ani bir anda qaçmağa başlamışdır. Həmin şəxsin telefonunu ələ keçirmək istədiyini görüb dərhal avtomobildən düşüb qışqırıb dayanmasını xahiş etmişdir. Lakin həmin şəxs qaçaraq kafeyə daxil olmuşdur. Həmin şəxsin arxasınca qaçmışdır. Kafedə işləyən tanımadığı şəxs həmin şəxsi tutub saxlamış və sonuncuya yaxınlaşmışdır. Həmin şəxsdən telefonunu alıb DİN-nin 102 xidmətinə zəng etmişdir. Bir neçə dəqiqə keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları telefonunu ələ keçirmək istəyən şəxsi və onu polis bölməsinə dəvət etmişlər. Bundan sonra Xətai RPİnin 35-ci PB-nə gəlmişlər. Polis bölməsində ərizə ilə müraciət etmiş və izahatı alınmışdır. Hal-hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsbarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır ( i.v. 1); maddi sübuta baxış keçirilməsi haqqında 04 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı, “A 03 S” modelli telefon aparatı işlək vəziyyətdədir. şübhəli şəxsin tutulması haqqında 05 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan 05 iyul 2022-ci il tarixdə, saat 17:30-da tutulmuşdur ( i.v. 31); zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 41); 06 iyul 2022-ci il tarixli üzləşdirmə protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlu ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə demişdir(i.v. 49-51) təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CMin 29,180.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 52); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında istintaq orqanının 07 iyul 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir ( i.v. 70-71); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-459/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün iş üzrə icraat dayandırılmış, sonuncunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur ( i.v. 74); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2022-ci il tarixli, 9/5061 nömrəli ekspert rəyindən görünür ki, 01 ədəd 64 GB yaddaş tutumlu, Çin istehsalı “Samsung Galaxy A03s” markalı, “SM-A037F/DS” modelli mobil telefonun satış üçün komplekləştirilməsinə daxil edilən aksessuarların olmaması və yuxarıda qeyd edilən xüsusatları nəzərə alınmaqla 2022-ci ilin iyul ayına orta bazar qiyməti təxminən 200,00 manat müəyyən olunur( i.v. 84-85); sübutların qiymətləndirilməsi haqqında 26 avqust 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yeni ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusi ilə təsdiq edildiyindən zərərçəkmiş şəxs qismində dindirilmiş X1 ifadəsi, məhkəmə əmtəəşünaslıq ekspertizasının 20 iyul 2022-ci il tarixli 9/5061 saylı rəyi, hadisə yerinə və maddi sübuta baxış, götürmə, üzləşdirmə, ifadənin yerində yoxlanılması protokolları iş üzrə sübut kimi qiymətləndirilmiş, “Samsung Galaxy A03s” modelli telefon aparatının dəyəri məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən götürülmüş, bir ədəd “Samsung Galaxy A03s” modelli telefon aparaı maddi sübut kimi tanınmış və tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş üzrə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü icra olunanadək saxlanılması üçün sahibinə təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 178, 180.2.4, 181 və 182-ci maddələri ilə cinayət təqibi başlanması rədd edilmişdir. təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 29 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 29,180.1-ci maddəsində nəzərdə tutulan yeni ittiham elan edilmişdir ( i.v. 102); Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidin ifadələri, hadisə yerinin görüntüləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq olaraq talama —üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 60.1-cü maddəsinə əsasən 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi (CM-59.1.12) yüngülləşdirici haldır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, məhkəmədən yayınaraq məhkəmə iclaslarına gəlməməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri və azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi halda cəzanın məqsədlərinə nail olunmayacağı nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, “Samsung Galaxy A03s” modelli telefon aparatı sahibinin istifadəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02(iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “Samsung Galaxy A03s” modelli telefon aparatı sahibinin istifadəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar