Məhkəmə qərarları › İş №1(011)-463/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-463/2021

30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-463/2021 30.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Rafayel qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 19 iyul 2021-ci il tarixdə saat 22:30 radələrində özgənin əmlakını talama məqsədi ilə ünvan 4 saylı evin blokunda qızı Şahid1 ilə birgə liftin gəlməsini gözləyən Zərərçəkmiş şəxs Rafayel qızına arxadan yaxınlaşıb sonuncunun əlində saxladığı içərisində 6 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 100 manat dəyərində 01 ədəd “Samung J7” markalı 352504/08/190639/3 və 352505/08/190639/0 İMEİ kodlu mobil telefonu və içərisində 130 manat məbləğində pul olan 5 manat dəyərində pul kisəsini açıq talamaqla hadisə yerindən qaçıb uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 241 (iki yüz qırx bir) manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahid ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, əvvəllər məhkum olunmamışdır və hal-hazırda heç bir yerdə işləmir.44 günlülk müharibədə vuruşmuş və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Son zamanlar isə işsiz olduğundan maddi vəziyyətdən çətinlik çəkmişdir. Bu səbəbindən özünə məxsus olan “Samsung Note 8” markalı mobil telefonunu Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən lombarda qoyaraq 120 manat məbləğində pul əldə eləmişdir. Həmin 120 manat məbləğində pulu maddi ehtiyaclarına xərcləmişdir. 19 iyul 2021-ci il tarixdə saat 22:30 radələrində Xətai rayonu ərazisində fikirli halda telefonunu lombarddan çıxartmaq yollarını düşünürmüş. Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “VİP” marketin qarşısı ilə hərəkət edən zaman VİP” marketdən 2 nəfər xanımın çıxdığını və həmin xanımlardan birinin əlində pul kisəsini saxlayaraq hərəkət etdiyini görmüşdür. Bu zaman o, xanımın əlində tutduğu pul kisəsinin içərisində pul olmasını güman edərək xanımların arxası ilə hərəkət etməyə başlamışdır. Həmin xanımlar “VİP” marketin arxasında yerləşən hündür mərtəbəli binaya doğru hərəkət etmişlər. Onların arxası ilə binanın giriş blokuna girib onlara yaxınlaşmış və qadının əlində olan pul kisəsini arxadan əlindən dartaraq qaçmışdır. Həmin vaxt qadınlar onun arxası ilə qışqıraraq orada olan şəxslərə “tutun onu” sözlərini demişlər. O isə qaçaraq oradan uzaqlaşmaq istəsə də bunu bacarmamışdır. Belə ki, orada xidmət aparan polis əməkdaşları onu saxlamışlar və 36-cı Polis Bölməsinə aparmışlar. O, qadının əlindən dartaraq aldığı pul kisəsini polis əməkdaşlarına təhvil vermişdir. Bundan başqa törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı tələb və şikayətin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs Rafayel qızı ifadəsində göstərmişdir ki, o, 19 iyul 2021-ci il tarixdə axşam saatlarında qızı Lamiyə ilə birlikdə bazarlıq etmək məqsədi ilə yaşadıqları mənzili tərk edərək yaxınlıqda yerləşən “VİP” adlı marketə yollanmışlar. Saat təxminən 22:30 radələrində onlar ehtiyac olan ərzaq mallarını “VİP” marketdən aldıqdan sonra oradan çıxaraq yenidən yaşadıqları mənzilə yollanmışlar. Onlar, yəni o və qızı yaşadıqları binanın giriş blokuna girib liftin qarşısında dayanaraq liftin gəlməsini gözləmişlər. Həmin zaman tanımadıqları bir nəfər şəxs də onlarla birgə binanın giriş blokuna daxil olub liftin qarşısında lifti gözləməyə başlamışdır. Həmin şəxs onlardan arxada dayandığı üçün o, həmin şəxsin üzünü görə bilməmişdir. Liftin qapısı açılan zaman həmin şəxs anidən onun əlində olan pul kisəsini arxadan əlindən alaraq oradan qaçıb uzaqlaşmışdır. Həmin zaman qızı Lamiyə də “tutun onu” sözlərini qışqıraraq həmin şəxsin arxası ilə qaçmışdır. Bundan sonra orada olan polis əməkdaşları həmin şəxsi saxlamışlar və onlardan da 36-cı polis bölməsinə getməklərini xahiş edərək həmin şəxsi polis bölməsinə aparmışlar. Həmin zaman ona məxsus olan 5 manat dəyərində olan pul kisəsinin içərisində 150 manat dəyərində 01 ədəd “Samsung J7” markalı mobil telefon, həmin telefonun daxilində 6 manat dəyərində olan ***-***-**-** saylı mobil nömrə və 130 manat məbləğində pul olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı tələb və şikayətinin olmamasını qeyd edərək cəza təyin edilərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə vermiş Şahid4 Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin sahə inspektoru vəzifəsində işləyir və polis baş leytenantı rütbəsini daşıyır. 19.07.2021-ci il tarixdə saat 09:00-dan 20.07.2021-ci il tarixdə saat 09:00-dək əməliyyat qrupunun tərkibində xidmət aparmışdır. 19.07.2021-ci il tarixdə saat 22:30 radələrindən əməliyyat qrupunun digər üzvləri Xətai RPİ-nin 36-cı PB-nin sahə inspektoru, polis kapitanı Şahid3 və Xətai RPİ-nin 36-cı PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə Xətai rayonu, İ.Zülfüqarov küçəsi ilə “Mercedes” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman həmin ünvanda yerləşən “VİP” adlı marketin qarşısında bir nəfər şəxsin qaçdığını və bir nəfər xanımın isə onun arxası ilə “saxlayın onu” sözlərini deyərək qaçdığını görmüşlər. Onlar dərhal bu hadisəyə reaksiya verərək həmin şəxsin arxası ilə qaçmışlar və həmin şəxsi ünvan 2 ünvanının qarşısında saxlamışlar. Orada onlara məlum olmuşdur ki, həmin şəxs vətəndaş Zərərçəkmiş şəxs Rafayel qızına məxsus olan pul kisəsini əlindən dartıb qaçmışdır. Onlar vətəndaş Zərərçəkmiş şəxs və qızı Şahid1 36-cı polis bölməsinə dəvət etmişlər və bundan sonra saxladıqları şəxsi 36-cı polis bölməsinə aparmışlar. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs 05 avqust 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxsin etirafını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq digər şahidlər Şahid3 və Şahid2 istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahidlər ifadələrində şahid qismində dindirilmiş Şahid4 ifadəsinə uyğun ifadə vermişlər.Elan edilmiş ifadələr heç bir ziddiyət təşkil etməmişdir. Məhkəmə iclasında Şahid1 istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, Zərərçəkmiş şəxs Rafayel qızının ifadəsinə oxşar ifadə vermiş, bununla da yuxarıda qeyd olunan xüsusatlar bir daha təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş 19 iyul 2021-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan görünür ki, 01 ədəd qara rəngli pul kisəsi və 01 ədəd “Samsung J7” markalı mobil telefon Təqsirləndirilən şəxs götürülmüşdür. İş materiallarına əlavə edilmiş 21 iyul 2021-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılması zamanı o, 19 iyul 2021-ci il tarixdə saat 22:30 radələrində ünvan 4 ünvanında soyğunçuluq etdiyi və polis əməkdaşlarının onu saxladığı yeri göstərmiş və bu barədə fotoşəkillər cinayət işinə əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 oktyabr 2021-ci il tarixli 9/6520 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung” markalı, “SM-J700HDS” (Galaxy J7) modelli 352504/08/190639/3 və 352505/08/190639/0 İMEİ kodlu mobil telefon aparatının satış üçü komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını, istifadədə olduğunu nəzərə almaqla 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 100,00 manat, 01 ədəd üzərində “S-F” yazıları olan, 22x12 sm ölçülü, parlaq qara rəngli, zəncirbəndlə açılıb-bağlanan pul kisəsi 5.00 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10.08.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından görünür ki, Təqsirləndirilən şəxs Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Qubadlının azad olunmasına” medalı ilə təltif edilmişdir. İş materiallarında olan (iş vərəqi 36) tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında 22.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, 22.07.2021-ci il tarixdə MSY-dən azad edilmişdir. İş materiallarına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının 03 avqust 2021-ci il tarixli 1703 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 06.10.2021-ci il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs Rafayel qızına məxsus 01 ədəd “Samsung” markalı, “SM-J700HDS” (Galaxy J7) modelli 352504/08/190639/3 və 352505/08/190639/0 İMEİ kodlu mobil telefon aparatı, 01 ədəd üzərində “S-F” yazıları olan, 22x12 sm ölçülü, parlaq qara rəngli, zəncirbəndlə açılıb-bağlanan pul kisəsi, 130 manat məbləğində pul maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. Zərərçəkmiş şəxs Rəfayel qızının ərizəsindən məlum olur ki, maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə onun soyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti səmimi etiraf etməsini, əvvəllər məhkum olmamasını, zərərçəkmiş şəxslə barışmasını, ziyanın tam ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində sanksiyası həddində nisbətən aşağı həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs Rafayel qızına qaytarılmış 01 ədəd “Samsung” markalı, “SM- J700HDS” (Galaxy J7) modelli 352504/08/190639/3 və 352505/08/190639/0 İMEİ kodlu mobil telefon aparatı, 01 ədəd üzərində “S-F” yazıları olan, 22x12 sm ölçülü, parlaq qara rəngli, zəncirbəndlə açılıb-bağlanan pul kisəsi, 130 manat məbləğində pul onun istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə məhkəmə xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs Rafayel qızına qaytarılmış 01 ədəd “Samsung” markalı, “SM-J700HDS” (Galaxy J7) modelli 352504/08/190639/3 və 352505/08/190639/0 İMEİ kodlu mobil telefon aparatı, 01 ədəd üzərində “S-F” yazıları olan, 22x12 sm ölçülü, parlaq qara rəngli, zəncirbəndlə açılıbbağlanan pul kisəsi, 130 manat məbləğində pul onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə ekspertiza xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar