Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-46/2024 10.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,355 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 15 may 2023-cü il tarixdə saat 18:30 dəqiqədə Bakı şəhəri Xətai rayonu, Əhmədli metrostasiyasının yaxınlığında Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək inzibati binada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,355 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı, şahid ifadələri, üzərinə şəxsi-axtarış və götürmə zamanı əldə olunmuş maddi sübut və diskə baxış protokolu, məhkəmə narkoloji və məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, iki ilə yaxındır ki, narkotik maddələrdən istifadə edir. Sonuncu dəfə 15 may 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində tanımadığı şəxsə 10 manat pul verməklə 01 ədəd bükümdə narkotik vasitə heroin almışdır. Həmin tarixdə saat 18:30-da Bakı şəhəri Xətai rayonu Əhmədli metrostansiyasının yaxınlığında olduğu zaman tanımadığı şəxsdən aldığı 1 ədəd sellofan bükümdə olan heroin üzərində olmuşdur. Həmin vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişdirlər. Polis əməkdaşları onu Xətai RPİ-nin 34-cü PŞ-nə gətirmiş, polis şöbəsində hüquq və vəzifələri ona izah olunmuş, ona müdafiəçi seçmək üçün vəkillərin siyahısı təqdim edilmişdir. O sərbəst olaraq hüquqlarının vəkil tərəfindən müdafiə olunmasını istəmişdir. Daha sonra üzərində müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuşdur. O əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan heroini təqdim etmişdir. Eyni zamanda ondan həmin narkotik vasitəni maddəni haradan və kimdən almağını soruşanda, o həmin narkotik vasitəni özü qəbul etmək üçün həmin tarixdə səhər saatlarında Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ondan başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamamağını soruşanda, o təqdim etdiyi narkotikdən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmişdir. Sonra isə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş maddənin çəkisi ölçüldükdən sonra cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhür ilə möhürlənərək götürülmüşdür. Əlavə olaraq bildirmişdir ki, o narkotik maddəni tanımadığı yalnız üzdən gördüyü şəxsdən almış və istifadə etmək üçün üzərində saxlamışdır. Əldə etdiyi narkotik vasitəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamışdır, o həmin maddəni özü qəbul etmək üçün alaraq üstündə saxlamışdır. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru polis leytenantı Şahid2 Əliqulu oğlu ifadəsində göstərmişdir ki, 15 may 2023cü il tarixdə ünvan 4-da yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin qəbulu, üzərində daşıması barədə Xətai RPİ-nin 34-cü PŞ-nə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat şöbə rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Təşkil edilmiş əməliyyat qrupunun tərkibinə o və PŞ-nin əməliyyat müvəkkili polis kapitanı X6 daxil edilmişdir. Onlar Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasından çıxıb Bakı şəhəri Xətai rayonu Əhmədli metrostansiyasına yollanmışdırlar. Orada müşahidə mövqeyi tutaraq bir qədər gözlədikdən sonra saat 18:30-da həmin ünvanda zahiri görünüşünə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsin gəldiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olması barədə Xətai RPİ-nin 34-cü PŞnə məlumat daxil olduğunu bildirmişlər. Həmin məlumatın yoxlanılması üçün Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edildikdən sonra sonuncunun üzərinə təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Bundan sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ cibindən şəffaf sellofana bükülmüş 01 (bir) ədəd bükümü çıxardaraq təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotiki şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsində olarkən anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılmış, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid X3 ifadəsi Şahid2 Əliqulu oğlunun ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə 16 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata götürülərək istintaqı aparılmışdır; (i.v.1) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Xətai RPİ-nin 34-cü PŞ-nin 15 may 2023-cü il tarixli əməliyyat qrupunun yaradılması barədə əmrindən görünür ki, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi işlə məşğul olan, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri qəbulu, üzərində saxlaması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Qeyd edilən məlumat ətrafında əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri - Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, qrupun üzvü Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru , polis leytenantı Şahid2 olmuşdur; (i.v.5) - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 15 may 2023-cü il tarixli qərardan görünür ki, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi işlə məşğul olan, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyrimümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır; (i.v.6-7) - şübhəli şəxsin tutulması haqqında 15 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdə saat 18:30 dəqiqədən tutulmuşdur; (i.v.20) - şəxsi axtarış və götürmə aparılması haqqında 15 may 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ cibindən içərisində 1 ədəd şəffaf sellofan torbaya bükülmüş spesifik iyə malik qəhvəyi rəngli, toz şəkilli olan maddəni təqdim etdi. Təqsirləndirilən şəxs həmin 1 ədəd şəffaf selofan torbaya bükülmüş şəffaf rəngdə maddənin içərisində nə olması soruşulduqda, o, həmin bükümdəki maddələrin narkotik maddə hesab edilən "heroin" olmasını bildirdi. Həmin bükümdəki maddələr təhqiqatçı tərəfindən elektron tərəzidə çəkiləri çəkildi və məlum oldu ki, 1 ədəd şəffaf sellofan torbaya bükülmüş qəhvəyi rəngdə kimyəvi tərkibli kütlələrin çəkisi 0.45 qram olması məlum oldu. Təqsirləndirilən şəxs həmin narkotik maddələri nə vaxt və haradan alması soruşulduqda, o, bildirdi ki, xx.xx.2023-cü il tarixdə Xətai rayonu, Əhmədli qəsəbəsində olarkən heç bir anket məlumatlarını bilmədiyi şəxsdən özünün istifadəsi üçün 10 manata aldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 152 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə 34-cü PŞ-nin növbətçi köməkçisi, polis serjantı Ağcayev Səbuhi tərəfindən aparılmışdır.(i.v.30-31) - iş üzrə şəxsi axtarış və götürmə aparılmasına dair video görünütünü əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmışdır; (i.v.32) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2816 nömrəli 16 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №152” dairəvi möhür əksləri olan,...”imza” Təqsirləndirilən şəxs...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,355 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.(i.v 42-45) - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. (i.v.54-55) - CD diskə baxış keçirilməsi haqqında 17 may 2023-cü il tarixli protokoldan və həmin diskə məhkəmə iclasında keçirilmiş baxışdan məlum olmuşdur ki, 15 may 2023-cü il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında təhqiqatçı polis kapitanı Aşqin Abdullayev xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X4, Xətai RPİnin 34-cü PŞ-nin PŞ-nin əməliyyat müvəkkili polis kapitanı X2 RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru polis leytenantı Şahid2 Əliqulu oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ cibindən şəffaf sellofana bükülmüş 01 (bir) ədəd bükümü çıxardaraq təqdim edir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotiki şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsində olarkən anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılır, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır.(i.v 68) - Vəsaitin müdafiə edilməsindən imtina edilməsi haqqında 17 may 2023-cü il tarixli qərardan görünür ki,Xətai RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Taleh Baxışevin 17 may 2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir.(i.v 72-73) - Qətimkan tədbiri seçmək barədə 17 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 74) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 iyun 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilmiş. xx.xx.2018-ci il tarixli Xəzər rayon məhkəməsinin qərarı ilə 3 il 03 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2018-ci il tarixdə Qobustan rayon məhkəməsinin qərarı ilə cəza çəkilməmiş qalan hissədən şərti azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır.(i.v.77-79) - Qobustan Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli 7(026)-41/2018 saylı qərarından görünür ki, ərizə təmin edilmiş, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 11 ay 02 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v.95-97) - cinayət işi üzrə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,355 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 0,305 qram olan narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Xətai RPİ-nin nmüddi sübutları saxlanc yerinə təhvil verilmişdir. - Bakı şəhəri Xəzər rayon məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qərarından görünür ki, ərizə təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nir 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 9 (doqquz) ay azaldılmış və üzərində 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin 17 oktyabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 11 ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş və hazırki qərarla müəyyən edilmiş 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə üzərində qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. (i.v.101-103) - Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tapıldıqda tutularaq Xətai RPİ-nin MSY-nə gətirilməsi təmin edilməsi qərara alınmışdır.(i.v.104) - Cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə cinayət təqibi dayandırılmışdır.(i.v.105) - Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin 15 avqust 2023-cü il tarixli məktubundan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə barəsində 112934/23 saylı axtarış işi olan xx xxxx 1994-cü il təvəllüdlü, Təqsirləndirilən şəxs 15 avqust 2023-cü il tarixdə saxlanılaraq Xətai RPİ-nin İstintaq Şöbəsində təhvil verilmişdir. (i.v.105) - Axtarışda olan şəxsin tutulması haqqında 15 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şüphəli bilinərək barəsində Xətai RPİ tərəfindən axtarış elan olunduğu üçün 15 avqust 2023-cü il tarixdə saat 11:45-də saxlanılmışdır.(i.v.110) - Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin icraatı təzələnmiş və istintaqı davam etdirilmişdir.(i.v.111) - Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə 17 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v.113) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin 16 avqust 2023-cü il tarixli 5239 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; (i.v.116-117) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 02 noyabr 2016-cı il tarixli 1(011)-346/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəzaya Azərbaycan Respublikası CM-nin 67.1-ci və 67.5-ci maddələrinə müvafiq olaraq Bakı Şəhəri Nizami rayon Məhkəməsinin 17 oktyabr 2014-cü il tarixli 1(007)-384/2014 saylı hökmü ilə təyin edilmiş 02 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və çəkilməmiş qalan 02 (iki) il 11 (on bir) ay azadlıqdan məhrum etmə hissəsi ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmiş, Cəzaçəkmə müddətinin əvvəli 17 yanvar 2016-cı il tarixdən hesablanmışdır. - 15 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin məktubundan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs barəsində Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 2 (iki) il, xx.xx.2013-cü il tarixli, 3(011)- 614/2013 nömrəli qərarı ilə 01 (bir) il, xx.xx.2021-ci il tarixli, 3(011)-2064/2021 nömrəli qərarı ilə 06 (altı) ay, xx.xx.2016-cı il tarixli, 1(011)-346/2016 saylı hökmü ilə 02 (iki) il və Yasamal Rayon Məhkəməsinin xx.xx.2014 -cü il tarixli, 3(004)-1059/2014 nömrəli qərarı ilə 01 (bir) il, müddətinə məhdudlaşdırılmış və bu barədə məlumatlar DİN-in Baş X12 İdarəsinin mərkəzi informasiya sistemində qeydiyyata alınmışdır. Həmçinin bildirilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 1(011)-346/2016 saylı hökmü ilə tətbiq olunmuş 02 (iki) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. - Bakı şəhəri Xətai rayon məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 1(011)-46/2024 saylı qərardan görünür ki, təqsirləndirilən şəxs- xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsi, ev 35 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə, saat 11:00-a məcburi qaydada Bakı şəhəri Xətai Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. - Bakı şəhəri Xətai rayon məhkəməsinin 21 yanvar 2024-cü il tarixli 4(011)-55/2024 saylı qərardan görünür ki, təqdimat və vəsatət təmin edilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablanmışdır. - 08 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 8 saylı X7 Müəssisəsinin məktubundan görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə hökmlərin məcmusu qaydasında əvvəlki cəza ilə birləşdirilməklə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində "Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" xx.xx.2017-ci il tarixli Qanun tətbiq edilməklə əsas cəzası 03 (üç) il 03 (üç) ay təyin edilmiş, xx.xx.1994-cü il təvəllüdlü məhkum Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Penitensiar xidmətin 8 saylı X7 müəssisəsindən Qobustan rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əsas cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 02 (iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkum Təqsirləndirilən şəxs əlavə cəzası olan 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilmə cəzası icra olunması üçün adiyyatı üzrə Xətai rayon İcra və Probasiya şöbəsinə 17/48-338 saylı xx.xx.2018-ci il tarixli məktubla məlumat verilmişdir. - 06 may 2024-cü il tarixli Bakı Şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 1(011)-346/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmünə əsasən xx.xx.1994-cü il təvəllüdlü, Təqsirləndirilən şəxs 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası xx.xx.2020-ci il tarixdə başa çatmışdır və bu səbəbdən məhkum qeydiyyatdan çıxarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla (köhnə redaksiya) təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,355 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun digər cinayət işi üzrə 19 yanvar 2024-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 10 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,305 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 65 (altmış beş) iş saatına görə 390 (üç yüz doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə 04 (dörd) gün həbsdə saxlama müddəti 04 (dörd) gün azadlıqdan məhrumetmə cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 10 may 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri "həbs" növündə qətimkan tədbiri ilə əvəz edilsin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,305 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 65 (altmış beş) saat üçün nəzərdə tutulan 390 (üç yüz doxsan) pul ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-46/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-46/2024
10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver