Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-46/2022 11.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Məmmədova (Vəliyeva) Validə Qamil qızı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1986-cı ildə Ermənistanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, cavabdeh kimi ondan, xx.xx.2018-ci il tarixdən hesablanmaqla, övladı - xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154,00 manat sabit pul məbləğində alimentin alınaraq, tələbkar Məmmədova (Vəliyeva) Validə Qamil qızına ödənilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli, 2(008)-1921/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2021-ci il tarixədək 4774,00 manat məbləğində aliment borcunu tələbkarın xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, X6 ilə aralarında bağlanmış nikah pozulmuş, övladları Məsim Vəliyev anası Validə Vəliyevanın himayəsinə verilmiş və övladlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 154 manat alimentin ondan tutularaq, Validə Vəliyevaya ödənilməsi qərara alınmışdır. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Xətai Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, lakin qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qərarına əsasən, o, 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Bundan sonra, ona yenidən müddət verilmiş, lakin aylıq qazancının kifayət qədər olmaması səbəbindən, xəstəliyi ilə əlaqədar, həmçinin, Validə Vəliyeva övladları Məsim Vəliyevlə onun ünsiyyətinə maneə yaratdığından və ona qarşı qərəzli münasibətdə olduğundan, o, etiraz olaraq alimentin ödənilməsindən yayınmış və nəticədə onun 4774 manat məbləğində aliment borcu yaranmışdır. Həmin borcu hazırda yalnız hissə-hissə ödəmək imkanındadır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Məmmədova (Vəliyeva) Validə Qamil qızı bildirdi ki, icra vərəqəsi üzrə borclu Təqsirləndirilən şəxs övladı - 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin onun xeyrinə ödənilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qətnaməsini icra etmədiyinə görə, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat məbləğində cərimə olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs maddi imkanının olmasına və alimentin ödənilməsindən yayınmaq üçün bilərəkdən hər hansı bir fəaliyyətlə məşğul olmadığından, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, yaranmış 4774 manat məbləğində aliment borcunu qərəzli olaraq onun xeyrinə ödəməmiş, övladı ilə maraqlanmamış və övladına heç bir yardım göstərməmişdir. Yaranmış aliment borcundan hal-hazıradək ona hər hansı bir məbləğdə ödəniş olunmamışdır. Odur ki, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərdi ki, borclu Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla, övladı - xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin alınaraq, tələbkar Məmmədova (Vəliyeva) Validə Qamil qızına ödənilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qətnaməsi icra olunması üçün Xətai Rayon İcra Şöbəsinə göndərilmiş və icra işi onun icraatına verilmişdir. İcra sənədinin icrası ilə bağlı, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə, borclu Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Bundan sonra, borclunun yenidən izahatı alınmış və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Lakin, Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi təmin etmədiyindən, onun cinayət məsuliyyətinə cəlb olunması haqqında təqdimat verilmiş və təqdimat verilən xx.xx.2021-ci il tarixədək Təqsirləndirilən şəxs 4774 manat məbləğində aliment borcunu qərəzli olaraq ödəməmişdir. Bu səbəbdən də, toplanmış material xx.xx.2021-ci il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1921/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh Təqsirləndirilən şəxs qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilərək, tərəflər arasında 18 iyul 2012-ci il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X4 cavabdeh Təqsirləndirilən şəxs alınaraq, iddiaçı X3 himayəsinə verilməsi, birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 154 manat alimentin cavabdeh Təqsirləndirilən şəxs alınaraq, iddiaçı Validə Vəliyevaya ödənilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1921/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbi qanunla müəyyən olunmuş müddətdə könüllü icra etməsi təklif olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-192/2020 nömrəli, 30 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1921/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli icra sənədini icra etmədiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs icra sənədini icra etməsi üçün yeni müddət təyin olunaraq, 10 (on) gün müddətində vaxt verilmiş və bu müddət ərzində icra sənədini tam icra etməzsə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması barədə aidiyyəti üzrə təqdimat veriləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarından görünür ki, 27 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 07 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2020-ci il tarixli qərarı ilə islah işləri cəzası 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, 15 yanvar 2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Eyni zamanda, iş materiallarında olan Kompleks ambulator məhkəmə psixiatrikpsixoloji və tibbi-sosial ekspertizasının 2274 saylı, 30 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu, kompensasiya mərhələsində aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, ittiham olunan əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarında qeyd olunur ki, “məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40)”. Həmin Qərarda həmçinin qeyd olunur ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və onda anlaqlılığı istisna etməyən psixi pozuntunun olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 11 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilməli və o, məhkəmə zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 11 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-46/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-46/2022
11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver