Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-460/2022 03.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs “Güvenli ve Akıllı ev ve Otomasyon sistemleri, çelik kapı və kasa, elektronik malzeme, inşaat-inşaat malzemeleri, tarımsal makine madencilik, gida sanayi ticaret limited” şirketinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Neftçala rayonu Qədimkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, subay, Neftçala rayonu Qədimkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə saat 06:06-da ünvan 1 ünvanında yerləşən “DORTEK” mağazasının arxa giriş qapısının yanında, çöl hissəsində quraşdırılmış “Arçelik” markalı “ARC 7110 RA” modelli kondisionerin 01 (bir) ədəd 1.600 (min altı yüz) manat dəyərində olan mühərrikini gizli yolla talayaraq, zərərçəkmiş hüquqi şəxs “Güvenli ve Akıllı ev ve Otomasyon sistemleri, çelik kapı ve kasa, elektronik malzeme, inşaat-inşaat mazemeleri, tarımsal makine madencilik, gida sanayi ticarət limited” şirkətinə ümumilikdə 1.600 (min altı yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, M.Qaşqay küçəsində yerləşən kirayədə qaldığı evdən çıxmış “Ağ şəhər” bulvarı istiqamətində piyada getməyə başlamış, bulvar istiqamətindən A.Cəlilov küçəsinə çıxmış və məhlələr arasına daxil olmuşdur. Təxminən 05:30 radələrində yaşayış blokunun 1-ci mərtəbəsində 1.7 metr hündürlükdə divara bərkidilmiş halda olan kondisioner mühərrikini görmüş, onu söküb metal qəbulu məntəqəsinə təhvil verməklə pul əldə edəcəyini düşünmüş, mühərriki fiksasiya olunan yerdən çıxartmış və yerə qoymuşdur. Səhər saatları olduğu üçün blokun girişinin yanında mühərriki söksə onu kiminsə görə biləcəyini düşünmüş, bu səbəbdən də mühərrikin üzərinə bərkidilən karkası sökərək, mühərrikin ayrı-ayrı hissələrini hadisə yerindən təxmini olaraq 100 metr aralıqda olan, sol istiqamətdə yerləşən başqa bir blokun qarşısına 3 dəfəyə aparmışdır. Orada, mis borularını qatdalayaraq sındırmış və çıxartmış, mühərrikin qazını boşaltmışdır. Radiator, mis metalından ibarət mühərrikin borularını və digər mühərrik elementlərini üstündə gəzdirdiyi iri həcmli rəngli sellofan paketinə yerləşdirərək, hadisə yerini təxminən saat 06:40 radələrində tərk etmiş və “8 Noyabr” prospektində yerləşən avtobus dayanacağına, dayanacaqdan isə 30 nömrəli avtobus ilə UPD qəsəbəsinə getmişdir. Təxminən saat 10:45 radələrində metalqəbulu məntəqəsinə getmiş, oranı işlədən tanımadığı şəxsə sellofan paketində kondisioner mühərrik hissələri olduğunu və onları ucuz qiymətə satmaq niyyətində olduğunu bildirmiş, həmin malların isə oğurluq olmadığını qeyd etmişdir. Daha sonra həmin şəxs ondan şəxsiyyət vəsiqəsini istəmiş, müəyyən qeydlər apardıqdan sonra paketin içində olan əşyalara baxış keçirmiş və tərəzidə çəkmişdir. 1 ədəd kondisioner mühərrikinin elementləri, 1 ədəd kondisioner mühərrikinin radiatoru, ümumi çəkisi 1 kiloqram 200 qram olan mis metalından ibarət kiçik boruların satış qiymətini 38 manat civarında müəyyən edilmişdir. Oğurladığı əşyaları satmış, məntəqədən çıxaraq yol üstü marketə daxil olmuş, əldə etdiyi pulla marketdən bir neçə əşya almış, daha sonra taksi tutmuş, Kürdəxanı qəsəbəsinə, cəzaçəkmə müəssisədə cəza çəkən qardaşının yanına getmiş, qardaşı ilə görüşəndən sonra maşın tutaraq Neftçala rayonu Qədimkənd kəndinə getmiş, axtarışda olduğunu bildiyindən rayonda anasının evində gizlənmişdir. Törətdiyi əməldən peşmandır, oğurluğu maddi vəziyyətinin ağır olması ilə əlaqədar törətmişdir. Odur ki, qeyd edilənərin nəzərə alınaraq, məhkəmə tərəfindən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, xx.xx.2019-cu ildən başlayaraq “Güvenli ve Akıllı ev ve Otomasyon sistemleri, çelik kapı və kasa, elektronik malzeme, inşaat-inşaat malzemeleri, tarımsal makine madencilik, gida sanayi ticaret limited” şirkətində çalışmağa başlamışdır. İşlədiyi şirkətin mülkiyyətində ünvan 2 ünvanlarının kəsişməsində “DORTEK” adlı mağaza yerləşir. Həmin mağazanın arxa tərəfdəki girişin yanında quraşdırılan “Arçelik” markalı “ARC 7110 RA” modelli kondisioner var idi. xx.xx.2022-ci il tarixdə təxminən saat 15:30 radələrində o, siqaret çəkmək məqsədilə işlədiyi mağazanın arxasına keçmiş, mağazaya quraşdırılan ikili mühərrikli kondisioner motorunun olmadığını müəyyən etmiş, bu barədə mağazasının müdiri Görkem Yelginə xəbər vermiş, birlikdə mağaza kameralarına baxmış, naməlum şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə saat 06:06 radələrində kondisionerin motorunun sökülərək yaşayış bloklarına tərəf aparıldığını müəyyən etmişlər. Hadisə ilə bağlı Xətai RPİ-nin 37 PŞ-in polis əməkdaşlarına məlumat vermişlər. Cinayət işi üzrə onlara 1600 (bir min altı yüz) manat məbləğində ziyan dəymiş, dəymiş ziyan ödənilməmiş, təqsirəndirilən şəxslə barışmamışlar, ondan şikayətçidirlər. Dəymiş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə Şahid məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə təqdim edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ifadəsinə heç bir əlavəsinin olmadığını bildirmişdir. Məhkəmə Şahid məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Yuxarıda qeyd olunan ünvanda həyat yoldaşı və 2 azyaşlı övladları ilə birlikdə yaşayır. Evlidir, əvvəllər məhkumluğu olmayıb. 2007-ci ildən UPD qəsəbəsi, Qafqaz küçəsində yerləşən metal qəbulu məntəqəsində işləyir. xx.xx.2022-ci il tarixdə təxminən saat 11:00 radələrində əvvəllər tanımadığı bir şəxs məntəqəyə gələrək, əlində olan iri həcmli üzürəngli sellofan paketin içində olan kondisioner mühərrikinin detallarını satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən soruşmuşdur ki, bunları hardan tapmış? Həmin şəxs isə bildirmişdir ki, kondisioner ustası kimi işləyən yerdə təmir etdiyi kondisioner mühərrikinə aid bir neçə lazım olmayan detallar qalmışdır və bu səbəbdən biraz pul əldə etmək məqsədilə həmin mühərrik hissələrini metal qəbulu yerlərinə satmaq istəyirdi. Soruşmuşdur ki, yalan danışmır, bəlkə malları oğurluq nəticəsində əldə etmişdir. Həmin şəxs bildirmişdir ki, vallah oğurlamamış və həqiqətəndə usta işləyir. O, həmin şəxsdən ətirdiyi paketi açmağını istəmişdir. Həmin şəxs paketdə olan detalları ona nümayiş etdirmişdir. Paketdə 01 (bir) ədəd pis vəziyyətdə və əvvəlcədən sökülmüş vəziyyətdə olan kondisioner mühərrik, 08 (səkkiz) kiloqram çəkisi olan kondisioner mühərrikinin radiatoru, ümumi çəkisi 01 (bir) kiloqram 300 (üz yüz) qram olan kiçik ölçülü mis boruları yığılmışdır. Qarşısına qoyulan əşyalara baxış keçirəndən sonra o, həmin şəxsə bildirmişdir ki , bunlara görə 38 (otuz səkkiz) manat məbləğində pul verəcək. Həmin şəxs heç bir etiraz bildirmədi və onun irəli sürdüyü qiymətlə razılaşmış. Daha sonra o, həmin şəxsdən şəxsiyyət vəsiqəsini götürmüşdür. Metalqəbulu üzrə xüsusi dəftərdə qeydlər aparmışdır. Həmin məqamda o, əşyaları satmaq istəyən adamın şəxsiyyətini öyrənmişdir, belə ki, həmin şəxs, əvvəllər tanımadığı - Təqsirləndirilən şəxs idi. Aralarında şifahi razılaşmaya əsasən o, Əmanətə 38 (otuz səkkiz) manat mobləğində pul vermiş, Əmanət isə ona paketdə gətirdiyi əşyaları təhvil vermişdir. Yuxarıda qeyd etdiyi proseslər təxminən 15-20 dəqiqə çəkmişdir. Təqsirləndirilən şəxs metalqəbulu məntəqəsindən çıxaraq avtomobil yolunun sağ tərəfində yerləşən avtobus dayanacağı istiqamətində getmişdir. Bundan sonra o, həmin şəxsi görməmişdir. Həmin hadisədən təxminən 10 gün sonra, Xətai RPl-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili Nemət müəllim, onun işlətdiyi metalqəbulu məntəqəsinə gələrək məlumat vermişdir ki, bir nəfər şəxs şöbənin inzibati ərazisində oğurluq hadisəsini törətmiş. Oğurladığı kondisioner mühərrikini hadisə yerində sökmüşdür. Böyük ehtimalla həmin şəxs UPD qəsəbəsində yerləşən metalqəbulu yerlərinə dəymişdir. Həmin şəxsin oğurluq etməsi ilə bağlı videogörüntüləri ona təqdim ediləndən sonra, o həmin şəxsi tanımışdır və polis əməkdaşına baş verənləri danışmışdır, eləcə də şəxsiyyət vəsiqələri dəftərində apardığı qeydləri də təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir ( i.v. 01); Xətai RPİ-nin 37-ci PŞ-yə ünvanlanan HK-1-1418 saylı raportdan görünür ki, Nümayəndə işlədiyi Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən mağazanın arxa giriş hissəsindən 1 ədəd dəyəri 2500 manat olan Arçelik markalı kondisioner oğurlanmışdır ( i.v. 03); Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Nümayəndə müraciəti əsasında Bakı şəhəri Xətai rayonu A.Cəlilov küçəsində yerləşən obyektə baxış keçirilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (i.v. 06-08); xx.xx.2022-ci il tarixli diskə baxış protokolundan görünür ki, naməlum şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə Xətai rayonu A.Cəlilov küçəsində yerləşən mağazanın arxa qapısının yanında yerləşən 1 ədəd Arçelik kondisionerinin oğurlanması müşahidə olunur ( i.v. 09); Jurnal qeydindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə 1ədəd motor, 8 kq radiator, 1,3 kq mis 38 manata satılmışdır ( i.v. 26); Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid istintaqa təqdim etdiyi sənədə baxış zamanı A4 formatlı vərəqin yuxarı hissəsində tarix:xx.xx.2022 (səhvdir-həqiqi tarix oğurluq hadisəsinin baş verdiyi tarixdir, yəni xx.xx.2022-ci il); satan şəxs: Təqsirləndirilən şəxs; satılan əşyaların siyahısı: mator 1 əd., radyator 8 kq, mis 1.3 kq; qiymət: 38 (otuz səkkiz) manat olan qeydlər müəyyən edilmişdir ( i.v. 27); xx.xx.2022-ci il tarixli, “AEServis Group” mağazası tərəfindən verilən arayışdan görünür ki, 01 ədəd Arçelik markalı, ARC7110RA modelli kondisioner mühərrikinin xx.xx.2022-ci il tarixdə orta bazar qiyməti 1600 (min altı yüz) manat olmuşdur ( i.v. 30); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnamənin cavabından görünür ki, Umudov X1 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Neftçala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsinin 07 ay 22 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. 31-32); Zərərçəkmiş hüquqi şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, “Güvenli ve Akıllı ev ve Otomasyon sistemleri, çelik kapı və kasa, elektronik malzeme, inşaat-inşaat malzemeleri, tarımsal makine madencilik, gida sanayi ticaret limited” şirketinin Azərbaycan Respublikasındakı filialı ********* №-li cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır ( i.v. 41); Neftçala Rayon İcra Hakimiyyətinin Xıllı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 409 nömrəli arayışdan görünür ki, Umudov X1 rayonu Xıllı qəsəbəsində anası ilə yaşayır ( i.v. 57); Neftçala Rayon İcra Hakimiyyətinin Xıllı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli, 408 nömrəli xasiyyətnamədən görünür ki, Umudov X1 rayonu Xıllı qəsəbəsində yaşayır. Məhkumluq həyatından sonra onun barəsində Xıllı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır ( i.v. 58); Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 04:00 radələrində Neftçala rayonunda saxlanılmışdır ( i.v. 67); Diskə baxış keçirilməsi haqqında 24 avqust 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 06:06 radələrində ünvan 6 ünvanında yerləşən “DORTEK” mağazasının arxasında yerləşən məhəllədə Təqsirləndirilən şəxs oxşar bir şəxsin görüntüləri var, baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin özü olmasını bildirmişdir. Videofayldan görünür ki, həmin şəxs kondisioner mühərrikini karkas ilə birlikdə məhəllənin digər bloku tərəfində əlində aparır, kondisioner mühərrikinin elementlərini, kondisioner mühərrikinin mis tərkibli borularını aparır, ( i.v. 101); Təqsirləndirilən şəxs qimsində cəlb etmə haqqında 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 102); Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir ( i.v. 119); Neftçala Rayon Məhkəməsinin 1(053)-05/2019 saylı, 24 aprel 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırlması cəzası təyin edilmiş, cəzaçəkməsinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir ( i.v. 125-137); Neftçala Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 7(053)-06/2020 saylı qərarından görünür ki, Neftçala Rayon Məhkəməsinin 1(053)-05/2019 saylı, 24 aprel 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş azadlığın məhdudlaşdırlması cəzasının çəkilməmiş qalan 01 (bir) il 03 (üç) ay 14 (on dörd) gün hissəsi iki günə bir gün hesabı ilə nəzərə alınmaqla 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, o məhkəmə icls zalından dərhal həbs edilmiş, cəzçəkmə müddətinin əvvəlinin tutulduğu 05 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır ( i.v. 138-141); Sübutların qiymətləndirilməsi barədə 03 sentyabr 2022-ci il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş qətimkan tədbiri nəzərə alınmaqla dəyişdirilmədən qüvvəsində saxlanması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CMnin 177.2.2-ci,177.2.3-cü və 180-ci maddələrinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü və 180-ci maddələri ilə cinayət işinin başlanmasının rədd edilməsi, Şahid Əvəz oğlunun əməlində Azərbaycan Respublikasının CM-nin 194-cü maddəsinin tərkib əlamətləri ilə cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsinin toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən iş üzrə sübut kimi qiymətləndirilməsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsinin, Şahid Əvəz oğlunun ifadəsinin, ifadələrin yerində yoxlanılması protokolunun, 02 ədəd DVD diskin baxış protokollarının, Şahid Əvəz oğlunun metalqəbulu jurnalında Təqsirləndirilən şəxslə bağlı qeydləri özündə əks edən jurnal səhifəsinin, həmçinin iş üzrə toplanmış digər sənədlərin iş üzrə sübut kimi qiymətləndirilməsi, hadisənin görüntülərini özündə əks edən 02 ədəd DVD diskdə yazılan 04 ədəd video görüntülərin maddi sübut kimi qiymətləndirilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 143-150); Hökmün icrası barədə göstərişdən görünür ki, Neftçala Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 7(053)-2020 saylı qərarı 26 fevral 2020-ci il tarixdə qanuni qüvvəsini almış, icra olunması üçün 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin ona elan edilmiş müvafiq maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işi materiallarından da görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də eyni məzmunlu cinayət əməli törətməsini, həmin cinayətə görə barəsində əməlin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, yenidən eyni məzmunlu cinayət əməlini törətdiyini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı, ağırllaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), iş üzrə maddi sübut - cinayətin görüntülərini əks etdirən 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə günə gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 03 noyabr 2022-ci il tarixdən hesablansın Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-460/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-460/2022
03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver